Füsunkar gözəlliyi,
əsrarəngiz təbiəti ilə yerli və xarici turistləri heyran edən Gədəbəydə respublikamızda
ilk dəfə olaraq milli-mədəni dəyərlərimizi, tariximizi və çoxsaylı ənənələrimizi
özündə əks etdirən Milli Yaylaq Festivalı keçiriləcək. İyul-avqust aylarında baş
tutacaq festivalla əlaqədar rayonun Miskinli yaylağının ərazisində orijinal üslubda
"Yaylaq Yurdu” adlı etnoqəsəbənin yaradılması üçün geniş hazırlıq işlərinə başlanılmışdır.
Qeyd edək
ki, etnoqəsəbənin ərazisində yaşayış yurdları (alaçıqlar) ilə yanaşı, cıdır meydanı,
yaylaq bazarı, sənətkarlıq guşəsi, "Dədə Qorqud” ocağı, yaylaq yatağı (kənd təsərrüfatı
heyvanları üçün yerlər), pəhləvan meydanı, "Aşıq Ələsgər ocağı”, yaylaq süfrəsi
və digər sahələr yaradılacaq.
Milli Yaylaq
Festivalı turistlərin ən çox gəldikləri iyul-avqust aylarında fəaliyyətə başlayacaq.
Avqust ayının ilk yarısında etnoqəsəbənin ərazisində 3 gün ərzində genişmiqyaslı
el şənliyi (etnoqrafik-mədəni-idman tədbirləri) təşkil ediləcək. Milli Yaylaq Festivalı
şərti 3 hissədən ibarət olacaq. Bunlar mədəni-etnoqrafik hissə, milli yaylaq oyunları
və ekoetnoturizmdir. Mədəni-etnoqrafik hissədə aşıqların deyişməsi, milli rəqslər,
xalq mahnıları, tamaşalar, əski xalq oyunları (dirədöymə, çilingağac, əzəldəyməz,
müçük, aşıq-aşıq, mollamindi) təşkil ediləcək, yaylaq mətbəx nümunələri bişiriləcək,
qoçların, qurdbasarların (çoban itlərinin) və yerli yorğa atların sərgi-müsabiqəsi
keçiriləcək, müalicəvi dağ bitkilərinin satış-yarmarkası da təşkil ediləcək.
Festival müddətində
ölkəmizdə tolerantlıq və multikulturalizmin əyani nümayişi olaraq Azərbaycanda yaşayan
müxtəlif etnik qrupların (avarların, malakanların, talışların, yəhudilərin, ləzgilərin
və b.) nümayəndələrinin mədəni proqramlarına və nümunəvi çıxışlarına yer veriləcək.
Milli yaylaq
oyunları adlı hissədə yaylaq oyunları adı altında qədim tarixə malik yorğa at yarışları
ilə yanaşı milli güləş, çoban güləşi keçiriləcək, atlar üzərində çıxışlar, atüstü
milli oyunlar təqdim olunacaq.
Festivalda
qonaqlar və turistlər arasında masa (ağac və kəndirçəkmə), nərd yarışı, "çuvalqaçdı”
kimi kütləvi oyun-yarışmalar təşkil ediləcək. Festivalın ekoetnoturizm hissəsində
turistlər üçün xüsusi etnoqəsəbədə köhnə ənənəvi üslubda düzəldilmiş dəyələrdə qalmaq
imkanı yaradılacaqdır. Bununla da turistlər "Yaylaqda bir gün” adlı hissədə şərti
olaraq XVIII əsrin ənənəvi yaylağına səyahət edəcəklər. Etnoqrafik ekoqəsəbədə bir
gün yaşamaq, inək və ya qoyun (keçi) otarmaq, onları sağmaq, ot biçmək (taya düzəltmək),
atlara qulluq etmək, nehrə çalxalamaq, tətbiqi sənətlə məşğul olmaq, milli mətbəx
nümunələri bişirmək və qidalanmaq, dəyədə gecələmək və s. şəraitin yaradılması insanlara
zövq verəcək.
Bununla yanaşı,
festival iştirakçıları üçün bölgənin məşhur yerlərinə - Koroğlu qalasına, Mahrasa
məbədinə, Qız qalasına və digər tarixi məkanlara atla gəzintilər, eləcə də "Alman
izləri” adlı ekskursiyalar təşkil ediləcəkdir.
Sabir ƏLİYEV,
"Azərbaycan”