İşğalçı ölkədə yenə də hərbi xidmətə yararsızlar, kasıblar göndərilir
Üzləşdiyi tənəzzüldən xilas ola bilməyən Ermənistanda digər sahələrlə yanaşı, ordu quruculuğu prosesində də yaşanan problemlərin miqyası davamlı surətdə genişlənməkdədir. Elə bunun nəticəsidir ki, şəxsi heyətin itkisi baxımından qeydə alınan rəqəmlər getdikcə daha da böyüyür.
Ordu rəhbərliyində aparılan dəyişikliklər də problemin qarşısının alınması istiqamətində hansısa yeniliyə gətirib çıxarmır. Əksinə, həm döyüş, həm də qeyri-döyüş şəraitində həyatını itirən erməni hərbçilərinin sayı durmadan artır. Təkcə cəbhə zonasında bu ilin ötən dövrü ərzində 60-a yaxın erməni hərbçisi həyatını itirib. Qeyri-döyüş şəraitində də ölən erməni hərbçilərinin sayı az deyil. “Joxovurd” qəzeti yazır ki, bu il ərzində Ermənistan silahlı qüvvələrində bu məqam hətta hüquq-mühafizə sistemində ciddi narahatlıqlar doğurur. Qəzet bildirir ki, baş verən ölüm hallarında məsul olan bir nömrəli şəxs - Ermənistan müdafiə naziri Vigen Sarkisyan isə problemi önləmək üçün hansısa addım atmaq iqtidarında deyil.
Bu isə həm ondan, həm də prezident Serj Sarkisyandan cəmiyyətdə olan narazılığı daha da artırır. Bundan narahat olan hakimiyyət rəhbərlyinin qərarı ilə bir sıra generallar və yüksəkrütbəli zabitlər tutduqları vəzifədən azad edilib. Ermənistan ordusunun baş qərargah rəisi Movses Akopyan bildirib ki, Qarabağda yerləşdirilən bir sıra hərbi hissə komandiri və onların müavinləri vəzifələrindən azad edilib. Amma erməni mediası yazır ki, vəzifədən azad etmələr də problemlərin qarşısını almaq iqtidarında deyil. Əksinə, real vəziyyətin təhlili orduda qanun pozuntularının miqyasının artdığını göstərir.
Məsələn, Ermənistanın Gümrü şəhərinin sakinlərindən biri hüquq müdafiəçisi Armine Sadikyana şikayətlənib ki, onun xəstə oğlunu müalicə etmədən Azərbaycanın işğal edilmiş ərazilərinə, Cəbrayıl rayonuna xidmətə göndəriblər. Hüquq müdafiəçisi həmin əsgər, yəni, Usik Kirakosyan barədə “epress.am” saytına bildirib ki, bir müddət əvvəl əsgəri müalicə etmədən hospitaldan buraxıblar, Xankəndiyə, oradan isə Cəbrayıla, xidmət etdiyi hərbi hissəyə qaytarıblar.
Kirakosyanın anası hüquq müdafiəçisinə deyib ki, onun oğlunun qarnı həmişə ağrıyır, mədəsində qıcqırma var, başında isə irinli sızanaqlar yaranır və bu səbəbdən dözülməz ağrılarla üzləşir: “Biz Müdafiə Nazirliyinə yazmışıq ki, Kirakosyanı sağaltmadan hərbi hissəyə qaytarmasınlar. Amma bunu etmədilər. O, yuxusuzluqdan da əziyyət çəkir, ancaq sağaltmaq əvəzinə, irad tutublar ki, gecələr oyaq qalıb başqalarına mane olur”.
Hüquq müdafiəçisi əsgərin vəziyyəti ilə bağlı tibbi ekspertiza tələb edib. Onun sözlərinə görə, əsgərin sənədlərində onun xroniki bronxitin kəskinləşməsindən əziyyət çəkdiyini yazıblar, ancaq qarnındakı daimi ağrılar və başındakı irinli sızanaqlar haqda heç nə göstərməyiblər: “Müdafiə Nazirliyinin əmrinə əsasən, tibbi komissiya Kirakosyanı müəyyən şərtlərlə xidmətə yararlı hesab edib. Ancaq əmrdə göstərilir ki, belə əsgərləri müalicə edib orduya buraxmaq olar. Bu uşağı isə heç kim müalicə etməyib”.
Bildirilir ki, Kirakosyanın atası ölüb, ailəsinin müraciətinə baxmayaraq onu evlərinə yaxın yerdə xidmətə göndərməyiblər, Qarabağa yollayıblar. O da faktdır ki, Ermənistandan xəstə və xidmətə yararsız, yoxsul ailələrdən olan uşaqların Qarabağa xidmətə göndərilməsi halları geniş yayılıb. Bunu ordu sıralarında qətlə yetirilən 19 yaşlı Arsen Mxitryanın valideynləri də təsdiq edirlər. Onlar bildirirlər ki, Ermənistan ordusunda intiharların, eləcə də əsgərlərin müəmmalı şəkildə ölməsi hallarının sayı getdikcə artır.
“Epress” saytı yazır ki, Mxitaryan hərbi xidmətə gedəndən bir neçə ay sonra müəmmalı şəkildə qətlə yetirilib. Qətldən bir il vaxt keçir və əsgərin valideynləri hesab edirlər ki, yüksək vəzifəli məmurlar qətlin izlərini gizlətməyə çalışırlar. Ermənistanın hərbi rəhbərliyi əvvəlcə Arsenin Azərbaycan tərəfindən açılan atəş nəticəsində öldüyünü iddia edib. Daha sonra isə onun intihar etdiyi iddiası irəli sürülüb. Lakin valideynlər övladlarının ermənilər tərəfindən qətlə yetirildiyini deyirlər. Arsenin anası Lusine Mxitryan bildirir: “Mən oğlumu itirmişəm və mənə deyirlər ki, ədalət tələb etmə. Bəs, belə ölkədə övladı orduya göndərməyə dəyərmi?”.
Qətlə yetirilmiş əsgərin anası erməni analarını övladlarını orduya göndərməməyə çağırıb: “Əgər belə imkan yoxdursa, onda övladınızın taleyini lap əvvəldən həll edin, ya ölkədən qaçırın, ya da başqa bir yola əl atın. Çünki bu ölkədə orduya övlad göndərmək, ölümə göndərmək kimi bir şeydir”.
Lusine Mxitryan oğlunun qətlinə görə müdafiə naziri Viqen Sarkisyanı günahlandırıb: “Orduda hər gün əsgərlərimiz ölür, qətlə yetirilir, başlarına min oyun açılır. Vigen Sarkisyanın başı isə siyasətə qarışıb. Ölən bizim övladlarımızdır, onlar isə öz keflərindədir”.
Əsgərin atası Artur Mxitryan isə deyir ki, Ermənistan ordusunun içində qırğın gedir: “Arsen Azərbaycan tərəfinin atdığı güllə ilə ölməyib, nə də özünü güllələyib. Onu öldürüblər. Mən hadisədən sonra hərbi hissəyə getdim və oğlumun öldüyü yerə baxdım. Orada heç bir giliz yox idi”.
Bütün bunlar erməni ordusunda qanunsuzluqları göstərən çoxsaylı faktların cüzi bir hissəsidir. Ermənilər özləri də etiraf edirlər ki, dağılmaqda olan belə ordu ilə nəinki Azərbaycan ərazilərinin işğalını davam etdirmək, heç Ermənistanın özünü qorumaq belə mümkün deyil.
Elçin CƏFƏROV,
“Azərbaycan”