Bunu onlara Peşə-Əmək Reabilitasiya Mərkəzi verir
Hər bir gənc fərqli imkanlara və ehtiyaclara sahib olsa da, cəmiyyətin inkişafında və sosial həyatda öz yerini tapmalıdır. Gənclər bəzən fiziki və ya zehni məhdudiyyətlərə malik olurlar, lakin bu, onların həyatda uğurlu mövqe tutmalarına və cəmiyyətə qatılmalarına əngəl deyil. Əksinə, onların da cəmiyyətin digər üzvləri kimi öz potensiallarını reallaşdırmaq, təhsil almaq, işləmək və sosial həyatda fəal iştirak etmək hüquqları var.
Bu baxımdan Azərbaycanda əlilliyi olan şəxslərə dövlət səviyyəsində xüsusi qayğı göstərilir. Onların hüquqları qorunur, bərabər imkanlar əldə etmələri üçün müxtəlif dövlət proqramları və qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Ölkəmizdə bu gənclərin cəmiyyətə inteqrasiyası üçün peşə reabilitasiya mərkəzlərinin rolu xüsusilə önəmlidir. Çünki həmin mərkəzlər yalnız fiziki və psixoloji bərpa deyil, həm də sosial və peşə inkişafı sahəsində dəstək təklif edirlər.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiya Mərkəzi bu cür gənclərin peşə hazırlığı və məşğulluğunun artırılması yönümündə böyük işlər görən müəssisələrdəndir. Bakının Ramana qəsəbəsində yerləşən mərkəz fiziki, yüngül formalı əqli və psixi pozuntuları olan 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyasını həyata keçirir. Qeyd edək ki, mərkəz sovetlər dönəmində ruhi-əsəbi əlillər üçün 2 saylı internat evi kimi fəaliyyət göstərib. 1990-cı ildən sonra 25 il Gənc Əlillərin Əmək və İstirahət evi, 2015-2020-ci illərdə isə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzi olaraq əlilliyi olan gənclərin ixtiyarına verilib. 2020-ci ilin avqustundan müəssisə Əlilliyi olan şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzi statusunda fəaliyyətə başlayıb.
Mərkəzin direktoru Rəhilə Həsrətova ilə söhbətimiz də məhz əlil gənclərin fiziki, zehni və hissi qabiliyyətlərinin inkişafı yönümündə görülən işlərin ətrafında oldu. Direktor dedi ki, mərkəzdə əlilliyi olan 120 şəxsə xidmət göstərilir. Bura qəbul edilənlər dövlət hesabına yataqxana, yemək və reabilitasiya xidmətləri ilə təmin olunurlar: "Sosial Xidmətlər Agentliyinin şüarı belədir ki, əlillik qüsur deyil. Biz də bu fikri dəstəkləyərək yeniyetmə və gənclərin hər birinə fərdi yanaşırıq. Fərdi yanaşma onların şəxsi ehtiyaclarını və istəklərini nəzərə almaq deməkdir. Bu, onları daha dəqiq və effektiv dəstəklə təmin etmək üçün çox vacibdir. Hər bir insanın əlilliyi fərqlidir və bu, həmin şəxslərin həyat tərzi, sosial əlaqələri, təhsil və işinə təsir edir. Mərkəzdəki əlillər təkcə fiziki qüsurlu deyil, aralarında zehni və əqli çatışmazlığı olanlar, eləcə də danışa bilməyən, eşitmə və görmə qabiliyyətindən məhrumlar da var. Bu səbəbdən biz yeniyetmə və gənclərin hər birinin fərdi ehtiyaclarına uyğun dəstək modeli müəyyənləşdiririk. Mentorlarımız onların hər hansı bir peşəyə yiyələnmələri üçün istiqamət verirlər".
Direktor bizi mərkəzdə yaradılan şəraitlə, peşə reabilitasiya xidmətləri ilə tanış edərkən hiss etdik ki, Azərbaycanın müxtəlif yerlərindən gələn əlillər gələcəkdə məşğul olmaq istədikləri peşəni öyrənməyə həvəs göstərirlər. Fiziki və əqli çətinliklərinə baxmayaraq, başladıqları işi yarımçıq qoymaq istəmirlər. Onlar müxtəlif peşələr üzrə 3-6 aylıq kurslarda 12 istiqamət üzrə peşə bacarıqlarına yiyələnirlər. Kursları uğurla bitirənlərə peşə şəhadətnamələri verilir və əmək bazarına çıxışları üçün dəstək göstərilir. Gənclər kompüter istifadəçisi, montajçı-operator, rəssam, xalçaçı, toxucu, tikişçi, kişi və qadın bərbəri, dulusçu, aşpaz köməkçisi, manikür və ağac üzərində oyma işini mükəmməl öyrənməyə can atırlar.
Sadalanan bu peşələrin hər biri üçün ayrılmış otaq, dərnək və emalatxanalardakı iş tempini görərkən heyranlığımızı gizlədə bilmədik. Divarlarda, stolların üstündə sərgilənən əl işləri demək olar ki, gözəllikləri ilə göz oxşayır. Nümayiş olunan nümunələr - Azərbaycan xalqının bədii-estetik və mənəvi dəyərlərini özünə hopduran mini xalçalar, ağac üzərində oyma işləri, dulusçuluq nümunələri, kətan üzərində yağlı boya ilə çəkilmiş rəsm əsərləri, milli paltarlar əlillərin yaradıcılıq gücünü, daxili dünyasını əks etdirir. Əlilliyi olan şəxslər fiziki məhdudiyyətlərinə görə normal alət və texnikalardan istifadə edə bilmirlər. Bu da onları qeyri-adi və yaradıcı yanaşmalar axtarmağa sövq edir. Məhz bu səbəbdən mərkəzdə peşə öyrənənlərin əl işləri maraqlı və qeyri-adidir.
Mentor Nuranə Əhmədova xalça toxumağın sirlərini onlara sevə-sevə öyrədir. Bu peşənin əsrlər boyu Azərbaycan mədəniyyətinin ən vacib və qiymətli sənət sahələrindən biri olduğunu qızlara və oğlanlara izah edir. Xalça toxumağın sadəcə bir sənət forması deyil, həm də xalqın həyat tərzini, adət-ənənələrini və estetik baxışlarını əks etdirən dərin bir təcrübə olduğunu diqqətlərinə çatdırır.
Bədii oyma üzrə mentor Azər Əsədov reabilitasiya keçən gənclərə ağac üzərində bədii oyma işinin incəliklərini başa salır. Oymaçı gənclər bu işin çox qədim bir sənət növü kimi Azərbaycanın mədəniyytində xüsusi yer tutduğunu yaxşı bilirlər. Azər müəllim deyir ki, ağac üzərində oyma sənəti xalqımızın estetik zövqünü, dünyagörüşünü və ətraf mühitə münasibətini əks etdirir.
Digər mentorlar - Namiq Əsədov, Əfsanə Ələkbərova, Risalə Əliyeva, Rəşad Nemətullayev, Kifayət Məmmədova, Faiq Məmmədov, Həlimə Abbasova, Kəmalə Əsgərova, Davud Kəngərli, Ulduz Abbasova, Nailə Məmmədov və Pərvanə Əhmədova müəssisənin gənc sakinlərinə müxtlif peşələrin incəliyini öyrədərək bu insanların cəmiyyətə inteqrasiyasının və özgüvən hissinin artırılması üçün əllərindən gələni əsirgəmirlər. Peşə öyrənmək bu gənclərin reabilitasiyasına çox kömək edir və onların həm fiziki, həm də psixoloji sağlamlıq baxımından mühüm faydalar əldə etmələrini təmin edir.
Söhbət zamanı Rəhilə xanım dedi ki, burda peşə öyrənənlər bir çox halda əldə etdikləri bacarıqları sayəsində yalnız həyat keyfiyyətlərini yaxşılaşdırmır, həm də öz sahələrində mükəmməl və peşəkar usta kimi məşhurlaşaraq cəmiyyətdə tanınırlar ki, bu da onların dəyərli şəxsiyyət olmalarına stimul verir: "Onlar iş dünyasında, sosial fəaliyyətlərdə və incəsənətdə uğur qazanırlar. Bu şəxslərin bacarıqları, təcrübələri və yaradıcılıqları yalnız öz həyatlarına deyil, həm də cəmiyyətin inkişafına müsbət şəkildə təsir edir. Bu, onların peşə təhsilini necə effektiv şəkildə tətbiq etdiklərinin və cəmiyyətə hansı dəyəri verdiklərinin göstəricisidir", - deyə direktor fikirlərini bizimlə bölüşür. Həmsöhbətim mərkəzdə peşə öyrənən xeyli gəncin indi televiziyada, DOST xidmətində, xalça evində, rəssamlıq emalatxanalarında və digər yerlərdə işlədiklərini söylədi.
Reabilitasiya mərkəzində gördüklərimizdən, eşitdiklərimizdən doğan təəssüratımızı belə ifadə edə bilərik ki, müəssisə yalnız əlilləri və ya sağlamlıq problemləri olanları dəstəkləməkdən ibarət deyil, həm də cəmiyyətin ümumi rifahına töhfə verən, insanları ruhlandıran və onlara həyatın daha mənalı olduğuna qapı açan yerdir. Direktor başda olmaqla mərkəzin kollektivi əlil gənclərə yalnız peşə bacarıqları öyrətmək və təhsil verməklə kifayətlənmir, həm də onların şəxsi inkişafına dəstək olmaq, həyatlarını dəyişdirmək, yeni imkanlar təqdim etmək üçün təcrübə, enerji və biliklərini bu işə sərf edərək, məsuliyyət və vicdan sərgiləyirlər. Mərkəz hər bir gəncin şəxsi inkişafına və cəmiyyətə inteqrasiyasına kömək edərək, onları güclü bir gələcək üçün lazım olan resurslarla təmin edir.
Züleyxa ƏLİYEVA,
İlham BABAYEV (foto),
"Azərbaycan"