10 Sentyabr 2016 12:09
671
İQTİSADİYYAT
A- A+
Günəşi canına hopdurmuş XURMA

Günəşi canına hopdurmuş XURMA

 

Ötən ilin payızında yolumuz Samux rayonunun Çobanabdallı kəndinə düşmüşdü. Xurmanın yetişən vaxtı olduğundan bu və yaxınlıqdakı digər kəndlərdə hər yan narıncı, qırmızı və qonur çalarlardan yaranan bir rəngə boyanmış, elə bil örpəyə bürünmüşdü. Axı, burada elə bir həyət yoxdur ki, orada xurma ağacı bitməsin. “Gəncədən gəlirəm, yüküm xurmadır...” misraları və bu sözlərə yazılmış mahnı yadıma düşdü. Bir də öz tərəflərimiz...

Payızda Tovuzun da belə bir örpəyi olur. Digər meyvələr toplanıb qurtarandan, hətta yarpaqlar da töküləndən, əl-ayaq çöldən-bayırdan yığışandan sonra bağlarda bir qızılı heyvalar qalır, bir də yaydan bəri günəşi canına hopdurmuş xurmalar. Odur ki, ağacların başında od parçasını xatırladan, torpağa qırov düşüb ilk qar yağanadək budaqlarda “közərən” xurmalar uşaqlıqdan yadımda qızıl payızın rəmzi kimi qalıb.
Həmişə də bu meyvələrə heyifim gəlib. Çünki hər il dərilən məhsulun böyük bir hissəsinin istifadəsiz qaldığını, zay olub getdiyini görmüşəm. Yəni, xurma ağacları elə bol bar gətirir ki, meyvəsini yığıb-yığışdırmaqla, yeməklə və qışa saxlamaqla, satmaqla və dost-tanışa pay verməklə də bərəkəti bitib-tükənmir. Belə olan halda, xurmanın necə istifadə edilməsi məsələsinə düşünülmüş, kompleks şəkildə yanaşmaq lazımdır ki, təbiətin bizə bəxş etdiyi bu nemət itkiyə getməsin.
Samux bağlarına baxdıqca və Tovuz bağlarını xatırladıqca bunu düşünürdüm. Lakin məsələ yalnız bir-iki bölgəyə aid olsa, hələ dərd yarı idi. Xurma Azərbaycanın çox yerlərində yetişir.
Qeyd edək ki, xurmaya bir sıra bölgələrimizin sakinləri xirnik deyirlər. Hətta xurma sözü bəzən onları çaşdırır. Azərbaycanda xurmanın (xirnikin) müxtəlif növləri becərilir. Əsas növ Şərq xurmasıdır ki, ona müxtəlif bölgələrimizdə rast gəlirik. Elə Şərq xurmasının özü də dadına, həcminə, bərkliyinə-yumşaqlığına, tərkibindəki maddələrə, rənginə, formasına və s. görə fərqlənən ayrı-ayrı növlərdən ibarətdir.
Lənkəran-Astara, Gəncə-Qazax zonasından başqa, Göyçay, Ağdaş, Ağdam, Zaqatala və digər rayonlarda da xurma ağacları çoxdur. Şərq xurmasından əlavə, Azərbaycanda daha iki növ yabanı xurma növünə rast gəlinir ki, bunlar da Qafqaz xurması və Virgin xurmasıdır.
Torpağımızda becərilən Şərq xurmasının tərkibində 13-16 faiz qlükoza və fruktoza şəkəri, 0,8 faizə qədər üzvi turşular, aşı maddələri, karotin, C vitamini və yod birləşmələri var. Başqa sözlə, o, mühüm müalicəvi xüsusiyyətlərə malikdir. Belə ki, Şərq xurmasını qan azlığı, ümumi zəiflik, vitamin çatışmazlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı yedikdə faydası çox olur. Bu meyvənin həzm prosesini sürətləndirmək, maddələr mübadiləsini nizama salmaq kimi təsirləri var. Ürək-damar sistemi, ateroskleroz, qalxanabənzər vəzin xəstəliklərinin müalicəsinə də yaxşı təsir göstərir.
Meyvələrindən başqa, xurma ağacının gövdəsi, qabığı, çiçəkləri və yarpaqları balıqçılıq, toxuculuq, mebel sənayesində, musiqi alətlərinin hazırlanmasında istifadə edilir. Arılar xurma çiçəklərini çox sevir və onlardan şirə çəkirlər.
Təəssüf ki, biz hələ də bu faydalı nemətdən səmərəli istifadə edə bilmirik. Bunun üçün çətinlik törədən səbəblərdən biri xurmanın almaya, heyvaya və başqa uzun müddət qalan meyvələrə nisbətən tez xarab olmasıdır. Əgər ərik, gilas, şaftalı kimi tez sovuşan meyvələrdən mürəbbə, kompot, cem hazırlayıb qışa tədarük etmək, alçanı, gavalını, ənciri qurudub xeyli müddət saxlamaq mümkündürsə, xurmadan bu və ya digər şəkildə istifadə etməyə öyrəşməmişik. Doğrudur, Novruz qabağı aldığımız çərəzlər arasında bəzən qurudulmuş xurmaya rast gəlirik. Amma bu, kütləvi şəkil almayıb. Halbuki xurmadan cem, mürəbbə, povidla, hətta spirtli içkilər hazırlamaq mümkündür.
Mətbəxi çox sevən bir sıra qadınlar xurmaya yaradıcı yanaşaraq ondan müxtəlif bişintilərdə, məsələn, tortlarda, piroqlarda, şirinçörəklərdə istifadə edirlər. Novatorluq edərək əzilmiş xurma kütləsindən lavaşanaya bənzər məhsul düzəldənlər də olur. Təəssüflər olsun ki, ümumiyyətlə götürdükdə, xanımlarımız ev şəraitində xurmadan marinad və konserv məhsulları hazırlamağa diqqət yönəltməyiblər. Son dövrlərdə keyfiyyətli məhsul buraxan, artıq öz brendi ilə tanınan konserv müəssisələrimiz də bu meyvədən demək olar ki, hələlik heç nə hazırlamırlar, yaxud cüzi miqdarda istifadə edirlər.
Digər önəmli bir məsələ bu məhsulun saxlanılmasıdır. Təcrübəli bağbanlar, aqronomlar bazarlarda qısa müddətdə görünən, yaza qədər keyfiyyətini və görkəmini itirən bu az ömürlü meyvənin imkan daxilində olduğu kimi qorunub qalmasının sirrini yəqin ki, bilməmiş deyillər. Bu təcrübəni öyrənib tətbiq etmək vacibdir.
Ən mühüm problemlərdən biri də xurmanın satışının təşkilidir. Payızda bağının məhsuluna alıcı axtaran, fürsət düşəndə bəzən onu su qiymətinə satan kənd sakininin, bağbanın bu məsələdə köməyə ehtiyacı böyükdür. Başqa sözlə, xurmanın qarşısında yaşıl işıq yandırmaq, onu bazara, yarmarkaya, evimizə, süfrəmizə gətirən yolları geniş açmaq lazımdır. Elə etmək lazımdır ki, xurmanın alıcısı satıcısını, satıcısı isə alıcısını asanlıqla tapa bilsin. Xurma vaxtında və itkisiz kəndlərdən bazarlara, o cümlədən şəhərli alıcılara çatdırılsın.
Yadımdadır ki, əvvəllər qonşu Gürcüstan Respublikasından alıcılar gəlib Azərbaycanın qərb bölgəsindəki kəndlərdən xurmanı yeşik-yeşik, maşın-maşın alıb aparardılar. İndi gediş-gəliş bir qədər çətinləşib, yol xərcləri bahalaşıb. Bildiyimizə görə, rublun ucuzlaşmasından sonra xurma Rusiyada da alıcılarının bir qismini itirib.
Biz isə xurmanı itirə bilmərik. Ondan mümkün olan bütün vasitələrlə səmərəli istifadə etməliyik.
Prezident İlham Əliyevin aqrar sahənin inkişaf perspektivlərindən danışarkən xurmaya da diqqət yönəltməsi bu meyvədən lazımınca istifadənin vacibliyini gündəmə gətirib. Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı xurmanın fındıqdan sonra ən çox valyuta gətirən məhsul olduğunu bildirib. Bu sahəyə də ciddi dövlət dəstəyi göstərilməsinin vacibliyini qeyd edib, aidiyyəti qurumlara müvafiq göstərişlər verib.
Bu məsləhət və göstərişlərdən sonra xurmadan necə istifadə etmək və faydalanmaq barədə bir daha dönə-dönə və hərtərəfli düşünmək lazımdır.
...Bu yerdə yadıma bir xarici həmkarımızın iradı da düşür. 10-15 nəfər yerli və xarici jurnalist Azərbaycanın Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri boyu yerləşən kəndlərinin birində idik. Orada bizi bir evə çay içməyə dəvət etdilər. Süfrəyə iri vazalarda çoxlu meyvə - banan, kivi, portağal, naringi qoymuşdular. Açıq pəncərədən isə budaqları meyvələrinin ağırlığından yerə əyilən xurma ağacı görünürdü (Doğrudanmı, xurmanı urvatsız bilib qonaq qabağına gətirməmişdilər?!). Tərcüməçi dedi ki, qonaqlardan birinin meylindən məhz o meyvə keçir. Sonra o, istəyi yerinə yetirilən, ev sahibinin uşaqlarının ağacdan dərib gətirdiyi xurmanı ləzzətlə yeyən əcnəbi həmkarımızın digər sözlərini də tərcümə etdi: “Azərbaycan torpağının yetişdirdiyi bu nemətin əvəzi yoxdur. Dərmandır, əsl can dərmanı!”

Flora SADIQLI,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!