10 May 2024 10:10
1894
SİYASƏT
A- A+

Azərbaycanlı olmağı ilə fəxr edən böyük şəxsiyyət

 

Hər bir xalqın adət-ənənələri, yaşayış tərzi, milli-mənəvi dəyərləri kimi, dili də özünəməxsusdur. Dil cəmiyyətin təşəkkülü və inkişafında, xalqın mənəviyyatında, mədəniyyətində ən mühüm amillərdən biridir. Onun varlığı mənsub olduğu xalqın taleyi, səadəti ilə sıx bağlıdır. Tarixdən bəllidir ki, işğala məruz qalmış, azadlığı itirilmiş ölkələrdə bütün milli-mənəvi dəyərlərə təhlükə və təhdid yaranır.
Doğma dilini gərəyincə yaşatmaq, onun saflığını qorumaq və daha da inkişaf etdirmək ən ümdə vəzifəsi olan xalqın azad, dövlətinin müstəqil olması ən böyük səadətidir. Azərbaycan xalqı XX əsrin sonlarında yenidən bu səadətə qovuşdu. Bundan sonra dünyanın ən qədim, zəngin, ahəngdar dillərindən biri, tariximizin qədimliyinin, mədəniyyətimizin özünəməxsusluğunun göstəricisi olan, elmi, bədii, üslubi imkanları ilə seçilən ana dilimizin yaşadılmasında, yad ünsürlərdən qorunmasında, inkişaf etdirilməsində yeni imkanlar açıldı.

 

Hər bir millətin mənliyinin əsası

 

Ana dilimizin saflaşması, yad ünsürlərdən qorunması, inkişaf etdirilməsi, dövlət dili səviyyəsinə yüksəlməsi istiqamətində misilsiz xidmətlər göstərən Ümummilli Lider Heydər Əliyev deyirdi: "Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir".
Ulu Öndər xalqın formalaşmasında, yaşamasında ana dilinin rolunu yüksək dəyərləndirirdi. "Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur" deyirdi.
Azərbaycanın dövlət müstəqilliyinin bərqərar olmadığı zamanlarda ana dilimizə ögey münasibət bəslənildi, sıxışdırıldı. Bunu keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) dövründə də gördük. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dilini qorumaq üçün böyük çətinliklərlə, təzyiqlərlə qarşılaşdı. Onun tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza dərindən bələd olması, zəngin təcrübəsi nəticəsində 1960-cı illərin sonlarından etibarən həyata keçirilən dil siyasəti tariximizdə mühüm hadisəyə çevrildi. Dilçi alim Nizami Xudiyev qeyd edirdi: "Mübaliğəsiz deyə bilərik ki, yaşadığımız yüzilliyin son otuz ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə də ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə - diplomatiya aləminə yol alması, zənginləşib nüfuz qazanması və dünyanın mötəbər kürsülərindən eşidilməsi tanınmış dövlət xadimi Heydər Əliyevin yorulmaq bilməyən fəaliyyəti və yürütdüyü müdrik, uzaqgörən dil siyasəti ilə bağlıdır".
1978-ci il aprelin 21-də qəbul olunan Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili statusu barədə 73-cü maddənin daxil edilməsi üçün Heydər Əliyev böyük qətiyyət göstərdi. Ulu Öndər sonralar həmin dövrü belə yada salırdı: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə Moskvadan nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".

 

"Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir"

 

Ötən yüzilliyin axırlarında, dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın ictimai-siyasi, sosial, mədəni həyatında bir çox mühüm hadisə baş verdi. Bir sıra əhəmiyyətli məsələlər yenidən gündəmə gətirildi və onların həlli istiqamətində məqsədyönlü tədbirlər görüldü. Bu sırada ana dilimiz mühüm yer tutdu. 1995-ci ilin 31 oktyabr-11 noyabr tarixləri arasında Heydər Əliyevin təşəbbüsü ilə dövlət dili məsələsi Milli Məclisdə müzakirəyə çıxarıldı. Azərbaycan Respublikasının dövlət dilinin yekdil fikirlə Azərbaycan dili olması təşəbbüsü irəli sürüldü. 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının yeni Konstitusiyasının 21-ci maddəsində Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili elan olundu.
Heydər Əliyevin 2001-ci il iyunun 18-də imzaladığı "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərmanda müstəqil dövlətimizin rəsmi dili olan Azərbaycan dilinin tətbiqi və inkişaf etdirilməsinə, ana dilimizin öyrənilməsi və cəmiyyətdə işlənmə mexanizminin təkmilləşdirilməsinə, həmçinin bu sahədə həyata keçiriləcək tədbirlərə nəzarətin gücləndirilməsi, bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyuldu. Eyni zamanda fərmanın icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Dil Komissiyası yaradıldı, "Azərbaycan Respublikasında dövlət dili" haqqında qanun layihəsinin hazırlanması barədə aidiyyəti qurumlara göstərişlər verildi.
Öz ölkəndə doğma dilində danışmaq, yazmaq misilsiz xoşbəxtlikdir. Bu möhtəşəm duyğunu Ümummilli Lider belə ifadə etmişdi: "Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm".
2001-ci il avqustun 9-da Heydər Əliyev "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərman imzaladı. Hər iki fərmandan - "Azərbaycan dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" və "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlardan irəli gələn tələblərə uyğun olaraq, ölkə ərazisində yaşayan hər kəs, bütün Azərbaycan vətəndaşları doğma dilimizi öyrənməli, bütün dövlət sənədləri bu dildə aparılmalıdır.
2002-ci il sentyabrın 30-da Heydər Əliyevin imzaladığı "Azərbaycan Respublikasının dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanununda dövlət dilinin işlənməsi, inkişafı, saflığının qorunması, ədəbi dilin normalarına əməl edilməsi, ölkəmizdə dilçilik elminin nəzəri və tətbiqi sahələrinin inkişafı üçün lazımi şəraitin yaradılması və digər mühüm məsələlər əksini tapdı.
2003-cü il yanvarın 2-də Ümummilli Liderin imzaladığı "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman ana dilinin tətbiqi və inkişafında daha bir mühüm sənəd oldu.
Heydər Əliyev deyirdi: "Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir". Bildirirdi ki, hər bir Azərbaycan gənci birinci növbədə gərək öz dilini, ana dilini bilsin: "Bu, ölkənin dövlət dilidir və gənc bu dildə təhsil alsın, bu dildə yazsın, bu dildə oxusun. Məhz bu dildə Azərbaycan xalqının zəngin tarixini, mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini öyrənə bilsin". O, tələbələrlə görüşlərinin birində bildirmişdi: "Mənim şəxsən arzum budur ki, hər bir azərbaycanlı çox dil bilsin. Ancaq birinci növbədə öz ana dilini - dövlət dilini yaxşı bilsin. Bizim gözəl, zəngin, cazibədar dilimiz var və onu heç bir şeyə dəyişmək olmaz".

 

Milli-mənəvi dəyərlərin hamisi

 

Tarixinin ən mürəkkəb, ən ziddiyyətli, ən çətin dövrlərində belə, öz zəngin milli-mənəvi irsini, adət-ənənəsini qoruyub saxlamağı, nəsillərdən-nəsillərə ötürməyi bacarması Azərbaycan xalqının böyüklüyünün bariz nümunəsidir. Heydər Əliyev bildirirdi: "Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir".
Azərbaycana rəhbərlik etdiyi dövrlərdə Ümummilli Lider Heydər Əliyev həmişə xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına, milli mədəniyyətimizin inkişafına, xalqın adət-ənənələrinin zənginləşdirilməsinə səy göstərirdi. 
Respublikamızda ikinci dəfə hakimiyyətə gələn Heydər Əliyev ilk gündən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə sadiq olduğunu öz fəaliyyəti, əməlləri və bu sahədə həyata keçirdiyi tədbirlər vasitəsilə təsdiq etdi. Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə - 1993-2003-cü illərdə xalqımızın mənəvi dəyərlərinin təbliğində və gənclərimizin bu ruhda tərbiyə olunmasında məqsədyönlü işlər həyata keçirdi.
Ümummilli Lider bildirirdi ki, hər xalqın öz mentaliteti var, bizim Azərbaycan xalqının mentaliteti onun böyük sərvətidir: "Heç vaxt iki xalq bir-birinə bənzəməz. Heç vaxt iki xalq bir-birinə bənzər dəyərlərə malik ola bilməz. Yenə də deyirəm, hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhvali-ruhiyyədə, saf əxlaqi əhvali-ruhiyyədə tərbiyələndirməliyik".
Ümummilli Lider hər bir azərbaycanlının qəlbindən keçən bu hissləri qürurla belə ifadə etmişdi: "Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik". 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video