Azərbaycanın bütün rayonlarında Baş Siyasi İdarənin (BSİ) şöbələri var idi və bu şöbələrin səlahiyyətləri qeyri-məhdud idi.
Dağlıq Qarabağ Muxtar Vilayətində də BSİ-nin ermənilərdən ibarət Fövqəladə Üçlükləri fəaliyyət göstərirdi. Onlar Qarabağa və ətraf rayonlara daxil olan azərbaycanlı kəndlərinə nəzarət edirdilər.
1920-ci illərin axırlarından başlayaraq Xankəndidə fəaliyyətdə olan Fövqəladə Üçlüyə Qalstyan, Sarkisyan və Petrosyan daxil idilər. Bu üç nəfərin özbaşına hərəkəti və təqibləri nəticəsində Qarabağın azərbaycanlı kəndlərinin sayı getdikcə azalırdı. Hər kənddən xüsusi hazırlanmış siyahılarla 15-20 kişi güllələnir, əmlakları müsadirə edilir, ailələri də sürgünə göndərilirdi. Elə o vaxtdan Qarabağın azərbaycanlı kənd və obalarının sakinlərinin sayı getdikcə azalır, yerlərini ermənilər tuturdu.
Sağalmayan yaralar
1920-ci ilin aprel çevrilişi xalqımızın başına gələn bəlaların başlanğıcı oldu. Azərbaycanın Rusiyaya ilhaq edilməsi ilə ölkəmizdə qırmızı repressiya maşını amansızcasına işə düşdü. 1920-ci illərdən başlayan repressiyalar 30 ilə yaxın bir dövrü əhatə etdi. Sovet hakimiyyəti gəlişi ilə Azərbaycana bəla, ölüm, qan, qırğın gətirdi. Bolşeviklər ilk növbədə hakimiyyətlərinə təhlükə olan, xalq arasında və orduda ciddi nüfuza malik hərbçilərimizi aradan götürməyi planlaşdırdılar.
Təkcə 1920-ci ildə güllələnənlər arasında Azərbaycan Ordusunun 12 generalı, 27 polkovniki və podpolkovniki, 46 kapitanı, ştabskapitan, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu da var idi.
1920-ci ildə əsasən Xalq Cümhuriyyətinin hakimiyyəti illərində Milli Orduda xidmət etmiş hərbi qulluqçulara, generallara, zabitlərə qarşı başlanan repressiyalar sonradan siyasi fikir adamlarını da ağuşuna almağa başladı. Bolşeviklər yerini möhkəmləndirdikcə, hakimiyyət uğrunda mübarizə aparan qruplar arasında mövqe savaşı da güclənirdi. Beləliklə, amansız repressiya maşını öz qurbanlarını udurdu. Sovet hökuməti, eləcə də Azərbaycanda milli qüvvələrə qənim kəsilən ermənilər və onların əlaltıları öz fəaliyyətlərini genişləndirib ziyalıları, mədəniyyət və incəsənət xadimlərini, alim, yazıçı, müəllim, din xadimlərini qurbanlıq seçərək güdaza verirdilər. Onlar ya 20-25 dəqiqə çəkən "məhkəmələrin" amansız qərarları ilə güllələnir, ya da Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilirdilər. Onu da qeyd edək ki, sürgünə göndərilən soydaşlarımızın çoxunun taleyi daha faciəli sonluqla bitirdi.
Bu illərdə Azərbaycan cəmiyyətinin ən ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi düşünülərək məhv edilmişdir. SSRİ-nin bəzi respublikalarında "xalq düşmənləri"nə qarşı mübarizə planlı şəkildə yerinə yetirilirdi. Həmin dövrdə Azərbaycanda qətlə yetirilən insanlarla bağlı xüsusi plan hazırlanmışdı ki, o plana görə 3 ayda 1500 nəfər güllələnməli idi.
1937-ci və 1938-ci illərdə məhkəmədən kənar repressiyalar aparılmasına da qərar verilmişdir. Bütün ölkədə fəaliyyət göstərən 15 dəqiqədən çox çəkməyən "üçlük"lərin qərarı ilə dövlət ittihamçısının, vəkilin, bir çox halda müqəssirin iştirakı olmadan ölüm hökmü çıxarmışdılar.
Bu bir faktdır ki, əhalinin hər min nəfərinə düşən repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində birinci yerdə olmuşdur. Əgər 1920-ci illərdə birmənalı olaraq "əksinqilabçı" adı ilə cümhuriyyətçilər, yaxud müsavatçı və ittihadçılar məhv edilir və ya həbs olunub Solovki adalarına göndərilirdisə, 1937-ci il repressiyası bir qədər fərqli olmuşdur. Bu mərhələdə insanlar "xalq düşməni", "pantürkist", "sui-qəsdçi", "panislamist" yarlığı altında məhv edilirdi.
Həmin illərdə repressiya qurbanları arasında "kommunist"lərin də sayı az deyildi. Necə deyərlər, inqilab öz övladlarını da yeyirdi.
Bu illərdə mənsəb mübarizəsi, hakimiyyətə yarınmalar, rəqibini aradan götürmək üçün ən asan yol danosbazlıq hesab olunurdu. Ən pis cəhəti də bu idi ki, bütün ölkə boyu repressiya maşınının daha amansız işləməsinə xidmət edən bu üsuldan daha geniş istifadə etməyə çalışan böyük bir "ordu" yetişmişdi.
Azərbaycanda ümumilikdə 1930-1940-cı və 1950-ci illərin əvvəllərində 80 mindən çox adam repressiya qurbanı olub. Digər araşdırmalarda bu rəqəm 100 mini ötüb. Əsasən erməni istintaqçılarının "sübutlarına", erməniəsilli hakimlərin çıxardıqları qərara əsasən, təkcə 1937-ci ildə 16 Azərbaycan generalı qətlə yetirilib. Stalin repressiyaları illərində Qazaxıstanın ilan mələyən çöllərində 150 min azərbaycanlı öldürülüb və bunlardan 28 min nəfəri məhkəmə və istintaq olmadan güllələnib. Azərbaycanda ziyalılara qarşı xalqımızın düşmənləri əsl soyqırımı törədib. Ölkədə xüsusi olaraq maarifləndirmə proqramı, savadsızlığa qarşı mübarizə proqramı həyata keçirildiyi bir zamanda 29 mindən çox ziyalımız repressiya qurbanı olub. Məqsəd Azərbaycanı milli şüurdan, milli ruhdan və düşüncədən məhrum etmək idi.
Repressiyaya məruz qalanlar içərisində Abbas Mirzə Şərifzadə, Ayna Sultanova, Bəkir Çobanzadə, Cəmşid Naxçıvanski, Hüseyn Cavid, Mikayıl Müşfiq, Qambay Vəzirov, Ruhulla Axundov, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Əhməd Cavad kimi nurlu, əsl milli ruha sahib ziyalılarımız da var idi.
Repressiyalar xalqların qanlı tarixinin yaralarıdır. Üstündən illər keçsə də, unudulmayan tarixi dərslərdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"