Alimlər rayonda yeni kartof sortlarını sınaqdan keçirirlər
Hər il olduğu kimi, bu il də Gədəbəy fermerləri ölkə əhalisini bol kartofla təmin etməyi qarşılarına məqsəd qoymuşlar. Rayon aqrar inkişaf mərkəzinin direktoru Asəf Nağıyevlə söhbət zamanı öyrəndik ki, bu il təsərrüfat sahibləri 10 min 44 hektar sahədə kartof əkmişlər.
Əsasən yerli sortlara - “Telman”, “Əmiri”, “Ağçiçək” və s. sortlara üstünlük verən fermerlər bu il də bol məhsul götürəcəklərinə inanırlar. Belə ki, keçən il hər hektardan 120 sentner məhsul götürən təsərrüfat sahibləri cari il bu rəqəmin xeyli çox olacağını deyirlər.
Onu da öyrəndik ki, rayonda yerli sortlarla yanaşı, kənardan gətirilmiş daha məhsuldar toxumlara da üstünlük verilir. Həmin sortların yerli iqlim şəraitinə uyğunlaşdırılması üçün işlər aparılır.
Son illər rayonda əkin sahələri xeyli genişləndirilib. Hazırda Gədəbəydə elə kənd yoxdur ki, orada kartof yetişdirilməsin. Ən çox kartof Slavyanka, Zəhmət, Söyüdlü, Saratovka, Qızıltorpaq, Düz Rəsullu və digər kəndlərdə əkilir.
Qızıltorpaq kəndinin sakini, kartofçuluqda zəngin təcrübə toplayan fermer Əli İsmayılov hər il 22 hektar sahədən bol məhsul götürür. Keçən il 700 ton kartof istehsal edən fermer bu il də bol məhsul yetişdirmişdir. Hər hektardan orta hesabla 35 ton kartof götürən təsərrüfat sahibi istehsal etdiyi kartofun bir hissəsini toxum kimi satır. Keçən il 290 ton toxumluq kartof satan Əli İsmayılov əmindir ki, cari ildə bu rəqəm xeyli çox olacaqdır.
Qeyd edək ki, rayonda kartofçuluqla məşğul olan təsərrüfatların bir çoxu məhsulu qış mövsümünə saxlamaq üçün anbar inşa etdirmişdir. Onlardan biri də Əli İsmayılovdur. Onun 500 tonluq anbarı imkan verir ki, həm istehsal etdiyi kartof toxumunu, həm də satış üçün nəzərdə tutulan kartofu normalara uyğun şəkildə uzun müddət saxlaya bilsin. Təsərrüfat texnika ilə də tam təmin olunub. İstər şum, istər əkin, istər becərmə, istərsə də kartofun çıxarılması təsərrüfata məxsus texnikanın köməyi ilə həyata keçirilir ki, bu da məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olur.
Onu da bildirək ki, Azərbaycan Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun alimləri Gədəbəydə 5 sort kartofun sınağını keçirirlər. “Çənlibel”, “Vaqif”, “Uğur”, “Turan” və “Nevski” adlanan sortlar uğurlu nəticələr versə, onların ölkə üzrə geniş yayılmasına başlanılacaqdır.
Sabir ƏLİYEV,
“Azərbaycan”