31 Dekabr 2019 02:19
2359
Mədəniyyət
A- A+
Dünyada Yeni il: fərqli və ortaq adətlər

Dünyada Yeni il: fərqli və ortaq adətlər


Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər. Yeni ili bayram etməklə insanlar inanırlar ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir. Bəs bu bayramın tarixi hara gedib çıxır? Ölkələrin Yeni il adət-ənənələri necədir?


Çoxəsrlik tarix


Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. Bəzi fərziyyələrə görə, Yeni ili ilk dəfə qədim çinlilər qeyd ediblər. Digər mənbələrdə bu, qədim germanlar və romalıların adı ilə bağlanır. Başqa bir mənbə ənənənin Mesopotamiyada yarandığını sübut etməyə cəhd edir. Belə ki, miladdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçilərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. "Karnaval” sözü isə babil dilindən tərcümədə "gəmi-dəniz” deməkdir. Bu da xeyir tanrısı Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə Qərbi Avropaya yayılıb.

Digər mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin ən qısa gündüzü ən uzun gecəsi ilə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı” adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü - İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü. Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirdi. Bəzən buna görə müsəlman ölkələrində Yeni il bayramını keçirmək düzgün sayılmır. Lakin bu, bütün dünyada beynəlxalq bayrama çevrilib və sadəcə təqvimin yenilənməsinə görə qeyd olunur.


Fərqli ölkələrin fərqli adətləri


Dünyanın hər yerində bütün insanlar Yeni ili ümidlər, xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də, bayramı hərə öz adət-ənənəsinə uyğun qeyd edir.

İspaniyada bayram günü hamı şəhərin mərkəzi meydanına axışır. Hər kəs müəyyən vaxt ərzində 12 gilə üzüm yeməlidir. Bu adətin onlara şans gətirəcəyinə inanırlar. Bayram axşamı küçələrdə müxtəlif tələlər qurulur ki, pis qüvvələr köhnə ildə ilişib qalsın.

Braziliyalılar da ispanlar kimi, Yeni il gecəsi 12 gilə üzüm yeyirlər. Onların yedikləri üzümün hər giləsi növbəti ilin bir ayının simvolu hesab edilir. Hansı ayın üzümü şirin çıxarsa, o ayın gözəl keçəcəyinə inanırlar. Braziliyada Yeni il toplardan atılan atəşlərlə qarşılanır. Atəş səsi eşidəndə hamı bir-birini qucaqlayıb öpməyə başlayır. İnanırlar ki, həmin an sənə əziz olan birini öpməyə imkan tapsan, il xoşbəxtlik içində keçəcək.

Fransada Şaxta baba Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklər bayram günü daha çox yeyib-içməyi sevirlər. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.

Ən qəribə bayram hədiyyələrini isə eskimoslar bir-birinə bağışlayırlar. Bu, morjların və ağ ayıların buzdan yonulmuş fiqurlarıdır. Qrenlandiyadakı hava şəraiti bu hədiyyələri uzun müddət saxlamağa imkan verir.

İsveçrədə insanlar bir-birinə şam hədiyyə edirlər ki, bu da dostluğun və sevincin rəmzidir. Bayram axşamı ailə başçısı zibil atmaq bəhanəsilə evdən çıxır və Şaxta baba obrazında qayıdıb uşaqlara hədiyyələr paylayır.

İtaliyada Yeni ili bərkdən qışqıraraq qarşılamaq adəti var. Ucadan danışmaq italyanlar üçün adi hal olsa da, Yeni il gecəsi onlar öz səslərinə tam sərbəstlik verirlər. Beləcə, həm də köhnə illə vidalaşırlar. Əgər Yeni il bayramı ərəfəsində təsadüfən Roma küçələrindən keçsəniz, ehtiyatlı olun. Çünki pəncərələrdən atılan köhnə əşyalara hədəf ola bilərsiniz. İtalyanlar hesab edirlər ki, Yeni ilin astanasında bütün pis fikirlərlə və köhnə hər şeylə vidalaşmaq lazımdır.

Şotlandiyada ənənəvi Yeni il festivalı olan "Hagmonay” hələ də önəmini qoruyur. Bu özəl gecədə insanlar pis ruhları qovmaq üçün əllərində məşəl gəzirlər. Yeni il gecəsi evin bütün qapı və pəncərələri açıq qoyulur. İnanclara görə, qara it əvvəlki ilə aid hər şeyi açıq yerlərdən keçərək özü ilə aparır. Şotlandlar bayram gecəsi edilən evlənmə təklifinin uğursuzluq gətirəcəyinə, yeni ildə evə ilk girən şəxsin özü ilə uğur və ya kədər gətirəcəyini düşünürlər. Əgər bu adam tünd saçlı və əli hədiyyəlidirsə, ev sahibləri onları qarşıda çox yaxşı il gözlədiyinə inanırlar.

Böyük Britaniyada bayram günü evdə ideal təmizlik və qanun-qayda hökm sürməlidir. Gecə düşərkən ailənin başçısı illərin yerdəyişməsi üçün evin bütün qapılarını geniş açır. Daha sonra qapı bağlanır və evə ilk gələcək qonaq həyəcan və səbirsizliklə gözlənilir. İnanca görə, ilin necə keçəcəyi içəri girən adamın görkəmindən çox asılıdır. Qadınlar, sarışınlar və əsmərlər o qədər də arzuolunan deyillər. Ən uğurlu qonaq kürən kişi hesab olunur. Çatmaqaş adamın içəri girməsinə qarşı isə o dəqiqə ehtiyat tədbirləri görülür. Ocağa duz atılır, qapıdan xaç asılır. Gələn qonaq özüylə viski, şirin çörək və kömür gətirməlidir. Kömür ocağa atılır ki, təzə ildə ailə ocağı daha gur yansın.

Macarıstanda Yeni il axşamı milli paltar geymiş cavanlar küçələrə çıxıb musiqi çala-çala gəzməyə başlayırlar. Dəstəbaşı təntənəli surətdə elan edir ki, köhnə ili "dəfn” edib yenisini qarşıladığımız üçün hamı yeyib-içib şənlənməlidir. Küçələri gəzən cavanlar hansı evin qabağında dayansalar, ev sahibi mütləq onları ləzzətli yeməklərə və şəraba qonaq etməlidir. Macarlar Yeni il süfrəsinə qaz, ördək, toyuq bişirib qoymazlar. Guya Yeni ildə quş əti yeyənin səadəti uçub gedə bilər. Subay qızlar bu adətə daha çox riayət edirlər ki, yeni ildə ərə gedə bilsinlər.

Danimarkada yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12-də hamı stulun üstünə çıxıb köhnə ildən təzə ilə tullanırlar. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarına boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa, gələn il onun üçün düşərli və uğurlu olur.

Yunanıstanda Yeni il axşamı qapılara bir baş soğan asılır. Bu, yenidən doğulmağın simvolu kimi qəbul edilir. Ana-atalar ertəsi gün səhər qapıdakı soğanı uşaqlarının başlarına vuraraq onları oyandırırlar. Həmçinin yeni ilin ilk günü qapının kandarında nar kəsərək bərəkətli bir il diləyirlər.

Yeni ildə İslandiyada kiçiklər öz valideynlərini xeyli təəccübləndirirlər. Bu balaca çoxbilmişlər Şaxta babanın onlara göz qoymasından ehtiyatlanaraq ay boyu özlərini yaxşı aparır, dəcəllik etmirlər. Əks halda bayram gecəsi sobanın yanına qoyduqları çəkmələrin içində kartof və ya bir parça kömür tapa bilərlər.

Almanlar Yeni il gecəsi saat 12-ni vurarkən ovuclarında metal pul sıxaraq tullanırlar. İnanırlar ki, bunu etsələr, təzə il daha bərəkətli olacaq.

Avstriyada hələ qədimlərdən Yeni il bayramının xeyirxah obrazları bacatəmizləyən və donuzdur. İnsanlar bayram gecəsini kücələrdə şənlənməklə və karnavallarla keçirirlər.

Yeni il Rusiyada ən çox sevilən bayramdır. Uşaqlar yeni ildən hədiyyələr, böyüklər səadət, xoşbəxtlik gözləyir. Yeni il gecəsi süfrəyə mütləq müxtəlif yeməklər, salatlar, içkilər, piroqlar qoyulur. İnanca görə, süfrə nə qədər dolu və gözəl olarsa, qarşıdan gələn il də elə olacaq. Süfrənin ortasına mütləq odda qızardılmış donuz balası qoyulur. Çünki donuz ruslarda bolluq və var-dövlət simvolu kimi tanınır. Süfrəyə quş ətindən heç nə qoyulmur, hesab edilir ki, evdən xoşbəxtlik uça bilər. Xəmirdən müxtəlif heyvan fiqurları bişirilib gələn qonaqlara paylanır. Yeni ili mütləq təzə paltar və ayaqqabıda qarşılayırlar ki, gələn il də həmişə təzə paltar, ayaqqabı almaq imkanı olsun. Yeni il qabağı hamı çalışır ki, bütün borcları qaytarsın, küsülülər barışsın. Evdən sınmış qab-qacağı atır, pəncərə və güzgülər parıldayanadək silinir. Müxtəlif karnavallar, ballar təşkil olunur.

Yaponiyada bayram günü budda məbədlərindəki bürünc zənglər 108 dəfə çalınır. Bu rəqəm təsadüfi seçilməyib. Yaponlar hesab edirlər ki, hər bir zərbə insan həyatını məhv etməyə qadir olan 108 ziyanlı ehtirasdan birini qovur. Bununla da gündoğar ölkənin sakinləri Yeni ili təmiz ruhla qarşılayırlar.

Çində də bayram günü böyük səs-küy və atəşfəşanlıqla keçir. Bununla çinlilər Yeni ilin gəlişinə mane olan şər qüvvələri qovduqlarını düşünürlər. Yeni il ərəfəsində evlərini başdan-ayağa kimi silib təmizləyən çinlilər bununla da keçən ildən qalan pis şansı evlərindən atdıqlarına inanırlar. Bir çox çinlilər evlərinin qapı və pəncərələrindən qırmızı parça asırlar. Yeni ildə minlərlə insan aslan və əjdahanın rəqslərini izləyir. Çünki əhdaja çinlilər üçün uzun ömrü və zənginliyi təmsil edir.


Həyat rəmzi - şam ağacı


Beləcə, hər ölkə Yeni il bayramını öz adət-ənənələrinə uyğun keçirir. Amma bütün ölkələrin ortaq atributları var: al-əlvan, bərli-bəzəkli şam ağacı və Şaxta baba. Yeni il bayramını onlarsız təsəvvür etmək qeyri-mümkündür. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini xristian dini ilə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənmə tarixi xristianlıqdan əvvəl başlayıb və dinlə bağlı deyil.

Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin Allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Orta əsrlərdə qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclar dekabrın 25-də qeyd edilən Adəm və Həvva bayramının rəmzi idi.

Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də adlı-sanlı zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya - Amerikaya yolkanı isə burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ evin qarşısında bu mərasim keçirilir. Beləcə, şam ağacı bütün dünyada məşhurlaşıb.


Uşaqların sevimli Şaxta babası


Yeni il bayramını körpələrin çox sevdikləri Şaxta babasız təsəvvür etmək mümkün deyil. Saç-saqqalı tamam ağ, başında qardan papaq olan bu mehriban qocanın dünyanın müxtəlif ölkələrində fərqli adları var. Finlandiyada Şaxta babanı Youlupukki, Rumıniyada Moş Kreçun, İsveçrədə Yul Tomten, Özbəkistanda Korbobo adlandırırlar. Korbobo zolaqlı xələt geyinir və qırmızı araqçın taxır. O, içərisində yeni il hədiyyələri ilə dolu kisələr yüklənmiş uzunqulağa minir. İtaliyada uşaqların Şaxta babaları yox, Şaxta nənələri var. Onun adı Befan nənədir. İsveçdə Şaxta baba qarmaqvari burnu olan Yultomten və cırtdanboylu Yulnissardır. Onların hər ikisi bayram günü pəncərələrin altına hədiyyələr qoyurlar. Fransada iki Şaxta baba var. Onlardan biri Noel babadır. Zənbillərdə uşaqlara hədiyyə gətirən Noel baba çox xeyirxahdır. Digərinin adı Şalanddır. Uzunsaqqal Şaland xəz papaq və isti palto geyinir. Onun səbətində nadinc və tənbəl uşaqlar üçün çubuqlar olur.

Şaxta babanın ən məşhur adı isə Santa Klausdur. ABŞ, Kanada, Böyük Britaniya və Qərbi Avropa ölkələrində Şaxta babanı Santa Klaus adlandırırlar. Bu obrazın yaranma tarixi əsrlərin dərinliyinə gedib çıxır və onunla bağlı ta qədimdən bəri yaranan əfsanə və rəvayətlər zaman keçdikcə dəyişikliklərə uğrayıb.

Türkiyə Cümhuriyyətinin Muğla vilayətinin Patara şəhərində Santa Klaus kilsəsi mövcuddur. Patara antik dövrdə mövcüd olmuş Hiziya dövlətinin şəhərlərindən biridir. Orada IV əsrdə varlı tacir ailəsindən olan Nikolas adlı keşiş yaşayırdı. Orta yaşlarında rahib Nikolas Patara şəhərinin baş keşişi seçilmişdi. Əfsanəyə görə, həmin şəhərdə kasıb bir kişinin 3 qızı vardı. Bu qızlar cehiz üçün pul tapa bilmirdilər. Keşiş Nikolas bundan xəbər tutub bir gecə gizlincə bu qızların evinə gəlir. Pəncərədən və bacadan evə qızlar üçün pul kisəsi atır. Qızların cehiz pulu düzəlir. O gündən xristianlar maddi problemi olanlara müqəddəs Nikolasın kömək edəcəyinə inanırlar. Nikolas 343-cü ildə 65 yaşında vəfat edir. O, öləndən sonra qəbri milyonların ümid yeri olur. 1087-ci ildə müsəlman türklər Pataranı fəth edirlər. Bundan sonra xristian tacirlər bir gecə gizlicə keşiş Nikolasın qəbrini açıb, sümüklərini oğurlayaraq İtaliyanın Bari adasına aparırlar.

O vaxtdan xristian dünyasında Şaxta baba Müqəddəs Nikolay kimi tanınır. Provaslav kilsəsi Müqəddəs Nikolayı səyahətçilərin himayədarı, katoliklər isə kasıblara və uşaqlara yardım edən müqəddəs hesab edirlər. Müqəddəs Nikolay sonralar Mərkəzi və Şimali Almaniyada Weinachtsmann (alman dilində Weinachten - milad, mann isə kişi deməkdir), İngiltərədə isə Father Christmas - Miladın Atası adlandırılıb. Avropalı mühacirlər vasitəsilə Birləşmiş Ştatlaradək gedib çıxan Müqəddəs Nikolayın adı burada artıq Santa Klausa çevrilib. Şimali Amerika ədəbiyyatında və təsviri sənətində ağ saqqallı Santa Klaus qırmızı kürkünü geyinib 8 maral qoşulmuş arabasında Milad gecəsi peyda olaraq bacadan evlərə girir, sobanın yanından asılmış corabların içinə uşaqlar üçün hədiyyələr qoyur.

Adından, geyimindən asılı olmayaraq bu gecə bütün dünyada Şaxta babalar nəvələrini öz sovqatları ilə sevindirəcək.

Deyirlər ki, Yeni ili necə qarşılasan, o cür də yola salarsan. Qoy bu yeni il xoş ümidlərin, xoş niyyətlərin, xoş arzuların gerçəkləşdiyi il olsun.

Qədəmlərin mübarək, 2020!

Xəyalə MURADLI,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!