İşğaldan azad olunmuş rayonlarda bərpa-quruculuq işləri gündən-günə sürətini artırır ki, bu da səbəbsiz deyil. Vaxtilə yurd-yuvalarından didərgin düşmüş insanlar geriyə dönməyi, doğma torpaqlarında məskunlaşmağı həsrətlə gözləyirlər. İşlərin gedişi göstərir ki, o gün tezliklə gələcək.
Xəbər verildiyi kimi, bu günlər Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib. İclasda xüsusi vurğulanıb ki, Füzulidəki Mərkəzi Parkın layihələndirilməsi və "ağıllı kənd" konsepsiyası ilə bərpa olunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işlərini daha da sürətləndirmək lazımdır. Müzakirə olunan məsələlərdən biri də daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi ilə yanaşı, yaşayış məntəqələrinin elektrik enerjisi və su ilə fasiləsiz təminatı olub.
O da qeyd olunub ki, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun çəkilişi yekunlaşıb, Füzuli yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılıq İnkişaf Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin və s. obyektlərin tikintisi sürətlə davam edir. Bütövlükdə tikiləcək evlərə 21593, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır.
"İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair" Tədbirlər Planı, müvəqqəti yerləşdirilən kamplar, "Böyük Bəhmənli-Şuşa" və "Azad Qaraqoyunlu-Ağdam" magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının və sutəmizləyici qurğuların layihələndirilməsi və tikilməsinin vəziyyəti, həmçinin Mədəniyyət Nazirliyinin Qələbə və Memorial parklarının layihələndirilməsi vəziyyəti barədə də söhbət edilib.
Yığıncaqda "Köndələnçay" su anbarının yenidən qurulması və digər məsələlər də müzakirə edilib. Məlumdur ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazisində 3 su anbarı var - Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay. Milyonlarla kubmetr su tutumu olan bu anbarlardan işğal müddətində Azərbaycan tərəfi istifadə edə bilməyib. Təkcə Aşağı Köndələnçay anbarının su tutumu 62 min hektar ərazini suvarmağa imkan verib. Amma erməni işğalçıları 30 il orada ekoloji terror törədiblər. Təsərrüfatın suya ehtiyacı olduğu müddətlərdə suyun qarşısını kəsiblər. Suya gərək olmayan mövsümlərdə isə anbardan suyu buraxaraq ciddi ziyan törətməkdən həzz alıblar. Ötən il Prezident İlham Əliyev Köndələnçay su anbarında olarkən bu məsələlərə diqqət çəkərək demişdi: "Bu su anbarı Ulu Öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilmişdir. Bunun əsas məqsədi Füzuli rayonunda kənd təsərrüfatının inkişafı idi və minlərlə hektar torpaq bu anbar vasitəsilə suvarılırdı. Biz Vətən müharibəsindən sonra həm Suqovuşan su anbarını nəzarətə götürdük, həm də Köndələnçay su anbarı bizim əlimizdədir. Artıq bu anbarların gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verildi. Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verildi və geniş proqram icra edilməyə başlanmışdır".
Hər üç anbarı işlək əziyyətə gətirmək üçün hazırda tədbirlər görülür. Artıq anbarların suyu boşaldılıb, bəndlərdə, suburaxıcı qurğularda, selötürücü kanallarda təmir işləri həyata keçirilir. Anbarların bərpası başa çatdıqdan sonra sudan Füzuli rayonunun həm işğaldan azad edilmiş, həm də işğal olunmamış kəndlərinin sakinləri istifadə edəcəklər.
Bu ərazidə Quruçay da var. Bahardan savayı, ilin digər fəsillərində demək olar ki, çay quruyur. Baharda isə çaya sel gəlir, daşqın baş verir. Selin qarşısını almaq üçün digər üç anbarla birlikə onun da üzərində qoruyucu bənd tikilir, sipərlər yenilənir, suaşıran beton üzlüyə alınır və su təmizləyici qurğu betonlanır. Çayda su anbara gedəcək səviyyədən çox olarsa, bunun üçün əlavə suburaxıcı da quraşdırılır ki, onun vasitəsilə əlavə su çayın məcrasına ötürüləcək.
Həm Köndələnçay 1, Köndələnçay 2 və Aşağı Köndələnçay su anbarlarında, həm də Quruçayda görülən təmir-bərpa işlərinin bu ilin oktyabr ayında başa çatdırılması nəzərdə tutulub.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"