Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoydu. Belə ki, indiyədək strateji tərəfdaş olan iki Türk dövlətinin əlaqələri bu səfərdən sonra müttəfiqlik münasibətləri səviyyəsinə yüksəldi. Eyni zamanda, bu səfər bir daha təsdiq etdi ki, Azərbaycan və Mərkəzi Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkanın ayrılmaz iştirakçılarına çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev söyləyib.
Azərbaycan və qırğız xalqlarını ortaq milli kimliyin, mənəvi dəyərlərin və mədəni irsin birləşdirdiyini deyən deputat bütün bunlar iki ölkənin xalqları arasında tarixdən süzülüb gələn ənənəvi dostluq və qardaşlıq münasibətlərinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, müstəqilliyin bərpasından sonra iki dövlət arasında əsası qoyulan siyasi, iqtisadi, mədəni və humanitar əlaqələr ardıcıl inkişaf edib, müxtəlif sahələrdə əməkdaşlığın hüquqi bazasını təşkil edən 100-dən artıq sənəd imzalanıb.
Son illərdə isə iki dövlət arasındakı əlaqələrin inkişafında yeni dinamika müşahidə olunur. Bunu dövlət başçılarının çoxsaylı qarşılıqlı səfərləri də təsdiqləyir. Son beş ildə qarşılıqlı olaraq 13 yüksəksəviyyəli səfərin həyata keçirilməsi əlaqələrin inkişafındakı dinamikanın bariz göstəricisi sayıla bilər. İki ölkə arasındakı ticarət dövriyyəsinin həcminin 2025-ci ildə 77,17 milyon dollara çatması, o cümlədən Azərbaycanda 100-ə yaxın Qırğızıstan şirkətinin fəaliyyət göstərməsi, İssık-Kul gölünün sahilində beşulduzlu “Baku Resort & Spa” mehmanxanasının inşa olunması iqtisadi tərəfdaşlığın artan xətlə inkişafını əks etdirir.
Qırğızıstan həm də Azərbaycanın Qarabağ Zəfərinə birmənalı şəkildə dəstək verən dost dövlətlərdəndir. Qırğız hökumətinin maliyyə dəstəyi ilə Ağdamın Xıdırlı kəndində inşa olunan 528 şagird yerlik Ayköl Manas adına tam orta məktəb isə iki dövlət arasındakı dostluğun və qardaşlığın rəmzidir.
Bu səfərin iki qardaş ölkə arasındakı əlaqələrdə yeni səhifə açdığını vurğulayan X.Fətiyev qeyd edib ki, bu baxımdan dövlət başçılarının imzaladıqları “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı” və “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” xüsusi siyasi mahiyyət kəsb edir. Çünki hər iki sənəd Azərbaycan- Qırğızıstan tərəfdaşlığını keyfiyyətcə yeni səviyyəyə yüksəldir. Prezident İlham Əliyev də müttəfiqlik münasibətlərinin çox böyük məsuliyyət olduğunu bildirərək qeyd etdi: “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik”.
Dövlətlərarası Şuranın 3-cü iclasında əldə olunan razılaşmalar isə ticarət, investisiya, energetika, nəqliyyat, humanitar əməkdaşlıq və bərpa-quruculuq sahələrində müxtəlif layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır ki, bu da əlaqələrin yeni keyfiyyət mərhələsinə yüksəldilməsi istiqamətində hər iki dövlətin başçısının yüksək siyasi iradəsini nümayiş etdirir. 2022-ci ildə yaradılan Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına qədər artırılması isə iqtisadi əməkdaşlığın maliyyə təminatının gücləndirilməsinə xidmət edir. Bütövlükdə iclasda əldə olunan razılaşmalar Azərbaycan-Qırğızıstan münasibətlərinin siyasi müttəfiqlik, iqtisadi inteqrasiya, investisiya tərəfdaşlığı və humanitar əməkdaşlıq istiqamətlərində daha da dərinləşdirilməsi üçün yeni strateji çərçivə formalaşdırır.
Səfər çərçivəsində Prezident İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni, Prezident Sadır Japarovun isə Azərbaycanın ali dövlət ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi xüsusi rəmzi məna daşıdı. Qarşılıqlı ali dövlət mükafatlarının təqdim olunması iki ölkə arasında qardaşlıq və dostluq münasibətlərinin, yüksək siyasi etimadın və strateji tərəfdaşlığın ən yüksək səviyyədə qiymətləndirilməsinin bariz ifadəsi oldu. Bu mühüm hadisə eyni zamanda Azərbaycan–Qırğızıstan müttəfiqlik münasibətlərinin siyasi və mənəvi təcəssümü kimi böyük əhəmiyyət kəsb etdi.
Ölkələrimiz regional, beynəlxalq platformalarda da fəal əməkdaşlıq edirlər. Bunların sırasında Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlıq xüsusi qeyd edilməlidir. Həm Azərbaycan, həm də Qırğızıstan TDT-nin qurucu üzvləridir. Türk dövlətləri arasında əməkdaşlığın inkişafı isə nəticə etibarilə TDT-nin güclənməsinə və bütövlükdə Türk dünyasının yüksəlişinə böyük töhfə verir.
Deputat, həmçinin son illərdə Azərbaycan və Mərkəzi Asiya dövlətləri arasındakı ticarət dövriyyəsinin sürətlə artmasına toxunub. Deyib ki, Orta Dəhlizin imkanlarının artırılması həm Azərbaycanın, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına böyük dividendlər gətirir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan və Mərkəzi Asiya öz inkişaflarını vahid geosiyasi, geoiqtisadi imkanlar şəraitində təmin edirlər.
Səfər çərçivəsində Çolpon-Ata şəhərində keçirilən Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü bu əməkdaşlığın uğurlu inkişafının növbəti siyasi təsbiti oldu. Bu görüş və qəbul olunan Çolpon-Ata Bəyannaməsi Azərbaycanın Mərkəzi Asiyanın ayrılmaz strateji tərəfdaşı kimi artan rolunu bir daha təsdiqlədi. Bu Bəyannamə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin strateji tərəfdaşlığın daha dərin formasına daxil olduğunu nümayiş etdirməklə yanaşı, onlar arasında gələcək əməkdaşlığın istiqamətlərini də müəyyənləşdirir, iqtisadi inteqrasiyanın daha da dərinləşdirilməsinə xidmət edir.
Beləliklə, Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri göstərdi ki, Azərbaycan artıq yalnız Cənubi Qafqazın deyil, Türk dünyasının və Avrasiya məkanının aparıcı siyasi, iqtisadi və nəqliyyat mərkəzlərindən birinə çevrilib. Nəticə etibarilə bütün bunlar Azərbaycanın orta güc statusunu möhkəmləndirməklə bərabər, Avrasiya coğrafiyasında əməkdaşlığın inkişafına mühüm töhfələr verir.