Naxçıvan duzu, sadəcə, bir qida əlavəsi deyil, bu torpağın tarixi, mədəniyyəti və iqtisadiyyatının sütunlarından biridir. "Nuhun duzu" olaraq adlandırılan bu mineral minilliklər boyu bölgənin geosiyasi əhəmiyyətini təsdiq edən əsas faktor sayılır. Arxeoloji tədqiqatlar göstərir ki, Naxçıvanda duz çıxarılması tarixi təxminən e.ə. V minilliyə qədər uzanır. Dünyanın ən qədim duz mədənlərindən biri hesab olunan "Duzdağ" hələ Daş dövründə insanların bu minerala olan ehtiyacını ödəmişdir.
1970-ci illərdə və 2000-ci illərin sonunda aparılan qazıntılar zamanı mədənlərdən Neolit və Tunc dövrlərinə aid daş baltalar, çəkiclər və gil qablar tapılmışdır. Orta əsrlərdə Naxçıvan duzu böyük İpək yolu vasitəsilə Yaxın Şərq ölkələrinə daşınmış, "ağ qızıl" kimi ticarət dövriyyəsində əsas yer tutmuşdur. Fransız səyyahı Jan Batist Tavernye XVII əsrdə Naxçıvandan keçərkən buradakı duz mədənlərinin miqyasına və keyfiyyətinə heyran qaldığını qeyd etmişdir.
Naxçıvanın duz ehtiyatları əsasən "Duzdağ" yatağında cəmləşmişdir. Bu yatağın geoloji quruluşu və duzun tərkibi onu digər mədənlərdən fərqləndirir. Naxçıvan duzu daş duz (halit) qrupuna aiddir. O, milyonlarla il əvvəl mövcud olmuş qədim dənizlərin quruması nəticəsində formalaşmışdır. Digər dəniz və ya göl duzlarından fərqli olaraq, buradakı duz tamamilə təbiidir və tərkibində ağır metallar yoxdur.
Bu gün Naxçıvan duzu həm sənaye üsulu ilə çıxarılaraq süfrələrimizə gəlir, həm də turizm və səhiyyə sahəsində Azərbaycanın vizit kartına çevrilir. Qədim mədənlərin divarlarındakı hər bir balta izi bu torpağın insanının təbiətlə minillik mübarizəsinin və harmoniyasının sübutudur.
Lakin son zamanlar Naxçıvanda duz istehsalının həcmində və strukturunda ciddi dəyişikliklər və durğunluqlar müşahidə olunur. Bu vəziyyət bir neçə iqtisadi, texniki və logistik amillə izah olunur. Qeyd edək ki, Naxçıvan duz mədənlərində uzun illər boyu köhnə, sovet dövründən qalma texnologiyalar tətbiq edilirdi. Bu metodlar həm məhsuldarlığı aşağı salır, həm də duzun saflıq dərəcəsini (yodlaşdırma və təmizləmə prosesini) müasir standartlara çatdırmağa mane olurdu. Son illərdə istehsalın müvəqqəti azalması müəssisələrin yenidən qurulması və daha müasir avadanlıqlarla təchiz edilməsi planları ilə izah olunur.
Qeyd edək ki, dünya bazarında və ölkə daxilində duza olan tələblər dəyişib. İndi istehlakçılar daha çox rafinə olunmuş (tam təmizlənmiş) və yüksək keyfiyyətlə paketlənmiş məhsula üstünlük verirlər. Naxçıvanda istehsal olunan duzun bir hissəsi daha çox sənaye və heyvandarlıq üçün nəzərdə tutulurdu. Süfrə duzu seqmentində rəqabətə davam gətirmək üçün istehsal xətlərinin tam yenilənməsi prosesi getməlidir.
"Duzdağ"ı Bakıya "daşımaq" şəfanı öldürürmü?
Naxçıvan duz mədənləri daxilindəki mikroiqlim unikal müalicəvi xüsusiyyətlərə malikdir. Bu cəhət 1979-cu ildən fəaliyyət göstərən "Duzdağ" Fizioterapiya Mərkəzinin yaradılmasına səbəb olmuşdur. "Duzdağ"da natrium və xlor ionları ilə zəngin olan hava, tənəffüs yolları xəstəlikləri (astma, bronxit) üçün təbii dərmandır. Mağaralarda ilboyu temperatur 18-200 C arasında, rütubət isə sabit qalır.
Son zamanlar Naxçıvan duzunun istehsalındakı durğunluq bu sahədəki daha ciddi problemi gündəmə gətirmişdir. Belə ki, Naxçıvan "Duzdağ"ı parçalanaraq Bakıya aparılır və orada süni "Duzdağ" mərkəzləri yaradılır. Naxçıvandan Bakıya gətirilən təbii duz blokları ilə süni "duz otaqları"nın yaradılması həm tibbi, həm də etik baxımdan ciddi müzakirə mövzusu yaradır.
Qeyd etmək lazımdır ki, Naxçıvandakı "Duzdağ" Fizioterapiya Mərkəzinin müalicəvi gücü təkcə duzun tərkibində deyil, bir neçə təbii amilin vəhdətindədir.
Təbii ionlaşma: Mağarada duz layları yerin dərinliklərində, yüksək təzyiq və təbii rütubət altında ionlaşır. Süni otaqlarda bu mühiti yaratmaq üçün xüsusi cihazlardan (halogeneratorlar) istifadə olunur ki, bu da təbii ionlaşmanı tam əvəz etmir.
Hava kütləsi: Mağaranın daxilindəki hava sirkulyasiyası və atmosfer təzyiqi sabitdir. Bakıda qurulan otaqlarda isə bu təzyiqi və havanın sterilliyini eyni səviyyədə saxlamaq texniki baxımdan çox çətindir.
Həcm faktoru: Mağaranın divarlarındakı duz kütləsi milyonlarla tondur, kiçik bir otağa vurulan duz panelləri isə eyni molekulyar sıxlığı təmin edə bilmir.
Ekoloji və etik tərəfi: "Duzdağ"ın "parçalanaraq" daşınması ifadəsi, əslində, bu təbii sərvətin yerində qorunması prinsipinə tam ziddir.
Əgər duz blokları mağaranın strukturuna zərər verəcək şəkildə sökülürsə, bu, gələcəkdə "Duzdağ"ın UNESCO-ya namizədlik prosesinə mənfi təsir göstərə bilər.
Naxçıvan duzunun brendindən istifadə edərək Bakıda mərkəzlər açmaq iqtisadi baxımdan gəlirli olsa da, bu, bəzən insanlarda "yerinə getməyə ehtiyac yoxdur" təəssüratı yaradır və Naxçıvanın sağlamlıq turizminə ciddi zərər vurur. Nəticə olaraq, Naxçıvan "Duzdağı"ndan qoparılan parçalarla Bakıda qurulan mərkəzlər yüngül tənəffüs yolları təmizlənməsi üçün alternativ ola bilər, lakin onlar Naxçıvandakı mağaranın yerini və klinik effektini tam verə bilməz. Çünki tibbi dildə desək, mağara "müalicə", otaq isə "terapiya və ya relaksasiya" mərkəzidir.
"Duzdağ": parçalanan tarix, yoxsa qlobal şəfa brendi?
Naxçıvan "Duzdağı"nın UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilməsi mövzusu həm texniki, həm də prosedural məqamlarla bağlı olan çoxşaxəli bir məsələdir. UNESCO-nun Ümumdünya İrsi siyahısına düşmək üçün abidənin "İlkin Siyahı"ya (Tentative List) daxil edilməsi əsas şərtdir.
Azərbaycan 2023-cü ildə "Duzdağ mədənləri"ni UNESCO-nun İlkin Siyahısına daxil etmək üçün rəsmi müraciət hazırlamış və bu məqsədlə genişmiqyaslı tədqiqatlar aparılmışdır. Bu, əsas siyahıya gedən yolun ilk və ən vacib pilləsidir. UNESCO bir obyekti siyahıya salmaq üçün ondan "Görkəmli Universal Dəyər" (Outstanding Universal Value) tələb edir. "Duzdağ" üçün bu dəyər Arxeoloji tərəfi (E.ə. V minilliyə aid duzçıxarma texnologiyası) və Geoloji tərəfi ( Unikal duz layları) təşkil edir. Bu dəyərlərin beynəlxalq ekspertlər tərəfindən tam şəkildə sənədləşdirilməsi və digər dünya duz mədənləri (məsələn, Polşadakı Veliçka mədəni) ilə müqayisəli analizi də zəruridir.
UNESCO-nun tələblərindən biri də abidənin ətrafında ciddi mühafizə zonasının olması və gələcəkdə onun necə qorunacağına dair "İdarəetmə planı"nın təqdim edilməsidir. "Duzdağ" həm aktiv hasilat sahəsi, həm də müalicə mərkəzi olduğu üçün bu funksiyaların mədəni irsin qorunması ilə necə uzlaşacağı dəqiq işlənilməlidir.
Hər bir ölkənin hər il əsas siyahı üçün təqdim edə biləcəyi nominasiya sayı məhduddur. Azərbaycan son illərdə Xınalıq və Köç yolu, Şəki Xan sarayı kimi abidələrin salınmasına prioritet vermişdir. Növbəti mərhələlərdə "Duzdağı"n əsas namizəd olması arzuediləndir.
"Duzdağı"n UNESCO üçün üstünlükləri onun dünyada ən qədim sənaye tipli duz mədəni kimi qəbul olunması və bu mədənin antik dövrün ticarət yollarının mərkəzində yerləşdiyi üçün qlobal mədəniyyət tarixi üçün transmilli əhəmiyyətidir. Onun UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olması obyektin dondurulması və ya fəaliyyətinin dayandırılması demək deyil. Əksinə, abidənin UNESCO tərəfindən "yaşayan irs" kimi fəaliyyətinin dəstəklənməsidir. "Duzdağ" bu siyahıya düşərsə, müalicə mərkəzi kimi istifadə qaydalarında bəzi fundamental dəyişikliklər qaçılmaz olacaq.
UNESCO-nun əsas tələbi abidənin "autentikliyi" (əslliyi) və bütövlüyüdür. Müalicə mərkəzini genişləndirmək üçün mağara divarlarını dağıtmaq, müasir beton konstruksiyalar qurmaq və ya təbii görünüşü pozan süni havalandırma sistemləri quraşdırmaq qadağan edilə bilər. Mağaranın daxili iqlimini (mikroklimatını) qorumaq üçün eyni anda içəridə ola biləcək pasiyent və turist sayı ciddi şəkildə limitlənə bilər. İnsan nəfəsi və bədən hərarəti mağaranın rütubətini dəyişdiyi üçün bu, elmi əsaslarla tənzimlənməlidir.
Əgər "Duzdağ" siyahıya "mədəni landşaft" və ya "sənaye irsi" kimi daxil edilərsə, onun ənənəvi istifadə forması (yəni həm duz çıxarılması, həm də müalicəvi tətbiqi) irsin bir hissəsi hesab olunacaqdır. Məsələn, Polşadakı Veliçka (Wieliczka) duz mədəni həm UNESCO siyahısındadır, həm də orada aktiv şəkildə sanatoriya, hotel və yeraltı kilsə fəaliyyət göstərir. Bu, dünya praktikasında uğurlu bir nümunədir.
"Duzdağ" UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil olduqdan sonra müalicə prosesi beynəlxalq ekspertlərin nəzarəti altında olacaqdır ki, bu da mağaranın divarlarındakı qədim balta izləri və arxeoloji qatların pasiyentlərin hərəkəti nəticəsində zərər görməməsi üçün xüsusi keçid yolları (platformalar) qurulmasını zəruri edəcəkdir. Mağarada müalicə alacaq pasiyentlərin istifadə etdiyi yataqlar və tibbi avadanlıqlar mağaranın tarixi atmosferinə xələl gətirməməlidir.
UNESCO statusu Naxçıvan "Duzdağı"nı dünya miqyaslı bir brendə çevirəcəkdir. Bu məqam bura gələn xarici turistlərin və pasiyentlərin sayının kəskin artmasına təkan verməklə, fizioterapiya mərkəzinin beynəlxalq sertifikatlı, elit və qorunan bir tibbi-turizm mərkəzi modelinə keçməsini zəruri edəcək. Bu status müalicə mərkəzini istismardan qoruyacaq və daha elmi, daha sistemli idarəetməyə vadar edəcək. Abidənin ömrünü uzatmaqla müalicənin keyfiyyətini artıracaq. UNESCO statusu obyektin ekoloji təmizliyinə və təbiiliyinə verilən ən yüksək beynəlxalq zəmanətdir. Bu, xarici ölkələrdən gələn pasiyentlərin bura "sadəcə bir mağara" kimi deyil, beynəlxalq sertifikatlı müalicə ocağı kimi baxmasına səbəb olacaq.
Pasiyentlər üçün ən vacib olan amillərdən biri mağaranın mikroiqliminin qorunmasıdır. UNESCO-nun monitorinq sistemi mağaradakı havanın tərkibini, rütubətini və duz aerozollarının sıxlığını daim nəzarətdə saxlayacaq. Bu da o deməkdir ki, mağara həddindən artıq yüklənməyəcək və müalicənin keyfiyyəti hər zaman ən yüksək səviyyədə qalacaqdır.
Müalicə tək fizioloji deyil, həm də psixoloji bir prosesdir. 7000 illik tarixi olan, bəşəriyyətin ortaq irsi hesab edilən bir məkanda olmaq pasiyentlərdə daxili bir hüzur və inam yaradır ki, bu da sağalma prosesini sürətləndirən amillərdən biridir. "Duzdağ"ı, sadəcə, bir klinika deyil, "zamanın daxilində şəfa mərkəzi"dir.
Surə SEYİD,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Naxçıvan