Martın 2-si Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 8,9 faiz yüksəlib. Bakı vaxtı ilə saat 13:00-a olan məlumata görə, artım 6,5 dollar təşkil edərək bir barel üçün 79,37 dollara çatıb.
AZƏRTAC xəbər verir ki, ABŞ və İsrail İran ərazisində keçirilən əməliyyatlar nəticəsində yüksək rütbəli şəxslərin zərər gördüyünü bəyan edib. İran isə buna cavab olaraq Yaxın Şərqin müxtəlif ərazilərində cavab xarakterli tədbirlər gördüyünü bildirib.
ABŞ Prezidenti Donald Tramp martın 1-də Britaniya mətbuatına müsahibəsində qarşıdurmanın təxminən dörd həftə davam edə biləcəyini bildirib.
Hərbi əməliyyatların uzanacağı gözləntiləri fonunda investorların “təhlükəsiz liman” aktivlərinə marağı artıb. Nəticədə qızılın bir troya unsiyasının qiyməti 3,44 faiz bahalaşaraq 5 428,4 dollara yüksəlib.
Neft qiymətlərinin artmasına Hörmüz boğazı yaxınlığında azı üç gəmiyə hücum edilməsi də təsir göstərib. Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Mərkəzi iki gəminin vurulduğunu, üçüncü gəminin isə yaxınlığında naməlum partlayış baş verdiyini bildirib.
İran dünya üzrə neft və təbii qaz daşımalarının təxminən 20 faizinin həyata keçirildiyi boğazdan gəmilərin keçməməsi ilə bağlı xəbərdarlıq edib. Bölgədə risklərin artması səbəbindən sığorta haqlarının kəskin yüksəldiyi və nəticədə boğazdan keçidlərin demək olar ki, dayandığı bildirilir.
Martın 1-də Səudiyyə Ərəbistanı və Rusiyanın da daxil olduğu OPEC+ qrupu qiymət artımını yumşaltmaq məqsədilə gündəlik neft hasilatını 206 min barel artırmaq barədə razılığa gəlib. Bununla belə, bəzi mütəxəssislər bu addımın təsirinin məhdud olacağını bildirirlər.
Bir sıra analitiklər qarşıdurmanın uzunmüddətli xarakter alacağı təqdirdə neftin qiymətinin 100 dolları keçə biləcəyi barədə xəbərdarlıq edirlər.
Böyük Britaniya Avtomobil Assosiasiyasının rəhbəri Edmund Kinq isə yanacağın bahalaşa biləcəyini qeyd edib və artımın miqyasının münaqişənin davametmə müddətindən asılı olacağını qeyd edib.