08 May 2025 08:45
525
CƏMİYYƏT
A- A+
Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, sən azadsan!


Düz beş ildir ki, Şuşanın azadlığının xoşbəxtliyi içərisindəyik...

Qarabağın ürəyi Şuşanın təqvimlərdə qara haşiyəyə alınmış işğal günü artıq qırmızıya boyanıb... 

Zəfər ünvanımız Şuşanın başının üzərindən qara buludlar çəkilib, Azərbaycanın bu müqəddəs şəhəri düşmənin murdar aurasından təmizlənib... 

İndi müqəddəs məscidlərimiz Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı... məscidlərində namaz qılan insanlarımızın şükranlıq duaları, azan sədaları Şuşadan pillə-pillə Tanrı dərgahına ucalır...

"Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri kimi tarixi-mədəni ənənələri bərpaolunan mədəniyyət paytaxtımız Şuşa küllərindən yenidən doğulan Simurq quşu misalı başdan yaranıb, xarabalıqlardan abadlığa doğru mətin yol alıb.

Hazırda quruculuğun baş meydanına çevrilən Şuşa doğma, əziz sakinlərinə bir-bir qucaq açır, onlarla yenidən qovuşur, bütövləşir. Bir qərinəlik ayrılığın ardından doğma şəhərlərinə dönən şuşalılar yenidən burada bəxtəvər həyata qədəm qoyurlar... 

İndi Şuşada toylar çalınır, körpələr dünyaya göz açır, uşaqlar sevinclə məktəblərə üz tuturlar... 

"Natəvan", "İsa bulağı" yenidən çağlayır, bu qədim yurdun mənəvi, mədəni simvolları olan Üzeyir bəyin, Natəvanın, Bülbülün tarixi yerlərinə qaytarılmış güllələnmiş heykəlləri indi Zəfər yolu ilə bu sıldırımlar üzərində bina olunmuş şəhərə ziyarətə gələnlərə Şuşanın azadlıq dastanını danışırlar.

Danışırlar ki, düz üç əsr əvvəl Pənahəli xanın təməlini qoyduğu bu müqəddəs şəhəri 2020-ci il noyabrın 8-də düşməndən azad edən Qarabağın xilaskarı İlham Əliyev Azərbaycan xalqına torpaqlarımız uğrunda şəhadətə qovuşan vətən övladlarının uyuduğu Şəhidlər xiyabanından qələbə müjdəsi vermiş, dünyaya hayqırmışdı ki...   

"Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"


Şuşa andı 


Şuşa Azərbaycan xalqının ulu tarixi, milli kimliyi, fəxarətli dünəni, qürurlu bu günü, nurlu sabahıdır... 

İlahi hisslərimizin müqəddəs məbədi, Vətən qibləmiz Şuşa Azərbaycan xalqı üçün sadəcə yaşayış məskəni deyil və biz Şuşanı dünyanın dilbər guşələrindən biri olduğu üçün sevmirik. Qəlbimizin sarı simi Şuşa tükənməyən arzularımızın, sarsılmaz inamımızın inikası, azadlıq eşqimizin qanadlanan, zəfərlərimizin, qələbələrimizin gerçəkləşmə ünvanıdır...

Bütün bunlardır Şuşanı İlahi məhəbbətlə sevməyimizə səbəb...

Bütün bunlara görədir ki, İkinci Qarabağ müharibəsində də hər kəs bu müqəddəs torpağı canından çox sevən Azərbaycan oğullarının canlarını qurban verməkdən belə çəkinməyərək vətən qiblələri sandıqları Şuşanı necə qəhrəmanlıqla, dünyada mislinə rastlanmayan şücaətlə azad etdiklərinə şahidlik etdi. 

İşğal altında olduğu  onilliklər ərzində bir an da olsun özümüzü Şuşasız təsəvvür etmədik, bu qorxunc fikri heç zaman yaxına buraxmadıq...

Hər zaman ürəyimizdə bir gün mütləq Şuşanın azad ediləcəyinin qəti inamı oldu. 

Şuşanın müqəddəs daşına, torpağına and içdik ki, qədim yurdumuzu azad etməyənə qədər bu yolda öldü var, döndü yox...

Ötən 28 il boyu bu ulu diyarın azadlıq gününə addım-addım yaxınlaşmağa başladıq... 

Nəhayət, o müqəddəs gün yetişdi...

2020-ci il sentyabrın 27-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "İrəli!" əmri ilə "Zəfər yürüşü"nə çıxan Azərbaycan oğulları Vətən torpaqlarımızı işğaldan azad etməyə başladılar. İgidlərimiz Vətən müharibəsi dövründə Müzəffər Ali Baş Komandan İlham Əliyevin "Şuşasız bizim işimiz yarımçıq qalar" kod işarəsinin tələblərini zərgər dəqiqliyi ilə yerinə yetirərək  istiqaməti birbaşa Qarabağın ürəyi Şuşaya doğru götürdülər. 

Zəfər qalamız uğrunda ölüm-dirim savaşına çıxan  qəhrəmanlarımız minalı ərazilərə, işğalçı Ermənistanın onilliklər ərzində qurub möhkəmləndirdikləri sədlərə, dərin dərələrə, keçilməz sıldırımlara, havanın şaxtalı, qarlı olmasına, düşmənin yağış kimi yağdırdığı güllələrə, mərmilərə rəğmən Şuşaya uzanan ölüm təhlükəli yolu bir həmlədəcə keçdilər. Qəzəb, qisas hissi ilə silahlanmış igid döyüşçülərimiz qədim şəhərimizin bina olunduğu sıldırımları aşaraq yağıların murdar nəfəslərini yalın əllə kəsdilər. Şuşanı murdar düşməndən təmizləyərək əzəli sahiblərinə qaytardılar. 

2020-ci il noyabrın 8-də şanlı Azərbaycan Ordusu Şuşanın misli görünməmiş azadlığının timsalında dünya hərb tarixinə yeni və təkrarolunmaz səhifələr həkk edərək altına qızıl imzasını atdı. 

Bu böyük zəfəri Şəhidlər xiyabanından xalqımıza müjdələyən, dünyaya duyduran Prezident İlham Əliyev həm də Müzəffər Ali Baş Komandan kimi hiss etdiyi təsvirəgəlməz qüruru bu fikirlərlə ifadə etdi: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. 

İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!"

Ulu Öndər Heydər Əliyevin siyasi irsinin təməlləri üzərində dövrün tələblərinə uyğun çevik və adekvat, diplomatik, hərbi siyasət yürüdərək Azərbaycanı ən uca məqama, torpaqlarının bütövlüyünə yetirən Qarabağın xilaskarı İlham Əliyevin həmin tarixi gündə Ulu Öndərin məzarını ziyarət etməsinin də öz rəmzi mənası oldu: "Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları!"


8 may tarixi həm də qan yaddaşımızdır 


2020-ci il noyabrın 8-də könlündə, qəlbində Qarabağ, Şuşa ruhu olan qəhrəman Azərbaycan oğulları Vətən qibləmiz Şuşanı azad edərək xalqımıza Zəfər günü ərməğan etdilər. Düz 28 illik intizardan, həsrətdən, nisgildən, qubardan sonra Azərbaycan xalqı  Şuşanın azadlığının sevinc göz yaşlarına boğuldu...

Amma bu xoşbəxt günlərə çatana, torpaqlarımıza yenidən qədəm qoyana, vətən ətrini sinədolusu ciyərlərimizə çəkənə qədər xalqımız o qədər cəfalar, əziyyətlər, bəlalar çəkdi, faciələr yaşadı ki... 

Əslində, qorxaq erməni nə karə idi ki, Şuşa kimi alınmaz qalanı işğal etməyə hünəri çataydı. Bu hər kəs tərəfindən bilinən, bəlli həqiqət idi ki, Qarabağın ürəyi Şuşanın işğal altına düşməsi həmin zaman ölkəmizdə hökm sürən siyasi özbaşınalığın, hakimiyyət, kreslo uğrunda edilən satqınlığın nəticəsi idi. 

O dövrdə hakimiyyəti zorla zəbt etmiş antimilli ünsürlər torpaqlarımızın qorunması üçün deyil, hakimiyyət uğrunda bir-biriləri ilə didişirdilər. Qarabağa düşmən üzərinə göndəriləsi tanklar, zirehli maşınlar Bakının küçələrində şütüyürdülər...

1992-ci il mayın 8-də antimilli ünsürlərin xəyanətinin, satqınlığının nəticəsi olaraq Şuşa kimi alınmaz qala itirildi, bundan sonra digər rayonlarımız da bir-birinin ardınca erməni işğalına məruz qaldı. Azərbaycanın 20 faiz torpağının zəbt edilməsi, əhalimizin qətliamlarla, soyqırımları ilə üzləşməsi, yüzminlərlə insanımızın məcburi köçkünlüyün gətirdiyi maddi-mənəvi zülmlərə tuş gəlməsi məhz vaxtilə AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyinin, vətən xəyanətinin nəticəsi idi... 

30 ilin o üzündə yaşadığımız bütün bu faciələr qan yaddaşımızdır və Azərbaycan xalqı olaraq heç zaman o günləri unutmayacaq, bizi bu bəlalara düçar edən milli xəyanətkarları bağışlamayacağıq. 

Şuşa zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsi sayəsində onilliklər boyu alnımızda qara ləkə kimi daşıdığımız məğlubiyyət damğası da birdəfəlik silindi, yerini qalibiyyətə verdi, milli qürurumuz bərpa olundu. 

Azərbaycan xalqı məğlub xalqdan qalib xalqa çevrildi...  


Qayıdış təntənəsi yaşayan Şuşa


İndi hər birimiz igid döyüşçülərimizin canları, qanları bahasına açdığı "Zəfər cığırı" ilə Şuşaya ziyarətə yollanır, yolboyu bu ərazilərin çətin coğrafi şəraitini seyr etdikcə heyrətə gəlir, Azərbaycan oğullarının göstərdikləri şücaətə bir daha heyran olur, müqəddəs şəhidlərimizin ruhuna dualar oxuyuruq...

İndi Şuşa həyatının ən xoşbəxt, ən şaqraq, ən fərəhli günlərini yaşayır... 

Qarabağın mirvarisi Şuşaya azadlıq bəxş edən Qalib Lider İlham Əliyev Şuşanı başdan yaradır, ona yeni nəfəs verir...

Şuşada evlər, məktəblər, bağçalar tikilib istifadəyə verilir, infrastruktur qurulur...

Böyük quruculuq meydanına çevrilən, hərtərəfli işlər gerçəkləşdirilən Şuşada Mehriban xanım Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu tərəfindən tarixi, dini, mədəni abidələrimiz müvəffəqiyyətlə bərpa olunur. Mədəniyyət paytaxtımız Şuşanın ənənəvi tarixi bayramları da öz axarına düşür, "Xarıbülbül" Musiqi Festivalı, Vaqif Poeziya Günləri kimi... 

Ümumiyyətlə, azadlığının üzərindən heç bir il keçməmiş qoynunda musiqi festivalları, poeziya günləri düzənlənən Şuşanın hər günü bayram coşqusunda keçir. Mədəniyyət paytaxtımız kimi şərəfli statusa malik Şuşa ötən müddətdə türk dünyasının paytaxtı olub, şəhərin 270 illik yubileyi təntənə ilə qeyd edilib, 2022-ci il başdan-başa "Şuşa ili" kimi keçirilib. Bir sözlə, Şuşanın milli, mənəvi, mədəni ruhu da özünə qaytarılıb.  

Şuşanın bu qısa zamanda dirçəldilməsi isə birbaşa dövlət başçısı İlham Əliyevin şəxsi qətiyyətinin və əzminin möhtəşəm təzahürüdür. Əbəs deyildi ki, hələ 44 günlük Vətən müharibəsində, Şuşanın mümkün qədər az dağıntı ilə azad edilməsi, Ali Baş Komandanın döyüşçülərimizə qəti tapşırığı olmuşdu.

Məqsədyönlü şəkildə həyata keçirilən bütün bu müstəsna işlər həm də Şuşanın tezliklə əzəli sakinlərinə qovuşdurulmasına mühüm zəmin yaradıb. Bu gün Şuşadan azərbaycanlıların doğma həniri gəlir. 

2024-cü il mayın 10-da - vaxtilə Şuşada azərbaycançılıq məfkurəsinin məşəlini alovlandıran, onun dirçəldilməsində birbaşa əməyi olan Ulu Öndər Heydər Əliyevin doğum günündə Şuşaya ilk köçən sakinlərlə görüşü zamanı Prezident İlham Əliyev söylədi ki, bu gün Şuşanın yeni tarixi başlayır: "Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik.

Bax bu gün biz dirçəldilən Şuşanı görürük".

Vətən müharibəsindən dərhal sonra quruculuq işlərinə start verilən qala şəhərimizə ilk olaraq Zəfər yolu çəkilib. İndi həmin yolla və yeni çəkilən digər yollarla Şuşaya üçrəngli, ay-ulduzlu Azərbaycan bayraqları ilə bəzədilmiş qayıdış karvanları yola salınır. Bu gün artıq Şuşanın 1396 nəfər sakini var və onlar dədə-baba yurdlarında yaşamağın sevincini duyurlar. Qarşıda isə bütün şuşalıları bu cür bəxtəvər günlər gözləyir... 

Bəli, Azərbaycan xalqı olaraq, Şuşa Zəfərinin fonunda cəmi beş il əvvələ qədər hamımıza gerçəkləşməsi mümkünsüz kimi görünən möcüzəvi gerçəkliklər yaşayırıq. 

Ürəyimiz sevincdən atlanır, var gücümüzlə dünyaya hayqırırıq: "Sən ey Vətən qibləmiz, Şuşa, azadlığın mübarək!"


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!