Məşhur italyan rəssamı Koizani deyirdi: "Dekorasiya göz üçün musiqidir". Haqqında söhbət açacağımız rəssam həyatını teatr rəssamlığı sənətinə həsr etmiş, ömürboyu yüksək yaradıcılıq əzmi, rəssam təxəyyülü ilə neçə-neçə operanın bədii biçimdə qavranılmasına, bədii estetik zövq mənbəyinə çevrilməsinə əmək sərf etmiş və özünün zəngin dünyası ilə Azərbaycan təsviri sənət tarixində məxsusi yer qazanmışdır. Söhbət 100 yaşı tamam olan Azərbaycanın Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdən gedir.
Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ildə Azərbaycanın əzəli torpaqlarından olan İrəvan şəhərində dünyaya göz açıb. Onun rəssamlığa marağı erkən yaşlarından başlayıb. Əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu (1944) bitirmiş, bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə yollanmış və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunmuşdur.
Ə.Fətəliyev 1952-ci ildə Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun "Gülşən" baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək institutun Teatr rəssamlığı fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1952-1955-ci illərdə Moskvada yerləşən və o zaman sovetlər məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəl təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti kimi çalışmışdır. Gənc rəssam Böyük Teatrda rejissorlar B.Pokrovski, L.Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə çox böyük yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin ən incə mətləblərinə yiyələnmişdir. Ə.Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi teatrda C.Verdinin "Traviata", N.A.Rimski-Korsakovun "Qar qız", D.Kabalevskinin "Nikita Verşinin", A.Rubinşteynin "Demon" tamaşalarının bədii tərtibatının hazırlanmasında yaxından iştirak etmişdir. Təbii ki, bu cür peşəkar təcrübə və işbirlyi gənc teatr rəssamının yaradıcılığının inkişafı və püxtələşməsində ələdüşməz fürsət idi.
1955-ci ildə rəssam doğma Bakıya qayıdaraq ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır. O, teatrda əvvəlcə quruluşçu rəssam, 1957-ci ildən isə teatrın baş rəssamı kimi bir çox məşhur opera tamaşasına bədii tərtibat vermiş və səhnə əsərlərinin tamaşaçılar tərəfindən daha dərindən qavranılması və bədii zövq alması üçün yüksək yaradıcılıq əzmi ilə fəaliyyət göstərmişdir.
Ə.Fətəliyev bədii yaradıcılıqla yanaşı, ölkəmizdə ixtisaslı teatr rəssamı kadrlarının hazırlanmasına da əmək sərf etmiş, 20 ildən artıq Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur.
Rəssamın uzunmüddətli uğurlu bədii və pedaqoji yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1964-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Ə.Fətəliyevin Akademik Opera və Balet Tearında ilk müstəqil işi gürcü bəstəkarı Zaxari Paliaşvilinin "Daisi" (1956, quruluşçu rejissor Şəmsi Bədəlbəyli) operası olmuşdur. Rəssam əsərin ideya qayəsinin daha mükəmməl şəkilləndirilməsi və açılmasına xidmət edən uğurlu səhnə tərtibatı hazırlamışdır. İlk işinin uğurlu alınmasından fərəhlənən rəssam bundan sonra özünün peşəkar yaradıcılıq təcrübəsinə əsaslanaraq bir çox tamaşanın bədii tərtibatını hər bir əsərin öz ruhuna uyğun və tamaşanın ideya qayəsinə xələl gətirmədən, əsl peşəkarlıqla və yüksək zövqlə həyata keçirmişdir.
Ə.Fətəliyevin bədii tərtibat və quruluşunu hazırladığı opera tamaşalarına Cahangir Cahangirovun "Azad" (1957), "Xanəndənin taleyi" (1979), Fikrət Əmirovun "Sevil" (1959), Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (1959, 1975, xalq rəssamı Tahir Salahovla birgə), Süleyman Ələsgərovun "Bahadur və Sona" (1961), Cüzeppe Verdinin "Aida" (1961), "Traviata" (1964), "Otello" (1982), Aleksandr Borodinin "Knyaz İqor" (1964, 1975), Modest Musorqskinin "Boris Qodunov" (1966), Vasif Adıgözəlovun "Ölülər" (1967), Pyotr Çaykovsknin "Qaratoxmaq qadın" (1968), Qara Qarayevin və Cahangir Hacıyevin "Vətən" (1973), Zakir Bağırovun "Aygün" (1973) və başqalarını qeyd etmək olar.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə "Koroğlu" və "Sevil" operalarının səhnə tərtibatı rəssamın yüksək peşəkarlığı, dərin bədii duyma qabiliyyəti və gərgin yaradıcılıq axtarışları hesabına ərsəyə gəlmişdir. Rəssamın uğurlu yaradıcılıq fəaliyyəti o zaman tamaşaçılar və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
Tanınmış incəsənət xadimləri, tənqidçi, sənətşünas və mütəxəssislər Ə.Fətəliyevin yaradıcılığını yüksək qiymətləndirmişlər. "Azad" tamaşasını hazırlayanda bədii şurada opera sənətimizin korifeylərindən olan, Xalq artisti Bülbül rəssamın yaradıcı əməyindən danışarkən "Mən teatrda neçə illərdir işləyirəm, teatr səhnəsinin belə dərinliyini görməmişəm" demişdir. Həmçinin xalq yazıçısı Mirzə İbrahimov "Azad" tamaşasına münasibətini bildirərkən rəssamın yaradıcılığını xüsusi vurğulayaraq, bunu "gücləndirici vasitə", "rəssam ustalığı" kimi qeyd etmişdir. Sənətşünaslıq doktoru Nurəddin Həbibov isə rəssamın yaradıcılığı barədə yazırdı: "Ə.Fətəliyev üslub və bədii obrazlar cəhətdən bir-birindən fərqlənən tamaşalar üçün müxtəlif təsvir vasitələri tapa bilir, səhnə meydançasından, hadisələrin ritminə uyğun yığcam və ahəngdar formalardan, rənglərdən səmərəli istifadə edir, səhnə mühitinin şərti və realist səpkidə baxılmasına səy göstərir".
Sevilən rəssam daim yüksək sənət amallarına sadiq qalaraq, əsl coşqu ilə opera və balet əsərlərinin bədii təsir qüvvəsinə və yüksək estetik meyarlarına uyğun bir-birindən gözəl bədii səhnə tərtibatları hazırlamışdır. Bu il həm də dünyasını dəyişməsindən 25 il ötən məşhur teatr rəssamı Əyyub Fətəliyevin bədii yaradıcılıq fəaliyyəti Azərbaycan təsviri sənət tarixində əbədi qalacaqdır.
Əsəd QULİYEV,
Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas