30 ilə yaxın torpaqları erməni işğalında qalmış Azərbaycan İkinci Qarabağ müharibəsində tarixi Zəfər çaldıqdan sonra özünü "demokratiyanın beşiyi" adlandıran Fransa Ermənistanın müdafiə siyasətini gücləndirməyə başladı. Bununla da rəsmi Paris öz riyakarlığını, işğalı müdafiə etdiyini bir daha bütün dünyaya göstərdi.
Halbuki Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət edilməsi Fransanın beynəlxalq öhdəliyi idi. Amma rəsmi Paris üzərinə düşən bu öhdəliyi yerinə yetirmək əvəzinə, erməni işğalçılarına bugünəcən silah göndərir, hər fürsət düşəndə Cənubi Qafqazda savaşı körükləyir. Təəssüflər olsun ki, tarix boyu müstəmləkə siyasəti yürüdən amansız, qəddar Fransa imperiyası XXI əsrdə də əməlindən əl çəkmir. Hazırda Fransanın Karib dənizi sahillərində yerləşən Fransa Qvianası, Qvadelupa, Martinik, Fransanın cənubunda yerləşən Korsika, Sakit okeandakı Fransa Polineziyası, Yeni Kaledoniya hələ də Parisin müstəmləkəsi altındadır. Fransa bu siyasəti utanmaz-utanmaz "demokratik əməkdaşlıq" adlandıraraq həmin ərazilərdəki təbii sərvətləri zor gücünə mənimsəyir. Həm də bununla kifayətlənmir, bu ərazilərdə assimilyasiya siyasəti aparır. Müstəmləkə ölkələrindəki mətbuat orqanlarını əlində saxlayır, yalnız Parisdən gətirilən təbliğat vasitələrini yayır.
Azərbaycan Ordusunun 19-20 sentyabr 2023-cü ildə Qarabağda uğurla həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı zamanı işğalçı ordunun qalıqlarını, illərdən bəri burada kök salmış separatçıları darmadağın etməsini rəsmi Paris hələ də həzm edə bilmir. Həmin günlər Fransa BMT Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə təşəbbüslə çıxış etdi. Ermənilərin Qarabağı könüllü tərk etdiyi halda heç bir əsas olmadan hay-küy salaraq onlara qarşı guya güc tətbiq olunduğunu bildirdi. Halbuki həmin ərəfələrdə Avropa Şurasının insan hüquqları üzrə komissarının Ermənistana və Azərbaycana səfərindən sonra hazırladığı hesabatda açıq-aydın qeyd edilirdi ki, Azərbaycan hakimiyyəti tərəfindən Qarabağı könüllü tərk edən ermənilərə qarşı güc tətbiq olunmayıb.
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin layihəsi üzərində işlərin yekunlaşması mühüm hadisə kimi qiymətləndirildiyi bir vaxtda da Fransanın təxribatları səngimir. Rəsmi Paris Cənubi Qafqazda sülhə mane olan, əmin-amanlığa və sabitliyə xələl gətirən addımlar atır, erməniləri yeni müharibəyə qızışdırır, nəyin bahasına olursa olsun, regionda sülhə mane olmağa, durulmaqda olan suları yenidən bulandırmağa çalışır, ermənilərə şirin vədlər verir. İkinci Qarabağ müharibəsindəki biabırçı məğlubiyyətindən dərs götürməyən Ermənistandakı revanşistlər də Fransanın verdiyi silahlara və vədlərə güvənərək yeni müharibə xəyalları ilə yaşayırlar.
Digər bir tərəfdən Fransa insanlığa qarşı cinayətlərdə təqsirli bilinərək saxlanılmış erməniəsilli şəxslərin məhkəmə prosesinə müxtəlif vasitələrlə müdaxilə etməyə çalışır. Əsrlərdən bəridir demokratiyadan dəm vura-vura insan hüquqlarını pozan rəsmi Paris indi bu hüquqlardan danışır. Deyəsən, insan hüquqları Parisin yadına indi düşüb. Və bu zaman unudur ki, müharibə cinayətləri, etnik təmizləmə, hərbi təcavüz, işgəncə və digər ağır cinayətlərdə təqsirli bilinən erməniəsilli şəxsləri mühakimə etmək Azərbaycanın təməl haqqıdır.
Bütün bunlardan aydın görünən odur ki, Fransa Ermənistanı regionumuzda özünün əlaltısına çevirib. Cənubi Qafqaza ayaq basmaq üçün rəsmi Paris əlindən gələni edir, beynəlxalq hüquqa arxa çevirərək Ermənistanı silahlandırır, ona qan-qada, müharibə qoxuyan aldadıcı vədlər verir. Rəsmi İrəvan isə bunu görə-görə, bilə-bilə fransızların çaldığı havaya oynayır. Çünki ermənilər də müharibəyə, işğalçılığa meyillidirlər, ona görə də Parisin göstərdiyi yolla gedirlər. Fransanın erməniləri sürüklədiyi bu yol isə İrəvanı məhvə aparar.
Azərbaycana qarşı çirkin kampaniyalardan əl çəkməyən, beynəlxalq hüququ vecə almayan, dünyanın dərin hörmət və rəğbət göstərdiyi demokratik dəyərləri ayaqlar altına atan Fransa çirkin istəklərindən geri çəkilməlidir. Makronun Qarabağla bağlı cəfəng fikirlərinə artıq onun özündən başqa heç kim inanmır.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"