Abdulla Şaiq:
"Hadi qədər hürriyyətə həvəs göstərən bir şair olmamışdır... hər bir əsərində hürriyyəti
oxşamadan keçməmişdir”.
***
Seyid Hüseyn:
"O, oxuduğu elmlərin kəndisinə heç bir nəticə verməyəcəyini, olsa-olsa mömin bir
molla əfəndidən fəzlə bir şey olmayacağına hissi-qəbləl-vüqu ilə anladığından İstambul
və Əl-Qahirə kimi islam mədəniyyəti mərkəzlərinə gedib orada təhsil almaq fikrinə
düşmüşdü. Mustafa Lütfi... Hadini xarici məmləkətlərə göndərəcək iqtidarı olmadığından
Hadi bir neçə zəngin əqrəbasını müraciətdə bulunmuş, təhsil arzusunda olduğunu söyləyib
müavinət istəmişsə də, sözünü dinləyən və yardımda bulunan olmamışdı”.
***
Ömər Faiq Nemanzadə: "1902-ci il yanvarın
31-də cümə axşamı gündüz saat 12-də Şamaxıda indiyə qədər görünməmiş yer tərpənişi
oldu. Bu gün Şamaxı üçün ən böyük fəlakət, eşidilməmiş bir dəhşət və qiyamət günü
idi. Baş vermiş dağıdıcı zəlzələdən sonra bir çox şamaxılılar kimi M.Hadi də doğma
şəhərini tərk etməyə məcbur olmuş, evlərinin ənqazını (tör-töküntü) 200 manata sataraq
Kürdəmirə getmiş, ibtidaən bir əttar dükanı açmış isə də, ondan da bir şey çıxmadığını
görüncə, ikincikərə olaraq zərər ilə dükanı qapamışdır”.
***
Yaşar Qarayev: "XX əsr Azərbaycan şeirində
romantizm cərəyanının ən qüdrətli nümayəndələrindən biri Məhəmməd Hadidir. ...Keşməkeşli
və faciəvi sonluqla bitən bir ömür sürmüş Hadi türk, Şərq və Avropa ədəbiyyatlarını,
fəlsəfəsini dərindən mənimsəmiş və bütün bu təsirləri şeirlərində yaradıcı şəkildə
əks etdirərək, orijinal şair kimi ədəbiyyat tariximizdə özünə yer tutmuşdur”.
***
Anar: "Hadinin taleyindəki dəhşətli paradoks
bundadır ki, nəhayət, sanki arzusu gerçəkləşdiyi, Azərbaycan öz müstəqilliyini bəyan
edib, "xətti imzalar içində” yer aldığı zaman artıq qırx yaşı haqlayan Hadi bu sevinci
sonadək duya bilmədi”.
***
Elçin: "XX əsr Azərbaycan klassik poeziyasında
Hadi qədər birbaşa, müstəqim surətdə "vətən” və "millət” ifadələrini işlədən ikinci
şair yoxdur və bu ifadələr onun poeziyasını tam, bütöv şəkildə müəyyənləşdirən obrazlara
çevrilib”.