Nakam rəssam Tofiq Cavadovun yaradıcılığı təsviri sənət tariximizin silinməz səhifəsidir
Azərbaycan rəssamlıq sənətinin tanınmış siması, cəmi 38 il ömür sürmüş, bu il 100 illik yubileyi tamam olan Tofiq Mirhaşım oğlu Cavadov Bakıda anadan olmuşdur. Sovet ordu sıralarında hərbi xidmətini başa vurduqdan sonra Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda ixtisas təhsili almışdır.
Burada o, ölkəmizin tanınmış rəssamları Əyyub Məmmədov, Əbdülxaliq, Əyyub Hüseynov və Baba Əliyev kimi sənətkarlardan sənətin sirlərini öyrənmişdir. Onu da qeyd edək ki, T.Cavadov ölkəmizin ilk avanqardçı rəssamlarından, Əməkdar incəsənət xadimi Mircavad Mircavadovun qardaşıdır. O, qardaşının sənət dünyasından, onun əsərlərindən və dünyagörüşündən bəhrələnmişdir. İstedadlı rəssam qısa ömür sürsə də, layiqli sənət əsərləri və sənət izi qoyub getmişdir. T.Cavadovun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, ölkəmizdə və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Rəssamın bədii yaradıcılığı, dünyagörüşü, rəng palitrası özünəməxsusluğu və mükəmməlliyi ilə seçilir. Rəssamın kompozisiya və texniki işlənilmə ustalığı ilə seçilən çoxsaylı əsərləri bu gün də sənət ustalarını və sənətsevərləri öz sehri altında kökləyir. T.Cavadov dəzgah rəngkarlığı sahəsində - süjetli tablo, portret, mənzərə və natürmort janrlarında bir-birindən maraqlı sənət əsərləri ərsəyə gətirmişdir. Nə yazıq ki, əcəl rəssama daha çox sənət nümunələri yaratmağa imkan verməmişdir. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda qəfil və faciəvi ölüm onu sənət dünyasından alıb aparmışdır.
T.Cavadovun əsərlərindən "Həyat yoldaşının portreti" (1954), "Abşeron mənzərəsi" (1956), "Natürmort. Lalələr" (1957), "Kənd mənzərəsi" (1957-1958), "Yemişlər" (1958), "Buzovnada küçə" (1958), "Buzovna aşırımı" (1959), "Üzüm bağları" (1958), "Çiçəklənən badam" (1958-1959), "Sənaye mənzərəsi" (1960), "Lökbatan" (1961), "Şamamalarla natürmort" (1960-1961), "Marten sexində" (1961-1962), "Güllər" (1961), "Narlarla natürmort" (1961), "Boru-prokat zavodunda" (1961), "Neft çənləri" (1961), "Poladəridən" (1962), "Şəhər mənzərəsi" (1962), "Növbədən qayıdanlar" (1962), "Külək" (1963) və başqalarının adlarını qeyd etmək olar. Sadalanan əsərlərin hər biri ayrıca bəhs olunmağa - təhlil və təsvir xüsusiyyətləri incələnməyə layiq sənət lövhələridir.
T.Cavadovun Azərbaycan təsviri sənət tarixinə bir sıra ilklər gətirən, özünün bədii yaradıcılığında ilklərə imza atan rəssam olmuşdur. O, sənət yenilikləri ilə özündən sonra sənətə gələn rəssamlar üçün bir örnək olmuşdur. Sənətkar gündəlik məişətdə istifadə edilən əşya və təsərrüfat məhsullarını elə ustalıqla və özünəməxsus kompozisiya quruluşu, rəng və kolorit həlli ilə kətanda canlandırıb ki, bu gün də həmin əsərlərə tamaşa edən seyrçi sanki onu yenidən kəşf edir, ondan bol estetik zövq alır.
Tofiq Cavadovun sənaye mənzərələri neft Bakısının iqtisadi qüdrətini, əməkçi nefçilərin gərgin əməyini tərənnüm etməklə yanaşı, eyni zamanda rəssamın bu mövzuya sənətçi təxəyyülü ilə yeni yanaşmasının, fərdi baxışı və duyumunun ifadəsidir. Onun Abşeron mənzərələri isə bədii ifadə həlli və təsviretmə imkanları baxımından daha çox diqqəti cəlb edir. Rəssamı Abşeron rəssamlıq məktəbinin birincilərindən adlandırmaq daha dəqiq olardı.
Rəssam haqqında ilk dəfə ölümündən bir il sonra "Drujba narodov" (1964-cü il, №6) jurnalında Xalq şairi Rəsul Rzanın "Kişilik" adlı məqaləsi dərc olunmuşdur. İstedadlı rəssamın nakam ömrü, yaradıcılığı və əsərləri haqqında yüksək fikirlər qeyd olunan məqalədə həmçinin şair Nazim Hikmətin rəssamın emalatxanasına gəlməsi, sənətkarın yaradıcılığına və şəxsiyyətinə hörmət bəsləməsi xüsusi vurğulanmışdır. Həmin görüşdə rəssam N.Hikmətə özünün natürmort əsərini hədiyyə etmişdir.
T.Cavadovun "Əlifba" kitabına və "Göyərçin" jurnalına çəkdiyi rəngli uşaq rəsmləri olduqca diqqətçəkən və maraqlıdır. Nədənsə rəssamın indiyədək "Göyərçin" jurnalında fəaliyyəti - jurnalda xalq nağıllarına, yazıçı və şairlərin əsərlərinə çəkmiş olduğu illüstrasiya və rəsmlər diqqətdən kənarda qalmışdır. Jurnalın 1958-1961-ci illərdə buraxılmış nömrələrində rəssamın bir sıra rəsm və illüstrasiyaları dərc olunmuşdur. Jurnalın baş redaktoru olmuş, Xalq yazıçısı Hüseyn Abbaszadə rəssam haqqında yazırdı: "Altıncı nömrə (1958-ci ilin altıncı nömrəsi. Ə.Q.) təzə çapdan çıxmışdı ki, qocaman ədibimiz Abdulla Şaiq redaksiyaya zəng çaldı. O, mənə dedi: "İyun nömrənizə baxmışam. Bir şəkil xüsusilə xoşuma gəlib. Tofiq Cavadov kimdir? Gənclərdəndir?" "Gəncdir Şaiq müəllim". "Çəkdiyi şəkildən görünür çox istedadlıdır. Rənglərdən necə bolluqla, həm də bacarıqla istifadə edib. Uşaqlar belə rəngbərəng şəkilləri çox sevirlər". Tofiq redaksiyaya gələndə Abdulla Şaiqin sözlərini ona yetirdim. Bir söz deməyib xəfifcə gülümsündü". Bu qeydlərdən bir daha rəssamın necə istedadlı olduğu duyulur. Sənətkarın jurnalda fəaliyyəti həmçinin Xalq yazıçısı Süleyman Rəhimovun da diqqətini cəlb etmişdir. Rəssam yazıçının xahişi ilə onun hekayələrinə rəsmlər çəkmişdir.
Onun sağlığında fərdi sərgisi təşkil olunmayıb. Sovetlər dönəmində rəssamın yaradıcılığı, əsərləri də layiq olduğu səviyyədə öz qiymətini almayıb. Həmçinin həyat və yaradıcılığı geniş şəkildə araşdırılıb tədqiq olunmayıb. Yalnız sənətkarın ölümündən sonra - 1963-cü ildə fərdi sərgisi təşkil edilib. Həmin sərgi haqqında 11 il sonra - 1974-cü ildə "Qobustan" jurnalının üçüncü nömrəsində "Rəssam Tofiq Cavadov haqqında etüd" adlı məqalədə oxuyuruq: "Görəydin səni nə qədər sevən var. Görəydin sərginin açılışı günü oğlun lenti necə kəsdi. Görəydin rəssam qardaşın Mircavad papirosu papirosa necə calayırdı. Səni canından artıq istəyən dostun rəssam Rasim Babayev necə köks ötürürdü: fırça dostların sənin haqqında elə ürəklə, sevərəkdən danışırdılar ki..."
Müstəqillik illərində T.Cavadovun əsərlərinə maraq artmışdır. Rəssamın əsərlərindən ibarət "Tofiq Cavadov: 50 il sonra" adlı fərdi sərgisi təşkil edilmiş, həyat və yaradıcılığına həsr olunmuş, müəllifi sənətşünas Rafal Gülməmmədli olan "Tofiq Cavadov" adlı nəfis albom-kitab nəşr edilmişdir. Həmçinin Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən "Sərvət" seriyasından "Tofiq Cavadov" (mətnin müəllifi Dilarə Vahabova) adlı kitab işıq üzü görmüşdür.
İstedadlı rəssam Tofiq Cavadovun yaradıcılıq dünyası və ərsəyə gətirdiyi sənət əsərləri Azərbaycan təsviri sənət tarixinin silinməz səhifəsidir.
Əsəd QULİYEV,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas