Ötən həftə Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.
Bununla həm Ermənistan, həm də ona havadarlıq edən Qərb dairələrinin beynəlxalq və milli qanunvericiliyə uyğun formada həyata keçirilən sözügedən məhkəmə ətrafında apardıqları manipulyasiyalar, qarayaxma kampaniyaları növbəti dəfə fiaskoya uğrayıb.
Xalqımıza qarşı çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən və hazırda Azərbaycan qanunları ilə mühakimə olunan erməniəsilli şəxslərin ədalət məhkəməsində təcavüzkar və işğalçı Ermənistanın hərbi cinayətləri faktlarla ortaya qoyulur.
Təqsirləndirilən keçmiş quldur rejimin başçısı Arayik Harutyunyan Bakıda keçirilən məhkəmə prosesində verdiyi sərbəst ifadədə Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasətini, milli düşmənçilik zəminində törətdiyi cinayətkar əməlləri ifşa edib. O, hərbi cinayətlərin əmrinin məhz Ermənistandan verildiyini deyib. Eləcə də digər təqsirləndirilən erməniəsilli şəxslər Birinci Qarabağ müharibəsi dövründə, ondan sonrakı müddətdə və İkinci Qarabağ savaşı dönəmində Ermənistan tərəfinin törətdiyi və özlərinin də iştirak etdiyi qanlı cinayət əməllərini dilə gətirirlər.
Sistemli yalan kampaniyası
Təbii ki, təcavüzkar və işğalçı Ermənistan Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətlərinin Bakıda keçirilən məhkəmədə faktlarla ortaya qoyulmasını qətiyyən istəmir və buna görə də beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün adıçəkilən məhkəmə ilə bağlı sistemli yalan və böhtan təbliğatı aparır.
Bir müddət əvvəl Ermənistan baş naziri Nikol Paşinyanın həmin təqsirləndirilən şəxslərə psixoloji təzyiq göstərilməsi və psixotrop dərmanların verilməsi barədə səsləndirdiyi yalanlar, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycanda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı əsassız bəyanat verməsi və sair İrəvanın gerçəkliklər qarşısında mənasız çabalarını göstərir.
Arayik Harutyunyan və Davit Babayan da İrəvanın yalanlarını məhkəmədə ifşa edib. Fevralın 6-da keçirilən növbəti iclas zamanı A.Harutyunyan deyib: "Nəzərə alsaq ki, təcridxanada bizim məlumat almaq, etiraz etmək imkanlarımız olub. Həmçinin Ermənistan mediasında və digər kütləvi informasiya vasitələrində bizim saxlanma şəraitimiz daim müzakirə olunur. Başa düşdüyüm qədərilə, Ermənistan Respublikasının baş naziri bəyan edib ki, bizə qarşı psixoloji təzyiq və həmçinin psixotrop dərmanlardan istifadə edilməsi barədə fikirləri var...
...Xüsusilə qeyd etmək istəyirəm ki, bizə qarşı hər hansı bir təzyiq olmayıb. İstintaq zamanı bizimlə hər zaman qanun çərçivəsində davranıblar".
Paralel olaraq ermənipərəst Qərb təsisatlarının da eyni riyakar yolu izlədiklərini müşahidə edirik. Məsələn, Avropa İttifaqının sabiq xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borelin bir müddət əvvəl "erməni məhbuslar"ın azad olunması kimi qandonduran çağırışı buna çirkin nümunələrdən sadəcə biridir. Qərəzli Borelin "erməni məhbus"lar adlandırdığı və azadlığını istədiyi şəxslər isə milli kimliyinə görə azərbaycanlılara düşmən kəsilərək körpə, uşaq, qadın, qoca demədən qətl edən, onlara divan tutan Vaqif Xaçatryanlar, Arayik Harutyunyanlar, Arkadi Qukasyanlar, Bako Sahakyanlar, Madat Babayanlardır...
Əsassız tələblər heç bir nəticə verməyəcək
Bakıda keçirilən məhkəmə iclaslarında təqsirləndirilən erməniəsilli şəxslər erməni dilində tərcüməçilərlə, habelə müdafiə üçün vəkillərlə təmin olunublar. Eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları vaxtaşırı sözügedən təqsirləndirilən şəxslərə baş çəkirlər.
Ermənistan tərəfi isə yenə də diqqətləri üzərindən yayındırmaq üçün təqsirləndirilən şəxslərlə guya qanunlara uyğun rəftar edilmədiyi kimi absurd iddialarla Beynəlxalq Ədalət Məhkəməsinə müraciət etmişdilər. Ancaq vurğuladığımız kimi aprelin 25-də Beynəlxalq Ədalət Məhkəməsi hazırda Bakıda mühakiməsi davam etdirilən Ruben Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd edib.
BƏM-in sözügedən tarixli qərarına dair mətbuat məlumatında Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı iş üzrə Azərbaycan tərəfinin cavabını və əlaqədar sübutları nəzərdən keçirən məhkəmə əlavə məlumat istəməməyə və məhbusların saxlanma şəraiti ilə bağlı müstəqil araşdırma və ya ekspert rəyi tələb etməməyə qərar verib.
"Məlumdur ki, məhkəməsi həyata keçirilən erməniəsilli şəxslərlə Azərbaycanın və beynəlxalq hüququn bütün tətbiq olunan standartlarına uyğun rəftar edilir. Onlara Beynəlxalq Qızıl Xaç Komitəsinin və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin Aparatının nümayəndələri dəfələrlə baş çəkiblər", - məlumatda qeyd olunub.
O da vurğulanıb ki, məhkəmənin qərarı BMT-nin Əsassız Həbslər üzrə işçi qrupunun Ruben Vardanyanın Azərbaycanın milli təhlükəsizliyinə, ictimai təhlükəsizliyinə və ictimai asayişinə ciddi təhdidlərlə bağlı cinayət ittihamları əsasında həbsdə saxlanıldığını təsdiq edən son rəyinə də müvafiqdir: "Bu qərar Ermənistanın davam edən məhkəmə proseslərini pozmağa və diqqəti əvvəllər işğal olunmuş ərazilərdə Ermənistanın qanunsuz şəkildə yaradılmış rejiminin qeyri-qanuni hərəkətlərindən yayındırmağa yönəlmiş əsassız tələblərinin heç bir nəticə verməyəcəyini bir daha nümayiş etdirir".
Bildirək ki, BMT-nin İnsan Hüquqları Şurasının Əsassız Həbslər üzrə İşçi Qrupunun R.Vardanyan işi ilə bağlı martın 13-də rəsmi olaraq dərc etdiyi yekun rəydə göstərilir ki, Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunsuz silahlı birləşmələrin yaradılmasında iştirak və dövlət sərhədini qanunsuz keçmə maddələri üzrə təqsirləndirilən R.Vardanyana qarşı irəli sürülən ittihamlar konkret dəlillərlə əsaslandırılıb, barəsində bu əsasların tədqiq edildiyi məhkəmə qərarı ilə həbs seçilib, istintaq zamanı bildiyi dil üzrə tərcüməçi təyin edilib, öz vəkili tərəfindən müdafiə olunmaq və digər prosessual hüquqları təmin olunub.
Eyni zamanda aprelin 25-də Beynəlxalq Ədalət Məhkəməsinin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, eləcə də 2020-ci il Vətən müharibəsi zamanı və ondan sonra törədilmiş cinayətlərlə bağlı hazırda Bakı Hərbi Məhkəməsi tərəfindən mühakiməsi davam etdirilən R.Vardanyan və digər 15 erməniəsilli şəxslərlə rəftar ilə bağlı Ermənistanın bir sıra iddialarını rədd etməsi təcavüzkar ölkənin beynəlxalq hüququn normalarını pozmaq cəhdlərini növbəti dəfə alt-üst etdi.
İrəvan Bakıda keçirilən məhkəmə ilə bağlı hər nə qədər böhtan xarakterli kampaniya aparsa da, yalan ittihamlarla beynəlxalq məhkəmələrin qapısını döysə də, törətdiyi müharibə cinayətlərini boynundan ata bilməyəcək və elə həmin məhkəmələr qarşısında faşist əməllərinin cavabını verməli olacaq. Əllərini xalqımızın qanına bulamış erməniəsilli şəxslər isə təqsirləri sübuta yetiriləcəyi təqdirdə layiqli cəzalarını alacaqlar.
Yasəmən MUSAYEVA,
"Azərbaycan"