"Son vaxtlar Avropa Şurasının bəzi nümayəndələri tərəfindən Azərbaycana qarşı qərəzli yanaşmalar artmaqdadır. Belə mövqe ortaya qoyanlar beynəlxalq hüququ və ədalət prinsiplərini açıq şəkildə pozurlar".
Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O bildirib ki, Avropa Şurasının rəsmiləri "erməni sevgisi" naminə Avropa dəyərlərini tapdalayırlar. Azərbaycan beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə fəal, qarşılıqlı etimada əsaslanan əməkdaşlığa maraqlıdır. Lakin Avropa Şurasının müxtəlif strukturları, o cümlədən rəsmi şəxsləri ölkəmizə yanaşmada ikili standartlar nümayiş etdirir, ədalətsiz mövqe ortaya qoyurlar. "Xatırlatmaq istəyirəm ki, aprelin ortalarında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulos "Alpha News" mətbuat orqanına verdiyi müsahibəsində Azərbaycana münasibətdə irqi ayrı-seçkilik, ölkə hakimiyyəti ilə bağlı böhtan və qərəzlə dolu fikirlər səsləndirmişdi. Teodoros Rusopulosun ardınca Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O'Flaherti də ölkəmizə qarşı yalan və qeyri-obyektiv fikirlər səsləndirib. Belə ki, aprelin 29-da o öz bəyanatında Azərbaycanda guya bəzi jurnalistlərin, insan haqları müdafiəçilərinin əsassız olaraq həbs olunduğunu iddia edib. Ölkəmizə qarşı qərəzli mövqe sərgiləmək baxımından AŞPA-nın üzvü Frank Şvabe də "fəallıq" göstərən şəxslərdən biridir", - deyə S.Fətəliyeva qeyd edib.
Onun sözlərinə görə, məhz Şvabe kimilərin "təşəbbüsü" ilə 2024-cü il qış sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. Frank Şvabe təşəbbüsü irəli sürərkən çıxışında əsassız olaraq "100 mindən artıq Qarabağ ermənilərinin zorakılıqla qovulması və AŞPA məruzəçilərinin Laçın yoluna buraxılmamasını Azərbaycanın təşkilatla əməkdaşlıqdan yayınması kimi qiymətləndirib". Amma Azərbaycan bunu cavabsız qoymayıb və nümayəndə heyətimiz təşkilatdakı fəaliyyətini dayandırıb.
Deputat xatırladıb ki, bu günlərdə Şvabe yenə ölkəmizə qarşı əsassız ittihamlar səsləndirib: "O, guya ölkəmizdə demokratiyanın olmadığını, seçkilərin şəffaf keçirilmədiyini deyib. Şvabe hətta Azərbaycan parlamentində real müxalifətin olmadığını da iddia edib. Maraqlıdır, o, "real müxalifət" deyərkən kimləri nəzərdə tutur? Əgər müəyyən Qərb dairələrinə, antiazərbaycançı mərkəzlərə xidmət edən, o cümlədən AŞ-nin alətinə çevrilən şəxslərin təmsil olunduqları qrupları nəzərdə tutursa, ciddi yanılır. Çünki onların cəmiyyətimizdə reytinqləri sıfıra bərabərdir və heç bir sosial dayaqları yoxdur. Onlar son seçkilərdə də iştirak etməyiblər".
Deputat qeyd edib ki, Azərbaycana qarşı "hücuma" keçən Avropa Şurasının fəaliyyətində insan haqları əsas yer tutmalı olsa da, Azərbaycan ötən dövrdə üzləşdiyi qaçqın-köçkün problemi ilə əlaqədar qurumdan ədalətli yanaşma görməyib. Təşkilat Ermənistanın 30 illik işğal siyasətinə qarşı heç bir addım atmayıb. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. AŞ nəinki Ermənistanın işğalçılıq siyasətini pisləmədi, əksinə, erməni lobbisinin maraqlarına uyğun olaraq ölkəmizə qarşı müxtəlif vaxtlarda qərəzli qətnamələr, bəyanatlar qəbul etdi. Avropa Şurasının əsas meyarı insan hüquqlarının qorunmasıdır. Lakin Ermənistanın işğalçı siyasəti nəticəsində yüz minlərlə azərbaycanlının doğma yurdlarından qaçqın və məcburi köçkün düşməsini bu təşkilat görməzdən gəldi. Bu da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir.
Deputat vurğulayıb ki, Şvabe kimilər anlamalıdırlar ki, Azərbaycan güclü dövlətdir və onunla təzyiq dili ilə danışmaq mümkün deyil. Əslində isə, Avropa Şurasının özü dərin böhran içərisindədir. Böhrandan çıxış yolu isə səhvləri etiraf edərək ədalətli, beynəlxalq hüquqa və Avropanın gerçək dəyərlərinə uyğun mövqe sərgiləməkdir.
Ə.QARDAŞXANOVA,
"Azərbaycan"