Azərbaycan
mədəniyyətində özünəməxsus yeri olan xalçaçılıq sənəti qədim və zəngin tarixə malikdir.
Özlərini soyuqdan qorumaq üçün əyinlərinə heyvan dərisi geyinən əcdadlarımız sonralar
yunu əyirərək ip hazırlamağa başlayıblar. Zaman keçdikcə hörmə və toxuma vərdişlərinə
yiyələnə biliblər. Toxuculuq dəzgahı icad edilib.
Tədqiqatçıların
qənaətincə, toxuculuğun mənşəyini Qobustanda tapılan Neolit dövrünə aid bitki xammalından
sadə hörmə metodu ilə müxtəlif əşyaların hazırlanması üçün işlədilən alətlər və
Kültəpə, Üzərliktəpə, Sarıtəpə və başqa yerlərdə aşkar edilən Eneolit dövrünə aid
gil, sümük tağalaqlar, iplər sübut edir.
Alimlərin
nəticələrinə görə, yun xalçalar hələ Tunc dövründə mövcud olub. Eramızın VII əsrindən
başlayaraq Azərbaycan xalçaları tarixi sənət nümunəsi kimi qeyd edilib, gözəlliyi,
zərif toxunuşu xüsusi vurğulanıb.
Albaniyada
xalça istehsalı və zadəganların məişətində onlardan istifadə barədə VII əsr alban
tarixçisi Musa Kalankatuklu yazıb. VII əsr Çin səyyahı Xuan-Tes-ankın Azərbaycanı
iri xalça istehsalı mərkəzi adlandırması fikrini isə arxeoloji tədqiqatlar da təsdiqləyib.
Orta əsr mənbələrində
Azərbaycan xalçalarının xüsusiyyətləri və tipləri barədə məlumatlar əksini tapıb.
Xalçalarımızın yüksək keyfiyyəti barədə IX-X əsr ərəb tarixçisi Təbəri də məlumat
verib. X əsrə aid "Hüdud-əl-Aləm” adlı mənbədə
Azərbaycanın Mərənd, Gəncə, Səmkir şəhərlərində yüksək keyfiyyətli yun məmulatların
istehsal olunduğu bildirilib. Naxçıvan, Muğan, Xoy, Səlmas və Ərdəbildə toxunan
xalçalar, palazlar şöhrət qazanıb. X əsr ərəb səyyahı Əl-Məsudi Mərənddə, Təbrizdə,
Ərdəbildə "Məxfur” adlı xalçalar istehsal edildiyini qeyd edib. X əsrdə ərəb müəllifı
Əl Müqəddəsi gözəl Qarabağ xalçaları, xüsusən misilsiz Bərdə xalçaları barədə yazıb.
Ərəb müəllifləri Əl-İstəxri də Bərdədən Hindistana ixrac edilən qızılı boyaq maddəsi
(boyaqotu), Əl Müqəddəsi Gövhəl isə al-qırmızı boya alınan, hətta Avropaya ixrac
edilən "qırmız” adlı xüsusi qurdlar barədə X əsrdə məlumat veriblər.
Araşdırıcılar
XVI-XVII əsrlər Səfəvilər dövrünü Azərbaycan xalça sənətinin yüksək inkişaf mərhələsi
hesab edirlər. Məlumata görə, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin XVI
əsrin əvvəllərində Təbrizdə, öz sarayında yaratdığı, sənət mərkəzinə çevrilən kitabxanaya
şairlər, elm və mədəniyyət xadimləri ilə bərabər rəssamlar da gəliblər. Kitabxananın
nəzdində yaradılan bədii emalatxanada Sultan
Məhəmməd, Sadiq bəy Əfşar, Dust Məhəmməd kimi qüdrətli fırça ustaları çalışıblar.
Onların verdikləri xalça və bədii parçaların çeşniləri əsasında toxunan zərif xalçalar
və parçalar geniş yayılıb.
Ölkəmizdə
yaradılmış müxtəlif sənət nümunələrindən, həmçinin Azərbaycan xalçalarından seçmələr
1872-ci ildə Moskvada, 1873-cü ildə Vyanada, 1918-ci ildə Peterburqda Ümumrusiya,
1924-cü ildə Parisdə Ümumdünya sərgilərində nümayiş etdirilib.
Zaman-zaman
Azərbaycan xalqına məxsus bir çox dəyərli sənət nümunələri müxtəlif vasitələrlə
ölkəmizdən çıxarılıb. Onlardan bəziləri ayrı-ayrı şəxslərdən alınıb, bəziləri isə
ya hədiyyə, ya da qarət yolu ilə əldə olunub. Azərbaycan xalça sənətinin bir çox
nadir nümunələri də dünyanı dolaşıb, müxtəlif ölkələrin muzeylərinin eksponatına
çevrilib, şəxsi kolleksiyaları bəzəyib.
Bu gün Azərbaycanın
qadın ustalarının böyük sevgi və zövqlə toxuduqları gözəl xalçalar və xalça məmulatları
Sankt-Peterburqda Ermitaj, Londonda Viktoriya və Albert, Vaşinqtonda Tekstil, Parisdə
Luvr, İstanbulda Topqapı kimi dünyanın böyük muzeylərində, eləcə də Bakıda Azərbaycan
Xalçaçılıq və Azərbaycan Tarixi muzeylərində saxlanılır.
Bu qədim sənətin
ölkəmizdə davam və inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Əzim Əzimzadə adına
Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində, eləcə də incəsənətyönümlü kolleclərdə xalçaçılıq sənət və elm sahəsi
kimi tədris edilir. Həmçinin texniki peşə məktəblərində, uşaq rəsm qalereyalarında
və digər yerlərdə xalçaçılıq sənət kimi öyrədilir.
Bakıda fəaliyyət
göstərən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin fondlarında
müxtəlif növ çeşnidə xalçalar saxlanılır. Prezident İlham Əliyevin sərəncamına əsasən
Xalça Muzeyi üçün orijinal memarlığı ilə diqqəti cəlb edən gözəl bina tikilib. Azərbaycan
mədəniyyətinin təbliğində böyük işlər həyata keçirən Heydər Əliyev Fondunun bir
sıra layihələri də bu sahənin inkişafına
yönəldilib. 2010-cu ilin noyabrında Keniyanın Nayrobi şəhərində keçirilən UNESKO-nun
Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 5-ci sessiyasında Azərbaycan
xalçaçılıq sənəti bu mötəbər qurumun Ümumdünya Qeyri-Maddi Mədəni İrsin Reprezentativ
siyahısına daxil edilib.
Azərbaycan
xalçaçılıq sənəti bu gün də yaşayır. Hər usta bu sənəti yalnız öyrənməklə kifayətlənmir,
toxuduqlarına öz düşüncələrini, duyğularını, fantaziyalarını da əlavə edir. Odur
ki, bu gün xalça ustalarımızın çoxu həm də sənət əsəri yaradırlar.
Z.FƏRƏCOVA,
"Azərbaycan”