Ölkəmizdə yaşayan azsaylı xalqlar da zəlzələdən zərərçəkənlərə dəstək olurlar
Türkiyədə çoxminli insan tələfatı ilə nəticələnən dəhşətli zəlzələ xəbəri təkcə azərbaycanlıları yox, Azərbaycanda yaşayan bütün azsaylı xalqları da sarsıtdı.
44 günlük Vətən müharibəsində olduğu kimi, Azərbaycanda yaşayan xalqlar bir yumruq kimi birləşib qardaş olkəyə mənəvi dəstək olmağa, dərdini bölüşməyə hazır olduqlarını bildirdilər. Yəhudilər, tatlar, udilər, ləzgilər, talışlar, avarlar, bir sözlə, cəmi Azərbaycan ayağa qalxdı. Kimi Türkiyəyə yardım etmək üçün evindən yorğan-döşəyini gətirir, kimi isə təhnəsindəki son tikəsini də bölməyə hazır olduğunu bildirir.
Qısa zamanda təkcə Bakıda yox, rayonlarda da "Türkiyəyə yardım məntəqələri" fəaliyyətə başladı. İnsanlar imkanları çatanı etməyə, bu çətin günlərdə zəlzələdən ziyan çəkənlərin zəruri ehtiyaclarını ödəmək üçün lazım olan əşya və ərzaqları göndərmək üçün növbəyə düzüldülər. "Dost dar gündə sınanar" deyiblər. Türkiyədə baş verən dəhşətli zəlzələ Azərbaycanda yaşayan xalqların birliyini, dostluğunun sarsılmazlığını, vahid Azərbaycan ailəsinin monolitliyini bir daha göstərdi. Məscidlərdə, sinaqoqlarda, kilsələrdə zəlzələdə şəhid olanların ruhuna dualar oxundu, ehsanlar verildi. Redaksiyamızla əlaqə saxlayan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev dedi ki, baş verən faciə türk xalqı ilə yanaşı, Azərbaycan xalqını da sarsıdıb. Çünki bu xalqlar Ulu Ondərin təbirincə desək, bir millət, iki dövlətdilər: "Bəşər tarixində Azərbaycan-Türkiyə dostluq, qardaşlıq nümunəsinə bənzər birlik nümunəsinə rast gəlmək mümkün deyil. Bu dostluğu həm də türk-yəhudi xalqlarının dostluğu hesab edirik. Azərbaycan bizim evimiz, vətənimizdir. Qoy bütün dünya bir daha bilsin ki, Vətənimizin, dövlətimizn dostları dostumuz, düşmənləri düşmənimizdir. Qardaş Türkiyədə baş verən faciə təkcə türklərin, azərbaycanlıların faciəsi yox, həm də biz yəhudilərin faciəsidir. Birliyimiz onu deməyə əsas verir ki, türk qardaşlarımız bu ağır günlərdə tək deyillər. Dərdləri dərdimiz, sevincləri sevincimizdir.
Azərbaycanda yaşayan yəhudi icması olaraq əlimizdən gələn maddi mənəvi köməyi əsirgəmirik. Bakı şəhərində, Qubada, Göyçayda yaşayan soydaşlarımız, iş adamları Azərbaycan ailəsinin bir üzvü kimi yardım kompaniyasına qoşulub bacardıqlarını edirlər. Cəmiyyət olaraq biz də gücümüz çatan maddi dəstəyi vermişik. Bu ağır günlərdə türk qardaşlarımızın dərdini bölüşür, inamla deyirəm ki, böyük türk xalqı tezliklə bu çətinliyi də dəf edərək toparlanıb ayağa qalxacaqdır".
Redaksiyaya gələn telefon zənglərinin ardı-arası kəsilmir. Bizimlə əlaqə saxlayanlardan Alban Udi Xristian İcmasının sədri Robert Mobili dedi ki, baş verən bu faciə təkcə Türkiyənin yox, bütün dünyanın faciəsi, acısıdır. Öncəliklə qeyd etməliyəm ki, bu xəbər bizi çox sarsıtdı: "Dərhal cəmiyyətimizin nümayəndələri kilsəyə toplaşıb dualar etdik, zəlzələdə şəhid olanlara Tanrıdan rəhmət, yaralananlara mərhəmət, türk xalqına səbr və dözüm arzu etdik.
Qeyd etməliyəm ki, zəlzələ baş verən yerlər bizim üçün çox doğma ərazilərdir. Biz ildə bir dəfə o tarixi yerlərə gedir, kilsələrdə olur, dini ayinlər həyata keçiririk. Türk xalqı ilə qardaşlığımızın tarixi elə bu torpaqların tarixinin yaşı qədər qədimdir. Türkiyə-Azərbaycan dostluğu deyəndə biz onu türk-udi dostluğu kimi qəbul edirik. Bu xalqların dini ayrı olsa da, Tanrısı birdir. Dərdi, kədəri də birdir. Sevincli günlərdə bir olduğumuz kimi, bir-birimizin dərdini də hər zaman bölməyə hazırıq. Biz belə qərara gəlmişik ki, mart ayında zəlzələ baş verən ərazilərə gedib insanlarla görüşək, dərdlərinə daha yaxından şərik olaq.
Qəbələ dağlıq rayondur. Bu dəqiqə bu dağlara qar yağıb. Gediş-gəliş çətinləşib. Amma buna baxmayaraq, xalqımız türk qardaşlarımıza mənəvi dayaq olmaq üçün bu qarlı günlərdə dağ yollarını aşaraq yardım etməyə tələsir. Gücümüz çatanı, əlimiz yetəni edirik.
Eyni zamanda mən Maraşda, Diyarbəkirdə, Hatayda olan dostlarımla əlaqə saxlayıb, bütün Azərbaycan xalqının ayaqda olduğunu bildirdim. Bu dərd Tanrıdan gələn bir bəladır. İnanıram ki, dostluğumuzun, birliyimizin gücü ilə bu bəlanı birlikdə aşacağıq".
Bizimlə əlaqə yaradanlar arasında Azərbaycan Tat Mədəniyyəti İctimai Birliyinin sədri Elman Əhmədov da var idi. O dedi:
- Türkiyə və Suriyada baş vermiş dəhşətli zəlzələ hamımızı sarsıtdı. Bu, hər zaman bir olan xalqlarımızın faciəsidir. Belə ağır gündə birliyimiz, dostluğumuz bütün maddi nemətlərdən dəyərlidir. Qeyd edim ki, Türkiyədə yaşayan, zəlzələdən zərərçəkən bacı və qardaşlarımızın həyatı bizə öz həyatımız kimi önəmlidir. İnanırıq ki, türk xalqı bu sınaqdan daha güclü çıxacaq. Allahdan bütün ölənlərə rəhmət və yaralılara tez sağalmasını diləyirik.
Dərd bölünəndə yüngülləşir. Bu fəlakətin aradan qaldırılması üçün hamımız bir nəfər kimi səfərbərik. Hər zaman olduğu kimi, qardaş türk xalqına əlimizdən gələn hər bir köməyi istər canımızla, istər malımızla etməyə hazırıq. Bakıda bir neçə yerdə yardım kampaniyası təşkil edilib. Hər gün minlərlə insan ora axışıb, yardım edir. Bu birlik, xalqlarımızın bir-birinə olan sevgisi bizi qürurlandırır. Yaxın zamanda birliyimizlə bu faciəni də dəf edəcəyik.
Hər gün səhərdən axşama kimi Azərbaycanın bütün ərazisində vətəndaşlarımız qardaş Türkiyəyə yardım etmək, mənəvi dayaq olmaq üçün məntəqələrə tələsirlər. Bəzən yardım etməyə imkanı olmayan bacı və qardaşlarımız isə öz duaları ilə türk qardaşlarımızın yanında olduqlarını göstərirlər. Allah dualarınızı qəbul etsin! Güc birlikdədir. Dərd də, düşmən də birlikdə yenilir.
Elşən QƏNİYEV,
"Azərbaycan"