Ya Rəb bəlayi-eşq ilə qıl aşina məni!
Bir dəm bəlayi-eşqdən etmə cüda məni!
"Yəqin ki, məndən əvvəl də, sonra da, bəlkə
elə mənimlə eyni gündə başqa Fərizələr də doğulmuşdu. Fərizələr... Onlardan biri
də mənəm... Düşünürəm ki, adımın daşıdığı özəl xüsusiyyətlər, həyatımdakı bütün
anlara sirayət edib, atdığım bütün addımlarda doğruluğu, fədakarlığı, bəşəri sevgini
aşılayıb...”
Bir dastan yazılırdı tarixə...
O gün, əbədiyyətə qovuşurdu...
Zərrələrə çevrilərək qətrə-qətrə xatirələrə,
yaddaşlara, qəlblərə hopurdu...
Elə həmin an doğulan körpələr hayqırtıları
ilə dünyaya gəlişlərini müjdələyirdilər...
Və beləcə, dünya yeni-yeni qəhrəmanlarına
qucaq açırdı...
Və həm də bir dastan yazılırdı tarixə, "İlham
və Fərizə”...
Nağıllardan, əfsanələrdən, divan ədəbiyyatımızdan
aşinaydıq bu cür eşqlərə...
Onlar bütün bu yazılanları reallığa çevirdilər...
Vətənə bağlılığın, sevgiyə əhdin zirvəsi
fəth olundu gözlərimiz önündə...
Canlı şahidlərinə çevrildik bu sevginin...
1990-cı ilin Qanlı Yanvarıydı...
O ölmədi...
Tarixdə hər zaman fəxr edəcəyimiz, qürur
duyacağımız qəhrəmanlarımız olub...
Son 29 il
isə zaman real qəhrəmanlar qoydu ortaya. Bu qəhrəmanlardan biri də Fərizə oldu,
Fərizə Allahverdiyeva...
Xalq eşqinə
sadiq bu Azərbaycan qızını ölməyə qoymadı, qan yaddaşına yazdı, adını əbədiyaşar
etdi...
Yeni doğulan
körpələrini Fərizə adlandırdı gənc analar...
Bir Fərizə
haqq dünyasına qovuşdu, ruhundan saçılan qığılcımlar isə minlərlə körpənin qəlbinə
şölə saçdı...
"Azərbaycan”ın
Fərizəsi...
"Azərbaycan”
qəzetinin əməkdaşı Fərizə Əhmədova da, həmin Fərizələrdən biridir və adı ilə bağlı
qürurverici həyat hekayəsindən danışır...
Deyir ki,
o sevginin əfsanəyə çevrilməsindən iki il sonra, 1992-ci ildə Azərbaycanın dilbər
guşələrindən biri, Zəngilanda dünyaya göz açıb: "Adımı bibim qızı qoyub. O vaxt
çox gənc idi və bu sevgi dastanından təsirlənərək, məni də Fərizə adlandırmaq istəmişdi.
Hələ uşaqlıqdan yadımdadır ki, adımı eşidən hər kəs maraqla qarşılayır, dərhal deyirdilər
ki, hə, həmin Fərizə...”
"İstəmirdim
adı Fərizə olsun...”
Düzdür, anası
əvvəlcə körpəsinin Fərizə adlandırılmasını, qızına bu nakam eşq qurbanının adının
verilməsini istəmir, amma...
Anası Rəfiqə
xanım: "1990-cı ilin yanvar acısının ürəyimizə vurduğu dağ hələ getməmişdi ki, ermənilər torpaqlarımızı işğal etməyə başladı.
Üzümüz heç gülmür, qəm-kədər, hüzn, hər tərəfdən gələn şəhid xəbərləri bağrımızı
parçalayırdı. Fərizənin dünyaya gəlməsi də bu keşməkeşin, qan-qadanın yaşandığı
bir dövrə düşmüşdü. İstəmirdim ki, onun adı Fərizə qoyulsun, qorxurdum ki, birdən
adı ilə yanaşı, taleyi də qızımın bəxtinə yazılar...”
Bibisi qızı
Yeganə: "18 yaşım var idi. O zamanki gənclərin hər biri İlham və Fərizə sevgisinin
təsirində idi. Biz gənclər də öz sevgimizdə İlham kimi cəsur, Fərizə kimi fədakar
olmaq istəyirdik. İstəyirdik biz də onlar kimi olaq, sevgimiz dillərdə dastana çevrilə...
Fərizə və İlhamın bu saf sevgisindən çox mütəəssir olaraq yeni doğulan dayım qızına
Fərizə adını qoymaq istədim...”
Anası Rəfiqə
xanım: "Nə yaxşı ki, o zaman razılaşdım... Fərizəm elə adını daşıdığı o Fərizə kimi,
saf, sevgi dolu, qürurlu, ailəcanlı, vəfalı bir övlad oldu mənə... Ən böyük arzumdur
ki, Fərizə xoşbəxt olsun, onu ağ duvaqla, vağzalı sədaları altında gəlin yola salım...”
"Öz İlhamımı
tapıb, onu itirməkdən qorxuram...”
Uşaq vaxtlarından
Fərizənin bu dünyadan nakam getməsi ilə barışmır, hər zaman düşünürdü ki, kaş möcüzə
baş verəydi və Fərizə əl saxlayaydı, qıymayaydı özünə: "Amma zamanla başa düşdüm
ki, Fərizə bu həyatdan sadəcə, cismani olaraq köçüb, o gedibsə də, yerində vətəninə,
xalqına, milli-mənəvi dəyərlərinə sadiq gənclər yetişib”.
Fərizə deyir
ki, məktəbdə yeganə Fərizə adlı qız o olub: "Fərizə deyən kimi hamı tanıyırdı. İndi
"Azərbaycan” qəzetinin redaksiyasında da, tək Fərizə mənəm və kimə desən, tanıyacaq...”
Fərizə sözünün
mənası "mübariz, dözümlü” deməkdir. Fərizə Əhmədova da, iradəli, qarşısına qoyduğu
məqsədlərə çatmaq uğrunda heç bir çətinlikdən qaçmayan, ən əsası da humanist bir
xanımdır... O, qardaşı olmadığından ailəsinə
oğul dəstəyi, dostluqda vəfalı, istiqanlı bir xanımdır...
Heç bir çətinlik
onu çəkindirə bilməz, bu həyatda isə onun bircə narahatlığı var: "Öz İlhamımı tapıb,
onu itirməkdən qorxuram...”
Yaşamağa dəyər
şeylər üçün ölməyə dəyər...
Deyirlər,
bu həyatda yaşamağa dəyər şeylər üçün, ölməyə dəyər... Bunlardan biri vətəndir,
biri sevgi. Elə Fərizəylə İlham da bu iki müqəddəs amal uğrunda canlarından keçdilər...
Bu gün Şəhidlər
xiyabanının ön səfində qoşa məzar uyuyur, İlham və Fərizənin məzarı...
Bu gün Fərizəylə
İlhamın bəy-gəlin paltarlı gülümsəyən fotolarının vurulmuş olduğu başdaşı, onları
ziyarətə gələn, məzarına qərənfillər düzən bütün gənclərin and yeri, eşq səcdəgahıdır...
Və elə bu
uğurda ölməyə də dəyər, yaşamağa da...
Canını cananə
verməkdir kəmalı aşiqin,
Verməyən can
etiraf etmək gərək nöqsaninə...
Yasəmən MUSAYEVA,
Ağaəli Məmmədov
(foto),
"Azərbaycan”