Gülçöhrə Məmmədova
12 aprel 1953-cü
ildə Qərbi Azərbaycanın Vedi rayonunda dünyaya gəlib. 1971-ci ildə Bakı şəhərində
orta məktəbi bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə
daxil olub. 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun
memarlıq fakültəsini bitirib. 1975-ci ilin sentyabrında həmin institutun komsomol
komitəsinin katibi seçilib. 1979-cu ildə institutun Memarlıq konstruksiyaları və
abidələrin bərpası kafedrasında assistent vəzifəsində işə başlayıb. 1987-ci ildə
həmin kafedranın baş müəllimi, 1991-ci ildə dosenti, 2000-ci ildə isə professoru
vəzifəsinə seçilib. 2000-ci ildə
Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru təyin edilib.
Elmi fəaliyyəti əsasən Qafqaz Albaniyasının memarlığı və
Azərbaycan ərazisində xristian dini memarlığının tədqiqi ilə bağlıdır. Bir sıra
abidələrin bərpa və elmi rekonstruksiya layihələrini işləyib. 1985-ci ildə "Qafqaz
Albaniyasının Erkən Orta əsrlər xristian memarlığı” mövzusunda namizədlik dissertasiyasını,
1999-cu ildə "Qafqaz Albaniyasının dini memarlığı” mövzusunda doktorluq dissertasiyasını
müdafiə edib. Milli Məclisin II və IV çağırış deputatı olub. 1985-ci ildən Azərbaycan
Memarlar İttifaqının üzvüdür. Beynəlxalq Memarlıq Akademiyasının və Beynəlxalq Mühəndislər
Akademiyasının üzvüdür. 2006-cı ildə "Əməkdar memar” fəxri adına layiq görülüb.
2008-ci ildə Fransanın "Akademik Palma” Kavaleri ordeni, 2013-cü ildə "Şöhrət” ordeni,
2016-cı ildə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif olunub. 120-dən çox
elmi əsərin, 2 monoqrafiyanın, 5 kitabın müəllifidir.
Qadın - ülvilik,
zəriflik, gözəllik rəmzi...
Qadın - həyatın mənası,
bəzəyi...
Qadın - Ana. İnsanlığın
anası, yeni nəslin tərbiyəçisi...
Qadın - yaradılışın
özü...
Qadın - zərif və bir o qədər də güclü varlıq...
Bu gün taleyin güclü
etdiyi zərifdən söhbət açacağıq...
Qadınlığın ən nəcib
xüsusiyyətlərini özündə ehtiva edən, eyni zamanda illərdir çiyinlərində ağır yük
daşıyan gül çöhrəli xanımdan... "Zəriflərin dünyası”nda Azərbaycan Memarlıq və İnşaat
Universitetinin rektoru, professor, əməkdar memar, "Şöhrət” ordenli Gülçöhrə Məmmədovanın
dünyasına baş vuracağıq...
İncəsənətdən memarlığa...
Deyirlər, yaradıcı ruh insanın dünyaya gəldiyi andan başlayaraq
daxili aləmi və xəyal dünyasını formalaşdırır. Əgər bir insan böyük yaradıcı ruha
sahibdirsə, sevdiyi işlə məşğul olub, seçdiyi
sahənin dərinliklərinə varırsa, həmin yaradıcı ruh mütləq özünü büruzə verəcək.
Çünki yaradıcılıq daxildən qaynayan bulaq kimidir, qeyri-ixtiyari üzə çıxır.
Uşaqlıq, məktəb illərindən incəsənətə çox böyük marağı
vardı. Bir zamanlar hətta rəssam olmaq keçirdi könlündən. Bütün uşaqlar kimi rəsm
çəkməyi sevirdi. Müxtəlif rəssamların həyatı, yaradıcılığı, əsərləri ilə maraqlanır,
o barədə kitablar oxuyurdu. Məşhur rəssamların çəkdiyi əsərlərin reproduksiyalarını
yığaraq böyük kolleksiya toplamışdı. Bir dəfə məktəbdə onlardan ibarət sərgi də
keçirilmişdi. Sonralar rəssamlara həsr olunmuş, müxtəlif rəsm qalereyaları və muzeylər
barədə kitab kolleksiyası da yığmışdı. Beləcə, məktəbli çağlarından incəsənət tarixini
öyrənməyə başlamışdı. Lakin incəsənətə və təsviri sənətə olan marağı illər keçdikcə
dəyişərək memarlığa olan həvəslə əvəzlənirdi. Sanki tale, qismət onu öz gələcəyinə,
uğur yoluna doğru aparırdı. Onu öz həyatının memarına çevirirdi...
- Təsviri sənətə marağımın yaranmasında böyük bacımın rolu
yüksəkdi. Onun ədəbiyyata, poeziyaya, incəsənətə olan marağı mənə də təsir göstərmiş,
nümunə olmuşdu. Həkim olmağına baxmayaraq o, indi də bu həvəsi qoruyub saxlayıb.
İncəsənət tarixini öyrəndikcə memarlıq abidələri, keçmişin böyük memarları haqqında
məlumatlar da alırdım. Bu, dərs deyildi, məktəbdə məndən bunu heç kim tələb etmirdi.
Öz ürəyim istəyən, böyük marağım olan sahə idi. Baxmayaraq ki, nəslimizdə daha öncə
memar olmamışdı, heç kim də məni bu sənətə istiqamətləndirmirdi. Amma memarlıq sevdiyim
riyaziyyatı və incəsənəti, dəqiq elmləri və yaradıcılığı özündə birləşdirdiyinə
görə xoşuma gəlirdi. Odur ki, məktəbin son siniflərində oxuyarkən artıq Memarlıq
fakültəsinə daxil olmaq qərarını vermişdim. O vaxt bu fakültəyə daxil olmaq indikindən
qat-qat çətin idi. Biz əsas 3 imtahandan - riyaziyyat, fizika, ana dilindən, sonra
hərəsi 2 gün olmaqla rəsmdən və rəsmxətdən imtahan verirdik. O zaman memarlıq təhsilinin
yaradıcılıq komponentinə xüsusi diqqət yetirilirdi. Qabiliyyət imtahanından aşağı
qiymət alan fakültəyə qəbul olunmurdu. Amma mən daxil olan il qabiliyyətli abituriyentlər
çox olduğu üçün bizim qrupa planda nəzərdə tutulduğu kimi 25 yox, 30 nəfəri qəbul
etdilər. Beləliklə, o vaxt Politexnik İnstitutunun tərkibində olan memarlıq fakültəsinin
tələbəsi oldum.
Bu, həyatının yeni
dönəminin başlanğıcı olur. Mükəmməl təhsil, yaradıcılıq, ünsiyyət mühitinə düşür.
Öyrənmək, biliyini artırmaq, peşəsinin sirlərinə yiyələnmək eşqilə oxuyur, öz üzərində
çalışır...
- Memarlıq fakültəsində tələbə-müəllim münasibəti çox gözəl
idi. Bir çox müəllimlər tələbələrlə ünsiyyət qurmağa, söhbət etməyə, birlikdə ekskursiyalara
getməyə, dərslərin mövzusundan kənar söhbətlər edib, gənclərin dünyagörüşünü genişləndirməyə,
ixtisasa münasibətlərini formalaşdırmağa diqqət yetirirdilər. Fakültəmizin dekanı
Həsən Məcidov, kafedra müdirləri Davud Axundov, Qəzənfər Əlizadə, Tələt Mehdiyev
görkəmli memarlar idilər. Valeh Hacıyev, Arif Aslanov, Eldar Kanukov və başqaları
o zaman memarlıq fakültəsində fəaliyyət göstərən tələbələr tərəfindən sevilən pedaqoqlar
idi. Onların təsiri altında həm gələcəyin memarları, həm də ziyalı kimi formalaşırdıq.
Fakültəmizdə istedadlı tələbələr, savadlı gənclər çox idi. Aramızda yarış vardı:
bu sessiyadan kim daha yaxşı qiymətlərlə çıxacaq. İxtisas fənlərindən əla qiymət
almaq xüsusilə vacib sayılırdı. Amma əksəriyyət yalnız qiymətlə yox, yaradıcılıq
göstəriciləri, əl qabiliyyəti, sənət fantaziyası ilə seçilən gələcəyin mütəxəssisləri
kimi fərqlənirdi.
"İslamdan əvvəlki
dövrün memarlığı çox az tədqiq olunmuşdu”
Gülçöhrə Məmmədova
isə çalışqanlığı, zəhmətsevərliyi ilə yanaşı
fəallığı, təşkilatçılıq bacarığı ilə də seçilirdi. Elə ona görə institutda
ictimai işlərlə də məşğul olmağa başlayır. Lakin xəyalına da gətirmirdi ki, tələbə
olduğu bu ali təhsil ocağında nə vaxtsa müəllim işləyəcək. Hələlik isə o, yaxşı
memar olmağı, sənəti dərindən öyrənməyi hədəfləyən fəal tələbə idi.
- Memarlıq fakültəsinə bu ixtisasa marağı olmayan gənclər
gəlmirdi, yalnız qurub yaratmaq, gözəl evlər layihələndirmək, rahat yaşam mühitini
yaratmaq arzusunda olan, memarlığı sevən, yaradıcılıq ehtiyacı olanlar gəlir və
bu həvəslə oxuyan tələbələr adətən vəzifə barədə düşünmürdülər. Mən də başqa qrup
yoldaşlarım kimi layihəçi memar, yaxud bərpaçı olmaq istəyirdim. Lakin tale elə
gətirdi ki, memarlıq tarixi və nəzəriyyəsi ilə məşğul olmağa başladım. Tədqiqat
istiqamətim Azərbaycanın memarlıq tarixi, memarlıq abidələrinin taleyi oldu. Bu
böyük elm sahəsinin bir mövzusu - Qafqaz Albaniyasının xristian memarlığı daha çox
diqqətimi çəkdi. Bu, ötən əsrin 70-80-ci illərinə qədər az tədqiq olunan mövzu idi.
İnstitutu bitirəndən sonra gənc müəllim kimi professor Davud Axundovun rəhbərlik
etdiyi kafedrada çalışırdım. Davud müəllim Azərbaycanın qədim və ilkin orta əsrlər
dövrü memarlığını tədqiq edən, bu mövzuda monoqrafiya nəşr etdirən ilk memar idi.
Buna qədər ölkəmizin memarlıq abidələrinə həsr olunan çoxsaylı kitablar və monoqrafiyalar
nəşr edilmişdi. Onların içində əhatəliliyi, zənginliyi və elmi dəyəri ilə seçilən
M.Useynov, L.Bretanitski və Ə.Salamzadənin müəllifi olduğu 1963-cü ildə nəşr edilən
"Azərbaycan memarlığı tarixi” kitabı idi. Orta əsrlər, islam memarlıq tarixini gözəl
əks etdirən bu sanballı elmi əsərdə qədim və islamdan əvvəlki dövrün memarlığı barədə
cəmi 27 səhifədə məlumat verilirdi. Bu da həmin dövrlərin abidələrinin çox az tədqiq
olunmasından irəli gəlirdi. XX əsrin ikinci yarısında aparılan arxeoloji tədqiqatların
nəticələri, görkəmli tarixçilərimizin Qafqaz Albaniyası dövrünə aid elmi əsərlərinin
nəşri memarlıq tariximizin daha dərin qatlarının öyrənilməsini mümkün etdi. Onu
da deməliyəm ki, memarlıq irsimizin yalnız islam dövrü ilə məhdudlaşması fikrinin
tərəfdarları da az deyildi. Davud Axundov əsl yenilikçi alim olaraq tarixi və elmi
mənbələrin, eləcə də arxeoloji qazıntıların məlumatlarına əsaslanaraq qədim dövrün
memarlıq tarixini tədqiq etdi. Nəticədə "Qədim və İlkin Orta əsrlər dövrü Azərbacan
memarlığı” monoqrafiyasını nəşr etdirdi. Ondan sonra bir çox tələbələri tərəfindən
o dövrlərin müxtəlif mərhələləri daha dərindən tədqiq edilməyə başlandı. Mən isə
Qafqaz Albaniyası dövrünün memarlığı ilə bağlı dissertasiya işi yazdım. Bu, aktual,
maraqlı və o zaman üçün çox mübahisəli mövzu idi. Mübahisələr yalnız bizim bədnam
qonşularımızla yox, bəzi alimlərimiz - tarixçilərimiz, memarlarımızla da olurdu.
Əlbəttə, daha çox qonşu respublikalardan olan alimlər bu tədqiqatları qəbul etmək
istəmirdilər. Davud müəllim beynəlxalq elmi konfranslarda ermənilərlə, gürcülərlə
və onlarla həmfikir olan alimlərlə əsl mübarizə aparırdı, bütün təzyiqlərə dözərək
cəsarətlə irəli gedir, ətrafına gəncləri toplayıb tədqiqatlarını davam etdirirdi.
Bu, çox vacib bir iş idi. Çünki ərazimizdə olan xristian abidələrini özününküləşdirməyə
cəhd göstərən bədnam qonşularımız həmin yerlərin də tarixən onlara məxsus olmasını
iddia edirdilər. Davud Axundov kimi fədakar alimlərimiz bu stereotipləri sındırdı
və Azərbaycanın çox qədim, rəngarəng, zəngin memarlıq irsinə malik olduğunu sübut
etdilər. Davud müəllimin tədqiqatlarını sonradan onun ardıcılları davam etdirdilər.
Və illər keçəndən sonra aparılan tədqiqatların nəticəsi olaraq fakültəmizin 8 memar
alimi Azərbaycan memarlığının 5 cildlik tarixini yazdı. Onun 1-ci cildi Qədim və
Erkən Orta əsrlər dövrü Azərbaycan memarlığına həsr olundu. 1963-cü ildə 27 səhifəyə
sığışan tarix, 2013-cü ildə 264 səhifəlik kitabda əks olundu. Bu, asan məsələ deyildi.
Bunun üçün onilliklərlə zəhmət çəkilib. Elmi fəaliyyət gərginlik və böyük əmək tələb
edir. Xüsusilə də az öyrənilmiş mövzuları, tarixin ağ səhifələrini tədqiq edirsənsə,
böyük qüvvə, cəsarət və məqsədyönlü fəaliyyət lazımdı. Mənim bütün elmi fəaliyyətim
Qafqaz Albaniyasının memarlığına həsr olunub.
Bu dövrün elmə məlum olmayan abidələrini tapmaq üçün ölkəmizin bütün dağ
rayonlarını gəzmişəm (bəzilərini bir neçə dəfə), onları tədqiq etmək üçün geniş
biblioqrafik və arxiv materiallarını öyrənmişəm. Düşünürəm, bu, çox vacib bir işdi.
Həqiqətən də bu mövzu tək Azərbaycan elmi üçün yox, bötüvlükdə Azərbaycan tarixi,
siyasəti üçün önəmli olan mövzudur.
"Artıq heç kim demirdi
"bu mövzu bizə lazım deyil”
Hər birimizin həyatında
bizə dəstək olan, yol göstərən, uğura aparan yolu yaxınlaşdıran insanlar olur. Bəzən
həyatımızın istiqamətini dəyişən, doğru səmtə yönəldən, irəli gemək sürətimizi artıran
yaxşılar. Gülçöhrə xanım da həyatında böyük rol oynayan həmin insanları hörmətlə
anır.
- Ali məktəbdə qalmağımın səbəbkarı İnşaat Mühəndisləri
İnstitunun ilk rektoru professor Sənan Mustafayev oldu. Əvvəla, məni universitetdə
o saxladı və ictimai fəaliyyətimə böyük təsir göstərdi, imkan, şərait yaratdı ki,
özümü təsdiq edə bilim. Onun köməyi ilə tək müəllim kimi yox, təşkilatçı kimi də
formalaşdım. Sonrakı illərdə elmi fəaliyyətlə birgə universitetin ictimai həyatında,
təşkilatçılıq işlərində fəal iştirak edirdim. İnstitutun komsomol komitəsinin katibi
seçildim. Əlbəttə, bu, fərqli və gələcək həyatıma təkan verən hadisə oldu. Məni
təşkilatçı kimi tək universitetdə yox, ondan kənarda da tanımağa başladılar. Bununla
yanaşı, elmi fəaliyyətimdə qarşıda olan mərhələlərdən keçib, mütləq onları başa
vurmaq lazım idi. Çünki universitetdə çalışan bir gənc üçün pedaqoji və elmi fəaliyyətlə
məşğul olmaq mütləqdir, namizədlik, doktorluq
dissertasiyalarını müdafiə etmək lazımdır. Mən də ötən əsrin 80-90-cı illərində,
əsasən, bu işlərlə məşğul oldum. Elmi fəaliyyətimdə görkəmli alim Davud Axundovun
böyük rolu olub. O dövrdə Davud müəllimin yox, başqa alimin rəhbərlik etdiyi kafedraya
düşsəydim, yəqin taleyim başqa cür olardı. 1985-ci ildə namizədlik dissertasiyamı
müdafiə etdim. 1997-ci ildə doktorluq dissertasiyamın monoqrafiyasını çap etdirdim.
İki il sonra müdafiə etdim. Dissertasiya mövzum Qarabağ hadisələrindən sonra daha
çox diqqət cəlb etdi. Artıq heç kim demirdi "bu mövzu bizə lazım deyil”.
"Heydər Əliyev həyatımda
dönüş yaratdı”
Müvəffəqiyyətli doktorluq
müdafiəsindən az sonra Gülçöhrə xanım gözlənilməz təyinatla qarşılaşır. Təhsil aldığı,
müəllimi, dosenti olduğu ali məktəbə rektor təyin edilir. Və bu qərar onun həyatının
dönüş nöqtəsi olur. Artıq qarşıda onu yeni məsuliyyətlər, vəzifələr, öhdəliklər,
çətinliklər gözləyirdi. O isə güclü və mübariz qadın olaraq bütün bu işlərin öhdəsindən
gəlməyə hazır idi...
- Bu, Ulu Öndər Heydər Əliyevin seçimi idi. Belə məsuliyyətli
vəzifələrə bir çox namizədlər irəli sürülür, müzakirələr aparılır. Amma son qərarı
ölkə prezidenti verir. Yəqin universitetimizin rektoru vəzifəsinə də çoxsaylı namizədlər
olub. Son nəticə olaraq Ulu Öndər mənim namizədliyim üzərində dayanmışdı. Xalqımız
qarşısında misilsiz xidmətləri olan, Azərbaycanı xilas etmiş və inkişafı üçün böyük
işlər görmüş Heydər Əliyev hər bir azərbaycanlı üçün əziz insandır. Bununla yanaşı,
bir çox insanların şəxsi taleyində olduğu kimi, mənim taleyimdə də Heydər Əliyev
dönüş yaratdı və mən bunu heç zaman unutmaram. Ulu Öndərin təyinatı ilə vəzifə almaq
böyük şərəf və həm də böyük məsuliyyət idi. Universitetə rəhbərlik, ali təhsil sahəsində
təşkilatçılıq - çox məsuliyyətli, çətin vəzifədir. Özü də o dövrdə Azərbaycan təhsilində
böyük dəyişikliklər gedirdi. Bütün universitetlər qarşısında vəzifə qoyulmuşdu
- yeniləşmək, inkişaf etmək, köhnə sovet sisteminə aid, təhsilimizin beynəlxalq
səviyyədən geri qalmasına səbəb olan nöqsanlardan azad olmaq, müasirləşmək lazım
idi. Maddi cəhətdən zəif, köhnəlmiş texniki baza, sovet dövründən təmir olunmamış
binalar, auditoriyalar, kiril əlifbası ilə yazılmış, böyük hissəsi rus dilində olan
dərsliklər, maddi vəziyyətini yaxşılaşdırmaq üçün daha böyük sürətlə inkişaf edən
istehsalat qurumlarına işləməyə gedən müəllimlərin universitetdən ayrılması və digər
problemlər var idi. Bu problemlərin həlli üçün gərgin işləməklə, dəyişiklərə getməklə,
addım-addım normal təhsil mühiti yaratmaq lazım idi. Bu cür çətinliklərin öhdəsindən
gəlmək üçün mənim rektor təyin olunmağım böyük etimadın göstəricisi idi. Ulu Öndərin
Azərbaycan qadınlarına böyük hörməti vardı. Qadınlara kişilərdən zəif insanlar kimi
baxmırdı. Həmişə qadınlara inanıb, etimad göstərir və dəstək verirdi. Rektor olaraq
mənim təyin olunmağım da Ulu Öndərin bütövlükdə Azərbaycan qadınına olan hörmətinin,
inamının, diqqətinin bir göstəricisi idi. Mən də bütün fəaliyyətim dövründə bu etimadı
doğrultmağa çalışmışam. Üstəlik, Heydər Əliyev mənim deputat olmağımı da məsləhət
gördü və YAP tərəfindən namizədliyim irəli sürüldü. İkinci dəfə isə 2010-cu ildə
Prezident İlham Əliyevin xeyir-duası ilə deputat seçildim. 10 illik deputatlıq fəaliyyəti
mənim həyatımda önəmli yer tutub. Bu gün ali təhsil qarşısında daha böyük vəzifələr
qoyulub: Qərb təhsilinə inteqrasiya, beynəlmiləşmə, müasir standartlar səviyyəsində
mütəxəssis hazırlığı. Prezident İlham Əliyev tərəfindən irəli sürülmüş bu çağırışlar
universitetimizin və mənim rektor kimi fəaliyyətimin əsasını təşkil edir.
"Övladlarım qarşısında
olduğu kimi, tələbələrim qarşısında da borcum var”
Rektor deyir ki,
universitetdə dəyişiklik, yenilənmə prosesi bu gün daha sürətlə davam edir. Daha
universiteti mərtəbə-mərtəbə deyil, bütün korpusu birdəfəyə təmir etdirməyə gücləri
çatır. Bu gün universitet üçün əlavə korpus da tikə bilirlər. Laboratoriyalar üçün
yeni avadanlıq almağa maddi imkanları var. Beynəlxalq əlaqələri gündən-günə güclənir.
Bəs bir zamanlar auditoriyasında tələbə kimi əyləşdiyi, bu gün isə rəhbərlik etdiyi
universitetin tələbələri ilə münasibəti necədir Gülçöhrə xanımın?
- Çalışıram universitetdə sağlam təhsil mühiti yaradam.
Tələbələrlə tez-tez görüşürəm. Qəbuluma gələn tələbələrlə problemlərini səmimi şəkildə
müzakirə edirik. Elə edirəm ki, mənimlə danışmağa çəkinməsinlər. Tələbənin hansısa
hərəkəti xoşuma gəlmirsə, problemini danışanda görürəmsə günahkar özüdür, bunu səmimiyyətlə
deyirəm, eyni zamanda kömək etməyə çalışıram. Başa düşürəm ki, bəlkə də həmin kiçik
problemin çözülməsinin o gəncin həyatı üçün həlledici rolu var. Deməli, düzgün istiqamət
vermək, mümkünsə, kömək etmək lazımdır. Bu kabinetə gələn heç bir tələbə acı sözlə
yola salınmır. Tələbələrlə görüşməyi, onlarla söhbət etməyi çox sevirəm. Hər il
birinci kursa qəbul olan tələbələrlə fakültə-fakültə görüşürəm. Düşünürəm ki, tələbələr
rektoru, universitet rəhbərliyini tanımalıdırlar və lazım olduqda müraciət etməyə
çəkinməməlidirlər.
Bu görüşlərdə mən universitetdə təhsilin qaydaları, tələbə-müəllim
münasibətləri, tələbələrin vəzifə və hüquqları barədə onlara məlumat verməyi vacib
hesab edirəm. Bundan əlavə, sessiyalar qabağı, yaxud müəyyən vacib mövzularla bağlı
görüşlərim olur. Hesab edirəm ki, bunun böyük əhəmiyyəti var. Çalışıram tələbələr
tək auditoriyada deyil, dərs saatlarından sonra da universitetdə bir fəaliyyətlə
məşğul olsunlar, öz üzərlərində işləsinlər, inkişaf etsinlər, xarici dili, kompüter
proqramlarını öyrənsinlər, ictimai fəaliyyətlə məşğul olaraq formalaşsınlar. Nə
dərəcədə alınır - bunu tələbələrdən soruşmaq lazımdır. Hər halda buna çox çalışıram.
Tələbələr də mənim övladlarımdır. Öz balalarıma nəyi məsləhət görürəmsə, onlara
da eyni məsləhəti verirəm və çalışıram dəstək olum. Bura mənim ikinci evimdir. Həyatımın
yarısı burda keçib. Ailəmə, uşaqlarıma, evimə nə qədər qayğı göstərirəmsə, onlar
üçün narahat olur, lazım olan hər şeyi etməyə çalışıramsa, burdakı tələbələrə, kollektivə
qarşı da obyektiv və qayğıkeş olmalıyam. Onlar da mənim ailə üzvlərimdi, onların
da qarşısında borcum var.
"Həyat yoldaşım hər
zaman məni başa düşüb”
Hər qadının həyatda
uğur qazanmasının əsas səbəbkarı özüdür. Biliyi, bacarığı, illərin əziyyəti, bəzən
yuxusuz gecələri sayəsində karyerada yüksələ, müəyyən zirvəyə çata bilir qadın.
Amma bu yolda bir amilin də böyük əhəmiyyəti var - ailənin. Qadının arxasında güclü, ona dəstək
olan kişi dayanarsa, həyatda uğur qazanması daha asan və əlçatan olar. Bu baxımdan
Gülçöhrə Məmmədova şanslı qadınlardandır.
- İlk növbədə dünyaya gəlib böyüdüyüm ailəmin, ata və anamın
şəxsiyyətinin, onların verdikləri tərbiyənin böyük əhəmiyyəti var. Bizim ailədə
təhsilin aliliyi hökm sürürdü. Mənim üçün ilk nümunə və dayaq atam olub. Çox ciddi,
tələbkar, hətta zəhmli insan olmağına baxmayaraq, hər zaman məni dəstəkləyib, həmişə
onun inamını və qayğısını hiss etmişəm. Heç vaxt biz övladları ondan ağır söz eşitməmişdik,
əslində buna ehtiyac da yox idi, bir ciddi baxışı yetərdi. İstər kişi, istər qadın
üçün ailənin dəstəyi çox vacibdir. Mənim həyat yoldaşım da hər zaman məni başa düşüb,
fəaliyyətimə normal baxıb. "Bu, qadın işi deyil” kimi düşüncələrdən uzaq bir insandır.
Mən həmişə işləmişəm, gün ərzində boş vaxtım çox az, gərgin günlərim, dövrlərim
isə çox olub. İşin öhdəsindən gəlmək üçün daha çox qüvvə, əsəb, vaxt sərf etmək,
yorulmaq lazım gəlib. İnsan qarşısına məqsəd qoyanda, vaxtını düzgün bölüşdürəndə,
lazım olmayan şeyləri həyatından atanda hər şey alınır. Sevinirəm ki, bütün gərginliklə
yanaşı, ailəmə, övladlarıma lazımi qədər vaxt ayıra bilmişəm. Uşaqlarıma nə verə
bilməli idim, vermişəm - tərbiyə, təhsil, həyata düzgün münasibət... Çalışmışam
onlara yaxşı nümunə göstərim, təhsilə, kitaba həvəs, insanlara xeyirxah münasibət,
zəhmətsevərlik, məsuliyyət aşılayım. Düşünürəm, onlara nəyi verməyə borcluydumsa,
əsirgəmədən verə bilmişəm...
Lakin təəssüf ki, hələ də cəmiyyətimizdə "qadın yalnız
ailəsi ilə məşğul olmalıdır” deyə düşünənlər də az deyil. Hələ də qızını, yoldaşını
təhsil almağa qoymayan ailələr mövcuddur. Hələ də qadının savadlı, təhsilli, işgüzar
olmasından qorxan kişilər var. Qorxur ki, ondan uğurlu ola bilər, irəli gedə bilər.
Cəmiyyət bunlarla mübarizə aparmalıdır. Azərbaycan qadını böyük potensiala malikdir.
Azərbaycan qadını öz ailəsinə, evinə, övladına sadiqdir, həmişə ailəsinin etimadını
doğrultmağı bacarıb. İctimai fəaliyyətindən, karyeradakı uğurlarından asılı olmayaraq
ailəsi qarşısındakı borcunu heç vaxt unutmur. Bəlkə də üzərinə həddindən artıq yük
götürür, özünə daha çox əziyyət verir, həm evdə, həm işdə daha çox zəhmət çəkir.
Amma buna qüvvəsi varsa, Allah ona bu ağlı, bacarığı, potensialı veribsə, onun qarşısını
kəsmək düzgün deyil. Bizim ölkəmizin də siyasəti buna istiqamətlənib. Qadınların
özlərini realizə edə bilməsi üçün çox işlər görülür. Qadının təhsil alması çox vacibdir.
Təhsilli qadın övladına düzgün tərbiyə verir, düzgün istiqamətləndirir və daha keyfiyyətli,
ağıllı nəsil böyüdür. Hesab edirəm ki, hər xanım təhsil alıb, mütləq bir sənətə
yiyələnməlidir. Hər bir xanımın imkanı olmalıdı öz zəhməti ilə çörək pulunu qazansın
və heç kimə möhtac olmasın. Belə olan halda ailədə də münasibət daha düzgün, daha
bərabər, qarşılıqlı hörmət şəklində qurular, heç kim heç kimdən asılı olub, əlinə
baxmaz. Qızların təhsili xalqımızın gələcəyi üçün ən vacib, əhəmiyyətli məsələdir.
Arzu edirəm bunu hər ailədə başa düşsünlər. Qadınlar həyatda savadlı olmalı, öz
ayaqları üstündə dayanmağı bacarmalıdırlar.
"İstirahətimi kitabsız
təsəvvür etmirəm”
Gülçöhrə Məmmədova
da bir nümunədir. Öz övladları, tələbələri,
bütövlükdə öz gücü ilə həyatda nəyəsə nail olmaq istəyən xanımlar üçün. Nəvələri
üçünsə o həm də nənədir. Nəvələrilə birlikdə rəsm çəkən, kitab oxuyan, əylənən nənə...
- Nəvəm Musa bizə gələndə rəngli boya, yaxud karandaşla
onu maraqlandıran mövzularda birlikdə şəkillər çəkirik. 14 yaşlı nəvəm Mələyin gözəl
rəsm qabiliyyəti var. Düzdür, kompüterə daha çox vaxt ayırır. Amma bütövlükdə dizayn,
sənət baxımından qabiliyyətlidir. Düşünürəm, ondan yaxşı memar, yaxud dizayner çıxa
bilər. Bunu gələcək göstərər. O ki qaldı özümün rəsmlə məşğul olmağıma, buna təəssüf
ki, boş vaxtım olmur. Amma bir gözəl mənzərə görəndə, düşünürəm ki, bunu məmnuniyyətlə
çəkərdim... İnsan rəsm çəkdikcə, gördüklərini kağızda əks etdirdikcə, elə bil ətrafı
daha yaxşı görür, daha yaxşı dərk edir. Daxilində ona mane olan fikirlərdən, ağırlıqdan
azad olur. İnsanların portretlərini çəkmək də çox maraqlıdır. Hesab edirəm ki, insanın
portretini çəkmək onu tədqiq etmək kimi bir şeydir. Hər zaman kitab oxumağı çox
sevmişəm, indi də boş vaxtlarımı, istirahətimi kitabsız təsəvvür etmirəm.
Onun ruhunu dindirən ən sevimli məşğuliyyət isə işidir.
İllərini, alın tərini, zəhmətini verdiyi və bəhrəsini gördüyü peşəsi. Bu peşədə
qazandığı bütün uğurların memarı isə özüdür. Zərrə-zərrə, pillə-pillə bu uğura doğru
yol alıb. Bəzən zərif çiyinlərində daşıdığı işin ağırlığını, məsuliyyətini, çətinliyini
hiss edib, bəzən yorulub, amma çəkinməyib, heç bir məqamda təslim olmayıb. Bu uzun,
incə yolda qarşısına çıxan bütün maneələri əzmkarlığı, gücü, bacarığı, mübarizliyi,
yeri gələndə sərtliyi ilə dəf edərək tutduğu yola davam edib. Geriyə çevrilib, qurduğu
"həyat layihəsi”nə baxanda bəlkə də hansısa xırda toxunuşlar etmək istərdi, amma
bütövlükdə heç nəyi dəyişməzdi... Elə özünün dediyi kimi: "Əlbəttə, həyatda müəyyən
məqamlar olur ki, sonra heyifsilənirsən. "Gərək belə etməzdim”, "Bunu belə etsəydim,
daha yaxşı olardı” deyirsən. Amma bütövlükdə götürdükdə həyatımda heç nəyi dəyişməzdim.
Yəqin hər şey elə belə də olmalı idi”.
Xəyalə MURADLI,
"Azərbaycan”