Türkiyənin hakim koalisiya ortağı Milliyyətçi
Hərəkat Partiyasının rəhbəri Dövlət Baxçalı
9 fevral seçki qələbəsi münasibətilə İlham Əliyevi və YAP-ı təbrik edib
"Xocalı dinməyən hayqırtı, bitməyən acı,
tükənməyən bir türk sevdasıdır. Xocalının yaraları dərindir, yamacları sərindir,
əks-sədası böyükdür. Tam 28 ildir ki, Dağlıq Qarabağın Xocalı şəhəri türklüyün vicdanında
bir sızıltı, ürəklərdə bir ağrıdır”.
Bu fikirləri Türkiyənin Milliyətçi Hərəkat
Partiyasının sədri Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisində partiyasının deputat
fraksiyasının iclasında səsləndirib.
Xocalı soyqırımına geniş şəkildə toxunan
partiya rəhbəri öncə Dağlıq Qarabağın tarixi türk yurdu olduğunu xatırladaraq bu
torpaqların 28 ildir Ermənistan tərəfindən
işğal altında saxlanıldığını vurğulayıb.
Dövlət Baxçalı qeyd edib ki, Dağlıq Qarabağ,
Azərbaycanda Kür və Araz çayları ilə Ermənistanın sərhədləri daxilində yerləşən
Göyçə gölü arasında yer alan, Qərbdə Ermənistan, Cənubda İran sərhədlərinə yaxın
olan məkanın adıdır və bu yerlər qədim türk
yurdudur. Dağlıq Qarabağ şimaldan cənuba 120 kilometr, şərqdən-qərbə 35-60 kilometr
uzunluğundakı dağ və obalardan ibarət ərazidir.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə
erməni silahlı dəstələrinin və sovet ordusuna məxsus 366-cı motoatıcı alayın Xocalıda
həyata keçirdikləri qətliamı ötən əsrin ən vahiməli, dəhşətli hadisələrindən biri
adlandıran MHP sədri deyib ki, rəsmi məlumata görə, 106-sı qadın, 63-ü uşaq,
70-i qoca olmaq üzrə 613 soydaşımız Xocalıda qətlə yetirilib. 76 uşaq olmaqla
487 nəfər ağır yaralanıb. 1275 nəfər əsir götürülüb. Bunların 150-sindən hələ də
xəbər yoxdur. Digər məlumatlara əsasən ümumilikdə şəhid olanların sayı 1300 nəfərdir.
MHP sədrinin fikrincə, Xocalı qətliamı Qarabağ
müharibəsinin yaşandığı bölgələrdə böyük narahatçılıq yaratdığı üçün insanlar bu
qətliamdan qorxaraq öz doğma torpaqlarını tərk etmək məcburiyyətində qalıblar. Bunun
nəticəsində ermənilər qanunsuz və həyasız şəkildə Şuşanı, Laçını, Ağdamı, Kəlbəcəri,
Qubadlını, Zəngilanı, Cəbrayılı, Füzulini işğal ediblər. 1 milyon Azərbaycan türkü
öz doğma torpağını tərk etmək məcburiyyətində qalıb.
BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı
birləşmələrinin Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etmələri ilə bağlı qətnaməsini
yada salan MHP sədri hesab edir ki, Sovet İttifaqı dağıldıqdan sonra "böyük Ermənistan”
xülyasına düşən Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan türk düşmənçiliyini
yeni bir mərhələyə gətirərək müasir dünyanın gözü qarşısında Dağlıq Qarabağın işğalı
siyasətini yürütdü. Azərbaycan ərazisinin beşdəbirini işğal edən Ermənistan hələ
də qədim türk yurdundan geri çəkilməyib və hərbi işğala son qoymaq niyyətində deyil.
"Bu gün Dağlıq Qarabağ inləyir. ATƏT-in Minsk
qrupu və başqa beynəlxalq təşkilatlar bununla bağlı ədalətli qərar qəbul edə bilmirlər.
Xocalıda soyqırımı aktı, insanlığa qarşı dəhşətli qətliam baş verib. Ancaq beynəlxalq
birlik tərəfindən bu qətliam hələ də soyqırımı aktı kimi tanınmayıb. Bu qətliam
beynəlxalq hüquqi qiymət almalı və qərarlar dərhal icra olunmalıdır”, - deyə Dövlət
Baxçalı vurğulayıb.
MHP sədri deyir ki, qondarma "erməni soyqırımı”nı
əldə əsas tutaraq Türkiyəyə qarşı siyasi və diplomatik təhdid maşınına çevrilən
ölkələrin ədalətə bir az da olsa sayğıları varsa, insan haqlarına az da olsa bağlılıqları
mövcuddursa, Xocalıda axan qanın hesabını insan cəlladlarından soruşsunlar: "Xocalı
türkündür, Dağlıq Qarabağ türkündür, Qarabağın hər qarışında türkün xatirəsi, silinməyəcək
ayaq izləri var. Ermənistan və onun dəstəkçiləri tarixi gerçəkləri silahla, zor
gücü ilə, qan tökərək əsla dəyişdirə bilməyəcəklər. Hesab günü gəldiyində qarşılarında
türk millətinin qüdrətini görəcəklər. Xocalı türkün yurdudur, türkün qürurudur,
işğalçılar sonsuza qədər lənətlənmişdir”.
Azərbaycan və Türkiyənin tarixin bütün zamanlarında
qardaş ölkələr olduğunu, dar gündə bir-birinə dəstək verdiklərini söyləyən Dövlət
Baxçalı deputat fraksiyası qarşısında Xalq şairimiz Bəxtiyar Vahabzadənin "Azərbaycan-Türkiyə”
şeirini səsləndirərək qeyd edib ki, Türkiyə-Azərbaycan arasındakı can, qan və qardaşlıq
bağı əbədi var olacaq.
Çıxışının sonunda MHP sədri fevralın 9-da
Azərbaycanda keçirilmiş parlament seçkilərində qalib gəlmiş hakim Yeni Azərbaycan
Partiyasını və təşkilatın sədri Prezident İlham Əliyevi təbrik edib.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”