Naxçıvan Azərbaycanın özünəməxsus strateji, siyasi və mədəni əhəmiyyəti olan bölgəsi kimi tanınır. 1924-cü ildə Naxçıvana Azərbaycan Respublikasının tərkibində muxtariyyət statusunun verilməsi siyasi əhəmiyyəti ilə yanaşı, bu diyarın ictimai, mədəni və iqtisadi inkişafında mühüm rola malik olmuşdur. Muxtariyyətin 102 illik tarixinin ayrı-ayrı dövrlərində inkişafın dinamikasına nəzər saldıqda Naxçıvanın iqtisadiyyatının artım səviyyəsi, xarakteri və sürətində əsaslı fərqlərin mövcud olması aydın nəzərə çarpır.
Araşdırmalar göstərir ki, muxtar respublikanın yaranmasından II Dünya müharibəsinə qədər keçən dövr ərzində Naxçıvan iqtisadiyyatında əsaslı dəyişikliklər müşahidə edilməmişdir. Naxçıvan iqtisadiyyatına bu mərhələdə lazımi diqqət göstərilməmiş, burada quruculuq və islahatlara gec başlanılmış, nəticədə onun iqtisadi göstəriciləri respublikanın orta göstəricilərindən xeyli geri qalmışdır.
Tərəddüdlü və qeyri-sabit inkişafla xarakterizə edilən 1941-1969-cu illərdə isə təsərrüfatın inkişafı ilə bağlı mərkəzi hökumət tərəfindən müəyyən qərarlar qəbul edilməsinə və bəzi infrastruktur layihələrinin həyata keçirilməsinə baxmayaraq, iqtisadiyyatdakı geriliyi aradan qaldırmaq mümkün olmamışdır. Tarixi geriliyin aradan qaldırılması zəruriliyi iqtisadiyyata xüsusi diqqət yetirilməsini və onun sürətlə inkişaf etdirilməsini tələb edirdi. Bu missiyanı 1969-cu ildə respublika rəhbərliyinə yüksələn Ümummilli Lider Heydər Əliyev öz üzərinə götürdü. Ulu Öndərin hakimiyyətə gəldiyi ilk aylardan başlayaraq, respublikanın bütün regionları kimi, iqtisadiyyatı bərbad vəziyyətdə olan Naxçıvanın sosial-iqtisadi həyatında da ən yüksək inkişaf mərhələsinin möhkəm təməli qoyuldu. Təkcə bir fakt: 1971-1975-ci illərdə Naxçıvan iqtisadiyyatına əvvəlki 46 il ərzində olduğundan daha çox əsaslı vəsait qoyulması həmin dövrədək olan iqtisadi vəziyyəti və yenicə başlanmış quruculuq işlərinin miqyasını təsəvvür etməyə imkan verir.
1970-85-ci illər bütövlükdə Naxçıvanda iqtisadiyyatın sürətli yüksəlişi və sənayeləşməsi ilə xarakterizə olunur. Həmin illərdə İranla birgə Araz çayı üzərində elektrik stansiyası, respublika əhəmiyyətli trikotaj fabriki, yeni mineral su doldurma zavodu, şüşə zavodu, taxıl məhsulları kombinatı, evtikmə kombinatı, dəmir-beton məmulatları zavodu, daş karxanası, kərpic zavodu, bir neçə şərabçılıq müəssisəsi, süd zavodu, bütövlükdə 21 iri sənaye müəssisəsi tikilib istifadəyə verildi. Naxçıvan xalça kombinatının, Şərur konserv zavodunun tikintisi başa çatdırıldı. Elektrotexnika zavodunun, Ordubad konserv zavodunun, ipək fabrikinin yenidən qurulması və genişləndirilməsi işləri həyata keçirildi. Ümummilli Liderin həyata keçirdiyi bu işlərin nəticəsi idi ki, 1985-ci ildə Naxçıvan sənayesi 100-dən çox müəssisə ilə təmsil olunurdu.
Ümummilli Liderimiz böyük uzaqgörənliklə Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 8 yanvar 1974-cü il tarixli qərarında Naxçıvanın elektrik enerjisi ilə etibarlı təmin edilməsi vəzifəsini irəli sürmüşdü. Məhz Ulu Öndərin sayəsində tikilmiş Araz Su-Elektrik Stansiyası müstəqilliyin ilk illərində blokada vəziyyətinə salınmış Naxçıvanı tamamilə enerjisiz qalmaq təhlükəsindən xilas etdi və ən zəruri tələbatlar müəyyən müddət həmin stansiya vasitəsilə ödənildi.
Heydər Əliyevin quruculuq siyasəti sayəsində 1985-ci ildə Naxçıvanda istehsal edilən sənaye məhsulunun həcmi 1970-ci ilə nisbətən 4,6 dəfə çoxaldı. Bu dövrü səciyyələndirən əsas cəhətlərdən biri də ondan ibarətdir ki, muxtar respublikada tarixən mövcud olmuş sahələr inkişaf etdirilməklə bərabər yeni istehsal sahələri də yaranmış, energetika, dağ-mədən, maşınqayırma və metal emalı kimi mütərəqqi sənaye sahələri sürətlə inkişaf etmişdi. Azərbaycanda mövcud olan 16 iri sahə istehsal kompleksindən 11-i Naxçıvanda yaradılmışdı.
Sənaye ilə yanaşı, həmin dövrdə kənd təsərrüfatında da mühüm irəliləyişlərin əsası qoyulmuşdu. 1970-ci ilə nisbətən 1985-ci ildə əkinçilik və heyvandarlıq məhsullarının ümumi həcmi 1,7 dəfə çoxalmışdı.
1980-ci ilin mayında muxtar respublika partiya və təsərrüfat fəallarının yığıncağında Heydər Əliyev Naxçıvan iqtisadiyyatında mühüm müvəffəqiyyətlər qazanıldığını diqqətə çəkərək bu inkişafın son nəticə olmadığını, iqtisadiyyatın daha da inkişaf etdirilməsinə dair proqramın hazırlandığını qeyd etmiş və bildirmişdi ki, proqramın əsas məqsədi gələcəkdə diyarın daha yüksək sürətlə inkişafını təmin etmək, onu Azərbaycanın ən qabaqcıl regionlarından birinə çevirməkdən ibarətdir.
Bütün bunları xatırlayaraq, Ümummilli Liderimiz muxtar respublikanın 75 illik yubiley tədbirində qürur hissi ilə qeyd edirdi: "Fəxr edirəm ki, Azərbaycanın hər yerində olduğu kimi, mən burada da öz əsərlərimi görürəm. Mənim əsərlərim şeir deyil, roman deyil, elmi kitab deyil, musiqi əsəri deyildir. Mənim əsərlərim xalqım üçün qurduğum, yaratdığım binalar, saraylar, yaşayış evləri, universitet, məktəb binalarıdır, yollardır, körpülərdir, su hövzələri, su kəmərləridir və sair və sair və sairdir".
Ölkəmizin müstəqilliyinin ilk illərində Naxçıvan çox ciddi çətinliklərlə üz-üzə qaldı. Dəmir yolunun bağlanması, elektrik enerjisinin kəsilməsi, təbii qaz verilişinin dayandırılması, bir sözlə, muxtar respublikanın blokadaya alınması ilə Naxçıvanda iqtisadiyyat və insanların gündəlik yaşayışı dözülməz vəziyyətə düşdü.
Taleyin hökmü ilə muxtariyyət tariximizin ağır böhranla mübarizə, iqtisadi islahatların başlanması, sabitləşmə və dinamik inkişafla xarakterizə olunan müstəqillik mərhələsi də Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı oldu. O vaxtlar naxçıvanlılarla birgə çətin şəraitdə yaşayan, xalqın tələbi ilə 1991-ci ilin sentyabrında Ali Məclisə Sədr seçilən Heydər Əliyevin apardığı gərgin işlər sayəsində Naxçıvanı bu ağır vəziyyətdən qurtarmaq mümkün oldu. Naxçıvanın böhrandan çıxarılması üçün, ilk növbədə, siyasi sabitlik, sərhəd rayonlarında erməni təcavüzünün dayandırılması təmin olundu. Dahi rəhbərin şəxsi nüfuzu, qərar qəbulunda prinsipiallığı, gərgin əməyi sayəsində Naxçıvan əhalisinin ərzağa, enerjiyə olan tələbatının ödənilməsi təmin edildi, əhalinin aclıqdan və soyuqdan məhv olmaq təhlükəsinin qarşısı alındı. Daha sonra Naxçıvanın iqtisadi potensialından səmərəli istifadə yollarının tapılması, xarici ticarət və əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində tədbirlər həyata keçirildi. Blokada şəraitində iqtisadi təhlükəsizliyin və inkişafın təmin edilməsi məqsədilə islahat proqramlarının hazırlanmasına və tətbiqinə başlandı. Bu proqramların başlıca cəhətləri bazar iqtisadiyyatının, azad ticarətin və xarici iqtisadi əlaqələrin yaratdığı imkanlardan maksimum şəkildə bəhrələnməkdən ibarət idi. Xarici investisiyaların muxtar respublikaya cəlb edilməsi və qonşu İran və Türkiyə dövlətləri ilə iqtisadi əlaqələrin yaradılması prioritet istiqamətlər hesab edilirdi.
1992-ci ilin oktyabr ayında Araz çayı üzərində Naxçıvanla Türkiyəni birləşdirən Ümid körpüsünün istifadəyə verilməsi, Türkiyədən və İrandan Naxçıvana elektrik xətlərinin çəkilişi və elektrik enerjisinin verilişinə başlanması, Naxçıvanda İran və Türkiyə ilə ilk birgə müəssisələrin yaradılması, İran ərazisindən Bakıya gediş-gəlişi təmin edən Arazboyu avtomobil yolunun inşası, muxtar respublikada yığılıb qalmış bir sıra məhsulların ixracı üzrə müqavilələrin bağlanması məhz Ümummilli Lider Heydər Əliyevin şəxsi nüfuzu sayəsində əldə edilmiş uğurlar idi.
Naxçıvan iqtisadiyyatında aqrar sahənin tarixən mühüm rol oynadığını, bu sahədə islahatların əhalinin ərzaq təminatı baxımından əhəmiyyətini, habelə qısa müddət ərzində nəticə verəcəyini nəzərə alaraq 1992-ci ildə aqrar islahatların həyata keçirilməsinə başlandı. Torpaq islahatının aparılması, kolxoz və sovxozların ləğv edilərək onların əmlakının özəlləşdirilməsi, mal-qaranın əhaliyə satılması ərzaq məhsulları istehsalının artımında mühüm rol oynadı.
Qısa müddət sonra, 1994-cü il martın 4-də Ulu Öndər Heydər Əliyev kənd təsərrüfatı problemlərinin həllinə həsr olunmuş müşavirədə deyirdi: "Kənd təsərrüfatı sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur. Bəs bu islahatları necə, hansı müddətdə keçirmək lazımdır? Bu barədə düşünmək, proqram yaratmaq lazımdır... Yeganə bir təcrübə var... Bəli, bu 1992-ci ilin yazında olubdur. O vaxt biz Naxçıvanda belə qərara gəldik ki, xırdabuynuzlu mal-qaranın hamısı kənd əhalisinə satılsın... Siz nəticəyə fikir verin. Naxçıvanda mal-qaranın ümumi sayı artıb, demək ət istehsalı da çoxalıb. Biz bir şey itirməmişik. Təcrübə öz bəhrəsini verib".
Heydər Əliyevin yenidən Azərbaycanın ali rəhbərliyinə yüksəlməsi ilə Naxçıvan iqtisadiyyatı artıq təcrid olunmuş şəkildə deyil, ölkə iqtisadiyyatı ilə üzvi vəhdətdə inkişaf etməyə başladı və iqtisadi islahatların sürətlə həyata keçirildiyi regiona çevrildi. Blokada şəraitinə baxmayaraq, kənd təsərrüfatı, sənaye, enerji və nəqliyyat sahələrinin inkişafına xüsusi diqqət yetirildi. Əhalinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğun artırılması və yerli istehsalın təşkili istiqamətində ardıcıl tədbirlər görüldü.
2003-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev ölkənin bütün regionlarının, o cümlədən Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etdi. Dövlət başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafı istiqamətində qəbul edilmiş dövlət proqramlarının icra edilməsi muxtar respublika iqtisadiyyatının artımına böyük təkan verdi. Muxtar respublikanın dayanıqlı enerji ilə təmin edilməsi üçün təbii qaz verilişi İran ərazisi vasitəsilə bərpa edilmiş, alternativ enerji mənbələrinin yaradılması istiqamətində çoxşaxəli işlər görülmüşdür. Naxçıvanda yeni su, günəş və istilik elektrik stansiyalarının tikintisi və istismara verilməsi enerji asılılığını aradan qaldırmış, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına şərait yaratmışdır.
Onlarla iri istehsal, təhsil, səhiyyə, mədəniyyət, sağlamlıq müəssisələrinin fəaliyyətə başlaması, genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, o cümlədən yol-nəqliyyat infrastrukturunun əsaslı şəkildə yenidən qurulması muxtar respublikanın inkişafına mühüm töhfələr vermişdir.
Müasir dövrdə muxtar respublikada sosial, mədəni və iqtisadi sahələrdə baş verən sürətli yüksəliş Naxçıvan iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilə bilər. İnkişafın dəqiq müəyyən edilmiş hədəfləri, çevik və səmərəli islahatlar, qarşıdakı məqsədlərə uyğun qəbul edilən və reallaşdırılan dövlət proqramları, innovasiyalı inkişaf və idarəetmə, mövcud potensialdan maksimum istifadə muxtar respublikanın müasir iqtisadi mənzərəsini formalaşdırmışdır. Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli sərəncamı ilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" təsdiq edilmiş və hazırda icrası davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2024-cü il tarixli fərmanı ilə Naxçıvan şəhərindən 12 kilometr cənub-qərbdə, Naxçıvan-Sədərək avtomagistralı üzərində 310 hektar sahədə Naxçıvan Sənaye Parkı yaradılmışdır.
Naxçıvanın etibarlı enerji təminatı prioritet məsələ kimi bu gün də diqqətdə saxlanılır. Bunun bariz nümunəsi olan İğdır-Naxçıvan qaz kəməri dayanıqlı enerji təminatı, həm də türk dünyasının bütövlüyünə və güclənməsinə xidmət missiyasını yerinə yetirir. Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirmək və onu enerji mərkəzinə çevirmək üçün "yaşıl enerji zonası" elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür.
Tarixi Zəfərimizin doğurduğu reallıqlardan irəli gələn və Prezident İlham Əliyev tərəfindən siyasi leksikona əlavə edilmiş Zəngəzur dəhlizi regionun nəqliyyat və ticarət xəritəsini tamamilə dəyişəcək strateji bir layihədir. Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantını təmin etməklə, uzun illər davam edən kommunikasiya blokadasına son qoyacaqdır. Dəhlizin açılması regionda sülh və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək, yeni iş yerlərinin açılması, infrastrukturun inkişafı və turizm imkanlarının genişlənməsi baxımından mühüm rola malik olacaqdır.
Qars-İğdır-Naxçıvan dəmir yolu, İran ərazisi vasitəsilə kommunikasiya layihələrinin reallaşması ilə ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılması, logistik imkanların genişlənməsi və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılması mümkün olacaqdır.
Naxçıvan Muxtar Respublikası rezidentlərinin 2026-cı il yanvarın 1-dən etibarən 10 il müddətinə mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, gömrük rüsumlarından azad edilməsi və digər güzəştlərin tətbiqi sahibkarlığın inkişafını hədəfləyən dövlət siyasətinin daha bir nümunəsidir.
Naxçıvanın sürətli və məqsədyönlü inkişafı Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin, qətiyyətli liderliyinin və xalqına olan dərin sevgisinin nəticəsidir. O, yalnız Naxçıvanı ağır vəziyyətdən xilas etmədi, eyni zamanda gələcək inkişaf üçün möhkəm təməl yaratdı. Bu gün Naxçıvanın əldə etdiyi uğurların əsasında məhz həmin dövrdə formalaşan strateji inkişaf xətti dayanır. Ölkəmizə rəhbərliyinin ilk dövründə müşahidə edilən canlanma və inkişaf, yenidən hakimiyyətə qayıdışından sonra baş verən sürətli pozitiv dəyişikliklər, 2003-cü ildən sonrakı dövrdə formalaşan iqtisadi yüksəlişin müasir mənzərəsi belə deməyə əsas verir ki, Naxçıvanın inkişafı Ümummilli Lider Heydər Əliyevin və Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin misilsiz xidmətləri ilə bağlıdır.
Müslüm CABBARZADƏ,
iqtisad üzrə fəlsəfə doktoru, dosent