15 İyul 2026 08:43
117
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq


Azərbaycan və Slovakiya arasında iqtisadi əməkdaşlığın daha səmərəli əlaqələndirilməsi məqsədilə yaradılan İqtisadi Əməkdaşlıq üzrə Birgə İşçi Qrupu ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Qrup ticarət, investisiya, energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı və digər iqtisadi sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirəyə çıxarır, birgə layihələrin həyata keçirilməsini və qarşılıqlı maraq doğuran məsələlər üzrə əlaqələndirməni təmin edir. 

Əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsi məqsədilə İşçi Qrupunun ilk iclası 2024-cü ilin sentyabrında Bakıda keçirilib. Bu görüş iqtisadi dialoqun rəsmi əməkdaşlıq çərçivəsində qurulduğunu və tərəflərin qarşılıqlı maraqlara söykənən münasibətləri genişləndirmək niyyətini bir daha nümayiş etdirib. Azərbaycan-Slovakiya iqtisadi münasibətlərinin mühüm istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu Slovakiya üçün də xüsusi əhəmiyyət kəsb edir. "Cənub qaz dəhlizi" vasitəsilə Avropa bazarlarına təbii qazın nəqli, eləcə də bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr iki ölkə arasında əməkdaşlığın yeni perspektivlərini formalaşdırır. Enerji sahəsində qarşılıqlı dialoq təkcə iqtisadi maraqlara deyil, həm də Avropanın enerji mənbələrinin şaxələndirilməsi strategiyasına töhfə verir.

İqtisadi tərəfdaşlığın inkişafında ticarət dövriyyəsinin genişlənməsi də mühüm rol oynayır. Hər iki ölkə arasında ticarət əlaqələrinin intensivləşməsi qarşılıqlı iqtisadi maraqların artdığını göstərir. Son illər tərəflər ticarət dövriyyəsinin artırılması, iqtisadi əlaqələrin şaxələndirilməsi və yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi istiqamətində ardıcıl fəaliyyət göstərirlər. Mövcud ticarət həcmi ölkələrin iqtisadi potensialını tam əks etdirməsə də, qarşılıqlı maraq və siyasi iradə bu göstəricinin gələcəkdə artacağını deməyə əsas verir. Bu gün neft-kimya, plastik və kimya sənayesi məhsulları, həmçinin neftdənkənar sahədə istehsal olunan bəzi mallar ixrac nomenklaturasında yer alır. Slovakiyadan Azərbaycana idxal edilən məhsullar isə əsasən yüksək texnologiyaya və sənaye istehsalına əsaslanır. Bunlara maşınqayırma məhsulları, avtomobil və avtomobil hissələri, sənaye avadanlıqları, elektrik cihazları, əczaçılıq məhsulları və digər emal sənayesi malları daxildir. Slovakiyanın Avropanın aparıcı avtomobil istehsalçılarından biri kimi qazandığı təcrübə bu sahədə əməkdaşlıq üçün əlavə imkanlar yaradır. Müasir texnologiyaların, innovativ istehsal üsullarının və sənaye təcrübəsinin Azərbaycana transferi ölkənin sənaye potensialının gücləndirilməsinə və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına mühüm töhfə verə bilər.

Qarabağın bərpası prosesi də Azərbaycan-Slovakiya iqtisadi əməkdaşlığına yeni məzmun qazandırır. Slovakiya şirkətlərinin yenidənqurma layihələrində iştirakı iki ölkə arasında iqtisadi tərəfdaşlığın praktik nəticələrini nümayiş etdirir. 2025-ci ilin sentyabrında Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiyanın "Concago j.s.a" şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu təşəbbüs təkcə infrastrukturun bərpasında deyil, həm də iş yerlərinin yaradılmasında, regionun sosial-iqtisadi inkişafının sürətləndirilməsində və Qarabağın yenidən qurulması prosesində mühüm rol oynayır. Layihə azad edilmiş ərazilərin bərpasında beynəlxalq tərəfdaşlığın əhəmiyyətini nümayiş etdirir və xarici investisiyaların regionun sosial-iqtisadi dirçəlişində mühüm yer tutduğunu göstərir. Üstəlik, bu əməkdaşlıq Slovakiya şirkətlərinin Azərbaycanın yenidənqurma prosesində iştirak imkanlarını genişləndirir, gələcəkdə tikinti, enerji və infrastruktur sahələrində yeni birgə layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır. Belə təşəbbüslər iki ölkə arasında iqtisadi əlaqələrin praktik məzmununu gücləndirməklə yanaşı, qarşılıqlı etimadın və uzunmüddətli tərəfdaşlığın möhkəmlənməsinə də xidmət edir.

Slovakiyanın Avropa İttifaqındakı mövqeyi və güclü sənaye potensialı da Azərbaycan üçün mühüm əməkdaşlıq imkanları yaradır. "Volkswagen", "Kia" və "Stellantis" kimi transmilli avtomobil istehsalçılarının bu ölkəyə yatırdığı sərmayələr Slovakiyanı Avropanın aparıcı sənaye mərkəzlərindən birinə çevirib. Adambaşına düşən avtomobil istehsalına görə dünyanın ön sıralarında yer alan Slovakiya innovativ texnologiyalar, müasir istehsal standartları və sənaye idarəçiliyi sahəsində zəngin təcrübəyə malikdir. Bu təcrübə Azərbaycanın sənaye və investisiya mühitinin inkişafı üçün də əhəmiyyətli imkanlar açır. Xarici investisiyalar təbii ki, yeni iş yerlərinin yaradılmasına, yerli sahibkarlığın inkişafına, texnologiya transferinə və müasir idarəetmə modelinin tətbiqinə şərait yaradır. 

İqtisadi əlaqələrin inkişafı ilə yanaşı, Azərbaycan-Slovakiya münasibətlərinin möhkəmlənməsində siyasi dialoq və dövlət başçıları səviyyəsində keçirilən görüşlər də mühüm rol oynayır. Məhz qarşılıqlı etimad və strateji tərəfdaşlıq mühiti iki ölkə arasında əməkdaşlığın yeni istiqamətlər üzrə genişlənməsinə imkan yaradır. Bu baxımdan Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana son səfəri iki ölkə münasibətlərində mühüm hadisə kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyev Slovakiya Prezidentini Şuşa şəhərində qəbul edib. Bu görüş Azərbaycan-Slovakiya əlaqələrinin yalnız paytaxtlar səviyyəsində deyil, həm də Azərbaycanın tarixi və mədəni əhəmiyyət daşıyan bölgələrində inkişaf etdirilən tərəfdaşlıq xarakterini nümayiş etdirib.

Görüş zamanı dövlət başçıları iki ölkə arasında siyasi, iqtisadi və humanitar əlaqələrin inkişaf perspektivlərini müzakirə ediblər. Prezidentlər Azərbaycan və Slovakiya arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıblar. Xüsusilə enerji, nəqliyyat, sənaye, investisiya və bərpa-quruculuq layihələri sahəsində əməkdaşlığın artırılmasının vacibliyi qeyd olunub.

Mətbuata bəyanatları zamanı Prezident İlham Əliyev Azərbaycan ilə Slovakiya arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf etdiyini bildirib. Dövlət başçısı iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması və yeni investisiya layihələrinin həyata keçirilməsi üçün imkanların mövcud olduğunu diqqətə çatdırıb.  Slovakiya Prezidenti Peter Pelleqrin çıxışında Azərbaycan ilə Slovakiya arasında enerji sahəsində əməkdaşlığın əhəmiyyətinə xüsusi toxunub. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirərək deyib: "Cənab Prezident, mən həmçinin enerji böhranı zamanı Azərbaycanın operativ cavabına görə Sizə və Azərbaycana təşəkkürümü bildirmək istərdim. Həmin vaxt Siz öz hazırlığınızı və arzunuzu bildirdiniz ki, ölkəmizə təbii qaz təchiz olunsun. Bütün bunlar qazın Ukrayna vasitəsilə tranziti dayandırıldıqdan sonra boşluğun doldurulmasına böyük töhfə idi. Şadam ki, nazirlərimiz 2027-ci ildən sonra enerji təchizatı üçün sabit, uzunmüddətli həll variantının tapılmasında müzakirələri davam etdirəcəklər". 

Bununla yanaşı, Slovakiya Prezidenti ölkələr arasında mövcud dostluq münasibətlərinin konkret layihələr və qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, Azərbaycan və Slovakiya arasında tərəfdaşlıq yalnız ticarət münasibətləri ilə məhdudlaşmamalı, sənaye, texnologiya və investisiya sahələrində birgə təşəbbüslərlə daha da inkişaf etdirilməlidir. Peter Pelleqrin fikrini belə ifadə edib: "Münasibətlərimiz yalnız birtərəfli ticarətə - bir tərəfin satdığına, digər tərəfin aldığına söykənməli deyil. Əksinə, biz mümkün qədər çox birgə layihələr istəyirik. Biz əməkdaşlığın qarşılıqlı şəkildə faydalı olacağı sahələrdə birgə işləmək istəyirik. Mümkün olan sahələrdə birgə istehsal etməyi, texnologiya transferini asanlaşdırmağı və hər iki ölkəyə fayda gətirəcək layihələrin həyata keçirilməsini arzulayırıq".

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan-Slovakiya münasibətləri yalnız iqtisadi maraqlara deyil, həm də qarşılıqlı siyasi etimada və uzunmüddətli tərəfdaşlıq prinsiplərinə əsaslanır. Dövlət başçıları arasında aparılan dialoq mövcud əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi və iki ölkə arasında əlaqələrin yeni mərhələyə yüksəldilməsi üçün mühüm zəmin yaradır.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paşinyanın "demokratik" diktaturası

09:00
15 İyul

Qaraqayada Sahib zirvəsi

08:55
15 İyul

Sözünə əməl etdi - Vətənə layiqli əsgər oldu

08:50
15 İyul

Elmə və iqtisadi tərəqqiyə həsr edilən ömür

08:45
15 İyul

Azərbaycan-Slovakiya münasibətlərinin təməli - qarşılıqlı maraqlara xidmət edən iqtisadi əməkdaşlıq

08:43
15 İyul

57 illik tarixin bir məqamı

08:40
15 İyul

Mənəvi qayıdışdan Böyük qayıdışa

08:35
15 İyul

Azərbaycan qlobal enerji təhlükəsizliyinin təminatında mühüm iştirakçıdır

08:30
15 İyul

Siyasi fikir, diplomatik dialoq və qlobal media mərkəzi

08:25
15 İyul

Azərbaycanın gələcəyə baxışını beynəlxalq ictimaiyyətə təqdim edən platforma

08:20
15 İyul

Quruculuq və təhlükəsizliyin vəhdəti regionda davamlı sülhün yaranmasına təminatdır

08:15
15 İyul

Azərbaycan və Slovakiya arasında münasibətlər qarşılıqlı etimad üzərində qurulub

08:10
15 İyul

Parlamentin növbədənkənar sessiyası başa çatdı

08:05
15 İyul

XXI əsrin çağırışlarına Şuşadan verilən cavab

08:00
15 İyul

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

02:42
15 İyul

Kəmaləddin Heydərov Slovakiyanın daxili işlər naziri ilə görüşüb

22:27
14 İyul

Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb

21:43
14 İyul

Prezident İlham Əliyevin adından Xankəndidə Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verilib

20:26
14 İyul

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

18:46
14 İyul

Böyük Britaniya ilə parlamentlərarası əlaqələr inkişaf edir

18:38
14 İyul

Milli Məclisin növbədənkənar sessiyasının sonuncu iclasında 26 məsələyə baxılıb

18:36
14 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!