Bütün Azərbaycan xalqı, dünya azərbaycanlıları, habelə tərəqqipərvər insanlar ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum gününü qürur hissi ilə qeyd edirlər. Bu tarixi gündə həm də görünən odur ki, öz dövləti və lideri ətrafında sıx birləşən müasir gənclər özlərini Azərbaycan Prezidentinin ən böyük dəstəkçisi hesab edirlər.
Dövlətimizin başçısı çıxışlarının birində demişdir: "Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik". Prezidentin səsləndirdiyi bu fikirlər, həqiqətən, gənclər adına qürurvericidir. İftixar hissi ilə demək olar ki, müasir Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub yaşadır. Bu gün Azərbaycan gəncliyinin səsi dünyanın bir çox ölkələrindən gəlir. Gənclərimiz yeni ixtiraları ilə dünyaya səs salır, beynəlxalq idman yarışlarında bayrağımızı dalğalandırırlar. Vətənə sevgi, məhəbbət hissi ilə yetişən gənc nəsil Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı erməni işğalından azad etməklə xalqımıza əvəzsiz sevinc bəxş ediblər. 2020-ci ildə Zəfər ilə başa çatmış II Qarabağ müharibəsi dünya hərb tarixinə mühüm və yeni mərhələ kimi yazıldı. 30 ilə yaxın davam etmiş erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsi həm də müasir Azərbaycan gəncliyinin igidliyini, cəsurluğunu, Vətən, dövlət uğrunda mübarizəyə hazır olduğunu dünyaya nümayiş etdirdi.
"Azərbaycan gəncləri fəaldır, vətənpərvərdir, biliklidir, savadlıdırlar. Gənclər, mən sizə inanıram, güvənirəm", - deyən Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, böyüməkdə olan nəslin vətənpərvərlik hisslərinin daha da artmasına əyani sübut kimi Vətən müharibəsinin ilk günündən gənclərin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizə əzmini göstərmək olar. Hələ 2020-ci ilin iyulunda Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra on minlərlə gənc könüllü olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrində qeydiyyata düşdü. Prezident İlham Əliyev ötən il noyabrın 8-də Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdəki çıxışında bildirmişdir ki, bizim vətənpərvərlik məsələləri ilə bağlı çox fəal siyasətimiz olub: "Gənc nəsli vətənpərvərlik ruhunda tərbiyə etmək Prezident kimi mənim siyasətimin əsas istiqamətlərindən biri idi və buna nail olduq. Gənclərimiz vətənpərvərdir, Vətənə bağlıdır və İkinci Qarabağ müharibəsi bunu göstərdi. Bir daha demək istəyirəm, heç vaxt Qarabağı görməyən gənclərimiz Qarabağ uğrunda ölümə getməyə hazır idilər və ölümə gedirdilər, cəmiyyətdə milli birlik, milli həmrəylik ideyaları üstünlük təşkil etdi".
Azərbaycanın gündən-günə güclənməsində, qüdrətlənməsində, dünya birliyində layiqli yer tutmasında da gənclərin rolu böyükdür. Uğurlarımıza diqqət çəkərkən bunun işgüzar və vətənpərvər gənclərin səyləri, qətiyyəti sayəsində qazanıldığının bir daha şahidi oluruq. Bu da təbiidir. Ölkəmizdə əhalinin 60 faizdən çoxunu gənclər təşkil edir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi onlara olan etimaddan irəli gəlir.
Gəncləri Azərbaycanın gələcəyi, müasir Azərbaycanın qurucuları kimi dəyərləndirən Ulu Öndərin 1997-ci il 2 fevral tarixli fərmanına əsasən, ölkəmizdə Gənclər Gününün dövlət səviyyəsində qeyd edilməsi yeniyetmə oğlan və qızlarımıza sanki əlavə güc, stimul verdi. Gənclərin ictimai-siyasi işlərə geniş cəlb olunması bu strategiyanın təməl prinsiplərinə çevrildi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən 20 ildir uğurla davam etdirilir. Ölkə rəhbərinin ictimaiyyət nümayəndələri ilə görüşlərində dəfələrlə səsləndirdiyi kimi, hər bir dövlət onda güclü olur ki, onun qüdrətli iqtisadiyyatı və güclü ordusu var. Təbii ki, bu ordunun əsasını gənclər təşkil edir. Danılmaz faktdır ki, gənclərimizin hərbi xidmətə böyük ruh yüksəkliyi ilə getmələri onlarda Vətən sevgisinin böyüklüyündən xəbər verir. Uğurlu siyasət, gənclərə göstərilən inam və etimad milli dövlətçiliyə sədaqətli, Prezidentinə güvənli vətənpərvər gənclər nəslinin mövcudluğuna səbəb olur.
Prezident İlham Əliyevin 2021-ci il 18 avqust tarixli "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" barədə sərəncamı Azərbaycan gəncliyinin çağırış və hədəfləri ilə bağlıdır. Bu, gənclərin ümumbəşəri dəyərlərə yiyələnməsini, informasiya cəmiyyətində yaşamaq bacarıqlarının artırılmasını, müxtəlif ölkələrin gəncləri ilə dostluq və əməkdaşlıq münasibətlərinin yaradılmasını, beynəlxalq gənclər hərəkatında iştirakını nəzərdə tutur.
Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan Azərbaycanın mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Yeni strategiya gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyənləşdirir. Bu mənada "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nı gənclər siyasətində yeni mərhələ kimi də dəyərləndirmək olar.
Ötən 20 ildə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılıb. Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edib. Böyüməkdə olan nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin genişləndirilməsi, gənclərin bəşəri dəyərlərə yiyələnmələri və digər bu kimi vəzifələr layiqincə icra olunub.
"Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında" Prezident İlham Əliyevin 30 sentyabr 2021-ci il tarixli sərəncamı da ictimaiyyət tərəfindən məmnunluqla qarşılanmışdır. "Qara qızıl"ın insan kapitalına çevrilməsi strategiyası təhsillə əhatənin və ona əlçatanlığın artmasına, bu çərçivədə gənclərin qabaqcıl xarici təhsilə cəlbinin müxtəlif proqramlarla dəstəklənməsinə mühüm imkanlar yaratmışdır.
Azərbaycan gəncliyi öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirir, ölkədə gedən proseslərin daim önündə olmağa çalışır. Bu ondan irəli gəlir ki, Azərbaycan dövləti gənclərə hər zaman malik olduqları bacarıq, qabiliyyət və intellektual imkanlar üçün geniş meydan verməyin tərəfdarı kimi çıxış edir, bu təbəqəyə daim böyük diqqətlə yanaşır. Ölkəmizin uğurlu idman nəticələri, eyni zamanda bu sahəyə dövlət tərəfindən verilən dəstək, dövlət proqramlarının yüksək səviyyədə icrası beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər və idman siyasətinin müsbət nəticələri bu gün beynəlxalq arenada da öz təsdiqini tapır.
Artıq bütün dünyada Vətənimiz idman ölkəsi kimi tanınır. Buna səbəb müxtəlif idman növlərində güclü idmançılarımızın olması ilə yanaşı, həm də evsahibliyi etdiyimiz beynəlxalq və respublika əhəmiyyətli kütləvi idman tədbirlərinin yüksək səviyyədə keçirilməsidir. Bütün bu fəaliyyətlər Azərbaycanda idmanın kütləvi xarakter almasına, gənclərin zərərli vərdişlərdən uzaqlaşaraq peşəkar və həvəskar idmana marağının artmasına səbəb olur. Bu mənada cari il dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın "Qarabağ" və Bakının MOİK komandaları arasında keçirilən oyun mahiyyət etibarilə çox dəyərli, tarixiliyi ilə yaddaqalandır. Oyunun fasiləsində Prezident İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşü zamanı çıxışında demişdir: "Yarışlar çox olur. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını - uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir".
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni mərhələyə qaldırdığı dövlət gənclər siyasəti respublikamızda yetişməkdə olan vətənpərvər gənclərin inkişaf yoluna işıq salıb, onların dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, həyatın bütün sahələrində iştirak edən güclü sosial təbəqəyə çevrilməsini təmin edib. Ölkəmizdə gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Prezident İlham Əliyevin gənclər siyasəti bu gün bir nümunədir. Odur ki, nəinki Azərbaycanda, respublikamızdan kənarda da yaşayan, təhsil alan və hər hansı müəssisədə çalışan azərbaycanlı gənclər Azərbaycan Prezidenti İlham Əliyev siyasətinə, onun tələb və tövsiyələrinə həmişə sadiq və sədaqətli olmağa çalışırlar. Qarşıdan gələn Yeni ili xoş ovqatla qarşılayan Azərbaycan gəncləri səsini səslərə qataraq həmyaşıdlarını 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində ölkəmizi qələbədən-qələbəyə aparan güclü lider İlham Əliyevə səs verməyə çağırırlar.
Rəhman SALMANLI,
"Azərbaycan"