Beynəlxalq Enerji Agentliyi (BEA) qlobal neft ehtiyatlarının sürətlə azaldığını və bunun yaxın aylarda enerji qiymətlərinin yenidən artmasına səbəb ola biləcəyini açıqlayıb.
Almaniyanın “Deutsche Welle” telekanalının məlumatına görə, qurumun aylıq hesabatında bildirilir ki, Yaxın Şərqdə artan geosiyasi gərginlik və xüsusilə Hörmüz boğazı ətrafındakı təchizat problemləri dünya enerji bazarına ciddi təsir göstərir.
BEA-nın məlumatına görə, təkcə aprel ayında qlobal neft ehtiyatları 117 milyon barel azalıb. Mart ayında isə ehtiyatlardan 129 milyon barel istifadə olunmuşdu. Beləliklə, iki ay ərzində dünya üzrə strateji və kommersiya ehtiyatlarından ümumilikdə 246 milyon barel neft sərf edilib.
Qurum xəbərdarlıq edib ki, ehtiyatların rekord sürətlə azalması və tədarükdə davam edən fasilələr bazarda yeni qiymət artımlarına yol aça bilər. Mart ayında BEA-ya üzv 32 ölkə bazarları sabitləşdirmək məqsədilə tarixdə ən böyük koordinasiyalı strateji neft ehtiyatı buraxılışlarından birini təsdiqləmişdi. Ayrılan 400 milyon barel neftin artıq 164 milyon bareli istifadə olunub.
BEA 2026-cı il üzrə qlobal neft tələbatı proqnozunu da yenidən nəzərdən keçirib. Yeni hesablamalara əsasən, gündəlik qlobal neft tələbatı əvvəlki illə müqayisədə 420 min barel azalaraq 104 milyon barel olacaq. Əvvəlki proqnozda isə azalmanın cəmi 80 min barel olacağı bildirilirdi. Bölgədəki müharibə yaxın zamanda başa çatsa belə, bazarda oktyabr ayına qədər ciddi təchizat çatışmazlığı davam edə bilər.
Yaxın Şərqdəki qarşıdurmalar səbəbindən dünya enerji daşımalarının əsas marşrutlarından biri olan Hörmüz boğazında nəqliyyat ciddi şəkildə məhdudlaşıb. Bu vəziyyət Fars körfəzi ölkələrindən xam neft və mayeləşdirilmiş qaz ixracına mənfi təsir göstərir.
Təhminə VERDİYEVA,
“Azərbaycan”