Sanki Şuşanın xilaskarını və 32 ildən sonra doğma yurda qayıdan şuşalıları qarşılamaq üçün günəş də göy buludların arasından erkən çıxıb sevinclə, fərəhlə şəfəqlərini dağların yamacına səpmişdi. Şuşaya tələsən sakinlər də, illərdir doğma sakinlərinin həsrətini çəkən qəhrəman Şuşa da sevinir, üzü gülürdü.
İstər-istəməz adamın ağlına bu fikir hakim kəsilirdi ki, Tanrı sığal çəkib Şuşanı bir az da gözəlləşdirmişdi. Elə bil, Azərbaycan əsgərinin zirvələrə qaldırdığı müqəddəs bayrağımızın kölgəsi düşmüşdü Şuşaya...
Şuşalıları doğma yurda aparan avtomobillərin şəhərə girərkən verdiyi siqnal səsləri ilə birlikdə dillərdə bir nida səsləndi: "Var ol, xilaskar Prezidentimiz", "Sağ ol Azərbaycan əsgəri", "Şuşanın azdlığı uğrunda qanını töküb, canını qurban verən şəhidlərə min rəhmət". Gözlərdən süzülən sevinc göz yaşları torpağa düşdükcə həsrətin odu sönürdü. Bu məqamda şuşalıların daha çox ürəkləri danışırdı. 32 illik həsrətin bitdiyi gözəl bir gün idi...
Heç şübhəsiz ki, dili olsaydı düşmən işğalından azad olan, yenidən qurulan, abadlaşan, 32 ildən sonra doğma sakinlərinə qucaq açan Şuşa bu gözəl büsata görə xilaskarı olan Azərbaycan Prezidentinə minnətdarlıq edib, "yaşa, var ol" deyərdi...
Bu mənzərədən böyük fərəh hissi keçirən sakinlər əllərini Tanrıya uzadaraq deyirdilər: "Ölmədik, bu günü də gördük". "Bizə bunu yaşadan Allaha, bizi doğma yurdumuza qaytaran Prezidentə minnnətdarıq!"
Qarabağın xilaskarı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da bu gözəl gündə, yurd həsrətinin bitdiyi gündə, Şuşada sakinlərlə bir yerdə sevinclərini bölüşürdülər.
Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il avqustun 29-da Şuşada 8 hektara yaxın sahədə 23 binadan ibarət yaşayış kompleksinin təməl qoyuldu. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i iki-otaqlı, 190-ı üçotaqlı, 30-u dörd-otaqlı və 7-si beşotaqlı olmaqla 450 mənzildən ibarətdir.
İlkin mərhələdə birinci yaşayış kompleksinin köç qrafikinə əsasən, 20 ailə olmaqla 88 nəfər Şuşaya köçürülüb. Evlər Şuşanın ənənəvi memarlıq üslubunda inşa edilib, sakinlərin yaşaması üçün çox gözəl şərait yaradılıb.
Şuşa bu gün əsl tikinti meydançasını xatırladır. Şəhərdə genişmiqyaslı quruculuq işləri gedir. İnşa edilən binalar Şuşanın ənənəvi memarlıq üslubunda tikilir. Mənzillərdə sakinlərin rahat yaşamaları üçün çox gözəl şərait yaradılıb. Şuşa düşmən işğalından azad olunduqdan dərhal sonra dövlətimiz qala-şəhərin tarixi abidələrinin bərpasına xüsusi diqqət ayırdı. Vaqifin məqbərəsi yenidən qurularaq əzəli görkəminə qaytarıldı. "Yuxarı Gövhər ağa" məscidi, "Saatlı" məscidi bərpa olundu. Mehmandarov məscidi və Mehmandarovun evi bərpa edildi. Artıq Şuşada dörd mehmanxana fəaliyyət göstərir. Onların içində ən böyüyü olan beşulduzlu "Şuşa" mehmanxanası şəhərin müasir görkəmini əks etdirir. Dövlətimizin başçısı və xanımı Şuşada olarkən "Mamayı" məscidinin və "Şirin su" hamamının da əsaslı təmirdən sonra açılışını etdilər. Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin də təməli qoyuldu.
Yaşayış kompleksində və mənzillərdə yaradılan şəraitlə tanış olduqdan sonra dövlətimizin başçısı doğma yurda qayıdan şuşalıları təbrik edərək demişdir: "Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim" .
Gözəl mənzərələri, yaşıllıqları, bulaqları ilə göz oxşayan, müasir və eyni zamanda ənənəvi üslubda inşa edilən binaları ilə yenidən qurulan Qarabağ və Şərqi Zəngəzurun nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacağını vurğulayan Prezident İlham Əliyev görülən işlərlə hər bir azərbaycanlının fəxr edəcəyinə əmin olduğunu bildirib.
Prezident sakinlər qarşısında çıxış edərkən deyib ki, "Bu gün artıq Şuşa altıncı yaşayış yeridir ki, keçmiş köçkünlər buraya qayıdırlar. Bu gün, eyni zamanda Laçının Sus kəndinə də keçmiş köçkünlərin qayıdışı nəzərdə tutulur və ilin sonuna qədər ən azı 20 yaşayış məntəqəsində artıq həyat bərpa ediləcək".
Mayın 10-da Laçın rayonunun Sus kəndi də 32 ildən sonra doğma sakinlərinə qucaq açdı. 20 ailənin 75 sakini illərdir xəyallarında yaşatdıqları doğma yurda qayıtdılar. Daha 75 nəfər laçınlının Vətən həsrətinə son qoyuldu. Xatırladaq ki 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən rayon işğal olunana qədər Sus kəndində 53 ailə - 203 nəfər yaşayırdı. Bu gün Zabux çayının sahilində, dağların yamacında salınan Sus kəndi təbii gözəlliklər qoynunda salınan bir naxışa bənzəyir. 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulub. Mayın 10-da Laçın rayonun Sus kəndinə səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, onlarla səmimi söhbət edib.
Yaradılan şəraitdən razılıq edən sakinlər fikirlərini belə ifadə ediblər: "Hər şey çox yüksək səviyyədədir, möhtəşəmdir. Allah Sizdən razı olsun. Allah Sizi qorusun. Həm kəndimizdə, həm də Laçında görülən işlərin miqyası o qədər böyükdür ki, hamısını sadalamaq olmur".
Azərbaycanın hər yerində möhtəşəm qələbələrimizin təntənəsi yaşanır. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşada doğma yurda qayıdan sakinlərlə görüşündəki çıxışında dediyi kimi: "Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi".
Elşən QƏNİYEV,
"Azərbaycan"