Senat Bakı və İrəvan arasında sülh prosesini sabotaj etməyə çalışır
Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün bərqərar olması üçün mühüm diplomatik addımların atıldığı bir vaxtda, Fransa növbəti dəfə qərəzli mövqe nümayiş etdirib. Fransa Senatı beynəlxalq hüququn prinsiplərini və Azərbaycanın suveren hüquqlarını heçə sayaraq, Bakıda mühakimə olunan erməni separatçıların himayəsinə hesablanmış yeni qətnaməyə imza atıb. Ermənistana yaxın dairələrin və ələlxüsus erməni lobbisinin təzyiqi ilə qəbul edilən bu sənəd Fransanın sülh prosesinə açıq-aşkar pozucu müdaxiləsi, məqsədyönlü təxribatı kimi qiymətləndirilir. Bu addım həm beynəlxalq hüquq normaları, həm də regionda davamlı sülhün yaradılması cəhdləri ilə ziddiyyət təşkil edir.
183 senatorun dəstəklədiyi kağız parçası Parisin qeyri-konstruktiv siyasətinin və regiondakı reallıqlardan uzaq düşdüyünün növbəti bariz nümunəsidir. Qətnamə Fransa-Ermənistan dostluq qrupu tərəfindən irəli sürülüb və senator Loran Vokyenin təşəbbüsü ilə gündəmə gəlib. Loran Vokyen Ermənistandakı revanşist qüvvələrin və radikal müxalifətin "ümid işığına" çevrilmiş fiqurlardan biridir. Onun bölgəyə dair səsləndirdiyi bəyanatlar sülh prosesinə xidmət etmir, əksinə, Ermənistan daxilindəki destruktiv qüvvələri daha da cəsarətləndirir. Ermənistandakı köhnə düşərgə xalqı inandırmağa çalışır ki, guya hakimiyyət dəyişərsə, Fransa kimi dövlətlər hərbi yolla onlara kömək edəcək. Vokyen kimi təxribatçıların populist təşəbbüsləri bu yanlış inamı qidalandırır. Lakin dəfələrlə sübut olunub ki, xarici siyasətçilərin emosional dəstəyi real böhran anlarında Ermənistanı xilas etməyib.
Senatın bu addımı Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı birbaşa hörmətsizlikdir. Bakıda mühakimə edilən separatçıların "hərbi əsir" kimi qələmə verilməsi hüquqi cəhətdən əsassızdır. Çünki bu şəxslər konkret cinayət əməllərinə, o cümlədən separatçılıq və terrorçuluq fəaliyyətlərinə görə məsuliyyətə cəlb olunublar.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə intensiv danışıqların getdiyi, liderlər arasında təmasların sıxlaşdığı, ikitərəfli ticarətin və sərhədlərin delimitasiyası prosesinin başladığı bir vaxtda belə absurd bir sənədin qəbulu ermənidən daha artıq erməni olmaq cəhdidir. Ermənistandakı revanşist qüvvələri stimullaşdıran bu cür zərərli təşəbbüslər regionda uzunmüddətli sabitlik üçün vacib olan etimad quruculuğu tədbirlərinə də mane olur.
Paradoks odur ki, Ermənistan Baş naziri Nikol Paşinyan mövcud reallığı qəbul edərək, ölkəsini gələcək fəlakətlərdən sığortalamaq üçün separatizm mövzusunu və keçmiş iddiaları birdəfəlik kənara atıb. Paşinyan da anlayır ki, bu şəxslər Azərbaycanın suverenliyinə qarşı ağır cinayətlər törədiblər və onların məsuliyyətə cəlb olunması hüquqi prosesdir. Fransa tərəfi isə süni şəkildə artıq külü də qalmamış separatçılığı yenidən körükləmək həvəsindədir. Paris bu məsələni siyasiləşdirməklə tərəflər arasında sülh sazişinin imzalanmasını sabotaj edir. Ermənistandakı revanşistlərə "hələ hər şey bitməyib" mesajı verərək onları şirnikləndirir. Qətnamənin səsçoxluğu ilə qəbul edilməsi Fransadakı erməni lobbisinin və daxili siyasi maraqların xarici siyasəti necə üstələdiyini də göstərir. Müəyyən kəsimin rəğbətini qazanmaq naminə beynəlxalq ədalətin qurban verilməsi qəbuledilməzdir. Senatın qətnaməsi hüquqi baxımdan əhəmiyyətsiz olsa da, siyasi müstəvidə Azərbaycan-Fransa münasibətlərini daha da soyuqlaşdırır, münasibətlərin normallaşmasına imkan vermir. Əvvəllər də Parisin ölkəmizə zidd olan xeyli sayda sənəd və bəyanatları ilə qarşılaşmışıq. Hətta 2020-ci ilin noyabr ayında Fransa Senatı bütün səlahiyyətlərini aşaraq, dünya hüquq sistemini gözardı edərək, hökuməti Qarabağdakı separatçı rejimi tanımağa çağıran qətnamə qəbul etmişdi.
Azərbaycan heç zaman Fransa ilə bağların kəsilməsini arzulamayıb, əksinə, əməkdaşlığın irəliləməsini dəstəkləyib. Amma 44 günlük Vətən müharibəsindən bu yana Fransa tərəfinin ölkəmizə qarşı ardıcıl qaralama siyasəti yürütdüyünün şahidi oluruq. Senatın sonuncu qətnaməsi Parisin normal əməkdaşlıqda maraqlı olmamasından xəbər verir. Fransanın hətta İrəvan üçün belə bağlanmış məsələni qurdalaması Parisin onsuz da azalmış beynəlxalq nüfuzuna xələl gətirir. Fransa rəhbərliyi artıq regionda yaranmış yeni vəziyyəti dərindən dərk etməli və Azərbaycanla əlaqələrin bərpasına can atmalıdır. Çünki Azərbaycan öz potensialı və qətiyyəti sayəsində bölgədə tamamilə yeni mühit formalaşdırıb. Bakı belə önəmsiz təzyiq metodlarına məhəl qoymadan haqlı bildiyi yolda uğurla irəliləməyə davam edəcək. Erməni xalqı da anlamalıdır ki, Vokyen kimilərin "dəstəyi" onlara yeni münaqişə və fəlakətlərdən başqa heç nə vəd etmir.
İsmayıl QOCAYEV,
"Azərbaycan"