15 İyul 2026 08:45
130
Mədəniyyət
A- A+
Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür


"Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur".

Heydər ƏLİYEV


Danılmaz həqiqətdir ki, alim olmaq çətindir, çünki elmin yolları çox əzablı, çox keşməkeşlidir. İstehsalatda müxtəlif rəhbər vəzifələrdə çalışa-çalışa alim olmaq isə ikiqat, üçqat çətindir. Ona görə də bu qəbildən olan alimləri barmaqla saymaq olar. Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Bəyalı Ataşov da elmlə praktikanı məharətlə uzlaşdıran alimlərdəndir.

Bəyalı Xanalı oğlu Ataşov 16 iyul 1946-cı ildə anadan olmuş, 1964-cü ildə 34 saylı İmişli dəmir yolu orta məktəbini, 1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universitetinin) Uçot-iqtisadiyyat fakültəsini "Mühasibat uçotu" ixtisası üzrə bitirmişdir. 

1970-1975-ci illərdə (hərbi xidmətdə olduğu 1 il istisna olmaqla) yaşadıqları İmişli rayonu Həzi Aslanov adına kolxozda baş mühasib işləmiş, 1975-1987-ci illərdə respublikanın ovaxtki Ət və Süd Sənayesi Nazirliyinin qabaqcıl müəssisələrində direktor, baş direktor kimi rəhbər vəzifələrdə çalışmışdır.

1987-ci ilin mart ayından indiyədək Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı ("Azərittifaq") sistemində işləyir. Burada Ət tədarükü və satışı üzrə respublika kontorunda direktor, mərkəzi aparatın kənd təsərrüfatı məhsullarının tədarükü, emalı və satışı üzrə birlikdə baş direktor, xarici ticarət birliyində baş direktor, mərkəzi aparatın maliyyə-iqtisad idarəsində rəis vəzifələrinin öhdəsindən bacarıqla gəlmiş, eyni zamanda istehsalatdan ayrılmadan elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2011-ci ilin avqust ayından indiyə kimi Azərbaycan Kooperasiya Universitetinin elm və innovasiyalar üzrə prorektorudur.

Zəngin maliyyə-uçot, istehsalat və təşkilati-idarəetmə təcrübəsinə malik olan, gənc yaşlarından elmi axtarışlara böyük maraq göstərən tədqiqatçı Bəyalı Ataşov 1989-cu ildə Gürcüstan Elmi-Tədqiqat İnstitutunda "Ət-süd altkompleksinin inkişafı və onun iqtisadi səmərəsinin yüksəldilməsi" mövzusunda namizədlik, 2002-ci ildə isə dissertantı olduğu Azərbaycan Dövlət İqtisad Universitetində "Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati-idarəetmə problemləri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq qərarları ilə ona vaxtında dosent və professor elmi adları verilmişdir.

Müstəqil Azərbaycanda ərzaq kompleksinin inkişafı və ərzaq təhlükəsizliyi problemlərini araşdıran ilk alim-tədqiqatçılardandır. Doktorluq dissertasiyasında irəli sürülmüş təklif və tövsiyələrdən vaxtilə beynəlxalq təşkilatların iştirakı ilə respublikamızın aqrar bölməsində həyata keçirilmiş "Kənd təsərrüfatında regional islahatlar", "Özəlləşdirilmiş kənd təsərrüfatı müəssisələrinin təşkili", "Kənd təsərrüfatının inkişafı və kreditləşdirilməsi" kimi pilot layihələrdə qismən istifadə edilmişdir.

Professor Bəyalı Ataşovun elmi-pedaqoji fəaliyyətinin ən məhsuldar çağı ölkəmizin müstəqillik dövrünə təsadüf edir. Müstəqilliyimizin ilk illərində iqtisadiyyatımız çox ağır günlər keçirir, böhranın girdabından çıxa bilmirdi. Məhz o vaxtlar Ümummilli Lider Heydər Əliyevin iqtisadi siyasət kursunu hər vəchlə dəstəkləyən digər vətənpərvər iqtisadçılar kimi, Bəyalı müəllim də yaxşı bələd olduğu aqrar-sənaye sferasının yeni tələblər baxımından transformasiyasına və dirçəldilməsinə dair ardıcıl olaraq müxtəlif kütləvi informasiya vasitələrindən istifadə edərək, elmi-nəzəri seminarlarda, "dəyirmi masa"larda və elmi-praktik konfranslarda iştirakı vasitəsilə ən ümdə və təxirəsalınmaz məsələləri ön plana çəkir, təklif və tövsiyələrini direktiv orqanların diqqətinə çatdırır, aqrar elmin nailiyyətlərinin istehsalata tətbiqinə səy göstərirdi. O vaxtlar aqrar sahədə  həllini gözləyən əsas problemlər sırasında Ulu Öndərin cəsarətli və MDB məkanında analoqu olmayan torpaq islahatı nəticəsində kəndlilərin sərəncamına verilmiş torpaq paylarından səmərəli istifadə, bitkiçilikdə və heyvandarlıqda innovativ texnologiyaların ləngimədən tətbiqi, aqrar istehsalın yeni şəraitə uyğun diversifikasiyası, bu sahəyə dövlət dəstəyinin ilbəil gücləndirilməsi, kəndlilərin "ələbaxımlıq" psixologiyasından əl çəkərək məhsuldar əməyə cəlb edilməsi, kənd təsərrüfatında kooperasiya və inteqrasiya əlaqələrinin genişləndirilməsi, aqrar sahibkarlığın geniş vüsət alması və beləliklə də, respublika əhalisinin etibarlı ərzaq təminatına möhkəm zəmin yaradılması zərurətini Bəyalı Ataşov öz məqalə və kitablarında yeni elmi yanaşmalar prizmasından xüsusilə vurğulayırdı. 

Uzun müddət elmi-pedaqoji fəaliyyətini ölkəmizin ali məktəbləri sırasında layiqli yer tutan Azərbaycan Kooperasiya Universitetinin "Maliyyə" kafedrasında davam etdirən, həmçinin bir sıra elm ocaqları ilə sıx əməkdaşlıq edən professor 8 monoqrafiyanın, ali məktəblər üçün 6 dərslik və dərs vəsaitlərinin, çoxsaylı tədris proqramlarının, metodik göstərişlər və tövsiyələrin, habelə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi nüfuzlu respublika və xarici jurnallarda (o cümlədən beynəlxalq xülasələndirmə və indeksləmə bazalarına daxil olan Web of Science, Scopus-da) günün aktual problemlərinin tədqiqinə dair 140-dan artıq elmi məqalənin müəllifidir. 

Hələ ali məktəbdə oxuyarkən və sonrakı dövrlərdə respublika və xarici mətbuatda maraqlı məqalələrlə çıxış edən Bəyalı Ataşov elmi araşdırmalara ciddi həvəs göstərmiş, elmi yenilikləri istehsalat təcrübəsi ilə əlaqələndirməyə daim can atmış, elmin və təcrübənin qarşılıqlı surətdə sıx bağlı olub bir-birini tamamlamaları barədə həyat reallığı mövqeyindən araşdırmalar aparmışdır. İstehsalatda çalışmaqla yanaşı, elmi-tədqiqat işləri ilə mütəmadi məşğul olmuş, daim mütaliə etmiş, qabaqcıl təcrübələri öyrənməyə cəhd göstərmiş, ölkəmizin və görkəmli xarici iqtisadçı alimləri ilə, habelə respublikanın müvafiq elm ocaqları ilə sıx yaradıcılıq əlaqələri qurmuş, bir çox respublika əhəmiyyətli tədqiqat işinin yerinə yetirilməsində, təklif və tövsiyələrin hazırlanmasında fəal iştirak etmişdir.

Gənc iqtisadçı alimlərin yetişdirilməsində və hazırlanmasında fəal iştirak edən Bəyalı Ataşov Azərbaycan İqtisadçılar İttifaqının, Azərbaycan Kooperasiya Universitetinin böyük elmi şurasının üzvü olmaqla yanaşı, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının son 20 ildə yaratdığı dissertasiyaların müdafiəsini keçirən ixtisaslaşdırılmış şuraların üzvü və həmsədri olmuşdur. Hazırda Azərbaycan Kooperasiya Universiteti nəzdində fəaliyyət göstərən FD 2.46 Dissertasiya şurası sədrinin müavinidir. 

45 illik elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyət dövründə Bəyalı müəllimin bilavasitə elmi rəhbərliyi və məsləhətçiliyi ilə indiyə kimi 25 nəfər iddiaçı iqtisad üzrə fəlsəfə doktoru, 3 nəfər isə elmlər doktoru elmi dərəcəsi almaq üçün müvəffəqiyyətlə dissertasiya müdafiə etmişlər.

Bundan əlavə, o, digər iddiaçılar tərəfindən müxtəlif illərdə müdafiəyə təqdim edilmiş xeyli sayda fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının rəsmi opponenti və rəyçisi olmuş, alim və müəllim həmkarlarının hazırladıqları bir sıra monoqrafiya, dərslik və dərs vəsaitlərinin, tədris proqramlarının hazırlanıb nəşr edilməsində elmi redaktor və rəyçi kimi iştirak etmişdir. Eyni zamanda hazırda bir sıra nüfuzlu ölkə və xarici elmi-praktik jurnalların redaksiya heyətinin üzvüdür.

Professor Bəyalı Ataşovun vaxtilə elmi rəhbəri, elmi məsləhətçisi və opponenti olduğu gənc alimlərin böyük bir qismi hal-hazırda ölkəmizin müxtəlif nüfuzlu elm ocaqlarında elmi-pedaqoji fəaliyyətlərini uğurla davam etdirir. 

"Maliyyə" kafedrasının professoru qismində tədris metodikasının incəliklərinə dərindən bələd olan alimin bakalavrlara və magistrlərə ixtisas fənləri üzrə oxuduğu mühazirələri, keçirdiyi məşğələ dərslərini dinləyicilər həmişə maraqla qarşılayıblar. 

O, bir mütəxəssis kimi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən ölkəmizin ali təhsil müəssisələrinin akkreditasiyası yoxlamalarına da zaman-zaman cəlb edilib. 

Elmin inkişafı Azərbaycan dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçımız möhtərəm İlham Əliyevin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda ölkəmizdə elmi-tədqiqat universitetlərinin yaradılması yaxın gələcək üçün təxirəsalınmaz vəzifə kimi qarşıya qoyulmuşdur. Bu tezisi fəaliyyət proqramı kimi qəbul edən Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi başda rektor, bir sıra nüfuzlu xarici ölkələrin universitet və akademiyalarının fəxri doktoru və fəxri professoru, beynəlxalq mükafatlar laureatı, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri, professor Eldar Quliyev olmaqla, son 5 ildə elmi-tədqiqat işlərinin səmərəli şəkildə aparılmasına, innovasiyaların tətbiqinə, bu elm ocağının potensialının ilbəil artırılmasına daim ciddi səy göstərmişdir. Belə ki, göstərilən müddətdə universitetin pedaqoji kadrları sırasında fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi, dosent və professor elmi adları almış əməkdaşların sayı əvvəlki eyni dövrə nisbətən 3-4 dəfə artmışdır. Kollektivin qazandığı bu elmi uğurlarda Bəyalı müəllimin də payı var.

Aqrar iqtisad elminin layiqli tədqiqatçılarından biri, praqmatik dünya görüşünə malik olan yubilyarın "Azərbaycan Respublikası ərzaq kompleksinin formalaşmasının və inkişafının təşkilati-idarəetmə problemləri" mövzusunda doktorluq dissertasiyasındakı (2002) və "Ərzaq təhlükəsizliyinin aktual problemləri" adlı monoqrafıyasındakı (Bakı, "Elm", 2005) elmi araşdırmaları respublika iqtisadçılarının böyük marağına səbəb olmuşdur. Bu əsərlərdə respublikada ilk dəfə olaraq Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi olan ərzaq kompleksinin bazar transformasiyaları şəraitində təşkilati-idarəetmə problemlərinin həllinə yeni sistemli elmi yanaşmalar verilmişdir. "Aqrar sahədə struktur və səmərəlilik problemləri" (2017) və "Azərbaycan iqtisadiyyatının qeyri-neftqaz sektorunun müasir durumu və inkişaf perspektivləri" (2026) adlı monoqrafiyalarda da elmi-təcrübi əhəmiyyət kəsb edən vacib məsələlərin həllinə dair müəllif tərəfindən dəyərli təklif və tövsiyələr irəli sürülmüşdür. 

Azərbaycanın gələcək sosial-iqtisadi inkişafına böyük nikbinliklə baxan Bəyalı müəllimin elmi araşdırmalarının əsas hədəfı isə rəqəmsallaşma və "yaşıl iqtisadiyyat" kimi çağırışlar fonunda beynəlxalq standartlara cavab verən, rəqabətqabiliyyətli yerli istehsalı sabit sürətlə artırmaq yolu ilə ölkəmizin iqtisadi və ərzaq təhlükəsizliyini etibarlı şəkildə təmin etməkdir.

Mehriban ailə üzvlərindən, həyatda onu əhatə edən aqil insanlardan, mütaliə etdiyi kitablardan və yazdığı elmi əsərlərdən güc-qüvvət alan, digər vətənpərvər, iqtisadçı alimlər kimi özünün əsas məqsədini Azərbaycanın iqtisadi tərəqqisinə xidmətdə görən Bəyalı Ataşov əsərlərində haqlı olaraq yetərli təbii-iqtisadi, əmək və intellektual resurslara malik respublikamızın XXI əsrdə inkişaf etmiş ölkələr sırasında layiqli yer tutacağına, xalqımızın isə layiq olduğu firavan həyat quracağına böyük əminlik ifadə edir. 

Xarizmatik düşüncə tərzinə malik Bəyalı müəllim son dərəcə sadə, səmimi, alicənab, təmənnasız və humanist xarakterli alimdir. Onun təvazökarlığını, insanlara qarşı diqqətini onunla bir dəfə ünsiyyətdə olmaqla hiss etmək olar. Alimin keçdiyi şərəfli ömür yolu, bacarıqlı rəhbər, elm təşkilatçısı kimi gənc nəslin yetişməsində gördüyü səmərəli fəaliyyəti insanlıq meyarlarına və müəllim adına layiqli nümunədir.

Ədəb-ərkan sahibi Bəyalı müəllim təəssübkeş ziyalı, həmişə ədalətli və obyektiv olmağa cəhd göstərən və dövlətçiliyimizə sadiq şəxsiyyətdir. Onunla hər mövzuda söhbət etmək mümkündür. O, həm təmkinlə dinləməyi bacarır, həm də yeri gələndə öz dəyərli  məsləhətini əsirgəmir. 

 Bu gün Bəyalı müəllim haqqında ürək sözlərimizi demək bizim üçün çox xoşdur. Çünki o, heç vaxt bizlərə - həmkarlarına, dostlarına, tələbələrinə, yaxınlarına öz isti, doğma münasibətini əsirgəməyib, hər zaman ağıllı, müdrik tövsiyələri və lazım gəldikdə şəxsi iştirakı ilə dəstək olub.

Yeri gəlmişkən, bir məqamı qeyd etmək istərdik. Bu yaxınlarda Azərbaycan Kooperasiya Universitetinin nəzdində fəaliyyət göstərən ixtisaslaşdırılmış müdafiə şurasının növbəti iclası keçirilərkən fasilə zamanı Bəyalı müəllimin iş otağında olduq. Azərbaycanın və Kooperasiya Universitetinin bayraqları qoyulmuş divarın döşündəki köməkçi masa üstündəki iki kiçik "Oskar" heykəli diqqətimizi cəlb etdi. Birinin altında "Dünyanın ən yaxşı müəllimi", digərinin altında isə "Yer üzünün ən yaxşı elmi rəhbərinə" sözləri yazılmışdı. Başa düşdük ki, otağında əzizlədiyi bu hədiyyələr vasitəsilə sevimli tələbə və doktorantları Bəyalı müəllimə öz dərin ehtiramlarını bir qədər emosional şəkildə olsa da, məhz belə ifadə etmişlər. Bu mənzərə urəyimizcə oldu və biz bir anlığa məmnunluq hissi keçirdik.

Heç vaxt nailiyyətləri ilə öyünməyən, mübarizə və çətinliklərdə mətinləşən Bəyalı müəllim elmdə öz sözünü demiş, özünü təsdiq etmiş bir alimdir. Əminliklə demək olar ki, gərgin əməyi və uzunmüddətli səmərəli fəaliyyəti nəticəsində o, özünəməxsus elmi məktəbini yarada bilmişdir. Özü demişkən, bu gün böyük zəhmət bahasına həyatda istədiyi çox şeyə nail olub. Qismətinə, taleyinə görə o, daima Uca Tanrıya şükranlıq edir. 

İşlədiyi və elmi-pedaqoji fəaliyyət göstərdiyi kollektivlərdə böyük hörmət və nüfuz qazanmış Bəyalı Ataşov respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edir. Onun əməyi "Azərittifaq"ın İdarə Heyəti və ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. 1970-ci ildə keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əmək rəşadətinə görə" yubiley medalı, 18 noyabr 2014-cü ildə Kooperasiya Universitetinin 50 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı, "Azərittifaq"ın İdarə Heyətinin 18 iyul 2016-cı il 33 saylı qərarı ilə  70 illiyi nəzərə alınaraq "Fəxri kooperator" döş nişanı ilə təltif edilmiş, anadan olmasının 70 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidentinin 4 oktyabr 2016-cı il tarixli sərəncamı ilə Azərbaycanda elmin və təhsilin inkişafındakı xidmətlərinə görə "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. Azərbaycan Kooperasiya Universitetinin 60 illik yubileyi münasibətilə və uzunmüddətli səmərəli fəaliyyətinə görə elm və təhsil nazirinin 1 dekabr 2025-ci il tarixli əmri ilə fəxri fərmanla təltif edilmişdir.

Dost haqqını tapdalamayan, qohum-əqrəbasının sevimlisi və güvənc yeri olan, özünü xoşbəxt ailə başçısı hesab edən Bəyalı müəllim iki oğul atası, dörd nəvə və üç nəticə babasıdır. Oğlanları Rövsən və Vaqif dövlət qulluqçuları, nəvələri Sevil və İrfan iqtisadçı, Röya  və Leyla isə hüquqşünasdırlar.

Müasir Azərbaycan iqtisadi fikir tarixində özünəməxsus yer tutan, görkəmli alimlərdən biri olan Əməkdar elm xadimi, iqtisad elmləri doktoru, professor Bəyalı Ataşovun 80 illik yubileyi yalnız bir şəxsin zəhmətlə yoğrulmuş həyat hekayəsinə nəzər salmaq deyil, eyni zamanda milli iqtisad elminin inkişafında mühüm bir mərhələnin elmi təhlilidir. Onun çoxşaxəli elmi fəaliyyəti, pedaqoji irsi və idarəetmə sahəsində formalaşdırdığı nəzəri-təcrübi yanaşmaları Azərbaycan iqtisad elminin inkişafına yetərli töhfələr vermişdir.

Azərbaycan iqtisad elmini bütün səviyyələrdə ləyaqətlə təmsil edən, ömrünün müdrik çağını yaşayan professor Bəyalı Ataşov həmişə olduğu kimi, bu gün də böyük əzmlə, tükənməz enerji ilə çalışır.

Bəyalı müəllimi Azərbaycan Kooperasiya Universitetinin professor-müəllim heyəti, tələbələri, ölkənin elmi camiyəsi, dostları adından şərəflə yaşadığı 80 illik yubileyi münasibətilə təbrik edir, ona elmi-pedaqoji fəaliyyətində yeni uğurlar, həyatda isə cansağlığı və könül xoşluğu arzu edirik.


Ziyad SƏMƏDZADƏ,

akademik, Milli Məclisin deputatı, iqtisad elmləri doktoru, professor, Azərbaycan İqtisadçılar İttifaqının sədri, 


Eldar QULİYEV, 

Milli Məclisin deputatı, Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru,  professor, Azərbaycan Ağsaqqallar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanın "demokratik" diktaturası

09:00
15 İyul

Qaraqayada Sahib zirvəsi

08:55
15 İyul

Sözünə əməl etdi - Vətənə layiqli əsgər oldu

08:50
15 İyul

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!