30 Aprel 2024 13:01
188
CƏMİYYƏT
A- A+

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

 

Artıq ölkənin Şimal bölgəsində ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan, habelə təkrar tibbi şəhadətləndirilməyə cəlb edilən vətəndaşların tibbi müayinəsi regional tibb müəssisəsində - Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) aparılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot layihənin icrasına başlanılır. Belə ki, 2024-cü il mayın 6-dan Xidmətin Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların Quba RMX-də tibbi müayinəsi aparılacaq.

Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev razılaşma sənədi imzalayıblar. Layihənin əsas məqsədi tibbi müayinələrin aparılması işinin mərkəzləşdirilməsi, yaxın məsafədə tibbi xidmətin əlçatanlığını və vətəndaş məmnunluğunu təmin etməkdir.

Vətəndaşların qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün Quba şəhəri, Fətəli Xan küçəsi 42 ünvanında yerləşən Quba RMX-də qəbul və müvafiq otaqlar ayrılıb. Müayinə otaqları bütün lazımi avadanlıqlarla təchiz edilib.

Xəstəxana həftə içi hər gün, saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir. Tibbi baxış zamanı çağırışçılar cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən müayinə ediləcəklər.

Məlumat üçün bildirək ki, müddətli həqiqi hərbi xidmətə çağırılanların, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət almış vətəndaşların ambulator və ya stasionar tibbi müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ətraflı məlumat üçün Agentliyin “1542”, TƏBİB-in “815” və Dövlət Xidmətinin “9100” Çağrı mərkəzlərinə müraciət etmək olar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli Fərmanına əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video