Dövlətlər gəlirlərini müxtəlif sahələrdən əldə edirlər. Bəziləri olan təbii resurslarını satır, digərləri qazanclarını sənaye və kənd təsərrüfatından əldə edir, bir çox ölkə də var ki, onların əsas gəlir mənbəyi turizmdir. Artıq xeyli zamandır dünyada turizm, o cümlədən xidmət sektoru gəlirli sahələrdən birinə çevrilib.
Bu gün Tailandın dövlət gəlirlərində birinci yerdə turizm gəlirləri dayanır. Türkiyə iqtisadiyyatında da turizm gəlirləri önəmli rol oynayır. Qardaş ölkə ildə həmin sektordan orta hesabla 22 milyard dollardan çox gəlir əldə edir. Parisi ziyarət edənlərin sayı hər il milyonları ötür. Yəni bu şəhər XX əsrin ortalarından təkcə ölkənin paytaxtı deyil, həm də gəlir mənbəyidir.
Dünya Turizm Barometrinə görə, ötən il turistlərin ən çox səyahət etdikləri ölkələr arasında İslandiya, Braziliya və Misir öndə olub. Keçən il dünyada 1,52 milyard beynəlxalq turist səyahət edib. Avropa qitəsi isə 793 milyon ziyarətçi ilə birinci yerdə olub.
Azərbaycanın da turizm potensialı böyükdür. Gözəl təbiətimiz, qədim tarixi abidələrimiz, müalicəvi Naftalan nefti və çoxsaylı mineral sularımız turizmin inkişafı üçün unikal imkanlar yaradır. Dövlətimiz də turizmin inkişafına xüsusi dəstək verir, bu sahədə fəaliyyət göstərən sahibkarları güzəştli kreditlərlə təmin edir. Bütün bunlara baxmayaraq, məsələn, qonşu Gürcüstanla müqayisədə daha çox turist cəlb edə bilmirik. Səbəb sadədir - xidmət səviyyəsi aşağı, qiymətlər yuxarıdır. Təəssüf ki, bu gün Azərbaycanın turizm sektorunda fürsətçilik geniş yayılıb. Xüsusən rayonlara səfər edən turistlər belə hallarla daha çox rastlaşırlar. Məsələn, 4-5 nəfərlik bir ailə yol kənarında və ya təbiətin qoynunda adi bir yeməkxanada nahar, yaxud şam edərsə, ondan elə bir məbləğ tələb olunur ki, yeyib-içdikləri burunlarından gəlir. Səbəbi mövsümi fürsətçilikdir. Təəssüf ki, "nə qədər bahardır, yaydır - qazanaq, payızda, qışda Allah kərimdir" psixologiyasından yaxa qurtara bilməyən iş(baz) adamlarımız hələ çoxdur.
Buna baxmayaraq, Dövlət Turizm Agentliyindən verilən məlumata görə, qarşıya qoyulan hədəf 2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyon, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını 6 milyon nəfərə çatdırmaqdır. Məlumatda qeyd olunur ki, cari ildə cəmi turizm xərcləmələri 2021-ci illə müqayisədə 4 dəfə artaraq 11,2 milyard manata çatacaq. Bunun 49 faizi, yaxud 5,5 milyard manatı əcnəbi turistlərin xərcləmələrinin payına düşəcək. Ümumilikdə isə 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalının 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı, orta hesabla hər il turizm sektorunda 20 faiz artım qeydə alınması proqnozlaşdırılır. Baxmayaraq ki, hazırda turizm sektorunda olan nöqsanlarla bu artıma nail olmaq real görünmür. Belə olan halda "xidmətlə qiymət arasında olan uyğunsuzluq buna imkan verəcəkmi?" sualına cavab tapmaq lazım gəlir.
Bunun üçün, daha doğrusu, ölkəmizə daha çox turistin gəlməsi istiqamətində müəyyən işlər görülür. Onlardan biri də halal turizmin inkişafına dair yeni dövlət standartlarının qəbul edilməsidir. Bu sənədin qəbulunu şərtləndirən Azərbaycana gələn turistlərin sayında müsəlman ölkələrin payının yüksək olmasıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, yeni standart yerləşmə vasitələri, tur paketləri, turist bələdçiləri və halal turizmə dair digər turizm xidmətlərini əhatə edərək səyahətçilər üçün nəzərdə tutulmuş halal turizm obyektlərində təqdim olunan məhsul, həmçinin xidmətlərin idarə olunmasına dair əsas prinsipləri və tələbləri müəyyən edir. Halal turizm standartının tətbiq edilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların halal xidmətlərin effektiv idarə olunması bacarığının gücləndirilməsi, islam qaydalarına uyğun turizm məhsul və xidmətlərinin təqdim edilməsi, həmçinin müştəri tələblərinin qarşılanması və bununla da müştəri məmnuniyyətinin artırılmasıdır.
Məlumdur ki, koronavirus pandemiyası dünya turizminə mənfi təsir göstərmişdi. Dünya Turizm Təşkilatının ekspertləri bildirirlər ki, qlobal turizm bazarı sabit şərtlə davam edərsə, öz durumunu pandemiyadan öncəki dövrün 80-90 faizi qədərilə bərpa edə bilər. Qarşıdan turizm mövsümü gəlir. Azərbaycanda da bu imkandan istifadə olunaraq daha çox turistin cəlb edilməsi üçün lazımi tədbirlər görülməlidir.
Rüstəm KAMAL,
"Azərbaycan"