Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində “Süni intellekt sistemlərində şəffaflıq, ədalət və bərabərlik” mövzusunda panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, sessiyaya Ankara Medipol Universitetinin Kommunikasiya fakültəsinin dekanı Ergin Ergül moderatorluq edib. Müzakirələrdə Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Yana Lantratova (videoformatda), AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev, Keniyanın İnzibati Ədliyyə Komissiyasının sədri Çarlez Dulo, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal İnkişaf və İnnovasiya şöbəsinin müdiri Rəşad Xalıqov və Ukrayna ombudsmanının müavini Mixailo Spasov iştirak ediblər.
Paneldə vurğulanıb ki, süni intellekt texnologiyalarının sürətli inkişafı və avtomatlaşdırılmış qərarvermə sistemlərinin geniş tətbiqi həm yeni imkanlar, həm də ciddi çağırışlar yaradır. Qeyd olunub ki, süni intellekt dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına, vətəndaşların əsas xidmətlərə çıxışının yaxşılaşdırılmasına və sosial-iqtisadi hüquqların inkişafına mühüm töhfə verə bilər.
Bununla yanaşı, iştirakçılar diqqətə çatdırıblar ki, süni intellekt sistemlərinin lazımi hüquqi və etik təminatlar olmadan tətbiqi insan hüquqları üçün müəyyən risklər yarada bilər. Xüsusilə məxfilik, bərabərlik və ayrı-seçkiliyə məruz qalmamaq, insan ləyaqətinin qorunması, ədalətli inzibati fəaliyyət, məlumat əldə etmək və ədalət mühakiməsinə çıxış hüquqları ilə bağlı narahatlıqlar ifadə olunub.
Müzakirələr zamanı bildirilib ki, qarşıda duran əsas vəzifə süni intellektin insanlığa xidmət etməsini təmin etmək, insanların isə texnologiyanın məhdudiyyətlərinə uyğunlaşmağa məcbur qalmamasıdır.
Panel iştirakçıları, həmçinin süni intellektin hibrid müharibə və informasiya əməliyyatlarında istifadə olunması risklərinə toxunublar. Bildirilib ki, müasir texnologiyalar vasitəsilə dezinformasiyanın yaradılması və yayılması, məzmunun manipulyasiyası mümkündür ki, bu da vətəndaşların düzgün məlumat almaq hüququna, eləcə də dövlət institutları və media qurumlarına ictimai etimada mənfi təsir göstərə bilər.
Çıxışlarda rəqəmsal texnologiyaların sosial media və onlayn platformalar üzərindən uşaqların və gənclərin qanunsuz fəaliyyətlərə cəlb olunması, onların psixologiyasına təsir göstərilməsi məqsədilə istifadəsi ilə bağlı narahatlıqlar da səsləndirilib. Vurğulanıb ki, uşaqlar, gənclər, əlilliyi olan şəxslər, yaşlı insanlar və digər həssas qruplar rəqəmsal təsirlərə qarşı daha həssasdırlar və onların öz hüquqlarını müdafiə etmək imkanları daha məhdud ola bilər.
Həmçinin süni intellektin elm və təhsil sahəsinə, cəmiyyətin savadlılıq dərəcəsinə mənfi və müsbət təsirlərindən bəhs edilib, başqasının əməyini və tədqiqatını mənimsəmə riski daşıdığı və akademik və peşəkar mühitdə süni intellekt məzmununun plagiat kimi dəyərləndirildiyi diqqətə çatdırılıb.
Sonda qeyd olunub ki, süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir. Yalnız həmin prinsiplərə riayət etməklə texnologiyaların mövcud sosial bərabərsizlikləri dərinləşdirməsinin qarşısını almaq və onların insan hüquqlarının qorunmasına, ictimai etimadın möhkəmləndirilməsinə və cəmiyyətin dayanıqlılığının artırılmasına xidmət etməsini təmin etmək mümkündür.