22 Aprel 2021 00:40
10611
İQTİSADİYYAT
A- A+
Geri qaytarılmalı olan ƏDV niyə geri qayıtmır? 

Geri qaytarılmalı olan ƏDV niyə geri qayıtmır? 

 

Bu prosesin icrasında istehlakçıya hələ də süni problemlər yaradılır

 

Artıq bir ilə yaxındır ki, ölkədə istehlakçılar neft və qaz məhsulları istisna olmaqla, aldıqları digər mallara görə ödənilmiş Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən hissəsini geri ala bilərlər.

Vergi Məcəlləsinə görə, fiziki şəxslər supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 15, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10  faizini  geri almaq hüququna malikdirlər.

 

Problemi kim və niyə yaradır?

 

Lakin görünən odur ki, istehlakçıların ƏDV-ni geri alması heç də asan başa gəlmir. Bir çox hallarda ƏDV çeki alıcıya alış üçün ödənilən qəbzlə birlikdə verilmir, alıcı ƏDV çekini özü istəməsə, qarşı tərəf onu istehlakçıya verməyə qətiyyən maraq göstərmir, onun bu istəyini hətta narazılıqla qarşılayır. Bəzən ƏDV-nin çekini istəyən istehlakçı bunu birbaşa kassirdən almalı olduğu halda, kassir tərəfindən müştəri xidmətlərinə yönəldilir. Bu, istehlakçının hüquqlarını pozmaqla yanaşı, onun üçün vaxt itkisinin yaranmasına da səbəb olur.

Çekin keyfiyyətsizliyi və oradakı məlumatların bilərəkdən yanlış göstərilməsi də istehlakçı üçün ƏDV-nin geri qaytarılmasına imkan vermir. Bəzi hallarda isə çeklərdə 12 simvollu fiskal ID nömrəsi və QR kod o qədər keyfiyyətsiz şəkildə qeyd edilir ki, alıcı bu məlumatları sistemə ya çox çətinliklə yükləyir, ya da yüklənməsi, ümumiyyətlə baş tutmur.

Digər problem odur ki, böyük ərzaq marketlərində ƏDV çekini az və ya çox dərəcədə almağa nail olsaq da, geyim mağazalarında bu, çox zaman qeyri-mümkün olur. Sadələşdirilmiş vergi ödəyicisi olduğunu əsas gətirən bir çox geyim mağazaları istehlakçıya ƏDV çeki verməkdən imtina edirlər. Maraqlıdır ki, vitrinlərinə qoyduğu geyimlərinin hər birinin qiymətinin minimum 100-150 manat olduğu, dövriyyəsi kifayət qədər yüksək olan belə hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olması nə dərəcədə düzgündür?!

 

Sistem uğurla fəaliyyət göstərirsə, onda problem nədədir?

 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti iddia edir ki, sistem uğurla fəaliyyət göstərir. Lakin buna baxmayaraq, rast gəlinən əsas narazılıqlardan biri odur ki, bəzən portala daxil edilmiş bir sıra müraciətlərə imtina cavabı verilir:

“Məsələ burasındadır ki, bəzən portala böyük məbləğlərdə çeklər daxil edilir. Belə çeklər vergi orqanlarının baza məlumatları üzrə yoxlanılır. Vergi Məcəlləsində nəzarət-kassa aparatının çeklərindəki məlumatlarla bağlı konkret tələblər mövcuddur. ƏDV-ni geri almaq üçün sistemə daxil edilən kassa çekinin məlumatları Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bəzən kassa çekləri bu tələblərə cavab vermir. Bu tələblər nədir? Fiskal çeklərdə məhsulun adının qeyd olunmaması, çeklərin ümumi tələblərə uyğun olmaması (malın və ya xidmətin adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin məbləği), nəzarət-kassa aparatının markası və zavod nömrəsi; nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti); malın sürətli məlumat kodu (Quick Response Code) və s.) ƏDV-nin geri alınması üçün müraciətə imtina cavabının verilməsinə səbəb ola bilər. Ona görə də bu məlumatlara vətəndaşlar tərəfindən də diqqət yetirilməlidir”.

Xidmət açıqlayır ki, imtinaya səbəb olan hallardan biri topdansatış əməliyyatlarının həyata keçirilməsi zamanı istifadə edilən çeklərin sistemə daxil edilməsidir. Qanunvericiliyə əsasən, bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir: “İstehlakçılardan daxil olan bütün müraciətlər Dövlət Vergi Xidməti tərəfindən mütəmadi təhlil olunur və texniki xətalar baş verdikdə dərhal banklarla əlaqə saxlanılaraq onun həlli təmin edilir. Eyni zamanda informasiya sistemi və məlumat bazası daim optimizasiya edilir. Kassa çekinin verilməsindən imtina edildiyi hallarda istehlakçılar DVX-nin “Qaynar xətti”nə zəng edə bilərlər”.

 

ƏDV-ni geri istəyənlərin sayı artır

 

Xidmətin məlumatına görə, 2020-ci ilin may ayından indiyədək www.edvgerial.az portalında 1 milyon 340 mindən çox istifadəçi qeydə alınıb. “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2021-ci ilin birinci rübünün sonunadək portalda qeydiyyatdan keçmiş istifadəçilər tərəfindən iki bank üzrə ümumilikdə 147.111.792 çek üzrə 60.192.462 manat ƏDV məbləği geri qaytarılıb.

2021-ci ilin birinci rübü ərzində çek əlavə edən müştərilərin sayında artım dinamikası müşahidə edilib. Belə ki, əgər yanvar ayında portalda qeydiyyatdan keçmiş 779.018 istehlakçı sistemə çek əlavə etmişdisə, mart ayında bu rəqəm 1.026.757 nəfərə çatıb. Bu da “ƏDV geri al” layihəsinə olan marağın sürətlə artdığını göstərir. Bütövlükdə, 2021-ci ilin birinci rübü ərzində 67.101.388 kassa çeki üzrə 26.770.074 manat ƏDV məbləği istehlakçılara geri qaytarılıb.

 

“Binə”, “Sədərək”, “Dərnəgül”  ticarət mərkəzlərində vergidən yayınma üçün münbit şərait var

 

İqtisadçı ekspert Fikrət Yusifov bu fikirdədir ki, ƏDV-nin geri qaytarılması prosesinin başlanğıcında olduğumuz üçün hələlik yetərincə problemlər var. Ancaq o, hesab edir ki, bu cür çatışmazlıqların olması təbiidir və onlar zaman-zaman aradan qalxacaq: “Bəzi marketlərdə hətta alıcıdan ona çekin lazım olub-olmadığını soruşanlar da olur. Bu hallar yanlışdır. ƏDV çeki mütləq qəbzlə birlikdə alış üçün ödəniş edilən kassada kassir tərəfindən verilməlidir. Bu baxımdan vətəndaşın müştəri xidmətlərinə yönləndirilməsinin heç bir əsası yoxdur”.

İqtisadçının qənaətincə, ölkə miqyasında hesablaşmalarda sivil sistemin tam qurulub başa çatdırılması uzun prosesdir. Keçmişdən qalmış, bir çox iş adamlarının sərfəli, həm də rahat hesab etdikləri ödəniş qaydalarından birdən-birə imtina etmək bir o qədər də asan deyil: “Bugün bəzi ticarət obyektlərində post-terminallar işləmir və ya onların bəzilərində köhnə kassa-nəzarət aparatları işləyir. Bu kassalardan verilən çeklər ƏDV-ni geri qaytarmaq üçün tələb olunan formada olmur. Daha ciddi bir problem isə yetərincə böyük dövriyyəsi olan ticarət mərkəzlərində hələ də nağdsız hesablaşmaların aparılmasıdır. Məsələn, ölkədə hamının tanıdığı “Binə”, “Sədərək”, “Dərnəgül” və digər iri ticarət mərkəzlərində bütün hesblaşmalar bu gün də nağd şəkildə aparılır. Heç şübhəsiz ki, belə bir vəziyyət vergidən yayınmalar üçün münbit şərait yaradır”.

Mütəxəssis deyir ki, əgər ticarət müəssisəsi alıcıya çek vermirsə, deməli o, dövriyyəsini gizlətməklə vergidən yayınmağa çalışır. Buna görə də vətəndaşlar öz haqlarını tələb etməyi bacarmalıdırlar: “Ən azından ona görə ki, çeki almaqla vətəndaş ƏDV-ni geri qaytaracaq və eyni zamanda bir vətəndaş kimi dövlət büdcəsinə çatmalı olan verginin təmin olunmasında öz sözünü deyəcək”.

 

ƏDV ödənişində maraqlı olmayan sahibkarlar stimullaşdırılmalıdırmı?

 

F.Yusifovun qənaətincə, ƏDV ödənişində müştərilərin aldanılmaması üçün konkret nəzarət mexanizmi var. Bu mexanizm əsasında bütün proseslər şəffaf həyata keçirilir: “İstehlakçı www.edvgerial.az portalında qeydiyyatdan keçib çekdəki 12 saydan ibarət fiskal ID nömrəsini daxil etməklə onu sistemə yükləyir. Bundan əlavə, çekin üzərindəki QR kodu “BirBank” mobil tətbiqi vasitəsilə oxutmaqla bu xidmətdən daha rahat yararlanmaq mümkündür. Yəni burada prosesin özü yetərincə şəffafdır və vətəndaş özü prosesə tam nəzarət edə bilir”.

ƏDV ödənişində maraqlı olmayan sahibkarların stimullaşdırılmasına ehtiyacın olub-olmadığına gəldikdə, ekspert hesab edir ki, dövlət büdcəsinin əsas gəlir mənbələrindən biri olan ƏDV-nin ödənilməsi mütləqdir. Sahibkar bu vergini vaxtında və tam həcmdə ödəməyə borcludur: “ƏDV-nin ödənilməsini təmin etmək üçün xüsusi həvəsləndirmə üsullarının müəyyən edilməsinə ehtiyac görmürəm. Bu gün dövlət sahibkarların fəaliyyətinin stimullaşdırılması üçün müxtəlif səviyyəli güzəştlər təqdm edir, ixrac və investisiyaları təşviq edir. Hesab edirəm ki, sahibkarlar da bunların qarşılığında dövlət qarşısında olan vergi öhdəliklərini tələb olunan qaydada yerinə yetirməlidirlər”.

 

ƏDV-ni geri almaya da bilərik

 

Maliyyə üzrə ekspert Mahmud Abasquliyev bildirir ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına yüklənmədiyi halda, sistemə yüklənmə zamanı müvafiq xəta mətni əks olunur.

Sistemdə “Bu çek üzrə alınan mallara görə ƏDV ödənilməyib” xətası alınmış mallar ƏDV məbləği hesablanmayan və ya ƏDV-dən azad edilən məhsullar olduqda görünür. ƏDV ödəyicisi olmayan satıcılar tərəfindən satılan mal və xidmətlərə ƏDV hesablanmadığı zaman “Satıcı ƏDV ödəyicisi deyil” xətası qeyd edilir və bu halda ƏDV-nin qaytarılması mümkün olmur.

M.Abasquliyev deyir ki, çek məlumatları elektron kabinetə daxil edildikdən sonra nəticə barədə məlumat əks olunmursa, çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini “e-kassa.gov.az” internet səhifəsi üzərindən “Çeki yoxla” bölməsi vasitəsilə yoxlamaq olar. Çekin tapılmaması səbəblərindən biri də əməliyyat zamanı nəzarət qurğusunun internetə çıxışının olmamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-si təkrar portala daxil edilməlidir.

M.Abasquliyev nəzərə çatdırır ki, hədiyyə kartı alınarkən ƏDV ödənildiyindən bu kartlarla alışlar həyata keçirilərkən ƏDV ödənilmir. Onun sözlərinə görə, hədiyyə kartının satışına və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

 

Malın pulu hissə-hissə ödənilərsə...

 

Malların dəyərinin hissə-hissə ödənilməklə (beh və ya avans) satışı həyata keçirildikdə malın tam dəyəri ödənildikdən sonra ƏDV məbləği geri qaytarılır.

Alıcı hər hansı malı qaytardıqda ƏDV məbləğinin necə qaytarıldığını açıqlayan ekspert deyir ki, çek üzrə ƏDV hələ qaytarılmadıqda ödənilmiş tam məbləğ, ƏDV qaytarıldıqda isə qaytarılmış ƏDV məbləğ çıxılmaqla formalaşan məbləğ alıcıya qaytarılır.

Qaytarılmalı ƏDV məbləği ilə bağlı məlumat vahid məlumat bazası üzərindən 5 gün müddətində müvəkkil banka ötürülür. Bank 10 gün müddətində qaytarılmalı ƏDV məbləğini istehlakçının bank hesabına köçürür.

 

Problemlər varsa…

 

M.Abasquliyev əlavə edir ki, fiskal ID tam olaraq çap olunmadıqda, QR kod oxunmadıqda çekin dublikatını əldə etmək üçün onun verildiyi satış nöqtəsinə yaxınlaşmaq lazımdır.

Qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünənlər Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə müraciət edə bilərlər.

Mütəxəssis istehlakçılar üçün ƏDV-nin düzgün hesablanma qaydasını da açıqlayıb: “Tutaq ki, vətəndaş 236 (200 manat + 36 manat (ƏDV 18%)) manatlıq Pos-terminal, 59 (50 manat + 9 manat (ƏDV-18 faiz) isə nağd qaydada ödəniş edərək mallar alır. Vergi Məcəlləsinin tələblərinə əsasən, vətəndaşa qaytarılacaq ƏDV-nin məbləği POS-terminalla aldığı mala görə 5.40 manat (36 manat x 15 faiz) təşkil edirsə, nağd qaydada aldığı mala görə 0,90 (9 manat x 10 faiz) manat təşkil edəcək. Vətəndaşın müraciətinə əsasən, aldığı 295 (118+59) manat mala görə 6.30 (5.40 + 0.90) manat geri qaytarılacaq”.

 

ƏDV-nin faizi artırılsın?

 

F.Yusifov hesab edir ki, ƏDV-nin nağdsız ödəmələr üzrə 15, nağd ödənişlər üzrə 10% geri qaytarılması sistemində nağdsız ödənişlərin xeyrinə addım atmaq olar: “Daha yaxşı olardı ki, vətəndaşa nağdsız ödəniş üçün ƏDV 18, nağd ödəniş üçün 7% geri qaytarılsın. Bu nağdsız hesablaşmaların daha geniş tətbiqini sürətləndirərdi”.

Sistemin təkmilləşirilməsi barədə digər təkliflərini də açıqlayan iqtisadçı deyir ki, ƏDV-nin qaytarılması üzrə edvgerial.az portalından Kapital Bank və Beynəlxalq Bankdan başqa digər banklara da ƏDV üzrə geri qaytarmalar üçün imkanların yaradılması yaxşı olar. Müştərinin ƏDV hesabında yığılmış vəsaitin onun digər banklarda olan hesablarına köçürülməsi üçün ödənişlərin aradan qaldırılması da məqsədə müvafiq olardı.

F.Yusifov bəzi məsələlərə nəzarətin gücləndirilməsini də vacib sayır: “Digər problem vətəndaşlara verilən çeklərin keyfiyyətinin aşağı olmasıdır ki, bəzən onlar belə çekləri sistemə daxil etməkdə çətinlik çəkirlər. Başqa məsələ odur ki, vətəndaş ƏDV-nin geri qaytarılmasını 30 gün gözlədiyi halda, onun çeki ödəniş həyata keçirildikdən 10-15 gün ərzində hansısa səbəbdən ləğv edilir. Bu məsələlərə aidiyyəti qurumlar nəzarəti gücləndirməlidirlər”.

Sistem istifadəçilərinin sayının və qaytarılan ƏDV məbləğinin artması onu göstərir ki, ölkədə bu layihəyə maraq getdikcə artır. ƏDV-nin geri qaytarılması prosesində yalnız vətəndaşlar deyil, biznes ictimaiyyəti də aktiv iştirak edir. Lakin bu aktivliyi bütün biznes nümayəndələrinə şamil etmək olarmı?!

Ölkədə hələ də vergidən yayınmaq üçün səylərini əsirgəməyən, istehlakçıya ƏDV-ni ödəməkdə maraqlı olmayan kifayət qədər iş adamı var. Ümid edək ki, iqtisadiyyatımızın şəffaflaşmasına yönələn bu mexanizmin uğurla tətbiq olunmasında vətəndaşlar qədər sahibkarlıq subyektləri də fəal iştirak edəcəklər, dövlətin müvafiq qurumları isə bu prosesə nəzarəti daha da gücləndirəcəklər.

 

İlhamə İSABALAYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!