Şanlı tariximizin səhifələrinə böyük hərflərlə yazılmış 1993-cü ilin 15 İyun - Milli Qurtuluş Günü yaddaşlarda dərin izlər salıb. Həmin günün qürurunu hamımız böyük ehtiramla yaşayırıq.
Vətənini, xalqını sevənlər, o çətin günlərin ağrılarını yaşayanlar, baş vermiş hadisələri görənlər üçün 15 İyun Qurtuluş Günü əsl bayramdır. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyində, Azərbaycan tarixində müstəsna əhəmiyyəti olan bir gündür. Ona görə də xalqımız həmin əlamətdar günü təntənə, Azərbaycan dövlətini, dövlətçiliyini böyük çətinliklə qoruyub saxlayan Ulu Öndər Heydər Əliyevə dərin minnətdarlıq hissi ilə qeyd edir.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Amma müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Demək olar ki, Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bundan istifadə edən erməni işğalçıları hücumlarını daha da gücləndirir, yeni ərazilərimizi ələ keçirməyə çalışırdılar. Belə ağır bir dövrdə gündən-günə gərginləşən siyasi vəziyyət, əhalinin çətinləşən sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir olan liderə ehtiyac yarandığını göstərirdi. Ölkəmiz və xalqımız üçün çətin olan həmin günlərdə cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Ulu Öndər Heydər Əliyevdir. Əslində, bu, Azərbaycan xalqının ürəyinin gur səsi idi.
Ümidlər doğruldu, gərginlik səngidi
1993-cü ilin iyununda ölkədə yaranmış vəziyyətin ağır durumu, həyatın özü tələb edirdi ki, xalqı bu fəlakətdən qurtarmağa qadir olan şəxsiyyət hakimiyyətə gəlsin. Bu, həmin dövr idi ki, ölkədə hərc-mərclik, hakimiyyətsizlik hökm sürürdü. Məhz ölkəmiz, vətənimiz üçün belə keşməkeşli bir zamanda milyonların təkidi ilə Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı.
Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. Bununla da Azərbaycan dövləti və dövlətçiliyinin təhlükədən xilas olması üçün əlverişli zəmin yarandı. Hakimiyyətə qayıdandan sonra heyrətamiz iradə, qətiyyət nümayiş etdirən Ümummilli Lider ölkəni düşdüyü fəlakətdən qurtarmağa müvəffəq oldu. Ulu Öndər hakimiyyətə qayıdan kimi gərgin və səmərəli işlahatlara başladı. Uğurla həyata keçirilən bu islahatlar sayəsində qısa müddət ərzində ölkəmizin həyatının bütün sahələrində ciddi dönüş yarandı.
Xalq böyük ümidlər bəslədiyi, ürəkdən sevdiyi rəhbərin ətrafında daha da sıx birləşdi. Bunun da nəticəsində qısa müddət ərzində ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, gərginlik arxada qaldı, yavaş-yavaş cəmiyyətdə sabitlik yarandı. Ölkəmiz vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Ümummilli Liderin şəxsiyyəti, uzaqgörən siyasəti, özünəməxsus idarəetmə qabiliyyəti, dönməz iradəsi, müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, respublikada siyasi sabitlik hökm sürməyə başladı.
1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçildiyi gün dövlətçiliyimizin tarixinə Milli Qurtuluş Günü kimi yazıldı. 15 İyun Milli Qurtuluş Günü Azərbaycan Milli Məclisinin qərarı ilə 1997-ci ildən rəsmiləşdirildi. Milli Məclisin qərarında deyilir: "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlığı idi". Uzun illərdir ki, xalqımız həmin günü bayram kimi böyük təntənə ilə qeyd edir.
Atəşkəs elan olundu, "Əsrin müqaviləsi" imzalandı
Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra qısa müddət ərzində ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə ciddi dönüş yarandı. Elmi əsaslara, qəbul olunmuş beynəlxalq norma və prinsiplərə söykənən müstəqil dövlət quruculuğu prosesinə başlanıldı.
Ulu Öndərin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi olaraq ordu quruculuğu istiqamətində də uğurlu addımlar atıldı. Ümummilli Liderin 2 noyabr 1993-cü ildə xalqa tarixi müraciətindən sonra gənclər ordu sıralarına, yurdumuzu erməni işğalçılarından müdafiə etməyə yollandılar. Bunun da nəticəsində ordu formalaşdırıldı, ön cəbhədə dönüş yarandı. Düşmən hücumlarının qarşısı qətiyyətlə alındı. Ordu quruculuğunda uğurlara hesablanmış islahatlar həyata keçirildi, yerli müdafiə batalyonları buraxıldı. Bunun da nəticəsində orduda vahid komandanlıq prinsipi təmin edildi. Peşəkarlıqla aparılan islahatlar nəticəsində ordu daha da gücləndi. Əbədi Ali Baş Komandan Heydər Əliyev ön xəttə səfərlər edərək, səngərlərdə əsgər və zabitlərlə görüşdü, onlara dəyərli məsləhət və tövsiyələr verdi. Bu səfərlər və görüşlər torpaqların müdafiəsində dayanan şəxsi heyətin mənəvi-psixoloji hazırlığına müsbət təsir göstərdi, vətənpərvərlik hisslərini artırdı. Ermənistan silahlı qüvvələrinin işğalçılıq hücumları dayandırıldı. Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami ordusunun yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Güclü müdafiə nəticəsində düşmənin işğalçılıq planları alt-üst edildi. Ordu quruculuğu ilə paralel bütün siyasi və diplomatik vasitələr də işə salındı. Uğurla aparılan siyasət nəticəsində 12 may 1994-cü ildə cəbhədə atəşkəsə nail olundu. İllərdən bəri gurlayan silahlar susdu. Cəbhə bölgələrində sakitlik yarandı. Müharibənin dayanması nəticəsində ordu quruculuğunda olduqca uğurla islahatlar aparıldı. Yeni hərbi hissə və birləşmələr yaradıldı.
Ölkədə siyasi sabitlik yaradıldıqdan sonra Ulu Öndər Heydər Əliyev qısa müddət ərzində dünyanın aparıcı dövlətlərinin diqqətini Azərbaycana cəlb etdi. 20 sentyabr 1994-cü ildə tariximizə "Əsrin müqaviləsi" kimi yazılmış neft müqaviləsi imzalandı. Zaman keçdikcə nadir şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycan dünya birliyində öz layiqli yerini tutdu.
Müstəqilliyimizin memarı və qurucusu
Sonrakı illər Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin bu dönəmini, 1993-cü ilin iyun hadisələrini belə xarakterizə etmişdir: "Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı".
Görkəmli tarixi şəxsiyyət Heydər Əliyev böyük əziyyətlər və qurbanlar bahasına qazanılmış müstəqilliyimizin əbədi-əzəli olacağına ürəkdən inanırdı. Buna görə də çox böyük uzaqgörənliklə və müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Bu inam, bu qətiyyət Milli Qurtuluş Gününün mübarizəsində qazanılmış uğurlardan doğan həqiqət və reallıq idi. Ulu Öndər onu hakimiyyətə dəvət etmiş xalqına ürəkdən inanırdı. Bütün varlığı ilə xalqına, dövlətə, dövlətçiliyə xidmət edirdi. Xalqdan güc alaraq dövlətimizin, dövlətçiliyimizin qurulması və möhkəmlənməsi naminə bir-birindən qətiyyətli addımlar atırdı. Bu inam, bu qətiyyət aydın şəkildə onu göstərirdi ki, nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaq, onun işıqlı ideya və xeyirxah əməlləri həmişə yaşayacaq, xalqımızı daim uğurlara və zəfərlərə qovuşduracaq. Ulu Öndərin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı, tükənməyən, sönməyən işıqlı ideyaları onu bütün dünya azərbaycanlılarının lideri etdi. Həyatının mənasını doğma Vətənə, xalqa xidmət etməkdə görən Ümummilli Lider Heydər Əliyev tariximizdə müstəqilliyimizin memarı və qurucusu oldu.
Heydər Əliyevin adı və işıqlı ideyaları əbədi yaşayacaq
Tarixi şəxsiyyətlər tarixin səhifələrində dövlət və dövlətçilik naminə həyata keçirdikləri xüsusi missiyaları ilə qalırlar. Qeyri-adi bacarıqları, istedadları ilə adlarını xalqlarının tarixinə əbədi olaraq yazırlar. Xalqımızın böyük xilaskar oğlu Heydər Əliyev də belə görkəmli tarixi şəxsiyyətlərdəndir. Ulu Öndər müstəqilliyimiz haqqında danışarkən onu da xüsusi olaraq vurğulayırdı ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çətindir. Müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilən vaxtdan bir müddət sonra ölkədə yaranmış gərginlik, qarşıdurmalar vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxarmışdı. Bunun aradan qaldırılması, müstəqilliyin qorunub saxlanılması dövlət və dövlətçilik qarşısında yerinə yetirilməli tarixi missiya idi. Bu tarixi missiyanı fəaliyyətinin mahiyyəti, qayəsi azərbaycançılıq olan böyük tarixi şəxsiyyət Heydər Əliyev qısa müddət ərzində yerinə yetirdi.
Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında, bir-birindən uğurlu nailiyyətlərin əldə olunmasında, ölkəmizin regionda söz sahibinə çevrilməsində, dünyada nüfuzunun artmasında Ümummilli Lider Heydər Əliyevin ölməz, işıqlı, əbədi-əzəli ideyalarının çox böyük tarixi əhəmiyyəti var. Çünki bu böyük tarixi şəxsiyyətin, görkəmli siyasi xadimin yürütdüyü siyasətin ən başlıca məqsəd və amalı Azərbaycanı hər bir vətəndaşın təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli, güclü dövlətə çevirmək olub. Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna daim sadiq qalaraq müstəqil ölkəmizi inamla uğurlu gələcəklərə aparır. Bu yol Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi çox uğurlu bir yoldur. Dövlətçilik tariximizin çox çətin mərhələsində Azərbaycanın və xalqımızın xilası, qurtuluşu və işıqlı gələcəyi naminə böyük siyasət meydanında mübarizəyə atılan Ulu Öndər Heydər Əliyevin adı və ideyaları əbədi olaraq yaşayacaq. 15 İyun - Milli Qurtuluş Günü bütün zamanlarda dövlətçilik tariximizin şərəfli səhifəsi kimi xatırlanacaq.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"