05 Dekabr 2023 09:10
773
İQTİSADİYYAT
A- A+

Dövlət maliyyəsinin idarəedilməsi: islahatlar və yeniliklər

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət maliyyəsinin idarəedilməsi sahəsində həyata keçirilən islahatlar ölkənin iqtisadi, sosial və digər strateji proqramlarının reallaşdırılmasına imkan verməklə müxtəlif istiqamətli problemlərin həllini təmin edib.
Bu islahatların əsası bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Onun tərəfindən yürüdülən siyasət nəticəsində Azərbaycan ötən əsrin 90-cı illərinin ortalarından etibarən müstəqil dövlət kimi inkişaf edərək, bütün sahələrdə uğurlara imza atmağa başladı. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının böhrandan çıxarılmasına və davamlı böyüməsinə hədəflənən strateji xəttin özəyini təşkil edirdi. Ümummilli Lider tərəfindən aparılan çoxşaxəli iqtisadi siyasət ölkənin maliyyə resurslarının artırılmasına, dayanıqlı maliyyələşdirmə mənbələrinin formalaşdırılmasına, iqtisadi inkişafın təmin edilməsinə imkan verdi. İldən-ilə dövlət büdcəsinin gəlirlərinin artması ölkədə bütün sahələrdə xərcləri də artırırdı ki, bu da öz növbəsində hesabatlılıq və şəffaflığın əvəzedilməz təminatçısı hesab olunan maliyyə nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi zərurətini yaradırdı. Bu zərurəti öncədən görən Ümummilli Lider Azərbaycan Respublikası Konstitusiyasının layihəsinin 92-ci maddəsinə "Hesablama Palatası" adlı qurumun yaradılması ilə bağlı müddəanın əlavə edilməsinə nail olmaqla hakimiyyətin icra qoluna aid olmayan, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında hesabat verən, ali audit orqanının konstitusion statusunun müəyyən edilməsinin əsas təşəbbüskarı olmuşdur.
Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən ötən 20 il ərzində uğurla davam etdirilməsi və islahatların müvəffəqiyyətlə reallaşdırılması nəticəsində Azərbaycan beynəlxalq birliyin etibarlı tərəfdaşına, regionun lider dövlətinə çevrilmiş, eyni zamanda ölkəmizin siyasi imicinin və iqtisadi potensialının güclənməsi təmin edilmiş, bütün sahələrdə dayanıqlı və dinamik inkişafın əldə olunması üçün zəmin yaradılmışdır. Hətta əvvəlcədən proqnozlaşdırılması çətin olan hadisələr zamanı vətəndaşların sosial rifahının möhkəmləndirilməsi, həmçinin dövlətin iqtisadi gücünün qorunması istiqamətində möhtərəm cənab Prezident tərəfindən düşünülmüş siyasət və tədbirlər həmin proseslərin inkişaf etmiş bir çox ölkələrlə müqayisədə daha az ağrı ilə yaşanmasına imkan vermişdir.
Müasir dünyada baş verən siyasi, iqtisadi proseslər, qlobal rəqabət meyillərinin hər gün sürətli şəkildə artan təzahürləri və geosiyasi çəkişmələr hər bir dövləti müəyyən olunmuş məqsədlərə nail olunması üçün öz resurslarını səfərbər etməyə və bu resurslardan daha rasional istifadə olunmasına sövq edir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş və Azərbaycan Respublikasının hər bir sahədə prioritetlərini əks etdirən strateji sənədlərin müvəffəqiyyətli icrası da maliyyə vəsaitlərinin daha effektiv istifadəsini tələb edir. Bu tələblər cənab Prezident tərəfindən dəfələrlə səsləndirilmiş və dövlət qurumlarının qarşısında bir vəzifə olaraq müəyyən edilmişdir.
Dövlət başçısının maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar bu gün şəffaflıq və hesabatlılığın vacibliyini bir qədər də artırmışdır. Dayanıqlı inkişafın təmin olunmasında mühüm rolu olan şəffaflıq və hesabatlılıq son illərdə müxtəlif sahələrdə, o cümlədən dövlət maliyyəsinin idarəedilməsinin gücləndirilməsi üçün hazırlanan sənədlərin əsas hədəflərindən biri olaraq qəbul edilmişdir.
Dövlət maliyyəsinin idarəedilməsi sahəsində son 20 il ərzində əldə olunmuş nailiyyətlər həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri ilə ifadə edilə bilər.
İlk olaraq rəqəmlərlə bağlı bəzi məqamlara nəzər salaq.
Son 20 il ərzində dövlət büdcəsinin gəlirləri 1,2 mlrd. manatdan 34,9 mlrd. manata, xərclər isə 1,2 mlrd. manatdan 35,9 mlrd. manata yüksəlib ki, bu da təxminən 30 dəfə artım deməkdir.

 

 

 

 

 

 

Bütün dövrlərin dövlət büdcəsində ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi, sosialyönlü və investisiyayönlü xərcləri diqqətdə saxlanılıb.
Prezident İlham Əliyev xüsusilə ordu quruculuğuna həmişə diqqət və qayğı ilə yanaşıb. Təbii ki, bunun da başlıca səbəbi lazım gəldiyi anda Azərbaycanın ərazi bütövlüyünü hərbi yolla bərpa etmək qüdrətinə nail olmaq idi.
Müdafiə, milli təhlükəsizlik və hüquq-mühafizə ilə bağlı xərclər 2003-cü ildəki 155,0 mln. manatdan 8,7 mlrd. manata yüksəlib. Bu, 56 dəfədən də artıqdır.

 

 

 

 

 

 

Məhz 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşmən üzərində tarixi zəfər qazanmaqla bu siyasətin ən doğru seçim olduğunu bir daha dünyaya nümayiş etdirmiş olduq. Ata vəsiyyətini yerinə yetirən cənab Ali Baş Komandanın yüksək sərkərdəlik qabiliyyəti sayəsində bu gün Azərbaycan bütün ərazilərində öz suverenliyini bərpa edib. Bu qalibiyyətimiz də 2023-cü ilin sentyabr ayında aparılan lokal xarakterli antiterror tədbirləri nəticəsində baş verdi. Bu gün öz gücünü Ulu Öndər Heydər Əliyev ideyalarından alan, inkişaf və tərəqqi siyasətini davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əmin addımlarla irəliləyir.
Ordu quruculuğu, milli təhlükəsizlik və hüquq-mühafizə ilə bağlı məsələlər növbəti illər üçün də prioritet olacaqdır. Növbəti ildə cari illə müqayisədə bu xərclərin daha 8% artımı nəzərdə tutulub.
Son 20 ilin büdcələrini xüsusiləşdirən məqamlardan biri də vətəndaş rifahının maliyyə təminatının hər ilin büdcəsində xüsusi diqqətdə saxlanılması, hər zaman dövlət büdcəsinin əhəmiyyətli bir hissəsinin sosial məsələlərə yönəlik olması ilə bağlıdır. Ölkəmizin iqtisadi cəhətdən qüdrətlənməsi dövlət başçımızın həyata keçirdiyi siyasətin ən başlıca hədəflərindən biridir. Bu siyasətin yürüdülməsi nəticəsində əldə olunan gəlirlər sosial sahələrə, insanların güzəranının yaxşılaşdırılmasına sərf olunur.
2003-cü ildə sosial sahələrə ayrılan xərclər 551,8 mln. manat təşkil edirdisə, bu gün bu rəqəm 11,1 mlrd. manata yüksəlib. Qeyd olunan dövr üzrə ÜDM-in nominal ifadədə artımı təxminən 13 dəfə, dövlət büdcəsinin sosial sahələrə ayrılan xərclərinin artımı isə 20 dəfədən çox olmuşdur. Sosial xərclər həm də iqtisadiyyatla müqayisədə daha sürətlə artır. Bu, sosial öhdəliklərin icrasının hər zaman prioritet olduğunun göstəricisidir.

 

 

 

 

 

 

Sosial sahədə aparılan islahatlara diqqət yetirsək görərik ki, respublikamızda böyük sosial paketlər, layihələr, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları reallaşdırılır və bundan milyonlarla vətəndaş bəhrələnir. Təsadüfi deyil ki, "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır" ifadəsini çıxışlarında qeyd edən dövlət başçısı, eyni zamanda bildirir ki, Azərbaycan hökuməti daim öz vətəndaşının yanındadır və maddi imkanları hələ də məhdud olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən sosial sahədə aparılan islahatların davamı olaraq bu sahədə xidmətlərin şəffaf, operativ və əlçatan şəkildə təşkilinə yönəlik bir sıra fərman və sərəncamlar imzalanıb.
Ölkəmizin xalis maliyyə aktivlərinə və ya strateji valyuta ehtiyatlarına nəzər salsaq, son 20 il ərzində burada artımın 40 dəfədən çox olduğunu deyə bilərik. Ölkəmiz xalis maliyyə aktivlərinin ÜDM-ə nisbət göstəricisinə (təxminən 70%) görə dünyada ön sıralardadır.

 

 

 

 

 

 

 

Həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatlarında əhəmiyyətli artım izlənilir. Əlbəttə, rəqəmlərin böyüməsinə qiymət və hasilat faktorları təsir edir. Lakin bir məqama nəzər yetirmək lazımdır ki, bu gün yalnız bir mədaxil mənbəyi vəsaitlərin idarəedilməsindən daxilolmaların məbləği 20 il əvvəlki Dövlət Neft Fondunun büdcəsinin gəlirlərini təxminən 10 dəfəyə yaxın üstələyir.
Rəqəmlərlə yanaşı, keyfiyyət dəyişikliyi ilə bağlı məqamlar da xüsusi vurğulanmalıdır. Dövlət maliyyəsinin idarəedilməsi sahəsində son 20 ildə keçirilən islahatlar bir qəzet səhifəsinə, əlbəttə, yerləşdirilə bilməz. Bu baxımdan ən vaciblərini vurğulaya bilərik.
Dövlət maliyyəsinin yeni komponentləri formalaşdırılmışdır. Burada Dövlət Sosial Müdafiə, İşsizlikdən Sığorta, İcbari Tibbi Sığorta Fondlarını qeyd edə bilərik. Bu institutların hər biri sığorta prinsiplərinə əsaslanır və burada da islahatın qayəsində vətəndaş durur. Bu fondların bir büdcə ilinə düşən məbləği təxminən 10,0 mlrd. manat (dövlət maliyyəsinin komponentləri üzrə təkrarlanan elementlər nəzər alınmaqla) ətrafındadır. 20 il əvvəl isə bu fondların 2-si mövcud belə deyildi. 
Dövlət maliyyəsinin idarəedilməsi sahəsində islahatlar arasında fiskal qaydaların ölkəmizdə tətbiqi də xüsusi qeyd edilməlidir. Bu, makroiqtisadi dayanıqlılığı, maliyyə və borc intizamını təmin edən büdcə siyasətinin həyata keçirilməsi üçün makroiqtisadi və büdcə göstəricilərindən ibarət çərçivəni əks etdirir. Hədəfləri cənab Prezident tərəfindən müəyyən olunan bu fiskal institutun formalaşdırılmasının məqsədi xərclərin maliyyələşdirilməsində qeyri-neft sektorunun payının artırılması, eləcə də dövlət borcunun dayanıqlılığının təmin edilməsidir. Sevindirici haldır ki, hər 2 göstərici üzrə əvvəlki illərə nəzərən irəliləyiş müşahidə olunur.
Mühasibat uçotu haqqında qanunvericilikdə dəyişikliklər edilməklə, ölkəmizdə həm dövlət, həm də özəl sektor üzrə uçotun tam olaraq beynəlxalq standartlara keçid edilməsi qərara alınmışdır. Bütün digər məqsədlərlə yanaşı, bu islahatın özəyi ölkəmizin investisiya mühitinin bir qədər yaxşılaşdırılması ilə əlaqəlidir.
Dövlət borcunun idarəedilməsi ilə bağlı strategiyanın qəbulu da keyfiyyət dəyişikliyini təmin edən məqamlardandır. Bu strategiya qlobal miqyasda formalaşmış yeni makroiqtisadi və maliyyə çağırışları fonunda dövlət borcunun idarəolunan səviyyədə saxlanılmasına xidmət edir.
Bu dövrdə ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcə islahatının tətbiqinə başlanılıb. Büdcə planlaşdırılmasının yeni mərhələsini ehtiva edən bu institutun tətbiqinin məqsədi dövlət sektorunun qurumlarında strateji idarəetmə prinsiplərinin istifadəsidir. Hələlik 3 sektorda pilot kimi tətbiq olunan bu yanaşmanın gələcəkdə genişləndirilməsi nəzərdə tutulub.
Dövlət satınalmaları ilə bağlı yeni qanunvericilik aktının qəbulu da dövlət maliyyəsinin idarəedilməsinin effektivliyinə töhfə verəcəyi düşüncəsindəyik. Bu, dövlət satınalmalarının əhatəsinin artırılmasına xidmət etməklə, eyni zamanda dövlət satınalmalarının səmərəliliyinin gündəmə gətirilməsinə səbəb olmuşdur.
Bu siyahını bir qədər də uzatmaq olar. Bura dövlət investisiyalarının idarəedilməsi və monitorinqi, açıq hökumətin təşviqi mexanizmləri, vahid büdcə təsnifatının yenilənməsi, dövlət büdcəsinin icrası ilə bağlı hesabatlılıq formalarının əhəmiyyətli genişləndirilməsi, dövlət sektorunun yeni institusional vahidi olan publik hüquqi şəxslərin fəaliyyətinin hüquqi tənzimlənməsi, dövlət müəssisələrində korporativ idarəetmənin və sağlamlaşdırmanın aparılması məqsədilə institusional dəyişikliklərin edilməsi aid edilə bilər.
Dövlət maliyyəsinin idarəedilməsi sahəsində islahatlar barədə danışdıqda, əlbəttə ki, ona nəzarət üzrə nailiyyətlər də qeyd olunmalıdır. Burada ən vaciblərini sadalamaq istərdim: Cənab Prezidentin fərmanı ilə 2018-ci ildən tətbiqinə başlanılmış "Hesablama Palatası haqqında" qanun beynəlxalq prinsip, standart və təlimatlara əsasən müəyyən edilmiş hər 3 auditin növünün hüquqi əsasını qoymuş oldu. Eyni zamanda qanuna əsasən, Hesablama Palatasının statusu ali audit orqanı olaraq müəyyən edildi, ona dövlət vəsaiti üzərində maliyyə nəzarəti səlahiyyəti verildi. Qanuna əsasən, Hesablama Palatasının təşkilati və funksional müstəqilliyi təsbit olundu. Məhz bu dəyişikliklər ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşmasına töhfə verdi. Məsələn, Açıq Büdcə İndeksi üzrə ölkəmizin audit orqanının mövqeyi 89 bal olmaqla dünya üzrə yüksəkdə olanlardandır.

Sonda məsuliyyət hissi ilə bildirirəm ki, ali audit orqanı olaraq üzərimizə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacaq, Ulu Öndər Heydər Əliyev  və onun layiqli davamçısı olan möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən dövlət maliyyəsi sahəsində bizə göstərilmiş etimadı doğrultmaq üçün əlimizdən gələni edəcəyik. Bununla biz, ali audit orqanı tərəfindən cəmiyyət üçün dəyər yaratmağı və vətəndaşların həyatına müsbət dəyişikliklər gətirməyi nəzərdə tutan INTOSAI-P 12-də əksini tapmış prinsiplərin tətbiqinin gücləndirilməsini hədəfləyirik.

 

Vüqar GÜLMƏMMƏDOV,
Azərbaycan Respublikası Hesablama Palatasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video