Artıq yeni tədris ilinə start verilib, bilik
günü qeyd edilib, ümumtəhsil məktəblərində al-əlvan geyimli şagirdlər elmin sirlərinə
vaqif olma yolunda addımlamağa başlayıblar. Təhsil millətin gələcəyidir və sadalananların
kontekstində də, demək olar ki, bütün bunlar ürəkaçan və sevindirici məqamlardır.
Lakin üzərində duracağımız, vurğu qoyacağımız
məsələ məhz bu al-əlvan geyimlərlə bağlıdır. Baxmayaraq ki, neçə illərdir ölkəmizdə
"vahid məktəbli forması” tətbiq olunur. Yəni vahid məktəbli forması ifadəsi bütün
dövlət ümumtəhsil məktəblərində müəyyən olunan modeldə, rəngdə, materialda, tikilişdə,
qiymətdə olan geyimlərdən istifadə olunmasını özündə ehtiva edir. Bununla belə hazırkı
tədris ili də daxil olmaqla, neçə illərdir ki, məktəblərdə "vahid məktəbli geyimi”
sadəcə ifadə kimi işlədilir, öz həqiqi funksiyasını yerinə yetirmir. Hər məktəbin
özünün istədiyi formada, rəngdə, qiymətdə olan
geyimləri var.
Bəs zorla satılan BTE-nin paltarları?
Nazirlər Kabinetinin
2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə
əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən
olunur. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilər.
Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilir.
Qərardan da
aydın görünür ki, əslində ölkənin ümumtəhsil məktəblərində vahid məktəbli forması
heç zaman olmayıb və indi də yoxdur. Sual olunur, bəs, o zaman Bakı Tikiş Evinin
hazırladığı məktəbli formaları niyə zorla məktəblərdə satılırdı? Niyə valideynlərə
onu almaq, şagirdlərə isə geyinmək məcbur edilirdi? O da bir ayrı məsələdir ki,
baha qiymətə keyfiyyətsiz parçadan hazırlanmış,
bərbad tikilişli paltarlardan söhbət gedir. Vahid forma tətbiqinə başlanılan ilk
zamanlarda bütün məktəblərdə tələb edilirdi ki,
şagirdlərin geyimləri məhz Bakı Tikiş Evinə məxsus olsun. Buna ciddi nəzarət
vardı və hətta BTE-nin geyimlərində olmayan şagirdlər dərslərə buraxılmır, valideynləri
iclaslara çağırılırdı, danlanırdı...
Məktəb direktorları,
sinif rəhbərləri cidd-cəhdlə bu məsələnin tənzimlənməsi istiqamətində "səylə” çalışır,
həmçinin adıçəkilən tikiş evinə məxsus olmayan və özlərinin iddia etdyi kimi "saxta”
emblemli paltar satanlara və alanlara qarşı mübarizə aparırdılar.
5-6 il öncə
isə mənzərə dəyişdi. Müəyyən məktəblər yenə də BTE-nin paltarlarından istifadə etsə də, bir çox orta
tədris müəssisəsi özlərinin təyin etdiyi geyim tərzinə uyğun məktəbli formalarına
keçdilər. Bu, "məktəbli geyiminə” istədikləri qiyməti qoydular ki, bu da kifayət qədər yüksəkdir.
İndi hər məktəbin
özünəməxsus geyimini satmaq üçün xüsusi mağazalar fəaliyyət göstərir. Övladı belə
məktəblərdə təhsil alan valideynlər bu ünvanlardan hər məktəbli üçün 100 manatdan
artıq xərc çəkərək geyim alırlar. Problem bununla da bitmir. Çünki vaxtaşırı bu
formaların modeli, rəngi dəyişdirilir. Tutaq ki, builki ətəyin rəngi mavi olubsa,
gələn il onun rəngini yaşıla dəyişib valideynləri həmin geyimi almağa məcbur edirlər. Belədə isə
əgər bu il alınan forma növbəti il məktəblinin əyninə olsa belə, yenisini almağa
məcburdur. İki, yaxud üç övladı məktəbə yollanan valideynlərin hər il təkcə məktəbli
geyiminə bu qədər xərc çəkməsi isə, təbii ki, haqlı narazılıqlar doğurur.
Belə demək
mümkündürsə, həmin məktəblərin direktorları şagirdlərin geyimi üzərində açıq bazar
qurublar...
Vahid formanın mahiyyəti uşaqlar arasında sosial bərabərliyin
təmin edilməsidir
Yuxarıda da
qeyd olunduğu kimi, ilk təşəbbüs kimi vahid məktəbli formasının tətbiqi özünü doğrultmadı.
Bəlkə obyektiv, bəlkə də daha çox subyektiv səbəblər üzündən...
Və həmin səbəblər
üzündən yenidən bu məsələnin lazımi qaydada tənzimlənməsi və tətbiqinin vacibliyi
gündəmə gəlib.
Təhsil üzrə
ekspert Nadir İsrafilov deyir ki, "vahid məktəbli forması” sovet dönəmində də olub,
müstəqillik əldə etdiyimiz dövrdə də. Belə bir məktəbli formasının bütün məktəblərdə
tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə
olunan "Ümumi təhsil haqqında” qanun layihəsində də öz əksini tapıb. Komitənin sədri
İsa Həbibbəyli hətta bəzi kateqoriyadan olan şagirdlərə məktəbli formalarının dövlət
hesabına verilə biləcəyini də dilə gətirib. Xatırlatmaq yerinə düşər ki, Lidiya
Rəsulovanın təhsil naziri (1993-1997-ci illər) olduğu dövrdə məktəbli geyiminə aydınlıq
gətirmək məqsədilə üst açıq rəngli, alt tünd formanı əks etdirən əmr verilmişdi.
Bu, o anlama gəlirdi ki, oğlanlar məktəbə açıq rəngli köynəklərdə, tünd rəngli şalvarlarda, qızlar isə açıq rəngli kofta və tünd rəngli yubkalarda
gəlməlidirlər: "Sonrakı dövrdə də vahid məktəbli formasına keçidlə bağli əmr imzalandı.
Amma əmrin məzmun və mahiyyəti qaldı bir kənarda, başladılar özfəaliyyətə. Bəzi
elit məktəblər, hansı ki, şagirdlərinin əksəriyyəti imkanlı ailələrin övladları
idi, özləri üçün xüsusi, yəni digər məktəblərdən seçilən forma tikdirməyə başladılar.
Hərə bir rəng, bir element seçdi. Bakı Tikiş Evinin geyimlərini bəyənməyənlər Türkiyədən
parça sifariş etdilər, gizli sexlər məktəbli forması tikməyə başladılar, beləliklə
mənşəyi bəlli olmayan saxta formalar dövriyyəyə yol açdı”.
Ekspert bildirir
ki, vahid məktəbli formasının mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin
edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür,
hansısa şagirdin geyimi onun geyimindən bahalıdır, burada sosial ədalətdən danışmaq
olmaz. Belə hallar uşaqlara mənfi təsir göstərir və əskiklik kompleksi yaradır.
Buna görə də məsələyə yenidən baxılması zəruriliyi ortaya çıxdı ki, bu da nəinki
lazımdır, hətta vacibdir: "Ümid edək ki, məktəbli forması ilə bağlı əvvəlki illərdə
yaranan narahatçılıqlar və yol verilən yanlışlıqlar aradan qaldırılacaq”.
"Geyimlərin tikilməsi ilə BTE məşğul olmamalıdır”
Təhsil üzrə
ekspert Kamran Əsədov deyir ki, maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin
məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə
bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına
müsbət təsir göstərib. Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu
sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni
zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə
yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında,
bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır.
K.Əsədovun
fikrincə, bütün məktəblər eyni məktəbli formasından istifadə etməyə bilər: "Hər
bir məktəbin pedaqoji şurası qərar qəbul edib 4-5 layihədən istədikləri dizaynda
şagird forması müəyyən edə bilərlər. Burada vacib məqam odur ki, məktəbli formasının
tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn
assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq
qərar qəbul olunduqdan sonra həyata keçirilə bilər. Heç bir məktəb rəhbəri bununla
bağlı təkbaşına qərar qəbul edə bilməz”.
Təhsil ekspertinin
sözlərinə görə, vahid məktəbli forması ilə bağlı rayonlarda müəyyən çatışmazlıqlar
var ki, bu da hava şəraiti ilə bağlıdır, xüsusilə qış fəslində. Valideynlər bildirir
ki, məktəbli formaları nazik olduğu üçün soyuq havalarda uşaqlar üşüyür, onlara
soyuq dəyir: "Məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan
istifadə ilə bağlı problem olmaz. Digər tərəfdən isə geyimlərin tikilməsi ilə BTE
məşğul olmamalıdır. Bu, keyfiyyətə ciddi təsir görtərə və rəqabət mühitini aşağı
sala bilər. Ona görə də Təhsil Nazirliyi 4-5 eskizi məyyən edib ictimaiyyətə təqdim
etməli və məktəblərə göndərməlidir. Onun standartlara uyğun olaraq tikilməsini valideyinlər
özləri fərdi qaydada, ya kollektiv şəkildə,
ya da ki, məktəblə birlikdə həyata keçirməlidirlər”.
"Ziyanın yarısından qayıtmaq da qazancdır”
Milli Məclisdə
vahid məktəbli geyimi ilə bağlı "Ümumi təhsil haqqında” qanuna edilən dəyişikliyə
əsasən 2020-2021-ci tədris ilindən bütün orta məktəblərdə vahid məktəbli forması
tətbiq ediləcək.
Amma həyata
keçiriləcək adıçəkilən yeniliklə bağlı müəyyən suallar qaranlıq qalır. Məsələn,
niyə bu zamana qədər vahid məktəbli forması ilə bağlı məsələ nəzarətsiz qalıb və
bu məsələ tənzimlənməyib, standartlar, normativlər müəyyənləşməyib? Neçə illər ərzində
tətbiq olunan uğursuz vahid məktəbli forması təcrübəsinin təkrarlanmaması üçün indi bu prosesə nəzarəti kim həyata keçirəcək: Təhsil
Nazirliyi, yoxsa başqa bir qurum?
Satışa çıxarılan
formaların qiyməti kim tərəfindən müəyyənləşdiriləcək? Məktəb direktorları yenə
də geyimlərin qiyməti, haradan alınması ilə bağlı məsələyə qarışa, tələb qoya biləcəklərmi?
Təəssüf ki, müvafiq suallarla bağlı Təhsil Nazirliyinə ünvanladığımız sorğu cavabsız
qaldı.
Onu da əlavə
edək ki, bu il övladlarına məktəbli geyimi alan valideynlər, gələn il yenidən məktəbli
forması almalı olacaqlar, yəni bir daha xərcə düşəcəklər...
Təsəlli isə
odur ki, ziyanın yarısından qayıtmaq da qazancdır, Ümid edək ki, bu dəfə vahid məktəbli
forması həqiqətən də adında ehtiva olunan "vahid” sözünə uyğun tətbiq ediləcək.
Direktorların gəlir mənbəyinə çevrilməyəcək, valideynlərin meyarlarına, büdcələrinə,
şagirdlərin də rahatlığına və zövqünə uyğun olacaq...
Yasəmən MUSAYEVA,
"Azərbaycan”