"Başım "polad at"ıma elə qarışdı ki, "ağ at"lı oğlanların mənə nəzər saldıqlarına məhəl qoymadım"
Fəridə evə yorğun qayıtmışdı. Gündüz institutda işi çox olmuş, üstəlik, evə gəlmək üçün mindiyi darısqal, həm də sərnişinlə dolu avtobus Biləcəri enişində güclü tıxaca düşmüşdü. Elə yenicə qapıdan girib dəhlizdəki sevimli köhnə kreslosuna çökmüşdü ki, mobil telefonuna tanış olmayan nömrədən zəng gəldi. Danışanın səsi də tanış deyildi. Yaxşı ki, zəng vuran xanım özünü dərhal təqdim etdi:
- Tanımadın, bacı? Mənəm də, Gülsənəm...
Fəridə çoxdandır bu səsi və bu adı eşitmirdi. Gülümsündü. Elə bu darmacalda xatırladı ki, cavanlıqda rəfiqəsindən adının ona kim tərəfindən verildiyini soruşmuş və "nənəmə yuxuda deyilib" cavabını almışdı. Nədənsə bu ad Fəridəyə maraqlı gəlirdi. Hətta yadına düşdü ki, o vaxtlar Gülsənəmə elçi düşən oğlanlardan biri ona məhəbbətini belə izhar etmişdi: "Gəl, sənin adını bölək. Özün üçün elə Gül, mənim üçün isə Sənəm ol". Gülsənəm ona evlənmək barədə söz açan, qapıya elçi göndərən digər cavanlar kimi bu kəndlisinə də məhəl qoymamışdı...
- Fəridə, Fəridə, eşidirsən məni?
Fəridə birdən anladı ki, keçmiş rəfiqəsinin zəngi onu bayaqdan çox uzaqlara "aparıb":
- Eşidirəm, eşidirəm, nə yaxşı zəng vurdun. Hər dəfə yolum rayona düşəndə səni soraqlamışam. Deyiblər ki, Türkiyədəsən. Əlavə bir məlumat ala bilməmişəm.
Gülsənəm: "Dayan, indi sənə vatsapla zəng edəcəyəm...", - dedi və beləcə söhbət uzandı: "Müalicə olunurdum Türkiyədə, Fəridə. Ailəsi ilə birlikdə Türkiyədə yaşayan xalam qızı məni oraya aparmışdı. Demişdi ki, həm bizə qulaqyoldaşı olarsan, həm də müalicə etdirərik səni. Dörd il onun evində ailəsinin bir üzvü kimi yaşadım. Qayğıkeşliklərini, eləcə də olan imkanlarını məndən əsirgəmədilər. Səhhətim xeyli yaxşılaşdı. Ancaq başqasının evində bir gün, beş gün qonaq qalmaq olar. Axır vaxtlar çox sıxılmağa başladım. Həm də elə bil vətənim, kəndim, torpağım çəkib gətirdi məni evimə".
Gülsənəm susmaq bilmirdi. Ürəyi dolu idi, sanki çoxdandır dərdləşməyə bir adam axtarırdı. Danışdıqca arada elə bil təngnəfəs olurdu. Amma sözünə davam edirdi: "Yadındamı, bacı, mən "polad at"ımla tarlalarda necə cövlan edirdim. Bir vaxtlar mexanizator Sevil Qazıyevanın ardıcılı olan neçə-neçə gənc qız pambıqyığan maşının sükanı arxasına keçmişdi və onların sayı ilbəil artırdı. Mən isə bu təcrübəni bizim üzümçülük rayonunda tətbiq etmək qərarına gəldim. Qardaşlarıma qoşulub üzüm bağlarına yollandım. Bu sahədə istifadə olunan texnikanın hamısının "dil"ini bilirdim. Odur ki, məhsulun yetişdirilməsinin bütün mərhələlərində iştirak edirdim. Ən çətini isə "dəmir at"ın belindən cərgəli bağlara ziyanvericilərlə, xəstəliklərlə mübarizə üçün dərman çiləmək idi. Anam bu dərman məsələsindən çox narahat olardı. Deyərdi ki, bala, qorxuram bunun sənin canına zərəri dəyə... Lazım gələndə taxılçıların da, tərəvəzçilərin də köməyinə çatırdım. Üzüm yığımından sonra "at"ımı çapırdım Kür qırağına. Ona yedək qoşub orada yetişdirilən qarpız-yemişi qəbul məntəqələrinə daşıyırdım.
Tezliklə müxbirlərin sevimli qəhrəmanına çevrildim. "Polad at"ımla birgə şəkillərimiz qəzet, jurnal səhifələrindən düşmürdü. Televiziya gedirdi, radio gəlirdi. Veriliş hələ səslənməmiş televiziyanın başqa bir proqramından zəng edirdilər.
Hökumətin mənə bağışladığı qırmızı "Jiquli" evimizin böyük külfətinin karına gəlirdi. Mükafatlandırıldığım "Lenin" ordenini isə mücrüdə tay-tuşum qızlar nişan üzüyünü əzizlədiyi kimi qoruyurdum. Rayon mərkəzindəki iclas və konfranslardan, seçicilərimlə görüşlərdən birbaşa çölə, "polad at"ımın yanına tələsirdim. Bakıdakı qurultay və başqa tədbirlərdən qatarla geri qayıdanda, evə dönmədən dəmir yolu vağzalından plantasiyalara gedirdim. Bu həyata elə alışmışdım ki, başqa heç nə barədə düşünməyə vaxt tapmırdım. Nə bilim, bəlkə də heç düşünmək istəmirdim. Nə səhhətimlə maraqlanırdım, nə gələcək həyatımı fikirləşirdim... Ailə qurmaq təklifi edənlərin hərəsini bir bəhanə ilə pərən-pərən salırdım. "İki qoçun başı bir qazanda qaynamaz" zarafatı ilə çəpər qonşumuz Qəzənfər dayının qabaqcıl mexanizator olan oğlunu da fikrindən daşındırdım. Halbuki əl-ələ verib bir-birimizə dəstək ola-ola yaşaya, işləyə bilərdik. Beləcə, mən "polad at"ımın belində olanda yanımdan neçə-neçə "ağ at"lı oğlan keçib getdi".
Deyəsən, Gülsənəm bu axşam heç susmayacaqdı: "Üzüm bağları yerlə-yeksan ediləndən sonra yaxınlıqdakı idarədə sadə işdə çalışırdım. Bir gün anam zəng vurdu ki, işdən icazə alıb evə bir az tez gəl, uzaqdan qonağımız var. Çoxdandır görməsəm də, qonağı o dəqiqə tanıdım. Uzaq qohumumuz idi. Neçə illərdir Moskvada yaşayırdı. Uğurlu biznes, yaxşı güzəran qurmuşdu. "Dilmanc"sız danışacağam" deyərək qonağımız fikrini vasitəçisiz, elçisiz özü açdı. Dedi ki, Gülsənəm, Allah şahiddir, illərdir qəlbimdəsən. Tale belə gətirdi, o vaxt niyyətimi aça bilmədim. Bəlkə bunun bir günahı da sənin özündə oldu... Mən subay bir insanam. Yerin və göyün qanunları ilə sənin həyat yoldaşın olmaq istəyirəm. Sözümü yerə salma, bir-birimizin haqqında düşünək. Həmişə arzulamışam ki, sənə oxşayan qaragöz, qıvrımsaç qızımız olsun.
Bacı, mən bunları eşitcək durub otaqdan çıxarkən o, yavaşca biləyimdən tutdu. Dedi ki, düşünmə səni var-dövlətlə şirnikləndirmək istəyirəm. Amma bildirməliyəm ki, dünya malından da qane olacaqsan. Yaşadığım yerdə geniş mənzilim, yaşıllıq içində bağ evim var. İstəsən, Bakıda kooperativ mənzil tikdirməyə, bax, kəndimizin özündə, dədə-baba məhləmdə təzədən babat bir ev qaldırmağa da imkanım çatar. Zərgərlik mağazasında əlini nəyin üstünə qoysan, sənin olacaq. Yetər ki, "hə" deyəsən. Əlini döş cibinə tərəf uzadıb əlavə etdi ki, bax, bu əmanət kitabçası da sənə toy hədiyyəm olacaq. Orada 24 min...
Bunları eşidəndə isə lap cin atına mindim: "Bu, deyəsən, məni acgöz, meşşan bir qadın hesab edir". İllər sonra başa düşdüm ki, həyatımın növbəti səhvini buraxmışam...
Anam dünyasını dəyişdi, qardaşlar evləndi, bacılar ərə getdi. Demirəm ki, məni unutdular. Amma necə olsa da, hərənin öz evi, öz ailəsi, öz uşaqları və öz qayğıları... Ən nəhayət, zəif canımla, pisləşmiş səhhətimlə üz-üzə qaldım. Beləcə, güzarım Türkiyəyə, xalam qızıgilə düşdü və indi artıq buradayam, kənddə, öz evimdə".
Bu arada telefonda Gülsənəmdən başqa daha bir qadının səsi gəldi. "Yanındakı kimdir?", - deyə Fəridə soruşdu. Telefondan pıçıltılı səs gəldi: "Rayona, sosial müdafiəyə müraciət etmişdim. Bir işçilərini təyin ediblər, həftədə iki dəfə gəlir, ev işlərində kömək edir. Axı mən..."
Özü haqda deyiləsi nə vardısa, Gülsənəm artıq söyləmişdi və yalnız indi yadına düşdü ki, bayaqdan Fəridənin hal-əhvalını heç xəbər almayıb. Səhvini düzəldərək soruşdu ki, qızların necədir? Yəqin üçünü də köçürmüsən. Eşidəndə ki, hələ tələsmirlər, oxuyurlar, işləyirlər, karyera qururlar, "çox gözəl, çox pakizə, sevindim xeyli", - dedi Gülsənəm. Və bu axşam ilk dəfə gülümsündü: "Bizim kəndin sözü olmasın, bəs onlara demirsən ki, bala, məgər qoyun otaran quzu otarmır?" "Başına gələnlərdən başmaqçı olan" Gülsənəm yəqin demək istəyirdi ki, məgər karyera haqqında fikirləşən ailə qura bilmir?!
Bayaqdan söhbətə arabir qulaq verən Aytən yan otağın qapısından boylandı:
- Ay ana, Gülsənəm xala bu qədər nədən danışırdı belə?
Fəridə fikirli-fikirli dilləndi:
- Heç, qızım... Deyirdi ki, qızlarımız sənətə çox aludə olanda, elmin dərinliyinə baş vuranda lap yaxınlıqda dayanan ailə xoşbəxtliyini, analıq səadətini özlərindən qaçaq salmasınlar.
Flora SADIQLI,
"Azərbaycan"