Noyabrın 28-də Bakıda Beynəlxalq Əmək Təşkilatının
(BƏT), Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə "Şərqi Avropada və Mərkəzi Asiyada
həmkarlar ittifaqlarının maarifləndirilməsi: çıxarılan nəticələr və inkişaf yolları”
mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı giriş sözü
ilə AHİK sədrinin müavini Aqil Dadaşov açıb.
Konfransda çıxış edən AHİK sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev həmkarlar ittifaqlarının son dövrlər ənənəvi olmayan
problemlərlə daha tez-tez qarşılaşdığını deyib. O bildirib ki, bu, həmkarlar ittifaqı
işçisindən təşkilati-idarəçilik qabiliyyətini daha da təkmilləşdirməyi, sosial psixologiyanın,
konfliktologiyanın, hüququn, politologiyanın, iqtisadiyyatın, maliyyə siyasətinin
əsaslarını dərindən mənimsəməyi tələb edir. Digər tərəfdən, beynəlxalq institutlar
dünya ictimaiyyəti qarşısında mühüm vəzifələr qoyur. Gələcəkdə gözlənilən proseslərdən
qorunmaq üçün atılacaq addımların bu gün müəyyənləşdirilməsi ən vacib məsələlərdəndir.
Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində, Layiqli Əməyin təmin edilməsi
üzrə Dövlət proqramlarının yerinə yetirilməsində, BƏT-in 205-ci Tövsiyəsinin tətbiqində
həmkarlar ittifaqlarına geniş önəm verilir. Sözsüz ki, bu vəzifələri həyata keçirmək
üçün kadr hazırlığı məsələlərinə daha diqqətlə yanaşılmalıdır.
Səttar Möhbalıyev qeyd edib ki, həmkarlar
ittifaqı liderləri və fəalları insanlarla ünsiyyət qurmaq üçün daim bacarıqlarını
təkmilləşdirməli, ümumtəhsil və mədəni səviyyələrini yüksəltməlidirlər. Bu isə sosial
texnologiyalara yiyələnmədən və müasir menecmentin üsul və metodlarını mənimsəmədən
mümkün deyil. Müasir tədris və informasiya texnologiyalarından, aktiv tədris metodlarından
istifadə, həmkarlar ittifaqı kadr və fəallarında daim yenilənmə motivasiyasının
olması, fasiləsiz təhsil üçün şəraitin yaradılması, qabaqcıl dünya təcrübəsinin
öyrənilib yayılması maarifləndirmə prosesində vacib olan elementlərdir. Ölkəmizdə
bütün sahələrdə islahatların həyata keçirilməsi həmkarlar ittifaqlarında da vaxtaşırı
islahatların aparılmasını gündəmə gətirib. Layiqli kadr ehtiyatları fondunun yaradılması
və möhkəmləndirilməsi, seçkili həmkarlar ittifaqları orqanlarının tərkibinin gəncləşdirilməsi,
orada qadınların sayının artırılması islahatların tərkib hissəsidir. Bu gün həmkarlar
ittifaqı təşkilatlarının rəhbərlərinin qarşısına yeni tələblər qoyulur. Bu tələblərə
isə peşəkar və məsuliyyətli həmkarlar ittifaqı liderləri və onların komandasının
nüfuzu vasitəsilə cavab vermək mümkündür. Peşəkar kadrların hazırlanması, təcrübi
biliklərə yiyələnmələri və onların bazar iqtisadiyyatına xas olan idarəetmə qabiliyyətlərinə
malik olmaları üçün müvafiq işlərin həyata keçirilməsi lazımdır. Bu səbəbdən həmkarlar
ittifaqı işçilərinin maarifləndirilməsi işinə xüsusi önəm verilir. Həmkarlar ittifaqlarında
maarifləndirmə prosesi əsasən AHİK-in Əmək və Sosial Münasibətlər Akademiyası vasitəsilə
həyata keçirilir. Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil edilən kurslar
həmkarlar ittifaqının yeni seçilən seçkili orqanlarının rəhbərləri və üzvləri, fəalları,
sahə həmkarlar ittifaqı aparatında çalışanlar və digər kateqoriyalara aid işçilər
üçün nəzərdə tutulub. Hər il akademiyanın təşkil etdiyi kurslarda orta hesabla
800 nəfərə yaxın həmkarlar ittifaqı kadr və fəalları iştirak edirlər. Eyni zamanda,
akademiyada hazırda 5 ixtisas üzrə 572 gənc təhsil alır. Ali təhsil müəssisəsini
bitirən bu gənclər isə həmkarlar ittifaqı üçün potensial kadrlardır.
Sədr bildirib ki, AHİK 2009-cu ildən kiçik
və orta sahibkarlıq müəssisələrində həmkarlar ittifaqı təşkilatlarının yaradılması
üzrə pilot layihə həyata keçirib. Pilot layihəyə uyğun olaraq respublikanın bütün
regionlarında mövzu ilə bağlı seminarlar keçirməklə həmkarlar ittifaqı liderləri
maarifləndirilib və onlara bu sahədəki vəzifələr izah olunub. Bu işin müsbət nəticəsi
kimi özəl müəssisələrdə həmkarlar ittifaqlarının yaradılmasını və üzvlərinin sayının
artmasını qeyd etmək olar. AHİK uzun müddət idi ki, cəmiyyətimizin inkişafının müasir
mərhələsinin xüsusiyyətlərini nəzərə alaraq Üçtərəfli Komissiyanın yaradılması üçün
təşəbbüs qaldırır, təkliflər irəli sürürdü. Nəhayət, BƏT-in bilavasitə dəstəyi ilə
həyata keçirilən maarifləndirmə tədbirlərini və sosial tərəfdaşlarla görülən işləri
əlaqələndirmək məqsədilə 2016-cı ilin sentyabrında Azərbaycanda Sosial-İqtisadi
Məsələlər üzrə Üçtərəfli Komissiya yaradıldı və bu gün uğurla fəaliyyət göstərir.
Təbii ki, AHİK tərəfindən həmkarlar ittifaqında aparılan maarifləndirmə işləri yekunda
qarşımıza qoyduğumuz əsas məqsədlərin - işçilərin sosial əmək hüquqlarının qorunmasının,
onların sağlamlığının və əməyinin mühafizəsinin həyata keçirilməsinə öz müsbət təsirini
göstərməkdədir. Son beş ildə (2013-2018) 507 yeni həmkarlar ittifaqı təşkilatı yaradılıb,
həmkarlar ittifaqı üzvlərinin sırasına 56 min 497 nəfər cəlb edilib. Bu gün həmkarlar
ittifaqı təşkilatları olan müəssisələrdə işləyənlərin 95,5 faizi həmkarlar ittifaqı
üzvləridir. AHİK və üzv təşkilatlar tərəfindən görülən işlər nəticəsində daxil olan
ərizə və şikayətlərin 95,2 faizi müsbət həll edilib. Əmək hüquqlarının pozulması
ilə əlaqədar son 5 ildə üzvlərin müraciətləri əsasında 97 dəfə məhkəməyə müraciət
olunub. Bu müddətdə 983 nəfər öz işinə bərpa edilib. Maarifləndirilmə işləri həmkarlar
ittifaqı təşkilatlarının sədrlərinin, onların ehtiyat qüvvələrinin, həmkarlar ittifaqı
komitəsinin üzvlərinin, daimi komissiyalarının, fəallarının bilik və bacarıqlarının
formalaşdırılmasına yönəldilməlidir. Yeni informasiya texnologiyalarının, sosial
şəbəkələrin də imkanlarından lazımınca istifadə edilməlidir.
Konfransda daha sonra Beynəlxalq Əmək Təşkilatının
nümayəndəsi Evelin Toc, Pan Avropa Regional Şurasının nümayəndəsi Anton Leppik və
digərləri çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Bildirilib ki, Şərqi
Avropada və Mərkəzi Asiyada həmkarlar ittifaqı fəallarının maarifləndirilməsi və
inkişaf yolları genişləndirilməli, burada maraqlı tərəflərin fəaliyyətləri dəstəklənməlidir.
Konfrans öz işini üç gün davam etdirəcək.