05 Avqust 2025 08:10
742
CƏMİYYƏT
A- A+
Dənizdən zirvəyə

Dənizdən zirvəyə


Vətən Müharibəsi Qəhrəmanı, Sualtı Hücum Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı şəhid Fəqan Zalovun döyüş gündəliyi


Fəqan Zalovun kükrəyən dalğalardan əzəmətli dağlara uzanan qəhrəmanlıq yolu ta doğulduğu gündən çətinliklərdən, sınaqlardan, mübarizələrdən keçərək əbədiyyətə uzandı... 

O, 1 aprel 1997-ci ildə Sabirabad rayonunun Qalaqayın kəndindəki çadır düşərgəsində gözünü dünyaya məcburi köçkün kimi açdı...

Lap kiçik yaşlarından vətən həsrəti qəlbinə köz kimi düşdü. Heç zaman görmədiyi, sadəcə valideynlərinin xatirələri, çoxdan saralmış ağ-qara fotolardan aşina olub varlığıyla bağlandığı ana torpağını - ata-anasının doğulduğu  Füzulini, Aşağı Güzlək kəndini azad etmək eşqi ilə böyüdü...

Bayrağına könül verdi. Öncə Azərbaycanın üçrəngli ay-ulduzlu bayrağını idman yarışlarında bir güləşçi kimi başı üzərində qaldırdı, sonra şanlı bayrağımızı Qarabağın zirvələrində qürurla dalğalandırdı...

Coşan dalğalara, dibsiz girdablara, qopan fırtınalara heç zaman boyun əyməyən "dəniz canavarı" Fəqan Zalov dərin yarğanlardan, sıx meşələrdən, sıldırım qayalardan dolaşan zəfər yolunu mərd-mərdanə keçərək hərb meydanında düşmənə aman vermədi. Sonradan döyüşçü yoldaşları cəsur igidin şücaətlərindən söz açanda ilk dedikləri bu oldu ki, o, neçə-neçə düşmənlə üz-üzə, qarşı-qarşıya gələrək onları məhv edib.

44 günlük müharibənin sonuna qədər döyüşlərdə hünərlə  iştirak edən Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlısı Fəqan Zalov oktyabr ayında ağır yaralansa da, qələbə missiyasını başa vurmadan qətiyyən müharibədən ayrılmayacağını bildirdi. Həkimlərin, valideynlərinin israrlarına rəğmən onunla çiyin-çiyinə döyüşərək həlak olan şəhid yoldaşlarının qisasını almaq, hərbçi yoldaşlarına dəstək olmaq, ana torpağını azad etmək üçün yenidən düşmən üzərinə yeridi...

Axı uşaqlıqdan ata-anasına söz vermişdi - doğma torpağını düşmən tapdağından qurtaranlardan biri olacaq... 

Vətən müharibəsində yurd yerlərimiz bir-bir azad olunduqca valideynlərinə zəng vurub gözaydınlığı verirdi, od-alovun içində, ölümlə burun-buruna olduğu halda gülə-gülə "ata, ana, narahat olmayın, hər şey yaxşıdır" deyirdi...   

Bir də... 

Qədd-qamətli, qaraqaş, qaragöz gənc döyüşçü xalasına zəng vurub çoxdandır ürəyində pünhan saxladığı sirrini açdı, qəlbini verdiyi bir nigara onun sevgisini yetirməyi tapşırdı... 

O anlarda istər-istəməz üzünə-gözünə ilıq bir təbəssüm qondu... Müharibənin bitdiyini, doğmalarına qovuşduğunu, bəylik libası geyindiyini xəyal etdi... Qulağına vağzalı sədası gəldi...  

Eh... Baharında ömrünün sazağa düşəcəyindən xəbərsiz idi... 

Görünür, gülüş günündə doğulduğu üçün idi ki, Fəqanın yaşadığı qısa - cəmi 23 illik həyatında doğmaları, dostları, tanışları onun üzündən nə zamansa təbəssümün, dodağından gülüşün əskik olduğunu heç zaman görmədilər... 

 "Mənə zəng vurub demişdilər ki, Fəqan yaralıdır, Füzulidə hospitala gətirirlər. Ancaq təxliyə maşını gəlib morqun ağzında dayananda hər şeyi başa düşdüm. O, şəhid olmuşdu. Özümü morqa necə yetirdiyimi bilmirəm. Fəqanı uzandırmışdılar, elə bil ona heç nə olmamışdı, sadəcə yatmışdı. Baxdım ki, üzündə təbəssüm var, o, gülə-gülə şəhid olmuşdu... Balamı bağrıma basıb öpəndə gördüm ki, bədəni hələ istidir, o,  yenicə keçinmişdi..."

"Azərbaycan" qəzeti üçün müsahibə aldığımız zaman qəhrəman şəhidimizin atası Amil Zalovun oğlu ilə son görüşünə dair təsvir etdiyi və ürəyimizi parçalayan bu dəhşətli mənzərə cəsur Azərbaycan oğlu, "dəniz canavarı" Fəqan Zalovun ölümdən belə qorxmadığını, zalım Əzrayılı gülə-gülə qarşıladığını göstərirdi... 


Uğur illəri


Əslən Füzuli rayonunun Aşağı Güzlək kəndindən olan Fəqan Zalov 2003-2007-ci illərdə Füzuli rayon Babı kəndindəki Marks Hacıyev adına tam orta məktəbdə təhsil alıb. 2010-2014-cü illərdə Sumqayıt şəhərində yerləşən Qubadlı rayon Alı Mustafayev adına Zilanlı kənd tam orta məktəbində təhsilini davam etdirib. 2015-ci ildə hərbi xidmətə çağrılıb. Artilleriya Qoşunlarında müddətli həqiqi hərbi qulluqçu kimi xidmət edib.

Azərbaycan Artilleriya Qoşunlarının əsgəri Fəqan Zalov Aprel döyüşlərində iştirak edib. Həmin döyüşlərdə yaralanan əsgər Zalov müalicəsi bitdikdən sonra xidmətini davam etdirib. 2017-ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətini başa vurduqdan 9 ay sonra 2017-ci ilin oktyabrından dekabrınadək müddətdən artıq həqiqi hərbi xidmət qulluğu kursu keçərək, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (matrosu) olub.

2017-ci ilin dekabrından 2019-cu ilin martına qədər HDQ-nin Gözətçi Gəmilər Diviziyasının gəmisində xidmət edib. Gəmidə xidmət etdiyi dövrdə Xəzəryanı dövlətlərin birgə təşəbbüsü ilə keçirilən "Beynəlxalq dəniz kuboku" yarışlarına qatılıb. Onun xidmət etdiyi gəmi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlib. Yarışlarda Fəqan Zalov bir çox fəxri fərmanla təltif olunub.

2018-ci ilin martından həmin ilin dekabrınadək "N" saylı hərbi hissənin nəzdindəki Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi ilə bitirdiyinə görə "kiçik miçman" rütbəsi alıb. 2019-cu ilin martından "N" saylı hərbi hissədə Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Xidmət dövründə kəşfiyyatçı kimi "Dağçılıq", "Paraşüt", "Antiterror", "Amfibiya" kurslarını bitirib. Fəqan Zalov "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilib.


Vətən uğrunda 


Azərbaycan Ordusunun Sualtı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı Fəqan Zalov İkinci Qarabağ müharibəsi zamanı əvvəlcə Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Cəbrayıl rayonundan başlayan əks-hücum əməliyyatlarında qarşı tərəfin illərboyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında, strateji yüksəkliklərin ələ keçirilməsində fərqlənib. Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan strateji mövqelər, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış məntəqəsi - Aşağı Maralyan, Çaxırlı, Mehdili, Quycaq, Şəybəy, Cəfərabad, Çərən, Daşəsən, Dəjəl, Horovlu, Karxulu, Mahmudlu, Şürbəyli və Yuxarı Maralyan işğaldan azad edilib.

Fəqan Zalov 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində ayağından qəlpə yarası alaraq yaralanır. Əvvəlcə Füzuli, sonra Beyləqan, sonuncu dəfə isə Hacıqabul rayon xəstəxanalarına yerləşdirilir. Verilən məzuniyyətdən imtina edərək döyüş meydanına qayıdır. İlk olaraq Xocavənd istiqamətində gedən döyüşlərdə adsız yüksəkliklərin ələ keçirilməsində iştirak edir və fərqlənir.

Oktyabrın 19-da SAH Xüsusi Təyinatlı Qüvvələrinin də iştirak etdiyi hərbi əməliyyatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Hasanlı, Alıkeyxalı, Qumlaq, Hacılı, Göyərçin Veysəlli, Niyazqulular, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndləri işğaldan azad edilir.

Fəqan Zalov bundan sonra Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə də vuruşaraq fərqlənir. 


Şəhadət yolçuluğu 


Fəqan Zalov 9 noyabr 2020-ci ildə üçtərəfli Bəyanatın imzalanmasına 6 saat qalmış Xocavənd rayonunun (601 və 436 metr) yüksəkliklərinin cənub istiqamətində "Qızılqaya" adlı ərazidə yarımqrup tərkibində hücum əməliyyatını yerinə yetirən zaman qarşı tərəfin atdığı mərmilərin partlayışı nəticəsində qəlpə yarası alır. Boyun hissəsindən girərək, ağciyərini və ürəyini parçalayan qəlpənin yarası ölümcül olduğu üçün onu xilas etmək mümkün olmur. O, şəhidlik zirvəsinə ucalır.

Fəqan Zalov Füzuli rayonunun Babı kəndində yerləşən qəbiristanlıqda dəfn edilib.

Prezidentin sərəncamlarına əsasən, o, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb, həmçinin "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Horadiz şəhərindəki 3 nömrəli tam orta məktəbə Fəqan Zalovun adı verilib.


Şəhid və qazi atası: "Oğlanlarımla fəxr edirəm"


İllər öncə Fəqan hərbçi olmaq arzusunu atasına söyləyəndə Amil müəllim əvvəlcə buna etiraz etmişdi. Böyük oğlu Nicat Zalov hərbçi olduğu üçün atası Fəqanın başqa peşəyə yiyələnməsini istəyirdi. Ancaq Fəqanın elə hərbçilərə xas möhkəm inad və iradə ilə arxasıyca gedib pillə-pillə ucaldığı bu peşəni zamanla çox sevmiş, oğlu ilə qürur duymuşdu. Şəhid və qazi atası Amil Zalovla kövrək, qüssəli notlara köklənən müsahibəmiz zamanı söylədi ki, övladları Nicat və Fəqan uşaqlıqdan vətənpərvər ruhda böyüyüblər:

- Buna görə də hər ikisi hərbçi olmağa can atırdı. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən böyük oğlum Nicat Aprel döyüşlərində iştirak edib yaralanmışdı. İkinci Qarabağ müharibəsində də ön sıralarda olub. Füzuli rayonunun Merdinli kəndində döyüşlər zamanı snayperlə vurulmuşdu. Nicat həm də antiterror tədbirlərinin iştirakçısı oldu.  Fəqan Sabirabadda doğulduğu üçün Füzulini, kəndimizi görməmişdi. Bir dəfə uzaqdan kəndimizi ona nişan verəndə əlini çiynimə qoyub dedi ki, "ata, narahat olma, torpaqlarımızın hamısını alıb kəndimizə qayıdacağıq".  

Vətən müharibəsi zamanı demək olar ki, Fəqanla hər gün telefonla danışırdıq. Həmişə deyirdi ki, biz qələbə çalacağıq. Onunla son dəfə noyabrın 8-də danışdıq.  Səhəri günü işdən evə qayıdanda dedilər ki, Fəqan yaralanıb, gətirəcəklər Böyük Bəhmənli kəndindəki Diaqnostika Mərkəzinə. Mən də ora getdim. Şər qarışırdı, baxdım ki, kənd camaatının hamısı bu mərkəzə toplaşıb. Soruşanda dedilər ki, Fəqandan başqa da yaralı var, onu da gətirirlər. Demə, onlar məni yanıltmaqdan ötrü belə deyirmişlər. Az sonra hərbi çağırış idarəsindən zəng vurub Fəqanın  yaralı olduğunu söylədilər. Öz-özümə düşündüm ki, bundan əvvəl də hər iki oğlum yaralanmışdı, amma onda heç kim mənə zəng vurub bu barədə heç nə deməmişdi. Görünür, nəsə var. Təxliyə maşını gəlib morqun ağzında dayananda başa düşdüm ki, Fəqan şəhid olub. O an dünyam başıma uçdu... 

Valideyn üçün övlad itkisi çox ağırdır, bunu sözlə ifadə etmək mümkün deyil. Amma hər oğula da bu cür şərəfli ölüm qismət olmur. Fəqan indi ən ali məqamda, şəhidlik zirvəsindədir.  Vətən sağ olsun! Allah qazilərimizə cansağlığı, şəhidlərimizə rəhmət eləsin! Nəvəmin adını Fəqan qoymuşuq. Eynilə əmisinə oxşayır, xasiyyəti, duruşu, yerişi, gülüşü ilə... 

Bilirsiniz,  gündə yüz dəfə Allaha şükür edirəm ki, böyük oğlum salamatdır. Nicat  həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində ağır yaralanmışdı. 

Bir şəhid, qazi atası olaraq oğlanlarımla fəxr edirəm. Onlar işğal altında olan torpaqlarımızı azad etdilər, bizi doğma yurdumuza qovuşdurdular. 


"Nə olar, yuxularıma gəl, Fəqan!"


Sinəsində bala dağı, gözlərində çeşmə kimi çağlayan yaş bir yaralı ana ilə - şəhid anası ilə dünyadakı ən qiymətli varlığı olan oğlu haqqında keçmişdə danışmağın necə ağrılı-acılı olduğunu yazmağa lüzum belə yoxdur. 

Təkcə onu deyək ki, qəhrəman şəhidimiz Fəqan Zalovun anası Səridə xanım cəmi 23 yaşında torpağa tapşırdığı balasının ürəkdağlayan, həsrət, kədər hopmuş xatirələrinin heç birini tamamlaya bilmədi... Bu yasyüklü xatirələrin hamısını yaralı ananın fəryadı, hönkürtüləri yarımçıq kəsdi... 

Sınıq, boynubükük  xatirələri Səridə xanımı 1997-ci ilə - Qalaqayın çadır şəhərciyindəki acılı-şirinli günlərinə çəkib apardı:     

- Fəqanı çox əziyyətlə böyütdüm. İsti çadır, su qıtlığı, heç bir şərait yox... Hardasa 6 ay bu cür çətinliklərlə yaşadıqdan sonra Füzulinin Babı kəndinə - ata evimizə köçdük. Çətinliklə balalarımızı böyütməyə başladıq. Fəqan uşaq yaşlarından çox fəal, ünsiyyətcil idi. Oxumağa da böyük həvəsi vardı. O, 4-5 yaşında olarkən xəbər tutduq ki, özündən böyük bacısının çantasını gizlincə götürüb çiyninə taxaraq məktəbə yollanıb. Birinci sinfə getdiyi gün indi də gözümün qabağındadır. Digər uşaqlar ağlayırdılar, o isə elə sevinirdi ki... Bacı-qardaşından oxuyub-yazmağı öyrənmişdi. Dərslərini yaxşı oxuyurdu, müəllimləri tərifləyirdi. Dostcanlı, idarəçilik ruhu olan uşaq idi. Fəqan həm də çox zarafatcıl idi. Görərdin ki, nəsə gülməli bir söz deyərdi, hamı qəhqəhə çəkərdi, özü isə ciddi görkəm alardı... Orta məktəbdə oxuyan zaman yunan-Roma güləşinə gedirdi, nailiyyətlər də qazanmışdı. Ta uşaqlığından Fəqanda bayrağımıza böyük sevgi vardı. Hər bazara gedəndə bizə tapşırardı ki, bayraq alaq, toqqasının, saatının, çantasının üzərində bayraq şəkilləri olardı. Nə biləydik ki, bir gün o özü də bayrağa büküləcək... Məzarının üzərinə bayrağımız kölgə salacaq...

Biz rayonda, Fəqan isə Masazırda qardaşı Nicatgildə qalırdı. 2020-ci il sentyabrın 26-da zəng vurdular ki, "ana, ikimiz də təlimə gedirik, sən gəl Bakıya, uşaqların yanında qal". Səhərisi gün müharibə başladı. Çox nigaran idim onlardan. Sentyabrın 29-da xəbər gəldi ki, Nicat ağır yaralanıb. Onu vertolyotla Bakıya gətirmişdilər. Bir müddət sonra Fəqan da dizindən qəlpə yaraları aldı. Onu Füzulidəki hərbi hospitala gətirmişdilər, sonra Hacıqabula  xəstəxanaya köçürdülər. Mən Hacıqabulda onun yanına getdim. Yaralı da olsa, heç zarafatından qalmırdı. Həmin vaxt Fəqana 15 gün məzuniyyət vermişdilər, gəlib bir neçə gün Masazırda qaldıqdan sonra dedi ki, döyüşə qayıdıram. Nə qədər yalvar-yaxar etsək də, onu fikrindən döndərə bilmədik. Dedi ki, "yox, getməliyəm, dostlarım oradadır, onları tək qoya bilmərəm". O məni sakitləşdirirdi ki, "ana, narahat olma, qorxulu bir şey yoxdur, qorxaq ermənilər elə bizi görən kimi qaçırlar". Onu yenidən cəbhəyə yola saldıq, arxasınca su atdım, dedim: "Sağ-salamat get-gəl, Fəqan". Balalarıma iki qurban demişdik, Nicatın qurbanını kəsdik, amma Fəqana qismət olmadı... (ağlayır) 

Daha mən də Bakıda qala bilmirdim, ona görə də qayıdıb getdim Füzuliyə ki, heç olmasa Fəqana yaxın olum. Noyabrın 8-də səhər-səhər onunla danışdım. Dedim "anan qurban, necəsən? Gəlmişəm, rayondayam". Dedi ki, "ana, yaxşılıqdı, Cəbrayıldayıq, dincəlirik, sonra döyüşə gedəcəyik". Səhəri gün nəsə ürəyim çox narahat idi. Evdə heç qərar tuta bilmirdim. Bu dəm qızım zəng elədi ki, "ana, deyirlər Fəqan yaralanıb gətiriblər  hospitala, bir azdan evə gətirəcəklər". Bu məni şübhələndirdi ki, yaralı xəstəxanada olmalıdır, axı nə üçün onu evə gətirirlər? Birdən qonşulardan kimsə soruşanda mənim kənddə olduğumu bilməyən əmim oğlu bərkdən dedi ki, Fəqan şəhid olub, aparıblar məscidə... O anda elə bildim ürəyimə bıçaq sancıldı. Çırpındım ki, Fəqan şəhid olub?! Dünən onunla danışmışam... Bir anda kənd töküldü qapımıza. Fəqanın bayrağa bükülmüş nəşini gətirdilər... Axı mən balamı belə gözləmirdim... Zənn edirdim ki, o, çiynində bayrağımız gülə-gülə doqqazdan içəri girəcəkdi, sarılacaqdı boynuma, "ana, gözün aydın, müharibə qurtardı, aldıq torpaqlarımızı, qələbə çaldıq, qəhrəman oğlunla fəxr et" deyəcəkdi... 

Çox darıxıram onun üçün. Bilmirəm balamın həsrətini necə ovudum, bircə gücüm göz yaşlarıma çatır. Bir də gecə-gündüz yalvarıram ki, nə olar yuxularıma gəl, ay Fəqan!.. 

Torpağını, bayrağını bu dünyadakı hər nəsnədən çox sevən Fəqan Zalovun elə  noyabrın 9-da - Bayraq Günündə şəhadətə ucalması da sanki taleyin qisməti idi. Qəhrəman şəhidimiz canı qədər sevdiyi müqəddəs torpağımızın zirvələrində Azərbaycan bayrağını dalğalandırmaq üçün gözünü qırpmadan gənc ömrünü fəda etdi.     

Suda da, quruda da böyük hünər, igidlik, şücaət sərgiləyən Sualtı Hücum Xüsusi Təyinatlı Qüvvələrinin kiçik miçmanı şəhid Fəqan Zalov adını Vətən tarximizə və xalqımızın qəlbinə unudulmaz qəhrəman kimi həkk etdi...


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

T.Ə.Bakıxanovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

03:28
09 Dekabr

Azercell abunəçilərinin nəzərinə

03:25
09 Dekabr

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!