Səmanın hər tərəfinə səpələnmiş, göy üzünü "qucaqlayıb" bağrına basmış ağlı-qaralı buludlar sıxlaşaraq guruldayıb bir an içində aləmə səs salır, yeri-göyü silkələyir. Elə bu an ildırım bir neçə dəfə çaxıb göy üzünə, yer üzünə işıq saçır. Sonra da tez gözdən itib görünməz olur. Nə qədər arxasınca baxsaq da, onu nə yer üzündə, nə də göy üzündə görə bilirik. Sanki ildırım buludların gurultusundan qorxub qeybə çəkilir.
Nərildəyib, guruldayıb aləmə səs salan buludlar isə az sonra qaş-qabağını sallamağa başlayır. Buludların bu halına dözə bilməyən havanın gözü yavaş-yavaş dolur, bəbəkləri nəmlənir. Deyəsən, yenə də buludlar "ağlayacaq". Göy üzündən yer üzünə incə-incə nur damcılar ələnəcək. Həzin-həzin, narın-narın, aram-aram yağış yağacaq.
Həmişə belə olur. Yağış yağmazdan əvvəl buludlar bir-birinə dəyib bütün aləmə səs salır. Bir zərbə ilə yeri də, göyü də silkələyir, yağış yağacağını insanlara xəbər verir. İldırım da tələm-tələsik özünü çatdırıb əlində tutduğu iri çaxmaqdaşlarını bir-birinə vurub göy üzündən yer üzünə qığılcım səpələyir. Dünyanın qaranlıqlarına işıq ələyir, nur çiləyir. Buludlar guruldayandan, nərildəyəndən sonra səsini içinə çəkib bir az sakitləşir. Yavaş-yavaş havadan yağış qoxusu gəlir. Əvvəlcə iri damcıların səsi gəlir, nəfəsi duyulur. Sonra yer üzünə səpələnir...
Aram-aram, asta-asta yağan yağış sanki bir az özünü öyür. Hiss olunmadan torpağın "qapısını" döyür. Torpaq da yağışı sevə-sevə sinəsinə çəkir. Bu anlarda sanki rahatlıq tapır. Yağış yağmağa başlayandan az sonra ətrafa könlümüzə sığal-tumar çəkən torpağın xoş ətri yayılır. Torpaqdan qopan bərəkət qoxusu adamı sehirlədikcə sehirləyir.
Təbiətin göy üzünə çəkdiyi ən gözəl mənzərələrdən biri də yağışın yağmasıdır. Eyvanda dayanıb yağışın asta-asta yer üzünə səpələnməyinə, ələnməyinə tamaşa edirik. Gözlərimizi bu gözəl mənzərədən çəkmək istəmirik. Bu gözəl, əsrarəngiz səhnəni seyr etməkdən doymuruq. Yağışın narın-narın, aram-aram, şırıl-şırıl yağmasına baxdıqca ruhumuza sakitlik çökür. Bu anlarda sanki incə-incə nur damcılı yağış əsəbimizi, qəzəbimizi yavaş-yavaş yuyub aparır, ruhumuz dincəlir. Sinədolusu nəfəs alırıq, qəlbimiz açılır, ürəyimiz genişlənir. Özümüzdən asılı olmadan dodağımızdan bu sözlər süzülür: "Yağ ey, yağış, yağ, ləngimə! İncə, nur damcılarını yer üzündən əsirgəmə!"
Yağışın narın-narın yağmasına, incə-incə damcılarına şairlər duyğulu şeirlər yazıblar, bəstəkarlar gözəl-gözəl mahnılar qoşublar. Yazılan şeirlər, bəstələnən mahnılar yağışın özü kimi bənzərsizdir, sehirlidir. Söz adamları həvəslə, ürəkdən yazdıqları şeirlərində yağışın yağmasını çox gözəl vəsf ediblər. Yağışın yağmasını nəzmə çəkmək üçün ən dəyərli sözləri seçirlər. Bu sözləri, bu təsvirləri oxuyanda ürəyimizdən keçir ki, yağış heç vaxt dayanmasın, yağdıqca yağsın. Kim bilir, bəlkə də elə yağış bu şeirlərə, bu mahnılara görə yağır. Şairlər şeirlərində bəzən yağışa üz tutub arzularını da ifadə edirlər. Bəziləri yazır ki, yağma yağış, yarım gözləyir məni, bəziləri də "yağ ey, yağış, təbiətə can ver, torpağa qan ver" deyir.
Ağlı-qaralı buludların "göz yaşları" qurumaq bilmir. "Ağladıqca ağlayır", yağdıqca yağır. Yağış asta-asta, narın-narın, şırıl-şırıl yağdıqca yağır, dayanmır. Göy üzündən yer üzünə nur ələnir. Yağış yağanda təbiət də sevinir. Bunu görəndə insanın da ürəyi açılır, qəlbinə sevinc saçılır. Yağış çöhrəsinə dəyən kimi torpağın üzü gülür. Belə anlarda yağışı vəsf edən şairin dilində sözü də gülür, özü də gülür, yağışın gözəlliyinə tamaşa edən gözü də gülür.
Yağış yağır asta-asta, həzin-həzin, aram-aram. Taq, taq, taraq. Sanki yağış dünyaya səs salaraq demək istəyir ki, yer üzündə də, göy üzündə də mən varam. Ucsuz-bucaqsız səmadan yer üzünə incə-incə nur damcılar səpələnir, düşüncəmiz də, fikrimiz də təzələnir. Qələmimiz yeni mövzulara köklənir. Ürəyimizdə dolaşan arzularımız, istəklərimiz də yağışdan güc alaraq qönçələnir, incələnir, çiçəkləyir.
Asta-asta, həzin-həzin, aram-aram yağış yağır. Taq, taq, taraq. Göy üzündən yer üzünə incə-incə nur ələnir. Yağış yağır...
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"