Müstəqilliyə qovuşduğumuz otuz ildən artıq bir dönəmdə füzulişünaslıq özünün keyfiyyət baxımından yeni mərhələsinə qədəm qoymuş, Məhəmməd Füzulinin ömür yolunu, yaradıcılıq irsini siyasi-ideoloji basqılardan azad bir yanaşma müstəvisində araşdıran yeni bir füzulişünas nəsli yetişmişdir.
Filologiya elmləri doktoru Ataəmi Mirzəyev müstəqillik illərində təşəkkül tapan füzulişünaslığın yetərincə tanınan aparıcı simalarından biridir.
Onun klassik ədəbiyyata, xüsusən Füzuli yaradıcılığına mehr və ülfətinin izlərini, ədəbi əxlaq və əbədi dəyər daşıyıcısına çevrilən Bakı mühitinin klassik poeziya, onun ruha qida verən muğam ifaçılığının qana, iliyə işləyən cazibəsində axtarmaq, bu sirrin açılmasına ipucu verə biləcəyi şübhəsizdir.
Bir neçə il bundan əvvəl İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar olaraq Hövsan kəndində (indi qəsəbə adlanır - Q. M.) keçirilən tədbirdə bunun bir daha canlı şahidi oldum. Ağsaqqal, nurani qocalar Nəsimi misralarını əzbər söyləyir, onun "Quran" ayələri ilə səsləşən məqamlarını elə ustalıqla şərh edirdilər ki, buna, sadəcə, təəccüblənməmək, heyrətlənməmək mümkün deyildi. Orada səsləndirdiyim bir fikri burada da dilə gətirməkdən çəkinmirəm: Bakı kəndlərindəki klassik şeir məclislərinə, muğamla bağlı istənilən tədbirlərə mütləq hazırlıqlı şəkildə gəlmək lazımdır.
Bu mənada Ataəmi Mirzəyevi anadan olduğu doğma Kürdəxanı və digər Bakı kəndlərində təşəkkül tapan şeir-sənət camiəsinin müdavimi də hesab etmək olar. Birmənalı şəkildə onun o vaxtlar Azərbaycan ali təhsilinin flaqmanı hesab olunan ADU-nun (indiki BDU-nun - Q.M.) Filologiya fakültəsində ixtisaslı filoloq kimi klassik dövrü və məxsusi olaraq Füzuli kimi böyük şair mütəfəkkirin yaradıcılığını seçməyi həmin mühit diktə etmişdi.
Elə tələbəlik illərindən başlayaraq Ataəmi klassik ədəbiyyat qrupunu bir ixtisas kimi seçir, Füzuli yaradıcılığına elmi maraq göstərir. Çox keçmir ki, onun üçüncü kursdan üzərində işlədiyi "Füzulinin bir qəzəli haqqında" adlı məqaləsi dördüncü kurs tələbəsi ikən "Ulduz" jurnalının 1988-ci il 3-cü sayında dərc olunur. Məqalədə tələbə Füzuli irsinin tanınmış tədqiqatçısı akademik Həmid Araslının tərtib etdiyi və redaktoru olduğu 1958-ci ildə nəşr olunan beşcildlik Füzuli "Əsərləri"nin I cildindəki üç qəzəl və iki rübainin "Əlavələr" hissəsində verilməsi ilə bağlı mübahisələrin izinə düşür. Gənc araşdırıcı həmin nümunələr içərisində yalnız bir qəzəlin Füzuliyə məxsusluğu məsələsini professor Mirzağa Quluzadə kimi təcrübəli bir füzulişünas alimlə polemikaya girməkdən çəkinməyərək sübut etməyə nail olur.
Burada gənc tədqiqatçı-tələbənin poetik mətni linqvopoetik bir təhlil müstəvisində araşdırması və opponentinə dövrün ənənəvi təsviri ədəbiyyatşünaslıq səviyyəsindən məsələyə yanaşıldığını faktlarla üzə çıxarmaq cəhdi də diqqətdən yayınmırdı. Müəllif mübahisə predmeti kimi seçilən
Guşeyi-əbrulərində çeşmi-cadularmıdır?
Yoxsa girmiş yayə tirəndaz hindularmıdır?
- mətləbli qəzəlində sual ədatının və xəbər şəkilçisinin bu ardıcıllıqla işlənilməməsi faktına Nəsimi, Gülşəni, Həqiqi, Xətayi yaradıcılığından və Füzulinin "Leyli və Məcnun"undan nümunələr gətirir, bu qəzəlin Şahiyə bir nəzirə olduğunun unudulmasını, onun şairin əsərləri sırasına daxil edilməməsini də belə bir yanlışlıqla izah edir.
Əlbəttə, bu cəhd gənc tədqiqatçının füzulişünaslıqda ilk debütü idi. Klassik ədəbiyyata belə bir elmi maraq, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aspiranturasına ciddi rəqabət şəraitində qəbul olunması, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Azadə Rüstəmovanın rəhbərliyi altında "Klassik Azərbaycan-türk ədəbiyyatında "Yusif və Züleyxa" mövzusu (İlkin qaynaqlar və onların poetik təcəssümü) adlı namizədlik (indiki fəlsəfə doktorluğu - Q.M.) dissertasiyası üzərində gərgin elmi axtarışlar aparması Ataəmi Mirzəyevin tərcümeyi-halının əlamətdar, yaddaqalan səhifələrindən birinə çevrilir.
Az sonra Ataəmi Mirzəyevin uzun müddət klassik ədəbi düşüncənin (elə dini düşüncənin də!) maraq dairəsində saxladığı dini mövzunun - Məhəmməd peyğəmbərə (s) aid 40 hədisin Əbdürrəhman Cami, Əlişir Nəvai və Məhəmməd Füzulu yaradıcılığında işlənməsi barədə mükəmməl araşdırma olan "Cami, Nəvai və Füzuli yaradıcılığında 40 hədis" adlı (1997) kitabı, əslində, ilk tədqiqatın, eyni mövzunun ayrı-ayrı sənətkarlar tərəfindən qələmə alınması təcrübəsinin indi tamamilə fərqli bir mövzuda davam və inkişaf etdirilmə ənənəsinin üzə çıxarılmasını qarşıya bir məqsəd kimi qoyurdu. Tarixi-müqayisəli aspektdə dəyərləndirməni tələb edən bu mövzunun öhdəsindən gəlmək tədqiqatçıdan, təbii ki, ayrı-ayrı sənətkarların qələmindən çıxan bədii mətnlərə bələdliklə yanaşı, sənətkar yanaşmasındakı müxtəlifliyin mahiyyətini açmağı, eyni zamanda onları bir məxrəcə gətirən məqamların elmi-nəzəri təhlilini də tələb edirdi.
Etiraf etmək lazımdır ki, əvvəlki tədqiqat və haqqında bəhs edilən kitab Ataəmi Mirzəyevi eyni mövzulu əsərlərin ayrı-ayrı müəlliflər tərəfindən işlənmə ənənəsini araşdıran səriştəli mütəxəssis kimi tanıdır. Klassik ədəbiyyatın vacib sahələrindən olan mətn üzərində təhlil və şərh etmə bacarığının kifayət qədər görünən məqamlarını müəllifin uğuru hesab etmək olar.
Dini-kanonik mətnlər üzərində aparılan bu tipli araşdırmalar sahəsində qazanılan təcrübə alimin sonralar qələmə aldığı "Füzulinin "Hədiqətüs-süəda" əsəri orta əsr tərcümə abidəsi kimi" (2001) və "Azərbaycan bədii tərcümə tarixi və Füzuli" monoqrafiyalarında daha ardıcıl və sistemli şəkildə tədqiqinə münbit zəmin yaradır.
Doktorluq dissertasiyası kimi müdafiə edilən "Azərbaycan bədii tərcümə tarixində Füzuli mərhələsi" əsəri, təbii ki, müəllifin bu istiqamətdə aparılan uzun- müddətli axtarışlarının uğurlu yekunu kimi qiymətləndirilməlidir.
Dissertasiyada klassik ədəbiyyatda tərcümənin indiki anlayışdan tamamilə fərqli bir sənət və yaradıcılıq sahəsi olaraq inkişaf tarixi, bu ad altında nəzirə, təfsir, şərh, təbdil, iqtibas funksiyası daşımaq ənənəsi barədə yetərincə məlumatlar verilir, Füzuli kimi müqtədir sənətkarın yaradıcılığında bu sahənin məxsusi yeri və mövqeyi özünün geniş izah və şərhini tapır.
Ataəmi Mirzəyevin klassik ədəbi irsin poetikası - vəzn, qafiyə və rədif kimi nəzəri məsələlərlə bağlı tədqiqatları da diqqəti çəkir. Onun "Böyük Azərbaycan şairi İmadəddin Nəsimi" (2019) və "Molla Pənah Vaqif: həyat və yaradıcılığı" (2022) monoqrafiyalarına daxil olan irihəcmli "Nəsiminin Azərbaycan-türk "Divan"ının vəzn və qafiyə sistemi" və "Vaqif şeirində vəzn, qafiyə və rədif" adlı araşdırmaları müəllifin klassik nəzəriyyə sahəsində professional səviyyədə səriştəyə malik olmasına yaxşı bir nümunədir. Ataəmi Mirzəyevin klassik irsin nəzəri məsələləri ilə bağlı tədqiqatları sonralar "Məhəmməd Füzuli: həyatı və yaradıcılığı" (2025) monoqrafiyasında da Füzuli irsi əsasında davam etdirilmişdir.
Görkəmli tədqiqatçının Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanan on cilddən ibarət "Azərbaycan ədəbiyyatı tarixi"nin üçüncü cildinin (Orta əsrlər Azərbaycan ədəbiyyatı - XIII-XVI əsrlər) məsul redaktoru və əsas müəlliflərindən biri kimi elmi-təşkilati fəaliyyətini də klassik irsə bağlılığın, bu sahədə nüfuzlu söz sahibi kimi tanınmağın bariz örnəyi kimi dəyərləndirmək olar. Onun qeyd edilən cildə daxil olan "Qul Əli", "Suli Fəqih", "Yusif Məddah", "Mustafa Zərir", "XV əsr Azərbaycan ədəbiyyatında "Yusif və Züleyxa" mövzusu", "Cahan şah Həqiqi", "Həqiri" və "Məsihi" kimi oçerkləri dövrün ənənəvi mövzularına çevrilən ədəbi nümunələr və ədəbi şəxsiyyətlər haqqında geniş təsəvvür yaradır.
"Azərbaycan ədəbiyyatı tarixi"nin dördüncü cildində yer alan "Məhəmməd Əmani", "Məlik bəy Avcı", "Molla Camal Rənci" oçerkləri də Ataəmi Mirzəyevin klassik irsin sonrakı mərhələsində yetişən sənətkarların həyat və yaradıcılığı haqqında mötəbər fikir bildirmək iqtidarını da yetərincə nümayiş etdirir.
Otuz ildən artıq fəaliyyət göstərdiyi institutda Füzuli sektoruna rəhbərliyin 2017-ci ildən Ataəmi Mirzəyevə həvalə olunması da təsadüfi deyil. Sektorun "Füzuli kitabxanası" seriyasından nəşr etdirdiyi kitablar bunu əyani şəkildə təsdiqləməkdədir. Qeyd edək ki, "Füzuli kitabxanası" seriyası Ədəbiyyat İnstitutunda akademik İsa Həbibbəylinin baş redaktorluğu, füzulişünas alim, filologiya elmləri doktoru Ataəmi Mirzəyevin məsul redaktorluğu ilə yaradılıb. AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşr etdiyi "Füzuli kitabxanası" seriyası 2024-cü ildə Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisinin "Ən yaxşı kitab" nominasiyası üzrə qalib olub. "Füzuli kitabxanası" seriyasından Mir Cəlal Paşayevin "Füzuli sənətkarlığı", Həmid Araslının "Böyük Azərbaycan şairi Füzuli", Məmməd Cəfər Cəfərovun "Füzuli düşünür", Ataəmi Mirzəyevin "Füzulinin "Tərcümeyi-Hədisi-ərbəin"əsəri", Stanislava Plaskovitska-Rımkeviçin "Məhəmməd Süleyman oğlu Füzuli", Aynur Mahmudun "Füzuli ədəbi məktəbi (XVI-XVIII əsrlər)", Sevinc Ağayevanın "Məhəmməd Füzulinin anadilli divanının leksik tərkibi: Azərbaycan mənşəli arxaizmlər" və Mehriban Mövlamovanın "Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli obrazı" kitabları nəşr olunub. Təqdim edilən ilk iki kitab Ataəmi Mirzəyev tərəfindən nəşrə hazırlanmışdır. Eləcə də Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə hazırlanan "Məhəmməd Füzuli: həyatı və yaradıcılığı" (2025) adlı sanballı və irihəcmli yubiley nəşrinin ərsəyə gəlməsində də məsul redaktor və əsas müəlliflərdən biri kimi Ataəmi Mirzəyevin böyük əməyi xüsusi qeyd edilməlidir.
Ataəmi Mirzəyevin füzulişünaslıq sahəsində gördüyü ən qiymətli işlərdən biri kimi "Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası" seriyasından çap etdirdiyi mühacir ədəbiyyatşünas Səlim Rəfiq Rəfioğlunun "Füzuli" monoqrafiyası xüsusi əhəmiyyət kəsb edir.
Alimin Azərbaycan-özbək ədəbi əlaqələri sahəsində olan elmi fəaliyyəti də diqqətəlayiqdir. Alimin "Sələflər və xələflər: Nəvai və Füzuli", "Məhəmməd Füzuli yaradıcılığından görünən Əlişir Nəvai", "Lütfi və Füzuli", "Türk xalqları ədəbiyyatında "Hədisi-ərbəin" mövzusu və Əlişir Nəvainin "Ərbəin" əsəri", "XV - XVII əsrlər Azərbaycan lirik şeirində Əlişir Nəvai təsirinin təzahür formaları" və "Özbək-Azərbaycan ədəbi əlaqələri: Əlişir Nəvai və Məsihi Təbrizi" adı ilə çap olunmuş məqalə və konfrans materialları onun bu sahədə səmərəli fəaliyyətindən xəbər verir.
İndi filologiya elmləri doktoru Ataəmi Mirzəyev ömrünün 60-cı pilləsini belə bir elmi uğur və nailiyyətlərlə zəngin bir ərəfədə qarşılayır. Qarşıda isə füzulişünaslığın daha ciddi, ciddi olduğu qədər də zərurətə çevrilən yaradıcılıq problemlərini səbir və təmkinlə araşdırmaq və yeni füzulişünaslar nəslini bu işə sövq etmək kimi məsuliyyətli vəzifələr durur.
Qürbət MİRZƏZADƏ,
filologiya üzrə fəlsəfə doktoru, dosent