10 Oktyabr 2019 01:11
3194
Mədəniyyət
A- A+
“Gül-qızılgül” simvolikası Nəsimi şeirində

“Gül-qızılgül” simvolikası Nəsimi şeirində


Orta əsrlər klassik Şərq şeirinin təməl xüsusiyyətlərinin əsasında təsəvvüfi düşüncə sistemi dayanır (təsəvvüf - dini və fəlsəfi cərəyandır. İslam dinindəki mənəvi həyatın və əxlaqi dəyərlərin adıdır). Təsəvvüf təliminin, ona aid məcazlar sistemi və terminlərin divan şeirinin formalaşmasına böyük estetik təsiri olmuş, poeziyanın xəyal gücü və dilinin zənginləşməsində sərhədsiz imkanlar açmışdır. Təsəvvüf ədəbiyyatında yalnız ariflərin bələd olduğu dualist təbiətə malik xüsusi rəmzi obrazlardan istifadə yolu ilə Allaha bəndəlik, aşiqlik ifadə olunurdu.

Klassik Şərq şeirində təsəvvüf təliminin məna qazandırdığı yüzlərlə rəmzdən mütəfəkkir şair İmadəddin Nəsimi də geniş istifadə edərək Yaradıcı qüdrətə, insana, bütün yaradılışa, təriqətə olan sevgi və vurğunluğunu ifadə etmişdir. Təsəvvüfdə özünün müstəqim mənasından çox fərqli anlamlarda mənalandırılan məfhumlar sırasında dəniz, sərv, mah-ay, şəbnəm, günəş, bənövşə, gülzar, bülbül və s. kimi təbiətlə bağlı olan onlarla simvol da yer alır və bunlardan ən geniş yayılanı gül-qızılgül simvolik obrazıdır. Nəsiminin bütünlüklə eşq və irfanın cazibəsinə bürünmüş lirikasında bu obrazın ifadəsinə sıx-sıx rast gəlinir:

Nazikim, xubum, lətifim, mehribanım, tazə gül,

Munisim, canım, rəfiqim, şol vəfadarım mənim.

Yaxud:

Bağrımı doğrar fəraqın xarı, ey cənnət gülü,

Növbahar olsun, gül olsun, arada xar olmasın.

Dünya mədəniyyəti və ədəbiyyatında gül-qızılgül simvolu olduqca geniş yayılmış və onlarla bir-birinə yaxın və tamamilə fərqli mənalandırmalara malikdir. Kulturologiya və ədəbiyyatşünaslıqda bu simvolika ilə bağlı araşdırmaların nəticələrinə görə belə qənaətə gəlmək olar ki, qızılgülün dini assosiasiyaları çox vaxt elə mifoloji məna qatı əsasında formalaşır.

Yeri gəlmişkən qeyd edək ki, klassik Şərq ədəbiyyatında "gül” ifadəsi adətən bizim qızılgül kimi tanıdığımız çiçəyi bildirir (digər çiçəklər isə öz adları ilə adlanır) və demək olar ki, yaradıcılığında gül-qızılgüldən bəhs etməyən şair yoxdur. Sonrakı əsrlərdə düşüncə adamları, ziyalılar tərəfindən tez-tez tənqidlərə məruz qalan "gül” və "bülbül”ün vəsfi klassik Şərq ədəbiyyatında zahiri gözəllikdən daha artıq ilahi eşqin tərənnümü üçün vasitə idi.

Gül-qızılgül, ümumiyyətlə, bütün islami və qeyri-islami mədəniyyətlərdə ilk növbədə sevginin rəmzidir. İlahi gözəllik və ona duyulan eşqi bildirən gül fiziki gözəlliyin fövqündə, ilahi-metafizik gözəlliyin, Allahın Camal isminin güldə təcəllisini bildirir. Başqa sözlə, təbiət (onun bir parçası olan gül) Yaradıcıya işarədir, onun bir zərrəsidir. Nəsimi deyir:

Mövsimi-novruzü neysan aşikar oldu yenə.

Şəhrimiz şeyxi bu gün xoş badəxar oldu yenə.

Qönçədən gül baş çıxardı, saldı üzündən niqab.

Bülbüli-şeyda xətibi-laləzar oldu yenə.

Tədqiqatçı Səadət Şıxıyeva bu bahariyyəni belə şərh edir: "Novruz günlərinin coşqun əhvali-ruhiyyəsinin təsiri altında gülün açılmasını üzdən niqabın salınmasına bənzədən şair gizli gözəlliyin üzə çıxmasının bu şəklini məstlik halı kimi izah edir. Şərabı haram sayan şeyxin isə məstlik halı təbiətdən alınan və daxili aləmdə duyulan şadlıq hissinin nəticəsidir. Şair yalnız şeyxi məstliklə əlaqələndirmir, xətib - bülbül də gözəlin eşqinə xütbələr oxuyur...”

Təsəvvüfə görə, yeganə mütləq gerçək Yaradandır. Belə olduğu halda onun yaratdıqları sadəcə Tanrının kölgəsidir. Bu fikir səhihliyi yalnız sufilər tərəfindən qəbul olunan qüdsi hədislə bağlıdır ki, Davud peyğəmbərin Allaha ünvanlanmış dünyanın yaradılması ilə bağlı sualına o, belə cavab verir: "Mən gizli bir xəzinə idim, tanınmaq istədim: insanları və cinləri yaratdım ki, məni tanısınlar”. Bu nöqteyi-nəzərdən yanaşaraq sufilər dünyadakı bütün yaradılmışları Allahın gizli mahiyyətini üzə çıxarmaq, təcəlli vasitəsi hesab edirlər. Bu mənada təbiətdə mövcud olan gözqamaşdıran gözəlliyə malik hər şeydə Yaradanın nurunu görmək mümkündür. Başqa sözlə, dünya onun yaradıcısını əks etdirən güzgüdür. Aşağıdakı qəzəldə Novruz mövsümü, yəni baharın gəlişi ilə gülün qönçədən baş çıxarması gerçəklərin gün üzünə çıxması, Tanrı sirrinə vaqif olmanı bildirir.

Qunc içində qönçə olub dürc olur dürri-Ədən,

Şol çəmən səhnində açılmış baharım xoşmudur?

Vəhdət konsepsiyası təsəvvüf ədəbiyyatının leytmotivini təşkil edir. Klassik Şərq şeirində qönçənin vəhdət (birlik), açılmış gülün isə kəsrətə (çoxluğa) işarə etdiyi bəllidir. Kosmoqonik İslam düşüncəsinə görə, əhədiyyət (birlik, vəhdət) mərtəbəsinin sahibi olan Allah qönçə kimi sirri yalnız özünə məlum olan gizli aləmdə ikən zatını kəsrətin ilk adı sayılan Həqiqəti-Məhəmmədiyyə surətində bəlli etmişdir. Beləliklə, beytdə Ədən dürrünün naz içində qönçə olub sandıqçaya dönməsi tərənnüm olunur və çoxluqda birlik, birlikdə çoxluq gül simvoluyla ifadə edilir.

"Bahar” kəlməsinin klassik şeirdəki istifadəsinin sıxlığını vurğulayaraq qeyd edək ki, təbiətin canlanması, işrət aləmlərinin başlama müjdəsi, yenilik xəbərçisi kimi istifadə edilən bu anlayış məqamından asılı olaraq müxtəlif cür mənalandırılır: ən geniş yayılanı isə çiçək, yarpaq, mövsüm, bəzən isə üz-yanaq, ömür mənalarıdır. Bu şeirlərdə "bahar” mövsüm anlamından daha çox təzəlik və yaşıllıq mənasında işlənir. Təsəvvüfə görə bahar yalnız təbiətin 4 halından, mövsümlərdən biri deyil; daha çox mənəvi anlam daşıyır. Belə ki, fiziki mənada təbiətin oyanışı, təzələnmə fəsli olan bahar irfani düşüncədə ruhun, təfəkkürün yenilənməsi, mənəvi oyanış anlamına gəlir. Bu mənada təsəvvüf lirikasında baharın seyri bəsirət gözü ilə görülən, batində olana nüfuz ediləndir.

Əgərçi firqətin qışdır ki, əl bərdü ədüvvid-din,

Həqə minnət ki, vəslindən gül açıldı, bahar oldu.

Şair ayrılığı qış fəslinə bənzədərək, vüsalın təsirindən güllərin açılıb, fəslin bahar olduğunu qeyd edir. Ümumiyyətlə, təsəvvüf şeirində bahar yenilənmə, qovuşma, sevinc və vüsalı ifadə etdiyi kimi, qış və payız (xəzan) da əsasən kədər, sonlanma, ayrılıq, ölüm kimi neqativ hallarla assosiasiya olunur:

Bağrımı doğrar fəraqın xarı, ey cənnət gülü,

Növbahar olsun, gül olsun, arada xar olmasın.

Eşq Yaradanın atributlarından biri olan gözəllik vasitəsilə təzahür edir. Dünyadakı bütün mövcudat bu gözəlliyin sübutu, şahididir və varlığı ilə insana hər şeyin yaradanını xatırladır. Buna görə də gözəllik və sevgi anlayışları təsəvvüf estetikasının vacib aspektləri olub, bu ədəbiyyatın inkişafını stimullaşdırmağa xidmət etmişlər. Mütəsəvviflər qızılgüllə yanaşı, bütün çiçəkləri ilahi gözəlliyin təcəllisi olaraq görürlər. Buna görə də qızılgül qədər olmasa da, digər çiçəklər də klassik Şərq şeirində, o cümlədən Nəsimi yaradıcılığında müxtəlif müstəqim və rəmzi mənalarda işlənməkdədir:

Ki, çıxdı qönçədən sünbül giriban çak edər məntək,

Dəlindi qüssədən bağrım, sən etmə yürəgim yarə.

Çəmənlər müxtəlif oldu həzar əlvan çiçəklərdən,

Açıldı laləvü nəsrin, şükufə gəldi əşcarə.

Açıldı nərgisü lalə, tutubdur yasəmən çadır,

Söyütlər, ərğəvan titrər, qamışlar mindi ənharə.

Gül-qızılgül obrazının sevgiliyə - Allah və onun Peyğəmbərinə metafora kimi işlənməsini əsasən orta əsrlərdən başlayaraq klassik Şərq ədəbiyyatında sıx-sıx izləməkdəyik; üz, yanaq və dodaqların gülə, qızılgülə, qönçəyə bənzədilməsinə yüzlərlə nümunə var: "gül üzlü”, "gül yanaqlı”, "gül camalın”, "gül çöhrəli”, "hüsnün güldür” və s. ifadələr vasitəsilə gülə bənzədilən sima adətən sevgili məhbuba - Allah və onun həbibi Məhəmməd Peyğəmbərə aid edilir. Nəsimidə də "Şol üzü gül, qaməti sərvü çinarım xoşmudur?”, "Yanaqları gül, lə'li şəkərbar, kimin var?”, "Səhərdə gül üzün şaha, çü gülşəndə gülab oynar”, "Ol gözləri nərgis, üzü gül, qaşı kəmanə”, "Ey nərgisi-məstü üzü gül, bənləri hindu” və bu kimi xeyli sayda digər nümunələrdə bunu müşahidə etmək mümkündür:

Gül yanağın həsrətindən bülbül, ey can aşiqi,

Ah edər gül həsrətindən, biləməz xəndan gəlir.

Və ya:

Can yanağın həsrətindən dəgməniz, olmaz cüda,

Qanda kim görsə güli-tər, bülbüli-zar andadır.

Aşiq məşuqənin eşqiylə inləsə də, bu sevgidən əsla imtina etməyən, bu əzabları sevgilisinin lütfü kimi dəyərləndirən fədakar obrazdır. Nə olur-olsun, eşqi uğrunda, vüsal naminə hər cür əziyyətə qatlaşmağa hazırdır.

Aşiqin divan ədəbiyyatındakı təmsilçiləri bülbül və pərvanədir. Biri eşqi uğruna inlər, digəri özünü oda yaxar və uzun sürən çilələr sonda ikisinin də həlakına səbəb olar. Bülbülün fəryadı sevgilinin camalına həsrət qaldığındandır. Haqq aşiqi vəhdəti simvollaşdıran gülün bülbülüdür. Bülbül güllə eyni assosiativ cərgəyə aiddir, harada gül varsa, orada bülbül var. Təsəvvüf poetikasında sonsuz mənalandırmalara açıq olan gül və bülbül rəmzləri Nəsimi şeirində bəzən rəmzi-irfani, yoxsa real-müstəqim məna daşıdığını fərqləndirmək çətin olur. Bunun üçün beytləri bütövlükdə mətn kontekstində şərh etmək lazımdır.

Tədqiqatçı Y.Babayev gülü təriqət ədəbiyyatında "Tanrı rəhməti və ehsanından insan qəlbində yaranan fərəh və sevinc” kimi şərh edir. Hz. Peyğəmbərin qızılgül haqqında "Qırmızı qızılgül Allahın ehtişamının təzahürüdür” fikrini səsləndirdiyi rəvayət edilir. Başqa bir rəvayətə görə, Hz.Məhəmmədin yerə düşən tər damcısından yaranan qızılgül onun nişanəsidir. Mötəbər hədis qaynaqlarında gülün-qızılgülün Hz.Peyğəmbərin tərindən yaradıldığına dair heç bir rəvayətə rast gəlinmir. Ona görə də tədqiqatçıların fikrincə, güllə bağlı bu yozumlar sadəcə Hz.Məhəmmədə olan sevginin təzahürü olaraq meydana gəlmişdir. Məşhur "Su” qəsidəsində:

Suya versin bağiban gülzarı, zəhmət çəkməsin,

Bir gül açılmaz üzüntək, versə min gülzarə su, -

deyə Füzuli Hz.Peyğəmbərin üzünü gülə-qızılgülə bənzətməklə bu ehtişam və gözəllikdə gülün bir daha yetişməsinin mümkünsüzlüyünü bildirir. Nəsimidə isə oxşar fikirlər bu şəkildə ifadə edilməkdədir:

Nə gül bitdi gülüstanda ki, bənzər uşbu rüxsarə,

Nə bir sərv ola bostanda ki, həmta qəddi-balayə.

Mütəsəvviflər gülün rənglərinə də fərqli simvolik anlamlar yükləmişlər. Gülün-qızılgülün klassik şeirdə ən çox alov, yaxud qırmızı rəngin simvolu kimi işlənməsi təsadüfi deyil. Belə ki, qırmızı qızılgül görünüşü və rəngi etibarilə aşiqin ürəyində açılan yara kimi simvollaşmışdır. Təsəvvüfdə isə qırmızı qızılgül Allahın izzətinin təzahürünə bənzədilmiş, ilahi camalın simvoluna çevrilmişdir: bağça və ya çəmənlikdə açılmış gül alov kimi alqılanır. Çünki yayğın rəvayətə görə, əvvəllər rəngi qırmızı olmamış qızılgülün ləçəkləri onun tikanından yaralanmış bülbülün qanından qızarmışdır.

Gül-qızılgül fərqli bir baxış bucağından ömrün qısalığı səbəbiylə dünya həyatının ötəri, keçici, fani olduğunu da ifadə etməkdədir. Gül bağçası mənasındakı "gülzar” qəlbin fəthi və açılışını, salikin könlünün mərifət və irfana açılmasını, mənən təmizlənib İlahi gözəlliyin təcəllisinə hazır hala çatmasını təmsil edir.

Bahar oldu, gəl ey dilbər, tamaşa qıl bu gülzarə,

Buraxdı qönçələr pərdə bəşarət bülbüli-zarə.

Gülzar, gülşən, gülüstan kimi sözlər gülün olduğu məkanların adıdır və gül bağçası könül açıqlığı, yaxud kirindən, pasından arınaraq ilahi gözəlliyin yansımasına hazır hala gəlmiş qəlbi bildirir. Nəsimi qəzəlində də bahar - batində ruhaniyyətin təzahürü, gülzar - qəlbin səfasıdır.

Təsəvvüf poetikasında sərvi vəhdəti, gül-qızılgül də kəsrəti təmsil etdiyindən "sərvi-güləndam” kimi ifadələrlə kəsrət altında gizlənən vəhdət ifadə edilir. Çox sayda olmasa da, Nəsimi lirikasında da bu ifadəyə rast gəlinir.

Ey gülüstanım, gülüm, sərvi-güləndamım mənim,

Sağərim, şəm'im, şəbistanım, məlayikmənzərim.

Nəticə olaraq qeyd edək ki, qızılgülün bədii ədəbiyyatda simvol kimi işlənməsi həm Şərq, həm də Qərb ədəbiyyatında XIX əsrdən etibarən nisbətən azalsa da, müasir dövrə qədər onun müxtəlif mənalandırmalarına yeri gəldikcə müraciət olunur. Çağdaş dünya ədəbiyyatının ən məşhur postmodern əsəri hesab olunan "Qızılgülün adı” romanının müəllifi Umberto Eko romanı haqqında qeydlərində yazır ki, qızılgül simvolik fiqur kimi mənalandırmalarla elə zəngindir ki, demək olar onun mənası yoxdur. Belə qənaətə gəlmək olar ki, qızılgül simvolu intertekstuallaşaraq sonsuz mənalandırmalara açıq olduğundan bütünlüklə dünya ədəbiyyatı, xüsusilə poeziyasında, o cümlədən klassik Şərq və Nəsimi şeirində ən çox müraciət edilən rəmzi obrazlardan olmuşdur.

Baba BABAYEV,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!