06 Avqust 2025 00:18
4337
Nazirlər Kabineti
A- A+
“Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları”nın təsdiq edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2010-cu il 17 may tarixli 89 nömrəli və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarlarının ləğv edilməsi barədə

“Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması qaydaları”nın təsdiq edilməsi və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2010-cu il 17 may tarixli 89 nömrəli və “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarlarının ləğv edilməsi barədə


№ 233


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1193-VIQD nömrəli Qanununun tətbiqi və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 19 iyun tarixli 729 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 16 iyul tarixli 149 nömrəli Fərmanının 2.1.2.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət informasiya ehtiyatlarının reyestrinin aparılması qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 17 may tarixli 89 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 468 (Cild I); 2024, № 9, maddə 1090) ləğv edilsin.

3. “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 11, maddə 1072 (Cild I), 2025, № 2, maddə 187; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 12 may tarixli 157 nömrəli Qərarı) ləğv edilsin.

4. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu Qərarın 1-ci hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının və “Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi”nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanının 5.1-ci bəndinin tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “1” “avqust” 2025-ci il


 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il “ 1 ” avqust tarixli 233 nömrəli Qərarı ilə təsdiq edilmişdir.  


Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestrinin aparılması QAYDALARI


1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin altıncı hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda formalaşdırılan dövlət informasiya ehtiyatları, sistemləri və elektron xidmətlərin vahid reyestrinin (bundan sonra – vahid reyestr) aparılması ilə əlaqədar hüquqi və təşkilati məsələləri tənzimləyir.

1.2. Bu Qaydalar əldə edilməsi məhdudlaşdırılmış informasiyanı ehtiva edən informasiya ehtiyatlarına və sistemlərinə, habelə kritik informasiya infrastrukturu obyektlərinə həmin sahələri tənzimləyən normativ hüquqi aktlara uyğun olaraq tətbiq edilir.

1.3. Bu Qaydalar mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin, habelə onların təhlükəsizliyini təmin edən qurumların informasiya infrastrukturlarına şamil olunmur.

1.4. Bu Qaydalarda istifadə olunan anlayışlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

2. Vahid reyestrin strukturu

2.1. Vahid reyestrin strukturu aşağıdakı altsistemlərdən və modullardan ibarətdir:

2.1.1. “Dövlət informasiya ehtiyatları və sistemlərinin reyestri” altsistemi (bundan sonra – İESR);

2.1.2. “Elektron xidmətlərin reyestri” altsistemi (bundan sonra – EXR);

2.1.3. “İnformasiya mənbələrinin reyestri” altsistemi (bundan sonra – İMR);

2.1.4. “Sənədlər reyestri” altsistemi;

2.1.5. “elektron kabinet” modulu;

2.1.6. “müraciətlər” modulu;

2.1.7. “əməliyyatlar” modulu;

2.1.8. “istifadəçilər” modulu;

2.1.9. “məlumatlandırma” modulu;

2.1.10. “hesabatlar” modulu;

2.1.11. “digər sistemlərlə inteqrasiya” modulu;

2.1.12. “inzibatçılıq” modulu.

2.2. Vahid reyestrin strukturuna daxil olan modullar vasitəsilə aşağıdakılar təmin edilir:

2.2.1. “elektron kabinet” modulu vasitəsilə tələb olunan məlumatların daxil edilməsi, reyestr məlumatlarında dəyişiklik edilməsi, habelə bu Qaydalarda nəzərdə tutulan digər imkanların təmin edilməsi;

2.2.2. “müraciətlər” modulu vasitəsilə müraciətlərin qəbulu və aidiyyəti üzrə yönəldilməsi;

2.2.3. “əməliyyatlar” modulu vasitəsilə tələb olunan məlumatların daxil edilməsi, daxil edilən məlumatların yoxlanış üçün göndərilməsi və təsdiqlənməsi, təsdiqedici sənədin hazırlanması və göndərilməsi;

2.2.4. “istifadəçilər” modulu vasitəsilə Reyestrdə elektron kabinetin yaradılması, elektron kabinetin dövlət orqanları (qurumları) ilə əlaqələndirilməsi, istifadəçi hesabı üzrə səlahiyyətlərin müəyyənləşdirilməsi və əlaqəli digər əməliyyatların idarə edilməsi;

2.2.5. “məlumatlandırma” modulu vasitəsilə iştirakçılara məlumat xarakterli elektron bildirişlərin göndərilməsi və göndərilən bildirişlərin qeydiyyatının aparılması;

2.2.6. “hesabatlar” modulu vasitəsilə müxtəlif parametrlərə görə hesabatların tərtib edilməsi;

2.2.7. “digər sistemlərlə inteqrasiya” modulu vasitəsilə Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) üzərindən digər informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya proseslərinin həyata keçirilməsi;

2.2.8. “inzibatçılıq” modulu vasitəsilə Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) funksiyalarına uyğun olaraq işçilərinə səlahiyyətlərin verilməsi.

2.3. Vahid reyestrin strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir:

2.3.1. İESR vasitəsilə qurumların sahibi və (və ya) operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin qeydiyyatının həyata keçirilməsi;

2.3.2. EXR vasitəsilə qurumlar tərəfindən göstərilən elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi;

2.3.3. İMR vasitəsilə informasiyanın adı, identifikasiya vasitəsi, həmin informasiyanın saxlanıldığı və ilkin mənbə olan informasiya ehtiyatı və sistemi, qurum və digər məlumatların toplanılması, saxlanılması, istifadəsi, emalı, sistemliliyi və əlçatanlığı;

2.3.4. “Sənədlər reyestri” altsistemi vasitəsilə elektron xidmətlərin göstərilməsi üçün tələb edilən və xidmətin göstərilməsi nəticəsində təqdim olunan sənədlər barədə məlumatların (həmin məlumatlar vahid reyestrə daxil olunduqdan sonra real vaxt rejimində və avtomatik qaydada “Sənədlər reyestri” altsisteminə ötürülür) toplanılması, saxlanılması, istifadəsi, emalı, sistemliliyi və əlçatanlığı.

3. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid reyestrə daxil edilməsi

3.1. Dövlət informasiya ehtiyatı və ya sistemi ilə bağlı layihəyə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə müsbət rəy verildikdən və texniki işlər başa çatdırıldıqdan sonra informasiya ehtiyatının və ya sisteminin sahibi (operatoru) tərəfindən 7 (yeddi) iş günü müddətində elektron kabinet vasitəsilə bu Qaydaların 6.1.1-ci yarımbəndində qeyd edilən təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunmuş məlumatlar təqdim edilərək həmin ehtiyatın və ya sistemin vahid reyestrə daxil edilməsi üçün Nazirliyə müraciət olunur.

3.2. Dövlət informasiya ehtiyatının və ya sisteminin sahibi və ya operatoru tərəfindən təqdim edilmiş məlumatlarda çatışmazlıqların olub-olmaması məlumatların təqdim edildiyi tarixdən 15 (on beş) iş günü müddətində Nazirlik tərəfindən yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə dövlət informasiya ehtiyatı və ya sistemi vahid reyestrə daxil edilir.

3.3. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar aşkar edildikdə bu barədə dövlət informasiya ehtiyatının və ya sisteminin sahibinə və ya operatoruna 2 (iki) iş günü müddətində elektron kabinet vasitəsilə bildiriş göndərilir, çatışmazlıqlar aradan qaldırıldıqdan və məlumatlar təkrar təqdim edildikdən sonra dövlət informasiya ehtiyatları və sistemləri bu Qaydaların müddəaları nəzərə alınmaqla vahid reyestrə daxil edilir.

3.4. Vahid reyestrə dövlət informasiya ehtiyatları və sistemləri ilə bağlı daxil edilmiş məlumatlarda dəyişiklik olduqda, o cümlədən dövlət informasiya ehtiyatında və sistemində dəyişiklik edildikdə və ya həmin informasiya ehtiyatı və sistemi ləğv edildikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibləri və ya operatorları tərəfindən bu barədə məlumatlar 7 (yeddi) iş günü müddətində müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Nazirliyə təqdim edilir və aparılmış dəyişikliklərin yenidən vahid reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir.

3.5. Vahid reyestrə daxil edilmiş dövlət informasiya ehtiyatlarının və sistemlərinə təkrarolunmaz və dəyişilməz reyestr nömrəsi verilir. Reyestr nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə yerinə yetirilir.

3.6. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibləri və ya operatorları vahid reyestrə daxil olunması üçün təqdim etdikləri məlumatların aktuallığını, tamlığını, dürüstlüyünü və dəqiqliyini təmin etməlidirlər.

3.7. Nazirlik dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən vahid reyestrə daxil edilməsi üçün təqdim olunmuş məlumatları dəqiqləşdirmək məqsədilə əlavə məlumat tələb edə və ya həmin informasiya ehtiyatı və sistemi ilə bilavasitə tanış ola (əvvəlcədən məlumatlandırmaqla, yerində baxış keçirə) bilər.

3.8. Nazirlik 3 (üç) ildə bir dəfədən az olmayaraq, vahid reyestrdə dövlət informasiya ehtiyatı və sistemi haqqında mövcud olan müvafiq məlumatların aktuallığını, tamlığını, dürüstlüyünü və dəqiqliyini həmin informasiya ehtiyatının və sisteminin sahibinə və ya operatoruna sorğu verməklə və ya əvvəlcədən məlumatlandırmaqla, yerində baxış keçirməklə dəqiqləşdirir. Yerində baxış zamanı vahid reyestrdə olan məlumatlarla fərqli hallar müəyyən edildikdə 1 (bir) iş günü müddətində informasiya ehtiyatının və sisteminin sahibinə və ya operatoruna elektron kabinet vasitəsilə bildiriş göndərilir, bildirişi aldıqdan 3 (üç) iş günü müddətində dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru vahid reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklərin edilməsini təmin edir. Müvafiq dəyişikliklər bu Qaydaların müddəaları nəzərə alınmaqla Nazirlik tərəfindən vahid reyestrə daxil edilir.

4. Elektron xidmətlərin vahid reyestrə daxil edilməsi

4.1. Elektron xidmətlə bağlı layihəyə texniki və səmərəlilik baxımından məqsədəuyğunluq barədə müsbət rəy verildikdən və ya həmin rəydə bildirilmiş təkliflər əsasında təkmilləşdirmələr aparıldıqdan, habelə xidmətin göstərildiyi dövlət sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alındıqdan sonra xidmət təminatçısı tərəfindən 7 (yeddi) iş günü müddətində elektron kabinet vasitəsilə bu Qaydaların 6.1-ci bəndində göstərilən məlumatlar təqdim edilərək təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunur və həmin elektron xidmətin vahid reyestrə daxil edilməsi üçün Nazirliyə müraciət edilir.

4.2. Elektron xidmətin vahid reyestrə daxil edilməsi üçün müraciət edən xidmət təminatçıları tərəfindən məlumatlar təqdim edildiyi tarixdən 4 (dörd) iş günü müddətində Nazirlik tərəfindən təqdim edilmiş məlumatlarda çatışmazlıqların olub-olmaması yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə elektron xidmət vahid reyestrə daxil edilir və bu barədə xidmət təminatçısına 1 (bir) iş günü müddətində elektron kabinet vasitəsilə bildiriş göndərilir.

4.3. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə bu barədə xidmət təminatçısına 1 (bir) iş günü müddətində elektron kabinet vasitəsilə bildiriş göndərilir, çatışmazlıqlar aradan qaldırıldıqdan və məlumatlar təkrar təqdim edildikdən sonra elektron xidmət bu Qaydaların müddəaları nəzərə alınmaqla vahid reyestrə daxil edilir.

4.4. Vahid reyestrə elektron xidmət ilə bağlı daxil edilmiş məlumatlarda dəyişiklik olduqda, o cümlədən elektron xidmətin təşkilində və göstərilməsində dəyişiklik edildikdə və ya həmin elektron xidmət ləğv edildikdə xidmət təminatçıları tərəfindən bu barədə məlumatlar 7 (yeddi) iş günü müddətində müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Nazirliyə təqdim edilir və aparılmış dəyişikliklərin yenidən vahid reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir və bu barədə xidmət təminatçısına 1 (bir) iş günü müddətində elektron kabinet vasitəsilə bildiriş göndərilir.

4.5. Vahid reyestrə daxil edilmiş elektron xidmətə təkrarolunmaz və dəyişilməz reyestr nömrəsi verilir. Reyestr nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

4.6. Xidmət təminatçıları vahid reyestrə daxil olunması üçün təqdim etdikləri məlumatların aktuallığını, tamlığını, dürüstlüyünü və dəqiqliyini təmin etməlidirlər.

4.7. Nazirlik zərurət yarandıqda, xidmət təminatçıları tərəfindən vahid reyestrə daxil edilməsi üçün təqdim olunmuş məlumatları dəqiqləşdirmək məqsədilə əlavə məlumat tələb edə və ya həmin elektron xidmətin göstərildiyi dövlət informasiya sistemi ilə bilavasitə tanış ola (əvvəlcədən məlumatlandırmaqla, yerində baxış keçirə) bilər.

4.8. Nazirlik vahid reyestrdə elektron xidmət haqqında mövcud olan müvafiq məlumatların aktuallığını, tamlığını, dürüstlüyünü və dəqiqliyini xidmət təminatçılarına sorğu verməklə və ya əvvəlcədən məlumatlandırmaqla, yerində baxış keçirməklə dəqiqləşdirir. Yerində baxış zamanı vahid reyestrdə olan məlumatlarla fərqli hallar müəyyən edildikdə 1 (bir) iş günü müddətində xidmət təminatçısına elektron kabinet vasitəsilə bildiriş göndərilir, bildirişi aldıqdan 3 (üç) iş günü müddətində xidmət təminatçıları vahid reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklərin edilməsini təmin edir. Müvafiq dəyişikliklər bu Qaydaların müddəaları nəzərə alınmaqla Nazirlik tərəfindən vahid reyestrə daxil edilir.

5. İnformasiya mənbələrinin vahid reyestrə daxil edilməsi

5.1. Dövlət informasiya ehtiyatının və ya sisteminin sahibi və ya operatoru tərəfindən elektron kabinet vasitəsilə bu Qaydaların 6.1.3-cü yarımbəndində qeyd edilən məlumatlar təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq olunaraq informasiyanın vahid reyestrə daxil edilməsi üçün Nazirliyə müraciət edilir.

5.2. Nazirlik tərəfindən təqdim edilmiş məlumatlarda çatışmazlıqların olub-olmaması müraciət daxil olduqdan 20 (iyirmi) iş günü müddətində yoxlanılır və çatışmazlıqlar aşkar edilmədikdə informasiya vahid reyestrə daxil edilir.

5.3. Təqdim edilmiş məlumatlarda çatışmazlıqlar müəyyən edildikdə bu barədə dövlət informasiya ehtiyatlarının və sistemlərinin sahibinə və ya operatoruna 2 (iki) iş günü müddətində elektron kabinet vasitəsilə bildiriş göndərilir, çatışmazlıqlar aradan qaldırıldıqdan və məlumatlar təkrar təqdim edildikdən sonra informasiya bu Qaydaların müddəaları nəzərə alınmaqla vahid reyestrə daxil edilir.

5.4. Vahid reyestrə daxil edilmiş informasiyaya təkrarolunmaz və dəyişilməz reyestr nömrəsi verilir. Reyestr nömrəsinin verilməsi avtomatlaşdırılmış rejimdə xüsusi proqram təminatı vasitəsilə həyata keçirilir.

5.5. Vahid reyestrə daxil edilmiş informasiya barədə məlumatlarda dəyişiklik olduqda, o cümlədən informasiya mənbəyi ləğv edildikdə dövlət informasiya ehtiyatının və sisteminin sahibi və ya operatoru tərəfindən bu barədə məlumatlar 7 (yeddi) iş günü müddətində müvafiq təsdiqedici sənədlərlə birlikdə elektron kabinet vasitəsilə Nazirliyə təqdim edilir və aparılmış dəyişikliklərin yenidən vahid reyestrə daxil edilməsi bu Qaydaların müddəaları nəzərə alınmaqla həyata keçirilir.

5.6. Nazirlik 3 (üç) ildə bir dəfədən az olmayaraq vahid reyestrdə mövcud olan informasiya barədə məlumatların tam və düzgün olmasını müvafiq dövlət informasiya ehtiyatının və sisteminin sahibinə və ya operatoruna sorğu verməklə və ya yerində baxış keçirməklə dəqiqləşdirir.

6. Vahid reyestrə daxil edilən və ötürülən məlumatlar (sənədlər)

6.1. Vahid reyestrə aşağıdakılar barədə məlumatlar (sənədlər) daxil edilir:

6.1.1. dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid reyestrə daxil edilməsi üzrə:

6.1.1.1. dövlət informasiya ehtiyatının və sisteminin adı (olduğu halda, habelə akronimi);

6.1.1.2. dövlət informasiya ehtiyatının və sisteminin sahibinin və ya operatorunun VÖEN-i;

6.1.1.3. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması və aparılmasının hüquqi əsası və müvafiq hüquqi əsasa dair rekvizitlər;

6.1.1.4. dövlət informasiya ehtiyatının və sisteminin təyinatı (arxivləşdirmə, kargüzarlıq-sənəd dövriyyəsi, məlumat-sorğu, nəzarət-idarəetmə, qeydiyyat-axtarış, təhlil-proqnoz, uçot-statistika və ya digər) və formalaşdırılma məqsədi;

6.1.1.5. dövlət informasiya ehtiyatının və sisteminin təşkilinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə alınmış müsbət rəy;

6.1.1.6. dövlət informasiya ehtiyatının və sisteminin təşkilinin texniki və səmərəlilik baxımından məqsədəuyğunluğu barədə verilmiş rəydə bildirilən təkliflər üzrə edilmiş təkmilləşdirilmələr haqqında məlumat (hər bir təklif üzrə edilənlər ayrılıqda qeyd edilməklə);

6.1.1.7. dövlət informasiya ehtiyatının və sisteminin funksiyaları;

6.1.1.8. dövlət informasiya ehtiyatının və sisteminin tipi (idarələrarası, xüsusi, lokal (idarədaxili), məhdud istifadəli, ümumi istifadəli və ya digər);

6.1.1.9. dövlət informasiya ehtiyatının və sisteminin növü (əsas və ya yardımçı);

6.1.1.10. dövlət informasiya ehtiyatının və sisteminin istifadəçilərinin tərkibi barədə məlumat (dövlət orqanları (qurumları), yerli özünüidarəetmə orqanları, fiziki və ya hüquqi şəxslər);

6.1.1.11. dövlət informasiya ehtiyatının və sisteminin iştirakçıları və onların həmin informasiya ehtiyatının və sisteminin fəaliyyəti ilə bağlı funksiyaları;

6.1.1.12. dövlət informasiya ehtiyatında və sistemində işlənilən məlumatların (açıq və ya əldə olunması məhdudlaşdırılan) kateqoriyaları və identifikasiya vasitələri barədə məlumat;

6.1.1.13. dövlət informasiya sistemi vasitəsilə göstəriləcək xidmətlərin siyahısı;

6.1.1.14. dövlət informasiya ehtiyatının elektronlaşdırılma vəziyyəti (tam, qismən və ya kağız daşıyıcıda;

6.1.1.15. dövlət informasiya ehtiyatının və sisteminin ilkin mənbəyi olduğu məlumatlar;

6.1.1.16. dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması müqavilə əsasında müvafiq sahə üzrə ixtisaslaşmış hüquqi şəxs tərəfindən həyata keçirildikdə, həmin hüquqi şəxsin VÖEN-i;

6.1.1.17. dövlət informasiya ehtiyatına və sisteminə, habelə onunla əlaqəli texnoloji avadanlığa texniki dəstəyin dövlət informasiya ehtiyatının və sistemini formalaşdıran subyekt tərəfindən texniki dəstək göstərilməsi halı (bəli və ya xeyr);

6.1.1.18. dövlət informasiya ehtiyatına və sisteminə, habelə onunla əlaqəli texnoloji avadanlığa texniki dəstək verən subyektin VÖEN-i;

6.1.1.19. dövlət informasiya ehtiyatı və sistemi ilə bağlı texniki şərtlərə və texniki tapşırıqlara (həllər toplusuna) və istifadəçi interfeysinə dair sənədlər;

6.1.1.20. dövlət informasiya ehtiyatını və sisteminin proqram təminatına dair dizayn sənədi;

6.1.1.21. dövlət informasiya ehtiyatının və sisteminin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy;

6.1.1.22. dövlət informasiya ehtiyatına və sisteminə məlumat daxil etmək səlahiyyəti verilən məsul şəxslərin FİN-ləri;

6.1.1.23. dövlət informasiya ehtiyatının və sisteminin yerləşdiyi mənbə (daxili və ya xarici, “Hökumət buludu”), əməliyyat sistemi, proqram təminatı, arxitekturası ilə bağlı müəyyən edilən tələblərə dair sənəd, arxitektura dizaynı sənədləri, arxitekturası, verilənlər bazası, modulları və altsistemləri;

6.1.1.24. dövlət informasiya ehtiyatının və sisteminin komponentlərinin və parametrlərinin baza vəziyyətinin inventar uçotu sənədi;

6.1.1.25. dövlət informasiya ehtiyatının və sisteminin istismara verilməsi üçün istifadəçi təlimatları;

6.1.1.26. dövlət informasiya ehtiyatının və sisteminin istismara verilməsi üçün inzibatçı təlimatları;

6.1.1.27. dövlət informasiya ehtiyatının və sisteminin istismara verilməsi üçün quraşdırılma, sazlama və texniki xidmət üzrə təlimatlar;

6.1.1.28. dövlət informasiya ehtiyatının və sisteminin istismara verilməsi üçün funksionallıq testləri üzrə ssenarilər və testlərin nəticələri, o cümlədən uyğunsuzluqlar barədə hesabat (olduqda);

6.1.1.29. dövlət informasiya ehtiyatının və sisteminin istismara verilməsi üçün mənbə kodlarının saxlanma yeri və mənbə koduna təhlükəsiz giriş üçün təlimat (hazır həllər istisna olmaqla);

6.1.1.30. dövlət informasiya ehtiyatının və sisteminin istismarı müddətində formalaşan məlumatların ehtiyat nüsxələrinin çıxarılması və bərpası prosesinə dair sənəd;

6.1.1.31. dövlət informasiya ehtiyatının və sisteminin fəaliyyətinin dayandığı hallar üçün onun bərpaedilmə müddəti və həmin müddətdə istifadə ediləcək alternativ üsullara (vasitələrə) dair sənəd;

6.1.1.32. dövlət informasiya ehtiyatı və sistemi ilə əlaqəli texnoloji avadanlığın texniki göstəricilərinə və xüsusiyyətlərinə (sayı, modeli, istehsal tarixi, təyinatı, funksiyaları və digər parametrləri) dair sənəd;

6.1.1.33. dövlət informasiya ehtiyatı və sistemi ilə əlaqəli texnoloji avadanlığın istismara qəbulu prosesinə dair sənəd;

6.1.1.34. dövlət informasiya ehtiyatı və sistemi ilə əlaqəli texnoloji avadanlığın saxlanılması, istismarı və istifadəsi ilə bağlı təlimatlar;

6.1.1.35. dövlət informasiya ehtiyatı və sistemi ilə əlaqəli texnoloji avadanlığın fəaliyyətinin dayandığı hallar üçün alternativ üsullara dair sənəd;

6.1.1.36. dövlət informasiya ehtiyatının və sisteminin ehtiyat nüsxəsinə dair məlumat;

6.1.1.37. dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası vasitələri, o cümlədən:

6.1.1.37.1. paylaşılmış məlumat bazası və ya cədvəl vasitəsilə (“batch processing” metodu – toplu məlumatların ötürülməsi ilə bağlı);

6.1.1.37.2. dövlət informasiya ehtiyatına və sisteminə daxil edilən və ötürülən (məlumatlar mütəmadi yoxlanmalı və yenilənməlidir);

6.1.1.37.3. 1 veb-servis vasitəsilə (adı, linki və texnologiyası – SOAP, REST);

6.1.1.37.4. hazır proqram təminatı vasitəsilə (adı);

6.1.1.38. dövlət informasiya ehtiyatının və sisteminin istismara verilmə tarixi, habelə fəaliyyətinin dayandırılması tarixi və əsası;

6.1.1.39. dövlət informasiya ehtiyatının və sisteminin istismarı müddətində texniki dəstək səviyyələri və onların göstərilmə prosesinə dair sənəd;

6.1.1.40. dövlət informasiya ehtiyatının və sisteminin istismardan çıxarılması və ya yenisi ilə əvəzlənməsi üzrə təlimat;

6.1.1.41. dövlət informasiya ehtiyatında və sistemində bütün zəruri əməliyyat tarixçələrinin qeydiyyatının aparılmasına, həmin qeydiyyatların təhlükəsizliyini (tamlığını, əlçatanlığını və konfidensiallığını) təminetmə mexanizminə, qeydiyyat prosesinə və həmin qeydiyyatın saxlanma müddətinə dair sənəd;

6.1.1.42. dövlət informasiya ehtiyatı və sistemi ilə əlaqəli texnoloji avadanlığın istismarı müddətində texniki dəstək səviyyələri və onların göstərilmə prosesinə dair sənəd;

6.1.1.43. dövlət informasiya ehtiyatı və sistemi ilə əlaqəli texnoloji avadanlığa istehsalçı tərəfindən dəstək dayandırıldıqda onun istismardan çıxarılması planı;

6.1.1.44. dövlət informasiya ehtiyatında və sistemində tətbiq olunan məlumatların mühafizə vasitələrinə aid olan lisenziya, sertifikat, şəhadətnamə barədə məlumatlar (nömrəsi, verilmə tarixi, qüvvədəolma müddəti, adına sənədin verildiyi qurum və ya şəxs və sənədi verən qurum);

6.1.1.45. dövlət informasiya ehtiyatında və sistemində arxivləşdirilən məlumatlar, arxivləşdirilmə dövrü və üsulu (proqram təminatı vasitəsilə və ya əllə) barədə məlumat;

6.1.1.46. dövlət informasiya ehtiyatının və sisteminin vahid reyestrdən çıxarılması ilə bağlı məlumatlar (tarixi, hüquqi əsası və səbəbi);

6.1.1.47. mövcud və gözlənilən sistem performansı göstəriciləri (məsələn, sorğuya cavab vaxtı, eyni zamanda işləyə bilən istifadəçi sayı);

6.1.1.48. süni intellekt və maşın öyrənməsi texnologiyalarından istifadə planları;

6.1.1.49. böyük verilənlərin (“Big Data”) emalı və analitikası üzrə nəzərdə tutulan həllər barədə məlumatlar;

6.1.1.50. verilənlərin vizuallaşdırılması üzrə yanaşmalar və alətlər barədə məlumatlar;

6.1.1.51. istifadəçi məlumatlarının idarə edilməsi sənədləri;

6.1.1.52. sistem performansı göstəriciləri (məsələn, sorğuya cavab vaxtı, eyni zamanda işləyə bilən istifadəçi sayı);

6.1.2. elektron xidmətlərin vahid reyestrə daxil edilməsi üzrə:

6.1.2.1.elektron xidmətin adı və məzmunu;

6.1.2.2. elektron xidmətin təşkilini və göstərilməsini təmin edən dövlət orqanının (qurumunun) və (və ya) onun struktur bölməsinin adı;

6.1.2.3. elektron xidmətin təşkilində və göstərilməsində iştirak edən dövlət orqanının (qurumunun) və (və ya) onun struktur bölməsinin adı;

6.1.2.4. elektron xidmətin fiziki formada da göstərilməsi halı (bəli və ya xeyr);

6.1.2.5. elektron xidmətin təşkilinin və göstərilməsinin hüquqi əsası;

6.1.2.6. elektron xidmətlə bağlı məqsədəuyğunluq barədə alınmış müsbət rəy;

6.1.2.7. elektron xidmətin informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy;

6.1.2.8. elektron xidmətin həyata keçirilməsinin nəticəsi;

6.1.2.9. elektron xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması;

6.1.2.10. elektron xidmətin istifadəçisi tərkibi haqqında məlumat (G2G, G2B, G2C, G2E);

6.1.2.11. elektron xidmətin elektronlaşma səviyyəsi;

6.1.2.12. elektron xidmətin həyata keçirilməsi müddəti;

6.1.2.13. elektron xidmətin göstərildiyi informasiya sistemi;

6.1.2.14. elektron xidmətin göstərilməsinin dayandırılmasının hüquqi əsası və tarixi;

6.1.2.15. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar (sənədlər) və onların təqdimedilmə forması barədə məlumat;

6.1.2.16. elektron xidmətin ödənişli və ya ödənişsiz əsaslarla həyata keçirilməsi, ödənişli xidmətin məbləği, hüquqi əsası və ödənilmə üsulları barədə məlumat;

6.1.2.17. elektron xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar barədə məlumat;

6.1.2.18. elektron xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemi və ehtiyatları barədə məlumat;

6.1.2.19. elektron xidmətin göstərilməsi üçün tələb olunan və göstərilməsi nəticəsində yaranan məlumatlar;

6.1.2.20. elektron xidmətin avtomatlaşdırılma səviyyəsi barədə məlumat;

6.1.2.21. elektron xidmətin proaktiv olub-olmaması ilə bağlı məlumat;

6.1.2.22. elektron xidmətin “həyat hadisəsi”nə aid olub-olmamasına dair məlumat;

6.1.2.23. elektron xidmətdə dəyişikliklər edilməsinin və həmin xidmətin ləğv olunmasının hüquqi əsası və tarixi;

6.1.2.24. elektron xidmətdən istifadə edilməsi barədə aylıq, rüblük və illik statistik məlumatlar;

6.1.2.25. elektron xidmətin aktiv olmadığı (həyata keçirilmədiyi) dövrlər üzrə məlumatlar;

6.1.2.26. elektron xidmətin dayanması (insident) səbəbləri (texniki, profilaktik və s.) və müddətləri haqqında məlumatlar;

6.1.2.27. elektron xidmətə paralel müraciət edə biləcək istifadəçilərin maksimal say həddi;

6.1.2.28. istifadəçi məlumatlarının idarə edilməsi sənədi;

6.1.3. informasiya mənbələrinin vahid reyestrə daxil edilməsi üzrə:

6.1.3.1. informasiyanın formalaşdığı informasiya sistemi və ya ehtiyatı;

6.1.3.2. informasiyanın saxlanıldığı informasiya sistemi və ya ehtiyatı;

6.1.3.3. informasiyanın adı, kateqoriyası (milli məkan məlumatı olub-olmaması, açıq məlumat olub-olmaması və s.), identifikasiya vasitəsi;

6.1.3.4. informasiyanın aid olduğu subyekt və ya obyekt;

6.1.3.5. informasiyanı formalaşdıran və (və ya) saxlayan dövlət orqanı (qurumu);

6.1.3.6. informasiyanın formalaşdırılması üsulu (proqram təminatı vasitəsilə və ya əl ilə);

6.1.3.7. informasiyanın üzərində qeyd edildiyi və istifadəçilərə təqdim olunduğu ilkin sənəd;

6.1.3.8. informasiyadan istifadə edən dövlət orqanları (qurumları);

6.1.3.9. dövlət informasiya sistemində və ehtiyatında məlumat mübadiləsi zamanı istifadə edilən veb-servislər haqqında məlumatlar.

6.2. EHİS vasitəsilə Sistemə aşağıdakılar barədə məlumatlar ötürülür:

6.2.1. dövlət informasiya ehtiyatının və sisteminin sahibinin və operatorunun rekvizitləri (adı, elektron poçt ünvanı, faks və telefon nömrələri);

6.2.2. dövlət informasiya ehtiyatının və sistemini formalaşdıran subyektin rekvizitləri (adı, elektron poçt ünvanı, faks və telefon nömrələri);

6.2.3. dövlət informasiya ehtiyatına və sisteminə, habelə onunla əlaqəli texnoloji avadanlığa texniki dəstək verən subyektin rekvizitləri (adı, elektron poçt ünvanı, faks və telefon nömrələri);

6.2.4. dövlət informasiya ehtiyatına və sisteminə məlumat daxil etmək səlahiyyəti verilmiş məsul şəxslər (adı, soyadı, atasının adı, vəzifələri, elektron poçt ünvanları, telefon nömrələri).

7. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin, habelə elektron xidmətlərin vahid reyestrdən çıxarılması

7.1. Dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması və aparılmasının, habelə elektron xidmətlərin təşkili və göstərilməsinin hüquqi əsasları ləğv edildikdə müvafiq ehtiyat və sistem, habelə elektron xidmət vahid reyestrdən çıxarılır.

7.2. Ləğv edilmiş dövlət informasiya ehtiyatı, sistemi və elektron xidməti ilə bağlı sənədlər (məlumatlar) “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”na və digər sahəvi normativ hüquqi aktlara uyğun olaraq vahid reyestrdə arxivləşdirilir.

7.3. Vahid reyestrdən çıxarılmış dövlət informasiya ehtiyatında və sistemində sənədlərin (məlumatların) toplanılması və işlənilməsi qadağandır, həmin informasiya ehtiyatında və sistemində olan sənədlər (məlumatlar) bu Qaydaların 7.2-ci bəndində nəzərdə tutulmuş normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada arxivləşdirilməli və məhv edilməlidir.

7.4. Dövlət informasiya ehtiyatının və sisteminin, habelə onlarda olan sənədlərin (məlumatların) arxivləşdirilməsini və ya məhvini həyata keçirən dövlət orqanı (qurumu) bu barədə sənədi (məlumatı) 3 (üç) iş günü müddətində vahid reyestr vasitəsilə Nazirliyə təqdim edir.

8. Vahid reyestrdən istifadə

8.1. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olan dövlət orqanlarının (qurumlarının) vahid reyestrdən istifadəsi onların informasiya ehtiyatları və sistemləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 4-cü hissəsinə uyğun olaraq EHİS-ə inteqrasiya edildikdən sonra məlumat mübadiləsinin həyata keçirilməsi yolu ilə təmin edilir.

8.2. Dövlət informasiya ehtiyatlarına və sistemlərinə malik olmayan dövlət orqanlarının (qurumlarının) vahid reyestrdən istifadəsi sistemdə yaradılan elektron kabinet vasitəsilə təmin edilir. Bu halda dövlət orqanlarının (qurumlarının) möhür hüquqlu rəhbər şəxsi tərəfindən vahid reyestrdə qeydiyyatdan keçirilən və müvafiq hüquqlar verilən məsul şəxsləri identikləşdirildikdən sonra avtomatik qaydada yaradılan elektron kabinetə daxil olaraq sistemdən istifadə edirlər.

8.3. Hüquqi və fiziki şəxslər internet informasiya ehtiyatı vasitəsilə vahid reyestrdə olan açıq məlumatlarla tanış olmaq hüququna malikdirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!