Şahbuzlular payız-qış mövsümünə ciddi hazırlaşırlar
Naxçıvan Muxtar Respublikasının təhsil, səhiyyə, mədəniyyət, sənaye müəssisələrinin qışa hazır olması, əhalinin qış mövsümündə enerji və yanacaqla fasiləsiz təminatı, yolların təmiri, rayon mərkəzində və kəndlərdə istifadəyə verilmiş və müasir istilik sistemi ilə təmin edilmiş inzibati binaların qazanxanalarının mövsümə hazırlanması istiqamətində tədbirlər il boyu ciddi nəzarətdə saxlanılır.
Avqustun sonunda Naxçıvan MR Ali Məclisində 2015-2016-cı ilin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirə də məhz bu məsələyə həsr edilmişdir. Həmin müşavirədə qarşıya qoyulan vəzifələrin icrası, payız-qış mövsümünün mütəşəkkil keçməsi üçün Şahbuz Rayon İcra Hakimiyyətində konkret tədbirlər planı hazırlanmış və onun icrası istiqamətində əməli işlərin görülməsinə başlanmışdır. Belə ki, rayonda fəaliyyət göstərən müəssisə və təşkilatların qışa hazırlığına, əhalinin soyuq günlərdə enerji və yanacaqla fasiləsiz təmin olunmasına, inzibati binaların, kəndarası yolların təmirinə diqqət artırılmış, rayon mərkəzində, kəndlərdə son illər istifadəyə verilmiş və 100-dən artıq müasir istilik sistemi ilə təmin edilmiş inzibati binaların qazanxanalarının mövsümə hazırlanması nəzarətə götürülmüşdür. Yeri gəlmişkən qeyd edək ki, rayon mərkəzindəki 43 idarə, təşkilat və müəssisənin yerləşdikləri inzibati binalardan 37-də müasir istilik sistemi quraşdırılmışdır.
Tədbirlər planına uyğun olaraq, rayon məktəblərindəki qazanxanalara baxış keçirilmişdir. Məlum olmuşdur ki, tikintisi davam edən Daylaqlı kənd tam orta məktəbi və Şahbuz şəhər 1 №-li tam orta məktəb də daxil olmaqla 21 təhsil ocağı mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz ediləcək, 2 məktəb isə ağ neftlə qızdırılacaq. Bu məqsədlə lazımi material və yanacağın vaxtında alınıb gətirilməsi üçün ilkin tədbirlər görülüb. Ümumiyyətlə, payız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun təhsil, səhiyyə və mədəniyyət müəssisələrinə 17,6 litr ağ neft, 500 litr dizel yanacağı, xeyli şüşə, şifer, polietilen örtük və digər lazımi materialların alınması üçün sifarişlər verilib. Bunlardan əlavə, Şahbuz şəhərində bütün ictimai yaşayış binaları əsaslı surətdə təmir edilib, hər bir ictimai yaşayış binasının kommunikasiya xətlərinə baxış keçirilib, nasazlıqlar aradan qaldırılıb.
Muxtar respublikada yol şəbəkəsinin müasirləşdirilməsi istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Təkcə Şahbuz rayonunun 24 yaşayış məntəqəsindən 23-nün yolu təmir edilərək yenidən qurulmuşdur. Eləcə də nəqliyyatın normal hərəkəti üçün rayon mərkəzindəki avtomobil yolları genişləndirilmiş, piyadalar üçün yeni səkilər salınmış, kəndarası avtomobil yolları təmir edilmişdir. Şahbuz-Kükü, Yuxarı Qışlaq, Aşağı Qışlaq kənd avtomobil yollarının sıradan çıxmış hissələrinə asfalt-beton örtük çəkilmiş, sel sularından qorunmaq üçün Şahbuz-Batabat magistral, Kükü, Nursu və Şada kənd avtomobil yollarının bütün su keçidləri təmizlənmişdir. Yollarda aparılan təmir və genişləndirmə işləri ilə əlaqədar müxtəlif yerlərdə 3,2 km məsafədə qaz xətləri yenidən işlənmişdir. Yeri gəlmişkən, Şahbuz rayonu üzrə bütün yaşayış məntəqələri təbii qazla təmin edilmişdir.
Əhalinin elektrik enerjisinə olan tələbatı da nəzarətdə saxlanılır. Həmçinin Badamlı kəndindəki transformator şəbəkədən ayrılmış, kəndə elektrik nəqli yaxındakı transformator hesabına nizama salınmış, 2 transformator təmir olunmuş, istismar müddəti başa çatmış müxtəlif ölçülü naqillər yenisi ilə əvəzlənmişdir.
Rabitə xidmətinin də davamlılığı diqqətdə saxlanılır. Belə ki, Şahbuz şəhərində magistral rabitə kabelinin yol tikintisi ilə əlaqədar yerləri dəyişdirilmiş, Mahmudoba kəndində yeni ATS istifadəyə verilmiş, Ağbulaq kəndinə optik kabelin çəkilişinə başlanmış, Keçili, Külüs, Kükü və Şada kəndlərinə gedən magistral rabitə xətləri texniki normaya salınmışdır.
Elxan MƏMMƏDOV,
“Azərbaycan”