Ermənistanın çoxillik münaqişə təcrübəsi göstərir ki, bu ölkə Azərbaycana qarşı hər hansı məkrli bir plan qurarkən ölkəmizin əleyhinə yönələn yalan, böhtan dolu məlumatların sayını daha da artırıb, təxribatlar törədib, müxtəlif bəhanələrlə atəşkəsi pozub...
Haylar yenə də ənənələrinə sadiqdirlər. Azərbaycanla bağlanacaq sülh müqaviləsinin şərtlərini qəbul etdiklərini həvəslə tirajlayırlar. Əslində Ermənistan sülh sazişini imzalamağa heç də tələsmir, "sülh" oyunu oynayır. Ermənistan hakimiyyətinin taktikası belədir. Rəsmi İrəvan özünü dünyaya sülhün tərəfdarı, Azərbaycanı isə sülh əleyhinə olan dövlət kimi təqdim etməyə çalışır...
Sülh sazişini imzalamağa "hazır" olan Ermənistan Göyçə gölündən Araz çayına qədər olan, təxminən 400 kilometr məsafədə, şərti sərhəd bölgəsində yeni mühəndis-istehkam işləri həyata keçirib, müdafiə xətti formalaşdırıb. Qərbdən aldığı silah-sursatlar həmin ərazilərə gətirilib. Orada yeni hərbi birləşmələrin, silah və texnikaların yerləşdirilməsi təmin edilib. Əgər Ermənistan sülh istəyində səmimidirsə bu prosesi dayandırmalı və səmimi şəkildə münaqişənin həlli, ümumiyyətlə, Cənubi Qafqazda sabitliyin bərqərar olunması üçün konkret addımlar atmalıdır. Təəssüf ki, Ermənistan kənar qüvvələri bölgəyə cəlb etməklə münasibətləri başqa istiqamətə çəkməyə çalışır.
Aİ-nin "mülki müşahidə missiyası" adı ilə Ermənstana yerləşdirdiyi qüvvələr sülh proseslərinə mane olur.
Sülh sazişini imzlamağa hazır olan Ermənistan bu günlər ölkəmiz əleyhinə yönələn təbliğat maşınını tam qüvvəsi ilə işə salıb, daha fəal proqramda fəaliyyət göstərir.
Erməni lobbisi Avropa İttifaqı Parlamentindən Bakıda saxlanılan ermənilərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb edən qətnamə də alıb. Qətnamədə saxlanılan ermənilərin guya qeyri-insani rəftara məruz qalmaları, hətta psixotrop maddələrin tətbiqi kimi absurd iddialar irəli sürülüb. Ermənistanın 30 il ərzində Azərbaycan ərazilərini işğal edərək hərbi cinayətlər və etnik təmizləmə aparması Avropa üçün önəm daşımadığı halda, Aİ-nin bir daha beynəlxalq hüquq normalarını ayaqlar altına ataraq separatçılara və Azərbaycana qarşı təxribatlarda iştirak edən şəxslərə himayədarlığını nümayiş etdirməsi, qanuni məhkəmə proseslərinə qarşı çıxması, bu ittifaqın ikili standartlarla fəaliyyət göstərdiyini, Ermənistanınsa bu təşkilatın fəal istifadə etdiyi "peşka" olduğunu açıq şəkildə sübut edir.
Qeyd edək ki, ABŞ-də Donald Trampın hakimiyyətə gəlişi dünyanın siyasi və hərbi arxitekturasında ciddi dəyişikliklərə aparır. Artıq Ermənistanda da dərk edirlər ki, Tramp administrasiyası üçün bu ölkə əhəmiyyətli tərəfdaş deyil. Eyni zamanda baş verən qlobal hadisələr fonunda Ermənistanın daha çox güvəndiyi Avropa Birliyi və Fransanın hazırda bu ölkəyə təhlükəsizlik təminatı vermək imkanı yox dərəcəsindədir. Siyasi səhnədə baş verən ciddi dəyişikliklər, sürətlə ABŞ-Rusiya yaxınlaşması bu gün Qərbi daha çox öz taleyini düşünməyə məcbur edir. Eyni zamanda Ermənistan ordusunun Azərbaycan Ordusuna nisbətdə bütün göstəricilər üzrə dəfələrlə geridə olması indiki məqamda sülh bəyanatları verməklə status-kvonu saxlamağa məcbur edir.
Ermənistanı sülh sazişini imzalamağa "razı" salan səbəblərdən bəhs edərkən mütləq ölkə daxilində baş verən hadisələri də nəzərə almaq lazımdır. Yaranmış vəziyyətdən maksimum istifadə etməyə çalışan revanşistlər, o cümlədən onların orduda təmsil olunan qüvvələri vəziyyəti dəyişmək, sabitliyi pozmaq üçün əllərinə fürsət düşdüyünü zənn edirlər. Bu günlərdə müharibədə itkin düşən hərbçilərin valideynlərinin övladlarını xatırlamaları, İrəvanda qarışıqlıq salmaq istəmələrini də təsadüfi hesab etmək olmaz. Paşinyan hakimiyyətinin məğlubiyyəti üçün hər cür imkandan istifadə etməyə çalışan qüvvələrin iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına maneçilik törətməyə çalışdıqları da göz qabağındadır.
Şübhəsiz ki, sülh sazişinin imzalanması Paşinyan hakimiyyətinə siyasi-iqtisadi dividendlər gətirə bilər. Ümumilikdə Ermənistanla bağlanacaq sülh müqaviləsi bu ölkənin gələcək taleyində çox mühüm rola malikdir. Bunu ölkənin taleyinə cavabdeh olan Ermənistan rəsmiləri də, müxalifəti də dərk etməkdədirlər. Elə bu səbəbdən də Paşinyan hakimiyyəti nizamlanma prosesini sürətləndirməyə maraq göstərsə də, Ermənistan müxalifəti hər vəchlə buna mane olmağa çalışır. Avropanın öz canının hayına qaldığı indiki məqamda Qərbin adamı olan Nikol Paşinyanın vəziyyəti heç də ürəkaçan deyil.
Xatırladaq ki, baş nazir Nikol Paşinyan hökumət üzvləri və hakim Mülki Müqavilə Partiyasının nümayəndələri ilə keçirdiyi görüşdə "Bakı dəhliz tələbindən geri çəkilmir, razılaşmasaq, müharibə qaçılmaz olacaq. O, ictimaiyyəti bu barədə məlumatlandırmağın zəruri olduğunu bildirib". Qəribədir ki, Paşinyanın müharibə anonsu verdiyi vaxtla Ermənistan sülh sazişini imzalamağa hazır olduğu vaxt üst-üstə düşür. Sual yaranır: tezliklə sülh sazişi imzalanarsa, Zəngəzur dəhlizinə kim nəzarət edəcək? Əslində 2020-ci ilin noyabrında imzalanan üçtərəfli Bəyanata görə, dəhlizə nəzarəti Rusiyanın sərhəd qoşunları həyata keçirməlidir. Bu, faktiki olaraq Ermənistanın İranla yeganə sərhədinin Rusiyanın nəzarətinə keçməsi deməkdir. İran və Ermənistan bunu istəməsə də, Moskva dəhlizə nəzarəti əldən vermək niyyətində deyil.
Belə qənaətə gəlmək olar ki, Ermənistanın sülh sazişini imzalamaq barədə verdiyi açıqlamalarında başqa niyyəti var: əsas məqsədi vaxt qazanmaqdır. İndiki qarışıq məqamda N.Paşinyan hansı səmtə üz tutacağını deyəsən hələ ki, dəqiq müəyyənləşdirə bilməyib.
Elşən QƏNİYEV,
"Azərbaycan"