İnkişaf etmiş
dövlətlərin təcrübəsi göstərir ki, iqtisadiyyatın sabitliyini qorumaq üçün regional
inkişafda tarazlılığın, tarixi məşğulluq ənənələrinin qorunub saxlanılması vacib
şərtlərdəndir.
Son 15 ildə
hökumətin iqtisadi siyasətində regional inkişaf məsələlərinə xüsusi diqqətin yetirilməsi,
bölgələrin tərəqqisinə yönəlmiş dövlət proqramlarının, fərman və sərəncamların yüksək
dinamizmlə həyata keçirilməsi məhz bu reallığa əsaslanır. Bu həm də onunla şərtlənir
ki, milli iqtisadiyyatın daha da inkişaf etdirilməsi istiqamətində qarşıda duran
vəzifələrin yerinə yetirilməsi regionların inkişafının sürətləndirilməsini, habelə
sosial-iqtisadi problemlərin həllində sahibkarlığın rolunun artırılmasını, regionlarda
müasir infrastrukturun yaradılmasını tələb edir. Son 15 ildə məhz regionların sosial-iqtisadi
inkişafına göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq respublikamız ictimai
həyatın bütün sahələrində çoxşaxəli islahatlar aparan və investisiya cəlbedicililyini
qoruyan ölkələrdən biri kimi tanınır.
Dünyanın mötəbər
"beyin mərkəzi” sayılan Davos Forumunun 2018-ci il üçün hesabatında Azərbaycanın
rəqabət qabiliyyətliliyinə görə 35-ci, "Doing Business” hesabatında 25-ci yerdə
qərarlaşması həyata keçirilən islahatların səmərəliliyinin bariz göstəricisidir.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın icrasının yekunları ilə bağlı bir müddət əvvəl Azərbaycan Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən konfrans respublikamızın dinamik inkişaf
yolunda olduğunu bir daha təsdiqləmişdir. Bu konfransda vurğulanmışdır ki, qeyri-neft
sektorunun dinamik inkişafı sahəsində əldə olunan nəticələr uğurlu təməlini regionların
sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş tədbirlərdən götürür. Dövlət
başçısı cənab İlham Əliyev ötən 15 il müddətində sosial ədalət prinsipinin qorunması
baxımından respublikanın hər bir bölgəsinin - potensial və imkanlar nəzərə alınmaqla
- proporsional inkişafını vacib saymış, bu istiqamətdə sistemli və ardıcıl tədbirlər
həyata keçirməyi hökumətin mühüm vəzifələrindən biri kimi müəyyənləşdirmişdir.
Məlumdur ki,
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra iri şəhərlərin daha sürətlə inkişaf
etməsi, rayonların və kəndlərin isə tərəqqi prosesindən geridə qalması kimi neqativ
tendensiya ilə üzləşmişdi. Paytaxt və digər böyük şəhərlərin, iri yaşayış massivlərinin
kənd, rayon və qəsəbələrə nisbətən daha sürətlə inkişaf etməsinə təkcə postsosialist
dövlətlərində deyil, ümumilikdə bütün inkişaf etmiş dövlətlərdə rast gəlinir. Dövlət
başçısı dəfələrlə bildirmişdir ki, urbanizasiya prosesi - şəhərlərə yüksək axın
hazırda bütün dövlətləri qayğılandıran və ciddi fəsadlarla müşayiət olunan qlobal
problemdir. Cənab İlham Əliyev 2003-cü ilin prezident seçkiləri ərəfəsində Azərbaycanın,
demək olar ki, bütün rayonlarına səfər edərək bölgələrdə yaşayan vətəndaşları maraqlandıran
problemlərlə yaxından tanış olmuş, onları qayğılandıran çatışmazlıqların kompleks
həllinə ehtiyac olduğunu bildirmişdir.
Problemin
miqyasını və Azərbaycan üçün aktuallığını nəzərə alan Azərbaycan Prezidenti cənab
İlham Əliyev hələ Nazirlər Kabinetinin 17 noyabr 2003-cü ildə keçirilmiş ilk iclasında
regionların tarazlı və davamlı inkişafını hökumətin qarşısında başlıca vəzifələrdən
biri kimi müəyyənləşdirmişdir. Bu zaman o prinsip də önə çəkilmişdir ki, dövlət
hansı iqtisadi-coğrafi zonada yaşamasından asılı olmayaraq, hər bir vətəndaşının
sosial-mədəni və intellektual yüksəlişinə çalışmalıdır. Bu, ilk növbədə, cəmiyyətdə
sosial ədalət prinsipinin qorunması baxımından vacibdir.
Ölkə rəhbərinin
11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı”nın təsdiq edilməsi barədə” fərman
da, ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət
edən təkmil konsepsiya olmuşdur. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki,
məhsuldar qüvvələrin proporsional yerləşdirilməsi təmin olmadıqda hər hansı inkişafdan
söhbət gedə bilməz. İmzalanmasının 15-ci ildönümü tamam olmuş Dövlət Proqramı regional
inkişafdakı fərqi aradan qaldırmaq baxımından vacib, əlahiddə əhəmiyyətli sənəd
olmuşdur. Proqram regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı
əmək ehtiyatlarından, təbii və iqtisadi resurslardan kifayət qədər səmərəli istifadə
etməklə iqtisadiyyatın dinamik inkişafı, əhalinin məşğulluğunun artırılması, yoxsulluğun
səviyyəsinin azaldılması məsələlərini özündə ehtiva edirdi. Bölgələrdə yaşayan vətəndaşların
zəruri arzu və istəkləri, eləcə də onları illərdən bəri narahat edən, qayğılandıran
sosial problemlərin həlli fərmanda dolğunluğu ilə əksini tapmışdı. Birinci proqram
regional inkişafdakı kəskin fərqin aradan qaldırılması, yerlərdə sosial-infrastruktur
layihələrinin həyata keçirilməsi, sahibkarlığın inkişafı baxımından vacib, əlahiddə
əhəmiyyətli sənəd olmuş, bu mükəmməl konsepsiyanın icra vəziyyəti ilə bağlı hər
il hökumətin müşavirələri keçirilmişdir.
Təsadüfi deyildir
ki, 2004-2008-ci illər regionların sosial-iqtisadi inkişafında əsaslı dönüş mərhələsi
kimi qiymətləndirilir. Bu mərhələdə regionların
inkişafında mühüm rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum
qaz kəmərinin inşası, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması
kimi mühüm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmiryolunun inşasına başlanmış,
Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə çevrilmişdir. 2003-2008-ci illərdə
həmçinin, Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara
cavab verən yeni hava limanları tikilmişdir.
Elektrik enerjisi
ilə təminatın yaxşılaşdırılması üçün 7-si regionlarda olmaqla, 9 müxtəlif tipli
elektrik stansiyasının tikintisi başa çatdırılmışdır. Təbii qazla təchizatın yaxşılaşdırılması
sahəsində görülmüş işlərin nəticəsi olaraq 13 illik fasilədən sonra Naxçıvan Muxtar
Respublikasına təbii qazın verilməsi bərpa olunmuş, Lerik, Yardımlı rayonları və
Füzuli rayonunun Horadiz şəhəri ilk dəfə, Ağcabədi, Beyləqan rayonları, Ağdam rayonunun
Quzanlı qəsəbəsi və digər rayonlar təbii qazla təmin edilmişdir.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev 2004-2008-ci illərdə Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq
Şirvan, Lənkəran, Aran, Gəncə-Qazax və Yuxarı Qarabağ iqtisadi rayonlarına daxil
olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə
olaraq 17 sərəncam imzalamışdır. Birinci Dövlət Proqramının uğurlu icrası nəticəsində
ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi
inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat
səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır.
Dövlət başçısı
regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmamış bir sıra
məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən yeni proqramın
hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Cənab İlham Əliyev belə bir sənədin
hazırlanması zərurəti ilə bağlı demişdir ki, qarşıda duran vacib vəzifələrdən biri
məhz Azərbaycanın regionlarında formalaşdırılan infrastrukturun Avropa Birliyi meyarlarına
çatdırılmasıdır.
Prezident
İlham Əliyevin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın əsas məqsədi bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına,
tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaq idi. İkinci Dövlət Proqramı regionların davamlı
inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən
asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks
tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar
açmışdır.
Ölkə rəhbərinin
2014-cü il 27 fevral tarixli sərəncamı ilə "Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
regionların inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına
təminat yaratmışdır. Dövlət Proqramı ölkədə makroiqtisadi sabitliyin təmin olunması,
regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, yeni müəssisə və iş yerlərinin
yaradılması, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi, kommunal
xidmətlərin səviyyəsinin yüksəldilməsi, əhalinin rifah halının daha da yaxşılaşdırılması
və yoxsulluq səviyyəsinin azaldılması kimi prioritetləri özündə ehtiva etmişdir.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” da ölkədə qeyri-neft sektorunun və regionların inkişafına xidmət etmişdir.
Proqramda müəyyənləşdirilmiş məqsədlərə nail olunması üçün regionlarda infrastruktur
təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması
təmin edilmişdir. Eyni zamanda, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı
istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusilə kənd
əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması
kimi mühüm vəzifələr nəzərdə tutulmuşdur.
2014-2018-ci
illərdə orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə
saxlanılması; vergi və gömrük dərəcələrinin optimal həddə müəyyənləşdirilməsi; kənd
təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması tədbirlərinin davam
etdirilməsi; taxıl istehsalının artırılması və rəqabət qabiliyyətinin gücləndirilməsi;
istehsalçıların ixrac yönümlü fəaliyyətinin stimullaşdırılması; ümumi daxili məhsulda
qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin xüsusi çəkisinin yüksəldilməsi və digər
məsələlər diqqət mərkəzində olmuşdur.
Son dərəcə
əhatəli, sistemli və məqsədyönlü səciyyə daşıyan dövlət proqramı qazanılmış uğurlu
nəticələrin son beş ildə də qorunub saxlanılması və inkişaf etdirilməsi, respublikamızın
perspektiv inkişaf hədəflərinin dəqiq müəyyənləşdirilməsi, ümumi potensialın regional
inkişaf tədbirlərinə yönəldilməsi baxımından əlahiddə əhəmiyyət kəsb etmişdir. Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın dinamik
inkişafını daha da sürətləndirmiş, regionlara göstərilən diqqət və qayğı hərtərəfli
inkişaf və tərəqqi üçün etibarlı zəminə çevrilmişdir.
Azərbaycan
Prezidenti cənab İlham Əliyev proqramın yekunları ilə bağlı demişdir: "Azərbaycan
regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim
2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi. O vaxt
demişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə, regionların
inkişafı ilə məşğul olacağam, bölgələrdə olan problemlərin həlli işində öz səylərimi
əsirgəməyəcəyəm. 2004-cü ilin fevral ayında birinci proqram qəbul olundu və bu gün
müzakirə etdiyimiz proqram sayca üçüncüdür.
Beləliklə,
görülmüş işlər haqqında danışanda əlbəttə ki, biz son 15 il ərzində yerinə yetirilmiş
işlərə nəzər salmalıyıq. Bu işlər həm real həyatda, həm rəqəmlərdə, həm də dəyişən,
abadlaşan şəhərlərdə özünü göstərir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı
dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır.
Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı
2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və
bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına
və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına
baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan
verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı
iqtisadiyyatdır”.
Regional inkişaf
tədbirləri son 15 ildə Azərbaycanda güclü sahibkarlar sinfinin yaranmasına da yeni
təkan vermişdir. Möhtərəm Prezidentin dəfələrlə bəyan etdiyi kimi, bazar iqtisadiyyatı
yolunu seçmiş hər bir ölkənin sabit və davamlı inkişafında sahibkarlar sinfinin,
özəl sektorun rolu misilsizdir. Xatırlatmaq yerinə düşər ki, hələ 2004-cü ilin
2 fevral tarixində Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı
onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş
adamlarına gələcəkdə də lazımi köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri
inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq mühafizə orqanlarının
iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret
qərarlarla müşayiət olunmuşdur.
Antiinhisar
fəaliyyətinin gücləndirilməsi, "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının
(2004-2006-cı illər) təsdiqlənməsi, ədliyyə və məhkəmə sistemində aparılan islahatlar,
biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə
regional iqtisad məhkəmələrin yaradılması və s. kimi tədbirlər də bunun əyani təcəssümü
olmuşdur. Kiçik və orta sahibkarlığın güzəştli kreditlərlə maliyyələşdirilməsi,
sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda
inkişafa mane olan problemlərin həlli istiqamətində mühüm addımlar atılmışdır. Dövlət
başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən
azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi
sahəsində ciddi addımlar atmış, verdiyi bütün vədlərə sadiqlik nümayiş etdirmişdir.
Son 15 ildə
Azərbaycanda sahibkarlıq subyektlərinin dövlət qeydiyyatının sadələşdirilməsi, bu
sahədə müasir informasiya kommunikasiyaların mütərəqqi yeniliklərinin tətbiqi istiqamətində
kompleks tədbirlər həyata keçirilmiş, "e-xidmətlər”in geniş tətbiqi biznes mühitinin
daha da yaxşılaşdırılmasına səbəb olmuşdur.
Xatırlatmaq
lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin hələ 30 aprel 2007-ci il
tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı
bəzi tədbirlər haqqında” fərman bu istiqamətdə mühüm sənədlərdən olmuşdur. Belə
bir fərmanın imzalanması o dövrə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud
problemlərin həlli, eyni zamanda, süründürməçilik hallarının aradan qaldırılması
sahəsində, sözün əsl mənasında, fundamental dəyişikliklərə yol açmışdır. Bu məqsədlə
fərmanda vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə”
- vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdı. Həmçinin
fərmanda biznes strukturlarının fəaliyyəti üçün torpaq ayırmalarının, tikinti, yenidənqurma
və bərpa işlərinə icazə verilməsi prosedurlarının sadələşdirilməsi, tikintinin ekspertizadan
keçirilməsi sahəsindəki bürokratik əngəllərin aradan qaldırılmasına geniş imkanlar
açılması kimi məsələlər əksini tapmışdır.
Ötən illərdə
sahibkarlıq subyektlərinin "bir pəncərə” prinsipi üzrə qeydiyyat sisteminin tətbiqi,
habelə bu sahədə elektron xidmətlərin genişləndirilməsi sahibkarlıq fəaliyyəti subyektlərinin
qeydiyyatının dinamikasına müsbət təsir etmişdir. Həyata keçirilmiş bu islahatlar
hüquqi şəxslərə və fərdi sahibkarlara vergi orqanına getmədən internet vasitəsilə
vergi uçotuna dayanma imkanı yaratmışdır. Bu sistemin tətbiqindən sonra Azərbaycanın
investisiya cəlbediciliyi əhəmiyyətli dərəcədə yüksəlmiş, sahibkarlığın inkişafı
və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq
təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir.
Dövlət başçısının
2010-cu il aprelin 13-də imzaladığı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların
nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair
bəzi tədbirlər haqqında” fərmanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin
qarşısının alınması baxımından mühüm addımlardan olmuşdur. Fərman əsasında 2011-ci il mayın 1-də
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və
aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmiş və bu sənəddən irəli gələn
vəzifələrin icrası Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.
Sahibkarlıq
sahəsində aparılan yoxlamaların vahid reyestrinin yaradılması bu sahədə dövlət nəzarəti
mexanizmlərinin təkmilləşdirilməsinə, yoxlamaların tənzimlənməsi vasitəsilə sahibkarların
hüquqlarının qorunmasına, sui-istifadə hallarının qarşısının alınmasına xidmət etmişdir.
İlk növbədə, yoxlamaların yalnız müvafiq reyestrdə qeydiyyata alındıqdan sonra həyata
keçirilməsinin mümkünlüyü vacib şərt kimi qarşıya qoyulmuşdur.
Sahibkarlıq
sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyənləşdirilməsi və yoxlamaların
aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınması
məqsədilə hələ 2013-cü il 2 iyul tarixində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların
tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanunu qəbul edilmiş və 2014-cü il martın 1-dən qüvvəyə minmişdir. Qanun yoxlayıcı
orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə
aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər,
müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu
cür tədbirlərə şamil edilir.
Dövlət başçısının
2014-cü il 3 mart tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında”
fərmanı da bu sahədə ötən illərdən başlanmış islahatların mütərəqqi davamını təmin
etmişdir. Fərman Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl
təcrübələr əsasında təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirilməsinə
geniş imkanlar açmışdır. Fərmanla müəyyənləşdirilmiş vəzifələr aidiyyəti dövlət
qurumları ilə birlikdə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla sahibkarlıq
sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasına imkan yaratmışdır.
Azərbaycan
Prezidentinin 19 oktyabr 2015-ci il tarixli "Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq
(lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya)
verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında”
fərmanının əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Sözügedən fərmanla sahibkarlıq
fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan bütün növləri üzrə (dövlət
təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) xüsusi razılıq (lisenziya)
verilməsi bilavasitə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə
həvalə edilmişdir. Nazirlik xüsusi razılıq (lisenziya) verilməsi xidmətinin "ASAN
xidmət” mərkəzlərində həyata keçirilməsini təmin edir.
"Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı”nın yekunları ilə bağlı keçirilən konfransda dövlət başçısı cənab İlham
Əliyev görülən işlərin davamı olaraq sayca dördüncü regional inkişaf proqramının
hazırlandığını diqqətə çatdırmışdır: "Bütövlükdə isə deməliyəm ki, ilkin hesablamalara
görə, regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının icrası
üçün ən azı 17 milyard manatdan çox vəsait nəzərdə tutulur. Hesablanıb ki, bunun
4,6 milyard manatı özəl sektor tərəfindən indi icra edilən və hazırlığı gedən layihələrə
investisiya şəklində qoyulacaq. Dövlət tərəfindən təxminən 13 milyard manata yaxın
kapital qoyuluşu gözlənilir. Ancaq əlbəttə ki, bu, ilkin rəqəmdir. Mən tam əminəm
ki, bu rəqəm daha böyük olacaq. Çünki əvvəlki üç proqramın icrası bunu göstərir.
Çünki üç proqramın hər biri artıqlaması ilə icra edilmişdir. Əminəm ki, dördüncü
proqram da artıqlaması ilə icra ediləcək. Nəzərə almalıyıq ki, indi bizdə investisiya
iqlimi daha əlverişlidir. Mən giriş sözümdə qeyd etdim ki, Dünya Bankı "Doing Business”
hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb”.
Regional inkişaf
tədbirləri çərçivəsində qarşıya qoyulmuş ən başlıca amil insan amilinin bütün sahələrdə
ön planda olması, vətəndaşların sosial rifah halının, həyat səviyyəsinin daha da
yüksəldilməsi, işsizlik, yoxsulluq probleminin həlli, hüquq və mənafelərinin qorunmasıdır.
Son 15 ildə sosial sahədə həyata keçirilmiş tədbirlərin miqyası da həddindən artıq
böyükdür. Sadəcə onu demək kifayətdir ki, son illərdə keçmiş ittifaq respublikaları
arasında ilk dəfə məhz Azərbaycanda vətəndaşların sovet dövründən banklarda qalmış
əmanətlərinin ədalətli şəkildə qaytarılması təmin edilmişdir. Ölkəmizin sosial-iqtisadi
inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan
dövlətinin maliyyə imkanlarının artması bu əmanətlərin qaytarılmasına imkan verməklə
yanaşı, həm də Azərbaycan Prezidentinin vətəndaşlara yüksək qayğısının real təzahürü
olmuşdur.
Hazırda respublikamızda
həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri bu sahədə inkişaf
indekslərini Avropa Sosial Xartiyasının tələblərinə uyğunlaşdırılması, sosial hüquqların
etibarlı müdafiəsi mexanizminin formalaşdırılmasıdır. Bu meyarlar dövlət başçısının
sərəncamı ilə təsdiq olunmuş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya
təminatı sisteminin islahatı Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı
illərdə sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi; aztəminatlı ailələrin
maddi imkanlarının yaxşılaşmasına yönəlik sosial layihələrin davam etdirilməsi;
sosial sistemin təkmilləşdirilməsi məqsədi ilə islahatların həyata keçirilməsi;
sosial təminat və pensiya sisteminin daim yenilənən müasir tələblərə uyğunlaşdırılması
ilə bağlı prioritetlər müəyyənləşdirilmişdir.
Bütün bunlar
təsdiqləyir ki, son 15 ildə inkişaf göstəricilərinə görə dünya miqyasında lider
mövqelərini qoruyub saxlamağa müvəffəq olmuş Azərbaycanda həyata keçirilən siyasət
bütün çalarları ilə məhz insan amilinin yüksəlişinə xidmət edir. Cənab İlham Əliyevin
təşəbbüsü və rəhbərliyi altında ölkədə işsizlik probleminin həlli, yeni sosial infrastruktur
obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin qısa müddət
ərzində tikilərək istifadəyə verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə
xətlərinin çəkilişi son nəticədə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin
yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətimizdə əsas meyara çevrilməsinə xidmət
göstərir.
Dövlət başçısının
son bir ayda qəbul etdiyi qərarlar onun insan və vətəndaş amilinə, eləcə də sosial
sifariş meyarına necə yüksək həssaslıqla yanaşdığının əyani göstəricisidir. Qısaca
demək kifayətdir ki, möhtərəm Prezidentin müvafiq fərmanı ilə 1997-ci il avqustun
2-dək ərazi bütövlüyümüz uğrunda həlak olmuş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz
itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə sosial
müdafiələrinin yaxşılaşdırılması məqsədilə 11 min manat məbləğində birdəfəlik ödəmənin
edilməsi, Şamaxı və digər rayonlarda zəlzələ nəticəsində zərər çəkmiş vətəndaşların
problemlərinin həlli ilə bağlı operativ tədbirlərin həyata keçirilməsi bunun əyani
göstəricisidir. Təkcə onu demək lazımdır ki, bu günlərdə minimum əməkhaqqının
130 manatdan 180 manata - təxminən 50 faizədək artırılması Azərbaycanda həyata keçirilən
siyasətin sosialyönümlü mahiyyətini bir daha təsdiqləmişdir. Bu artımla dövlət sektorunda
çalışan vətəndaşların məvaciblərinin 30, özəl sektorda çalışan vətəndaşların məvaciblərinin
isə 20 faizlik artımı təmin ediləcəkdir. Bu sərəncam ümumilikdə 1 milyondan çox
vətəndaşın rifahının yüksəlməsinə təsirini göstərəcəkdir.
Xüsusi vurğulamaq
istərdim ki, regional inkişaf tədbirlərinin nəticəsi olaraq bu gün Azərbaycanın
ən böyük sənaye mərkəzlərindən olan Sumqayıt şəhəri dinamik inkişaf edir, müasirləşir.
Cənab İlham Əliyevin son illərdə dəfələrlə Sumqayıtda olması, şəhərin problemləri,
qayğıları, nailiyyətləri ilə yaxından maraqlanması, istehsal və sənaye potensialının
inkişaf etdirilməsi ilə bağlı dəyərli tövsiyələrini verməsi də şəhərə yüksək diqqətin
bariz təzahürüdür. Ümumilikdə, son illər sosial infrastrukturun müasirləşdirilməsi,
əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman qabaqcıl təcrübənin
nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması şəhər rəhbərliyinin
yenilikçi iş üslubunun əyani göstəricisi kimi diqqəti çəkir. Bu kontekstdə Sumqayıtda
insan amilini əsas tutan bir sıra qlobal layihələrin uğurla reallaşdırıldığını da
xüsusi qeyd etmək lazımdır. Abadlıq-quruculuq tədbirləri çərçivəsində son 4 ildə
şəhər ərazisindəki əksər park və meydanların yenidən qurulması əhalinin asudə vaxtının
səmərəli təşkili baxımından mühüm əhəmiyyətə malikdir. Nəticədə bu gün Sumqayıt
şəhəri istər yaşayış məkanı, istərsə də ərazi-təsərrüfat kompleksi və ictimai iqlim
zonası kimi, respublikanın iqtisadi və siyasi həyatında mühüm yer tutur. Şəhərin
böyük sənaye potensialına malik olduğu artıq dünya miqyasında qəbul olunur və yüksək
dəyərləndirilir.
Şəhərdə sənayenin
qeyri-neft sektorunun inkişaf istiqamətlərinin genişləndirilməsi, rəqabətədavamlı
sənaye məhsullarının istehsalının dəstəklənməsi və ixracyönümlü istehsal sahələrinin
yaradılmasının təşviqi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bununla əlaqədar ixrac
potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində sahibkarlıq
institutunun rolunun gücləndirilməsi, iş adamlarının fəaliyyətinin sahə, regional
və texnoloji baxımdan strukturunun optimallaşdırılması üçün konkret tədbirlər həyata
keçirilir. Nəticə etibarilə Sumqayıtda müxtəlif təyinatlı məhsulların istehsalı
ilə məşğul olan müəssisələrin maddi-texniki bazası davamlı olaraq möhkəmləndirilir,
müasir tələblərə uyğunlaşdırılır, yeniləri inşa edilir. Son illərdə möhtərəm Prezident
İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə Cənubi Qafqazda analoqu olmayan Sumqayıt
Texnologiyalar Parkı, Sumqayıt Kimya Parkı və digər müəssisələr yaradılmışdır. Bütün
bunlar həm də çoxlu sayda yeni iş yerlərinin açılmasına, əhalinin sosial rifahının
yaxşılaşmasına səbəb olmuşdur.
Ötən 15 ilin
təhlili deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu inamla davam
etdirən Azərbaycan Prezidenti İlham Əliyev hər addımında milli maraq və mənafeləri
uca tutur, ölkə vətəndaşlarının arzu və istəyini gerçəkləşdirmək üçün böyük əzmkarlıqla
çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi də xalqa və dövlətə
sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulmuşdur. Əminliklə demək olar ki,
Azərbaycan xalqını uğurlu gələcəyə aparan bu siyasət növbəti illərdə də davam etdiriləcək,
respublikamız cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf tempini sürətləndirəcək,
qabaqcıl dövlətlər arasında layiqli yerini tutacaqdır.
Qüdrət KƏRİMOV,
"Xəzər” QSC-nin
sədri, iqtisad elmləri doktoru