Ötən gecə futbol üzrə dünya çempionatında keçirilən oyunlar bir sıra statistik göstəricilər və rekordlarla yadda qalıb.
AZƏRTAC FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu mundial tarixində start heyətində meydana çıxan ən yaşlı meydan oyunçusu olub. O, 41 yaş 132 günlük ikən meydana çıxaraq bu göstəricidə Kanada yığmasının sabiq futbolçusu Atiba Hatçinsona məxsus rekordu geridə qoyub. Hatçinson 2022-ci il dünya çempionatında Xorvatiyaya qarşı oyunda 39 yaş 292 günlük olub.
Xorvatiya seçməsinin futbolçusu İvan Perişiç isə dünya çempionatlarının dörd fərqli final mərhələsində məhsuldar ötürmə müəllifi olan ikinci oyunçu kimi tarixə düşüb. Bu göstəricidə rekord Argentina millisinin kapitanı Lionel Messiyə məxsusdur. O, beş mundialda məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə yığmasının hücumçusu Harri Keyn vurduğu qolların sayını 10-a çatdıraraq Qari Linekerin milli üzrə dünya çempionatları rekorduna şərik olub. Hazırda Kolumbiya millisinin futbolçusu Xames Rodriges, Harri Keyn və Fransa yığmasının hücumçusu Kilian Mbappe turnirin bombardiri olmaq uğrunda mübarizə aparırlar. Onlardan biri bu mükafatı iki dəfə qazanan ilk futbolçu kimi tarixə düşə bilər.
Bundan başqa, Qana millisinin baş məşqçisi Karlos Keyruş dünya çempionatlarında beşinci dəfə komanda çalışdıran üçüncü mütəxəssis olub. O, bu göstəricidə beş dünya çempionatında komanda çalışdırmış Bora Milutinoviçlə eyni nəticəyə imza atıb. Rekord isə altı mundialda milli komandalara rəhbərlik etmiş Karlos Alberto Parreyraya məxsusdur.
Qeyd edək ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi etdiyi mundiala iyulun 19-da yekun vurulacaq.