Prezident İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası çərçivəsində Gədəbəydə həyata keçirilən tədbirlər, o cümlədən rayon rəhbərliyinin tez-tez kəndlərdə olması, əhalinin arzu və təkliflərini dinləməsi insanlar tərəfindən razılıqla qarşılanır, onlarda dövlət qurumlarına inamı daha da artırır.
Belə görüşlərdə rayon icra hakimiyyətinin məsul əməkdaşları ilə yanaşı, idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərlərinin də iştirakı qaldırılan bir çox məsələlərin yerindəcə həll edilməsinə imkan verir. Bu cür problemlərsə daha çox kəndarası yolların təmiri, kənd ərazisində yararsız elektrik dayaqlarının dəyişdirilməsi, təbii qazla təchizat, yeni təhsil və səhiyyə müəssisələrinin tikilməsi, poçt şöbələrinin açılması, internet və rabitə xidmətinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı olur.
Çalburun kəndində keçirilən səyyar görüş zamanı kənd sakini, 1-ci Qarabağ müharibəsi veteranı Vidadi Hüseynov Qarıkənd-Miskinli-Çalburun avtomobil yolunun Çalburun kəndinin ərazisindən keçən hissəsində asfalt örtüyünün dağılmış hissələrinin təmirini xahiş etmişdir. Vətəndaşın müraciəti nəzarətə götürülərək 32 saylı Yol İstismar MMC-nin rəhbərliyinə müvafiq tapşırıq verilmiş, problem həllini tapmışdır. Həmin kəndin sakini Əziz İmamverdiyev isə kənd ərazisində istismara yararsız elektrik dayaqlarının əvəz olunmasını xahiş etmişdir. Rayon elektrik şəbəkəsi məsələni yerində araşdırmış və yararsız 4 dayaq dəyişdirilmişdir.
Başqa misal. Düz Rəsullu kəndinin ağsaqqalı Cahangir Rəsulov 1,7 kilometrlik kənd yolunun təmirə ehtiyacı olduğunu bildirərək kömək göstərilməsini xahiş etmişdir. Düz Rəsullu bələdiyyəsi və Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının kənd üzrə nümayəndəliyinin birgə təşəbbüsü ilə həmin yol qum-çınqıl tökülərək hamarlanmış, sakinlərin rahat gediş-gəlişi təmin olunmuşdur. Pərizamanlı kəndinin sakini Səfurə Qasımova isə evinin yaxınlığından keçən magistral su xəttində yaranmış nasazlığın aradan qaldırılmasını istəmişdir. Vətəndaşın müraciəti əsasında Gədəbəy rayon Sukanal İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verilmişdir. İdarənin əməkdaşları tərəfindən kənddə istismar olunan magistral su xəttinə baxış keçirilmiş, qeyd edilən magistral su xəttindəki sızma aradan qaldırılmışdır.
Məlum olduğu kimi, bu günlər Gədəbəy rayonunda yağan leysan yağışlar və dolu bir sıra fəsadlar törətmişdir. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti təşkilatların məsul şəxsləri təbii fəlakətdən ziyan görmüş Çalburun və Sarıhasanlı kəndlərində olmuş, su basmış yaşayış evlərinə baxış keçirmişlər. Sonra kənd sakinləri ilə keçirilən səyyar görüşdə onların təklifləri dinlənilmiş və müzakirələr aparıldıqdan sonra aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlar verilmişdir. Sarıhasanlı kəndində də sel sularının küçə və dalanlarda törətdiyi fəsadların aradan qaldırılması üçün tədbirlər görülmüşdür.
Ümumiyyətlə, bir neçə ay ərzində rayonun Əmiraslanlı, Şahdağ, Göyəlli, Arısu, Çanaqçı, Miskinli, Alnabat, Qaravəlilər və digər kəndlərində keçirilən görüşlərdə qaldırılan bütün məsələlər demək olar ki, öz həllini tapmışdır. Onu da qeyd edək ki, keçirilən görüşlərdə həm şəhid ailələri, həm də qazilərin qaldırdıqları məsələlərə xüsusilə yanaşılır.
Sabir ƏLİYEV,
"Azərbaycan"